525.Az

Pandemiya sınağı - Yazı


 

Pandemiya sınağı - <b style="color:red">Yazı </b>

Koronovirus pandemiyasının dünyaya meydan oxuduğu indiki çətin dönəmdə hər birimiz özümüzün və sevdiklərimizin həyatı sarıdan ciddi narahatlıq keçirir, həm özümüzün, həm də doğmalarımızın, çevrəmizdəki insanların sağlamlığının qayğısına qalmağa çalışırıq.

Hər səhər yuxudan durar-durmaz yaxın bir adamını itirəcəyi xəbərini almaq səksəkəsi insanın psixikasını zədələyir, onu əldən salır, orqanizmini öz təbii ritmindən çıxarır, üstəlik, əlavə şəxsi problemlərin də olması bu gərginliyi bir az da artırır. Belə gərgin psixoloji vəziyyət istər-istəməz həyata baxışımızı da dəyişir, bədbin əhval-ruhiyyə, əsəbi davranış başqaları ilə ünsiyyətdə də özünü mənfi çalarları ilə büruzə verir. Məcburən evə qapanmağın törətdiyi gərginlikdən doğan yerli-yersiz mübahisələr bir çox hallada ailədaxili əmin-amanlığın pozulmasına da yol açır. Bu situasiyada insanın düşdüyü gərgin və stresli vəziyyəti şərti olaraq "həbs nevrozu" da adlandıra bilərik.

Xarakter və temperament baxımından müxtəlif  tiplərə aid insanlar özünütəcrid şəraitində, hətta öz doğmaları olsa belə, bütün gününü eyni adamlarla keçirmək, hər şeyi yenidən təkrarlamaq məcburiyyətində qalırlar. Bu durum isə istər-istəməz insanın psixikasını qıcıqlandırır, onu qəflətən, səbəbsiz yerə əsəbiləşməyə vadar edir, ümidsizlik və depressiya yaradır.

Tədricən bu karantin qadağaları ailədə mübahisələrə, bəzən hətta ciddi münaqişələrə də bais olur. Münaqişədə ən çox zərbə də, təbii ki, həmin ailədəki uşaqlara dəyir. Valideynlər arasında mübahisə yaranan zaman uşaqların aldığı travmaların fəsadları sonralar, xüsusən yetkinlik dönəmində gözlənilməz mənfi reaksiyalara, psixi pozğunluqlara, asılılıqlara və fiziki sağlamlıqla bağlı problemlərin yaranmasına zəmin hazırlayır.

Əslində, evə qapanmaqla indiyədək vərdiş edilən həyat tərzindən uzaqlaşan adamların aqressiyasının səbəblərini anlamaq elə də çətin deyil. Ailədə münaqişələri tənzimləmək isə ilk növbədə qadınlardan müdriklik, səriştə və uzaqgörənlik tələb edir. Bu mənada, bəlkə də, indiki durumun verdiyi zaman genişliyindən istifadə edib ailə prioritetlərini yenidən nəzərdən keçirmək, gündəlik vərdişlərimizi bir qədər dəyişdirmək lazım olduğunu anlamaq məqamıdır...

Ailədaxili münasibətlərdə yaranan kiçik mübahisə və ixtilafları tənzimləməyi bacaran müdrik valideynlərin uşaqları adi günlərdə olduğu kimi karantin dövründə də öz normal həyatlarını yaşayırlar. Emosiyalarına nəzarət etməyi bacaran, məntiqlə düşünən, bütün sevgisini ailəsinə, övladlarına yönəldən, hər an onlara diqqət, qayğı göstərən valideynlər ən çətin situasiyalarda da həmrəylik nümayış etdirir, ailənin təməlini möhkəmlətməyə birlikdə səy göstərirlər.

Yaşadığımız indiki dönəmdə hər birimizdən daha fəal, daha düşüncəli davranmaq, dünyanı cənginə alan pandemiya təhlükəsini adlamaq üçün qaydalara əməl etməklə məsələlərə daha soyuqqanlı yanaşmaq tələb olunur. Biz evdən çıxmaq yasağının tətbiq olunduğu indiki karantin günlərində daha çox sosiallaşmağa meyl göstərir, dünyaya internet-şüşə arxasından baxır, bəzən virtual dünyanın bizə nə kimi surprizlər hazırladığının fərqinə belə varmırıq. İnsan yaşadığı həyatın zövqünü adətən gücü tükənmək üzrə olanda dərk eləyir. Son dövrlər koronavirus epidemiyası səbəbindən tez-tez ölüm halları ilə bağlı üzücü xəbərlər alırıq. Bu qara xəbərlər onsuz da narahat olan beynimizi daha da yükləyir, stresə, gərginliyə səbəb olur.

İnsanların epidemiyaya yoluxma ehtimalı ilə bağlı səksəkəsi hələ karantin rejiminin ləğvindən sonra da uzun müddət davam edə bilər. Bu ehtimallarla yaşadığımız gərginlik həm də şəxsi problemlərimizlə üst-üstə düşür və indiyəcən öyrəşmədiyimiz qəribə ab-hava bizi bir az da yükləyir.

Bəşəriyyəti hər gün ölümlə, yoluxma ilə təhdid edən, insanların içinə min bir şübhə toxumu səpən pandemiya vahiməsindən biz yalnız bu karantin günlərində sakitliyimizi qoruyub saxlamaqla xilas ola bilərik. Bunun üçünsə ilk növbədə qaydaları pozmamağa, özümüzü və əhatəmizdəki insanları pozitiv düşünməyə sövq etməyə, ən nəhayət, sosial münasibətləri mümkün qədər minimuma endirib evdə qalmağa çalışmalı, narahatlıq və stress yaradan xəbərlərdən maksimum dərəcədə uzaq durmalı, özümüzü və yaxınlarımızı qorumaq üçün bizə yardımçı ola biləcək məlumatları oxumaqla kifayətlənməliyik. Dünyanı lərzəyə salan bu bəlanın törətdiyi fəsadların ağrılarının hətta bir ömür unudulmayacağını bilsək də, onun həyatımıza təsirinin müvəqqəti olduğuna özümüzü inandırmağı bacarmalıyıq. Yoxsa bu gərginlik içərisində yaşamaq insanı sarsıdar, onun psixologiyasının altını üstünə çevirər. Ümidsizlik insanın gələcəklə bağlı arzularını məhv edir, sabaha inamını azaldır, kütləvi stress, kütləvi narahatlıq yaradır, həyatın ritmini pozur. Əksinə, bütün çətinliklərin öhdəsindən gəlməklə gərginlikdən çıxmaq əhval-ruhiyyəni qaldırır, insana gümrahlıq, ruh yüksəkliyi gətirir. İnsanın həyatı orqanizminin sağlamlıq halından, onun psixofizioloji potensialından istifadə dərəcəsindən çox asılıdır. Unutmayaq, bizim sağlamlığımız təkcə özümüz üçün yox, ailəmizin, doğmalarımızın, yaxınlarımızın sağlamlığı və rifahı üçün də vacib və əhəmiyyətlidir. Özümüzün, doğmalarımızın, gələcəyimiz olan övladlarımızın sağlamlığını qoruyaq.

 





09.07.2020    çap et  çap et