525.Az

Cehizlik kitablar - Esse


 

Cehizlik kitablar - <b style="color:red">Esse</b>

Bütün zamanların dahi yazıçısı Lev Tolstoyun ölməz "Anna Karenina" əsərini oxumusunuzmu? Əgər oxumusunuzsa, bu da sizə məlum olar ki, bu misilsiz əsər böyük Amerika yazıçısı Teodor Drayzeri heyrətə gətirib sıravi oxucuya çevirmişdi. Əgər oxumusunuzsa, yadınızda olar ki, bu əzəmətli sənət incisi belə bir cümlə ilə başlayır: "Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, bütün bədbəxt ailələr isə hərəsi bir cür bədbəxtdir".

Hər bir uşağın təlim və tərbiyəsinin təməl daşı onun doğulduğu ailədə qoyulur. Təməl daşının qoyulma müddəti isə uşaq doğulduğu gündən altı yaşına qədərdir. Altı yaşından sonra nə qurulursa, bu təməl üzərində ucalır. Altı yaşına qədər insanın aldığı informasiya, gördüyü mühit bazis sayılmalıdır, sonra nə olur-olsun, hamısı üstqurumdur.

Uşaq gözünü açıb dünyanı dərk edərkən ilkin olaraq ətrafında anası, atası və doğulduğu mühiti - evi, bağı, bağçanı, oyuncaqlarını və digər əşyaları görür. Digər əşyalar - məişət avadanlıqları - mebellər, radio, televiziya, indiki zamanda cib telefonu, kompyuter və sair şeylərdən ibarətdir. Gəlin etiraf edək, bir çox ailələrdə bu əşyalar arasında kitab ümumiyyətlə, yox dərəcəsindədir. Azyaşlı uşaq ata-anasının evə kitab almasının və ya oxumasını demək olar ki, görmür. Yalnız yemək, paltar, qab-qacaq və bir də səhərdən axşama kimi çalıb-çağıran televiziyalar...

Uşaq ailənin güzgüsüdür, deyiblər. Bu gün əlində kitab harasa tələsən yeniyetmə görmək, az qala, təsadüfi hadisəyə çevrilib. Hələ böyüklərimizi demirəm. Kitaba münasibət, kitaba hörmət uşaqlarda ən azı iki-üç yaşından formalaşmalıdır. Kitabı cırmaq olmaz, yerə atmaq olmaz və s. Və böyüklər də bir həqiqəti sırğa eləyib qulaqlarından asmalıdır: kompyuter heç vaxt kitabı əvəz edə bilməyəcək! Kitab olmayan ailədə doğulan uşaq mütləq potensial əşyabazlığa və nadanlığa məhkumdur: pul yığa bilər, maşın ala bilər, sahibkar ola bilər, amma mənəvi şikəstlikdən xilas ola bilməz. Mənəvi şikəstlikdən xilas ola bilər, amma altı yaşına qədər. Altı yaşı niyə tez-tez vurğulayırıq. Çünki dünyanın ən məşhur psixoloqları bu qənaətə gəliblər ki, bütün tanınmış şəxsiyyətlərin, kamil insanların gələcək uğurlarının əsasını yalnız altı yaşa kimi aldıqları informasiya və dünyagörüşü təşkil edir.

Yaxşı yadımdadır, kəndimizə bir ədəbiyyat müəlliməsi gəlin gəlmişdi. Toyun səhəri günü pambığa gedən kənd qızları gəlinin cehizini "müzakirə" edirdilər. Gülə-gülə, rişxəndlə bir-birilərinə xəbər verirdilər ki, gəlinin cehizinin yarısı kitabdır! Qızları qınamalı deyildi. Çünki gözlərini açıb görmüşdülər ki, cehiz bahalı mebel olar, televizor, soyuducu, paltaryuyan maşın olar, "xrustal" qab-qacaq olar, xalça-palaz, yorğan-döşək, hətta ət maşını olar, daha kitab yox. Böyük Sabir demişkən: 

Nə bilirdik nə zəhirmardı kitab,
Biz olan evdə haçan vardı kitab?! 

Amma necə qəribə bir paradoks! Qonşu gürcü xalqının yazılmamış, heç vaxt pozulmayan, əsrlərlə yol gələn bu qanunundan xəbərimiz varmı? Artıq neçə əsrdir ki, gəlin köçən hər bir gürcü qızı cehizinin üstündə Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" əsərini ər evinə ən müqəddəs cehiz kimi aparır. Hər gürcü ailəsi ailədəki qızların sayı qədər bu kitabdan əldə edir və cehiz vermək üçün saxlayır.

Maraqlıdır, görəsən, türkdilli xalqların hansında belə bir adət var? Var, özü də xoşbəxtlikdən bizə ən doğma olan İraq Kərkük türklərində. Kərkük türklərində gəlin köçən hər bir qız böyük Füzulinin "Türk divanı"nı ər evinə cehiz aparır. Deməli, nümunə var.

Kim nə deyir desin, mənim dərk edib qəbul etdiyim qənaət budur ki, gəlin-qayınana, övlad-valideyn, bacı-qardaş problemlərinin kökündə nadanlıq dayanır. Mənəvi kasıblıq, mənəvi səviyyəsizlik nəsildən-nəsilə ötürülür və onu heç bir maddi dəyər, var-dövlət, imarət və s. həll edə bilmir. Və nəticədə nəinki kasıblar, hətta "varlılar da ağlayır".

Adətən, toylarımızda yeni ailə quran gənclərə uzun ömür, cansağlığı, xoşbəxtlik, oğul-uşaq, firavan həyat arzulayırıq. Ocağınız gur yansın, çörəyiniz isti, suyunuz sərin olsun deyirik. İmkan daxilində ev, maşın, hər cür cer-cehiz veririk. Hələ ki, "evinizdə çoxlu kitabınız olsun" deyən dünyagörmüş insana rəst gəlmirik. Cehizlik kitab almaq isə ağlımıza belə gəlmir. Cehizlik kitab! Hələlik fikrimiz bir az "əcaib-qəraib" səslənsə də, gec də olsa, gəlin fikirləşək.

 





09.07.2020    çap et  çap et