525.Az

Ən yeni tariximizi səngərlərdə yazan alim - Məqalə


 

Ən yeni tariximizi səngərlərdə yazan alim - <b style="color:red">Məqalə </b>

Bir vaxt insanların - sadə camaatın qəzetlərdə dərc edilənlərə birmənalı inandığını çox görmüşəm: "Qəzetdə belə yazılıb!" İnsanlarda bu inamı hər sözünə görə məsuliyyət daşıyan, yazdıqlarının, dediklərinin dəyəri, çəkisi olanlar yaratmışdılar. Cavanlığımdan söz sənətinə - jurnalistikaya sayğım daha çox buradan qaynaqlanıb, elə jurnalistlərə də. Həmyerlim, həmyaşıdım Lətif Şüküroğlu da könlümə beləcə yatıb... 

Mən rayon komsomol təşkilatında işləyirdim, Lətif rayon qəzetində. Rayon miqyaslı tədbilərdə görüşürdük. Həmişə maraqlı söhbət üçün mövzu olurdu. Hadisələrə, bəzən faktlara fərdi və fərqli münasibətimiz olsa da, baş verənləri, eşidib-bildiklərimizi saf-çürük edib qiymətləndirməyimiz, başlıcası da ruhi doğmalıq yaxınlaşdırmışdı bizi. Milli məsələlərdə barışmazlıq, gənclik havasına köklənmiş inkarçılıq meylləri də öz yerində. O illərdə özünü səmimi olaraq cəfakeşlər sayan yüzlər, minlər kimi, bizim üçün də bölünməz milli-xəlqi ruh, bu ruha qol-qanad verən bütöv və müqəddəs Vətən vardı. Ruh yaxınlığımıza hər ikimizin ailəsinin taleyindəki müəyyən oxşarlıqların (bəlkə də eyniliklərin) təsiri də olmuşdumu? Bəlkə də. Onun da dədə-babası, mənim dədə-babam kimi erməni vəhşiliyinin nə demək olduğunu dildən-ağızdan eşitməmiş, özləri görüb, yaşamışdılar. Zəngəzurda ötən əsrin əvvəlləri və ikinci onilliyinin sonlarında havadarlarının dəstəyi ilə ilk dəfə genişmiqyaslı qırğınlar törətməklə yerli, aborigen əhalini öz doğma yurd-yuvasından didərgin salan erməni qatillərinin qətlə yetirdiyi türk-müsəlman əhali arasında bu ailələrin üzvləri də olmuşdu. Əsasən Qafanın sərhəd kəndlərindən qaçaraq daha təhlükəsiz ərazilərə sığınan insanlar özlərinə yenidən gün-güzaran düzəltmək kimi minbir əzab-əziyyətə qatlaşmışdılar. Ömürlərinin sonuna kimi qəddar düşmənin insanlığa sığmayan zülmünü unutmadan doğma torpaqlarda qurub-yaratmış, imkanları çatan qədər arxalı düşmənə müqavimət də göstərmiş, qeyrət mücəssəməsi olan əcdadlarının adına layiq olmağa çalışmışdılar. Çoxdan haqq dünyasina qovuşmuş həmin insanların, dədə-babalarımızın ruhları yenə də o müqəddəs torpaqlarda dolaşır. Dolaşır, ancaq nəinki 100 il əvvəl, heç 40-50 il qabaqkı kimi də dinclik tapa bilmir. Çünki babaların xeyirxah və nəcib əməllərini yaşatmalı olan biz övladları və nəvə-nəticələri bu gün onların məzarları yerləşən torpaqlarımızdan, əzəli, doğma yurdlarımızdandan didərgin (inanırıq ki, müvəqqəti!) düşmüşük. Qəddar və bədnam düşmənlərin heç bir insanlığa sığmayan vəhşi və yırtıcı əməllərinin od-alovundan keçib doğma vətənimiz Azərbaycanın bir qədər də içərilərinə gəlmişik.

