525.Az

Yorğun ruhlu boş beynin hekayəsi - Natəvan Abdulladan yeni yazı


 

HƏR ŞEY NAĞIL KİMİDİR - HAMI VAR, AMMA HEÇ KİM YOXDUR

Yorğun ruhlu boş beynin hekayəsi - <b style="color:red">Natəvan Abdulladan yeni yazı</b>

Bu pandemiya günlərində ən çox diqqətimi cəlb edən məqamlardan biri də dəqiq, dolğun və düzgün informasiya tapmaqda çətinlik çəkməyim oldu.

Hamımız müxtəlif məsələlərlə bağlı danışır və yazırıq. Üç aşağı-beş yuxarı, ortaq bir məzmun olsa da, bəzən eyni mövzunun önəmli detalları ilə bağlı fərqli mənbələrdə fərqli informasiyalara rast gəlirik. Bu isə adamı çaşdırır, yorur və inamı azaldır.

İnternet informasiya-kommunikasiyanın bu qədər dağınıq olması informasiya pintiliyinə yol açır. Bu baxımdan keçmiş vaxtlardakı insanlardan elə də çox fərqlənmirik. Ta qədim dövrlərdə insanların gecələr bir ocağın başına yığılıb nağıllar, rəvayətlər dinlədiklərini hamımız eşitmişik. Bu nağıl və rəvayətlər bizlərə dildən-dilə, ağızdan-ağıza düşə-düşə, axır bir gün hansısa zəka sahibinın onları yazıya alınmasıyla gəlib çatırdı. Bu gün hər kəsin internetə çıxışının olması da bənzər mənzərə yaradıb. Sadəcə, keçmişdə o nağıl və rəvayətlər bir, uzaqbaşı iki nəfər tərəfindən yazıya alındığından bizə də elə həmin bir-iki variant gəlib çatırdı. Amma indi nə qədər desən yazan var.

Televiziyanın informasiya və əyləncə mənbəyi kimi alternativinin olmadığı dönəmlərdə də təxminən eyni vəziyyət idi. Yenə də gecələr bir ocaq başına, hadisələri nəql edən birinə ehtiyac vardı. Mavi ekran həm o ocağı, həm də nəql edən adamı əvəzləyirdi. İnsanlar günün yorğunluğunu onun qarşısında mürgülüyərək çıxırdılar.

Elə bil, bu alışqanlıq canımıza-qanımıza hopub, genetikamıza kodlanıb və milyon illər keçsə də, bizi tərk etmir. İndi də biz xələflər telefonların başında mürgüləyir, ordan aldığımız informasiyaları sorğulamadan, təhlil etmədən, təhrif olunmuş şəkildə internet vasitəsiylə bir-birimizə ötürürük.

Keçmişdə gərgin, ağır zəhmət tələb edən işdən sonra axşamlar ocaq başında dinlədikləri bu hekayələr hər halda sələflərimizin günlük əməyinin mükafatı idi - ruhun və beynin arzuladığı mükafat. Sonralar mavi ekran qarşısında cəm olub televiziyaya baxmaq da onun kimi. Hər iki zaman kəsimində sələflərimiz bir yerdə, həm də sabit idilər. Bu, onlar üçün ən böyük şans idi. Yəni onlar öz mükafatını ancaq müəyyən yerdə və müəyyən vaxtda alırdılar. İndi isə "o mükafat" mobil telefon cildində hər an əlimizin altındadır, bizimlədir. "O ocaqbaşı rəvayətləri" hər an, hər dəqiqə dinləyə bilirik - beynimizin şıltaq neyronları elə hey "Ver! Ver!" deyir. Beləcə, günlər, saatlar uçur, zaman keçir, o isə bizi həm fiziki, həm mədəni baxımdan inkişaf etdirəcək, beynimizi gücləndirəcək, düşüncə qabiliyyətini formalaşdıracaq bir çox məşğuliyyətlərdən yayındırır. Cibimizdə zamanımızı, enerjimizi və diqqətimizi udan bir cihazla gəzir, hər gün fərqində olmadan ona təslim oluruq. Ən pisi də, indiki nəsil bu vərdişləri lap uşaqlıqdan mənimsəyir. Artıq heç biri qumla oynamaq, üzmək, kubikləri üst-üstə yığmaq, gəlinciklərə paltarlar tikmək, evcik-evcik oynamaq haqqında düşünmür. Hətta bunların hamısını əllərinin tərsiylə geri itələyib telefon üçün ağlayırlar. Görəsən, o vaxtlar nağıl bitəndə, "Birini də, birini də danış!" - deyib ağlayan uşaqlar olubmu? Olmamış olmaz. İnsan beyninin həzz mərkəzi funkiyası dəyişməyib.

