525.Az

Sən tək deyilsən, Sanço!.. - İmir Məmmədlinin yazısı


 

Sən tək deyilsən, Sanço!.. - <b style="color:red">İmir Məmmədlinin yazısı </b>

Dünya şöhrətli ispan yazıçısı Migel De Servantesin ölməz "Don Kixot" əsərində belə bir maraqlı və dərin mənalı epizod var: Bir dəfə cəsur cəngavərin sadiq silahdaşıyanı Sanço Pansanı yolqırağı saraylardan birinin həyətində sataşmaq məqsədilə təkləyib əvvəlcə möhkəm əzişdirirlər, sonra yorğanın üstünə qoyub bir müddət göyə atıb-tuturlar.

Vaxtında canını qurtarıb aradan çıxan Don Kixot bütün bu müddət ərzində at belində hasarın digər tərəfində o yan-bu yana qaçır, öz silahdaşıyanına əzab-əziyyət verənləri hədələyərək onu təcili buraxmalarını tələb edir.

Nəhayət, Sançonu yorğanın üstündə atıb-tutan arsız adamlar bezib onu çölə buraxırlar. Öz silahdaşıyanını azadlıqda görən Don Kixot ona təsəlli verərək deyir: "Heç kefini pozma Sanço, sən tək deyilsən, daha doğrusu, cəngavərlə onun silahdaşıyanı vahid bir varlıqdır - mən başam, sən isə mənim vücudumsan".

Belə olduqda, səmimi qəlbli silahdaşıyan Sanço Pansa dönüb Don Kixotdan soruşur: "Heç cür başa düşə bilmirəm, ey cəngavər, axı necə ola bilər ki, bədən içəridə döyülsün, olmazın əzab-əziyyətlərə məruz qalsın, baş isə hasarın o tayında, çöldə o yan-bu yana qaçsın?"

Səciyyəvidir, deyilmi? Dövrümüzün məlum problemlərini xatırlatmırmı?

Bir sıra məmləkətlər sərhəd daxilində öz problemləri ilə üzbəüz qaldıqları halda, öz ərazi bütövlükləri uğrunda çarpışdıqları bir zamanda, görürsən, hasarın o tərəfində ara-sıra kimlərinsə başları peyda olur, təcavüzə məruz qalanları dəstəkləyəcəyini deyir, çoxlu vədlər verir, təcəvüzkarları hədələyirlər.

Düşünürəm ki, bu sətirləri oxuyarkən ümmanın o tayından və nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən postsovet məkanına vaxtaşırı ünvanlanan ümidverici avazlar hər kəsin qulağını cingildədir. Bəlkə bu, ona dəlalət edir ki, təcavüzə məruz qalan həmin ölkələr geci-tezi öz ərazi problemlərini özləri həll etməlidirlər, bunu ətrafımızda gedən prosesləri və beynəlxalq konteksti nəzərə alaraq həyata keçirməlidirlər.

Nə isə, böyük siyasət mənlik deyil, içimdəki ağrı olmasa, ədəbi söhbətdən də sarpmazdım. Ədəbiyyatçıyıq, qayıdaq ədəbiyyata.

Bax həmin o Servantesin həmin bu romanı barədə dahi rus yazıçısı Fyodor Dostoyevski deyir ki, axirət günü Tanrı bəşər övladından soruşanda ki, sizə verilən fürsətdən istifadə edib nə yarada bildiniz? "Don Kixot"un iki cildliyini göstərmək kifayətdir.

Bu sözləri "İdiot"un, "Karamazov qardaşları"nın, "Cinayət və cəza"nın müəllifi yazır.

Görəsən, türk xalqını bir o qədər sevməyən Dostoyevski bilirdimi ki, Migel Servantes gəncliyində Türkiyədə əsirlikdə olmuşdu və bir nəfər xeyirxah türkün himayədarlığı nəticəsində öz vətəni İspaniyaya sağ-salamat qayıdıb ölməz əsərini yazmışdı.

Bəlkə də, Servantesin həmin türkə olan minnətdarlıq hissinin və rəğbətinin təzahürüdür ki, Don Kixot Sanço Pansaya quberniya vəd edərkən deyir: "Böyük bir quberniya verə bilməsəm də, Trabzon kimi gözəl bir diyarı sənə verəcəm".

Servantesdən söz düşmüşkən, onun ölməz əsərindəki çox dərin mənalı bir məqama da toxunmaya bilmərəm. Bir dəfə nisgilli cəngavər vəfalı silahdaşıyanına deyir: "Sanço, sənin aşağı təbəqədən olduğuna o da dəlalət edir ki, həmişə qaliblərin tərəfini tutursan".

 





09.07.2020    çap et  çap et