İllər öncə bir dəfə söhbət əsnasında Lətif dedi ki, babalarımızın kənd-kənd itirdiyi torpaqları biz rayon-rayon itiririk. İndi Ermənistan adlanan ərazidə yaşamış azərbaycanlılar bir əsrdə artıq neçənci dəfədir ki, belə acı tale yaşayıblar. Biz içimizə sıxıldıqca düşmən qol-qanad açdı, biz hansı səbəbdən olur-olsun çəkildikcə düşmən üstümüzə gəldi. Daha çəkilməyə nə yerimiz, nə haqqımız var...

Ancaq təəssüf ki, bu söhbətdən sonra da daha bir neçə rayonumuz itirildi. Biz bir neçə rayonluq da geri çəkilib Azərbaycanı, lap müvəqqəti olsun, yenə kiçiltdik. İndi eyni taleni yaşaya-yaşaya biz də illərimizi Vətənin qıraqda qalan yerlərinin ağrı-acısına məlhəm bilirik, "Su axan yerdən bir də axar" ümid-təsəllisiylə...

Zəngilanda vəziyyət kəskinləşəndə ərazi özünümüdafiə taboru yaradıldı. Bu tabor Zəngilanın sipəriydi və zəngilansevərlərin hamısı ömrünü bu sipərin parçası bilirdi. Həmin vaxtlarda Lətiflə daha çox səngərlərdə, müdafiə postlarında görüşərdik. Vətəndən, torpaqdan, torpaqlarımızın müdafiəsindən, şəhidlikdən, qazilikdən danışardıq. Belə söhbətlərdə bəzən yan-yörəmizə mərmi də düşərdi. Sözün həqiqi mənasında, belə hallarda bizim çəkinməməyimiz əsgərlərə də sirayət edərdi, yəni bu mərmilər bizim Vətənli söhbətimizi cilikləyə bilməzdi. "Torpaqlarımızın müdafiəsi bütün xalqın, əli silah tutanların hamısının mənəvi borcudur" deyirdik. Bəzən Lətif ani olaraq susar, sonra təmkinlə bu fikrimizə incə bir əlavə edərdi. Məsələn: "Zəngilanı zəngilanlılar, Laçını laçınlılar, Qubadlını qubadlılar... deyil, döyüş meydanına, səngərlərə çevrilmiş bu əraziləri bütün Azərbaycan, onun ordusu, əli silah tutan oğulları hamılıqla qorumalıdır. Yerli əhalinin nümayəndələri isə ərazini daha yaxşı tanıdıqlarına görə ilk sırada olmalıdırlar", - deyərdi.

İlk baxışda o qədər də fərqli olmayan bu fikir, əslində, müharibə aparma tezisiydi və hamımız Lətifə haqq qazandırardıq. İndi təkcə biz yox, elə tarix də...

Zəngilanın ağır vaxtlarında Zəngilana gələnləri, səngərlərdə döyüşçülərlə görüşənləri, nədəsə köməklik göstərmək istəyənləri döyüşçü adlandırmağım Lətifin xoşuna gəlirdi. Bir dəfə yarızarafat-yarıciddi dedi ki, ayda azı iki-üç dəfə Zəngilanda-Qubadlıda-Laçındayam, hələ başqa cəbhə bölgələrini demirəm. Məni də döyüşçü hesab edirsinizmi? Gülümsündüm, "Əslində, sənin müntəzəm gəlişlərin döyüşçü hesab edilməyinə zəmanətdir. Həm də yazdıqlarını, döyüşçülərin döyüş əzminə, Qələbə ruhuna hansı səviyyədə təsir göstərdiyini nəzərə alsaq, çoxdan əsl döyüşçüsən", - dedim.

"Ən yeni tariximizin səngərlərdə yazıldığı günlərdə" ifadəsi Lətif Şüküroğluna məxsusdur. Yəni Lətif həmin dövrü döyüşlə jurnalistikanın vəhdəti kimi görürdü və özünün yazdığı məqalələri də, reportajları da, hərbçilərdən aldığı müsahibələri də bu vəhdətin sözlə təqdimatı bilirdi...