Pandemiya dönəmi bizi bu cihazlara daha bərk bağladı. Bəlkə ailə üzvlərimizi əvvəlkindən daha çox görür, onların bilmədiyimiz tərəflərini kəşf edirik. Ya daha çox doğmalaşır, ya da daha çox yadlaşırıq. Hər kəs üçün bu prosses fərqli gedir. Amma hamımız üçün eyni olan tək gerçək budur ki, hər birimizin orqanizmində bir üzv də artıb. Bədən üzvlərimizə biri də əlavə olunub - özü də elektron.

Bir çox psixoloqlara görə, insan mənəvi yaraları olan canlıdır. Bəzən bu yaraları sağaltmaq üçün sosial şəbəkələrdə vaxt keçirmək fayda verir. Yəni mənəvi ağrı-acıları müəyyən qədər unutdurur, fikrin dərd-kədər yükünü az da olsa, dağıdır. Mən bununla razılaşmıram. Onsuz da insanlar özlərini düzgün formada ifadə etməkdə çətinlik çəkirdilər. Bəlkə də, biz bu proseslərin içərisində bir-birimizlə sıx ünsiyyət qursaq, dil tapmağı, ruhumuzdakı yaraları görməyi daha yaxşı bacarardıq. İndi hər şeyi görür, hər şeyi bilir, hər şeyi anlayırıq, amma heç bir reaksiya yoxdur. Yox, tövbə, var, reaksiya da var. Necə ağlımdan çıxmışdı, ötən gün bir nəfər öz Feysbuk səhifəsində atasının öldüyünü yazmışdı. İnsanlar "bəyən" butonunu basmışdılar. Görəsən, bu reaksiya atasını itirən birinin acısını nə qədər yüngülləşdirmiş olardı? Yəni insan doğrudanmı bundan təskinlik tapa bilər?

Bütün bunları müzakirəyə çıxarmaq bəlkə də, əhəmiyyətsizdir. Ona görə ki, artıq dönüşü olmayan bir yoldayıq. Dövrün tələbinə uyğun hər şeylə ayaqlaşmağa çalışırıqsa, onda dövrün tələbinə uyğun yeni tərbiyə modeli də tapmalıyıq. Fikrimcə, bunun yolu azad iradə, baş verənlərin fərqinə varmaq və hərəkətə keçmək anlayışlarının düzgün mənimsənilməsindən keçir. Təəssüf ki, artıq uşaqlara analarıyla parka getmək yox, internet klublarına, elektron oyunların olduğu başqa məkanlara getmək, yaxud da istənilən məkanda telefonla məşğul olmaq daha maraqlıdır. Bu, uşaqların bir çox zəruri vərdişləri mənimsəməsinə mane olur, düşünmək və təhlil etmək qabiliyyətlərinin inkişafdan qalmasına yol açır, "fərqinə varmaq" dediyimiz anlayış səviyyəsinə çatmalarına imkan vermir. Mahiyyətini tam mənimsəmədən, fərqinə varmadan insan heç bir işi düzgün görə bilməz. Bu vərdişlərin isə insanlarda hələ uşaq yaşlarından aşılanmasına ehtiyac var. Əslində, elə tərbiyə də budur - düzgün vərdişlərə yiyələnmək.

Orqanizmimizin bu yeni elektron üzvünün bizə bəxş etdiyi "nemət"lərdən biri də mental yorğunludur. Fərqinə varmadan beynimizi davamlı şüa ilə yorur, informasiya və görüntü zəhərlənməsi yaşayırıq. Mental yorğunluq isə hissi, gücü və hərəkət etmək istəyini azaldır. Böyük əksəriyyəti mədəni səviyyəmizi, intellektimizi artırmaq gücündə olmayan gərəksiz informasiyaları daha çox qəbul edirik və mental yorğunluq get-gedə bizi daha da heysizləşdirir. Beləcə, insanlıq illərdən bəri əxz elədiyi azad iradə anlayışını texnologiya və mobil cihazların vasitəsilə itirməyə başlayır.

Əvvəllər bir külfət bir ocağın ətrafında toplaşardı. Sonra bir ailə bir televizorun qarşısında toplaşdı. İndi isə artıq hər kəs bir ekrana baxır. Özünü çox pis hiss etməsən, bir damın altında yaşadığın insanlardan heç biri sənin kefsiz, halsız, dərdli olduğunu anlamır. Elə sən də özünü o ekranla ovudursan. Sən də bir evin içindəki ailə üzvünün nə yaşadığını, nə hiss etdiyini bilmirsən. İndi hamının öz ekranı var, indi hamı nə izləyəcəyini seçməkdə azaddır. Amma həm də hamı öz içində, öz ekranı ilə üzbəüz yalnızdır. Lap nağıl kimidir - hamı var, amma heç kim yoxdur...

 





08.07.2020    çap et  çap et