Şuşanın, Laçının, Qubadlının və Zəngilanın çətin vaxtlarında Lətif cəbhə xəttini başdan-başa gəzirdi, özü silah götürməsə də, sözü vuruşurdu. Məqalələri döyüşçülərin döyüş əzmini, qələbə ruhunu kükrədirdi. "Vətən səsi", "Xalq Ordusu" (indiki "Azərbaycan Ordusu"), "Sərhəd" və digər qəzetlərdə dərc edilən məqalələri laçınlıların, qubadlılıların, cəbrayıllıların, zəngilanlıların... ruhunun harayına dönürdü, döyüşən rayonların timsalında Vətənin vətəndaşlara xitabı kimi oxunurdu; məqalələrinin "əzəl mübtədası" (S.Vurğun) Vətən, torpaq, qələbə idi. Bu məqalələr Əsgülüm, Süsən, Şükürataz, Hərtiz, Səngər, Qızılboğaz, Böyük Kirs dağlarının uca zirvələrinə dirsəklənən heysiyyətin, Bərgüşadın, Oxçu çayının, Bəsit çayının, Həkərinin axışına, bulaqların-çeşmələrin duruluğuna, çəmənlərin çiçək baxışına, göy üzünü bürüyən buludlardan süzülən yağışına, üfüqlərə kəmənd atan göyqurşağına, qayaların sərt baxışına, məğrur duruşuna... dönən təəssübkeşliyin sözü kimi oxunurdu...

Bu yerdə Lətifin gənclik illərində oxuduğum şeirindən bir neçə misra yadıma düşdü. Özü demiş, hərdən şairliyi də tutur. 

Vətən, göylərində yanan bir işıq,
Bağında açılan çiçək olaydım.
Sənə qara əllər uzansa bir an,
Göyləri yandıran şimşək olaydım. 

Rəfiq Özdəkin "Türkün qızıl kitabı"nı dilimizə çevirənlərdən biri də Lətif Şüküroğludur. Bu kitab zamanında da səlcuq türklərinin, Osmanlı imperiyasının tarixini öyrənmək istəyən gənclərin, türkçülüklə bir qədər yaxından maraqlanan insanların ən sevimli stolustu kitablarından biri idi. 1992-ci ildən başlayaraq bir neçə dəfə böyük tirajla nəşr edilən həmin kitab bu gün də sevilə-sevilə oxunur.

Lətif Şüküroğlu müxtəlif vaxtlarda müxtəlif mətbu orqanlarda işləyib. Həmişə ürəyinin diktəsi ilə, həm də gördüyü, şahidi olduğu hadisələrdən, yaxşı bildiyi və inandığı mətləblərdən yazıb, desək səhv etmərik. "Vətən səsi"ndə erməni məkrindən, saxtakarlığından, quduzluğundan, bu quduzluğun törətdiyi görünməmiş cinayətlərdən, azərbaycanlıların tarixi Azərbaycan torpaqları olan Ermənistanda, xüsusən 20-ci əsrdə yaşadıqları müsibətlərdən, nəhayət, 1988-ci ildə əzəli türk yurdlarından kütləvi şəkidə didərgin salınmalarından və başqa tarixi gerçəklərdən yazıb. "Xalq Ordusu"nda Qarabağ müharibəsinin gedişindən, ordunun gündəlik həyatından, ön cəbhədə, soyuq səngərlərdə düşmənlə üzbəüz dayanan əsgər və zabitlərdən, itkilərimizin və müvəqqəti məğlubiyyətlərimizin başlıca səbəblərindən, hərdən də şanlı hərb tariximizdən yazıb. Bidiyim qədər, "Xalq Ordusu"nun saylarından biri Lətif Şüküroğlu və jurnalist həmkarları tərəfindən döyüşlərin getdiyi Goranboy rayonunda, birbaşa cəbhə xəttində buraxılıb.

"Sərhəd" qəzetində Vətənin başlandığı məntəqələrdən, sərhədlərin təhvil-təslim proseslərindən, mühafizənin təşkilinin ilk anlarından, səssiz, elan edilmədən davam edən mübarizənin iştirakçılarından - ilk sərhədçilərdən... yazıb. Nə yazıbsa, vətəndaş mövqeyindən yazıb, yazdıqlarını Vətən qarşısında övladlıq borcu bilib və bu gün də belə düşünür. O yazılar ona görə oxunaqlıdır; oxunur, təkcə duyuma, duyğuya deyil, düşüncələrə də hopur və düşündürür...

Lətif Babayev ehtiyatda olan polkovnikdir. Ordu quruculuğunun çətin və mürəkkəb bir proses olduğunu, Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu prosesinin öyrənilməsinin bu baxımdan gərəkliyini, sələf-xələf münasibətləri üçün əhəmiyyətini nəzərə alsaq, ehtiyatda olan polkovnik, tarix üzrə fəlsəfə doktoru Lətif Şüküroğlunun "Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu" kitabının istər tarixi, istərsə də elmi-publisistik dəyəri haqqında ürəklə söz aça bilərik. Cümhuriyyət Ordusunun yaranması və formalaşması tarixinə, ordu quruculuğu sahəsində görülmüş işlərə, bu mühüm və taleyüklü prosesin ilk müstəqil dövlətimiz tərəfindən necə bacarıqla həyata keçirilməsinə həsr edilən bu kitabda, həmçinin, Qarabağda, Zəngəzurda və ölkəmizin qərb sərhədlərində erməni təcavüzünün qarşısının alınmasından, Cənub bölgəsində Azərbaycan Xalq Cümhuriyyətinin separatçılara qarşı uğurlu fəaliyyətindən, ordumuzun cəsur, vətənpərvər zabit və əsgərlərindən bəhs olunur.

Arxiv sənədləri əsasında yazılan, Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun yaranması və formalaşması ümumiləşdirilən bu dəyərli kitabda Müsəlman Korpusunun yaradılması, Cümhuriyyət hökuməti tərəfindən Silahlı Qüvvələrin formalaşdırılmasında ardıcıl və planlı fəaliyyət, uğurlu Qarabağ əməliyyatları, bolşevik təcavüzünə qarşı mübarizə ətraflı araşdırılıb. Türk ordusunun Cümhuriyyətin müdafiəsində danılmaz rolu, Qafqazda və Azərbaycanda həyata keçirdiyi geniş döyüş fəaliyyətinə də kitabda xüsusi yer verilib.

"Cümhuriyyət hökuməti repressiya məngənəsində" (2 cilddə, 2000), "Azərbaycan Xalq Cümhuriyyətinin sərhəd mühafizəsi tarixi (1918-1920-ci illər)", (1999); "AXC dövründə ordu quruculuğu", (2018); "Ömür yarı oldu" (2002), "Torpağı Vətən edənlər" (2018) kitablarının, sənət.az saytından izlədiyimiz "Taleyin izləri" avtobioqrafik əsərin müəllifi olan Lətif Şüküroğlu Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvüdür. Özü istəməsə də, oxuculara bir sirr də açım ki, hazırda iki yeni kitabını nəşrə hazırlayır.

Polkovnik Lətif Babayev Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə ölkənin xüsusi xidmət orqanlarında xidmətlərinə görə 2002-ci ildə "Hərbi xidmətə görə" medalı ilə təltif edilib. Sonrakı illərdə isə "Qüsursuz xidmətlərə görə" medalının hər üç dərəcəsini alıb. Qarabağ müharibəsi və Silahlı Qüvvələr veteranıdır.

Elə buna görə də təhlükəsizlik orqanlarından ehtiyata buraxıldıqdan sonra Lətif Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına dəvət edildi və burada 3 ilə yaxın müddətdə təşkilati və kadrlarla iş şöbəsinin müdiri işlədi. Həm də Təşkilatın Rəyasət Heyətinin üzvü kimi müharibə və əmək veteranlarının ölkənin ictimai-siyasi həyatında yaxından iştirakında, veteranların sosial müdfiəsi ilə bağlı məsələlərin qaldırılmasında, onların döyüş yollarının işıqlandırılmasında, Azərbaycan tarixi, o cümlədən, hərb tariximizin təbliğində, xüsusilə gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsində mühüm təşkilatçılıq, yüksək və səmərəli ideya-siyasi tərbiyə işi apardı. Onun xidmətləri sırasında peşəkar bacarıqlarından irəli gələn bir fəaliyyəti xüsusi qeyd etmək olar. Bu, Respublika Veteranlar Təşkilatının ictimaiyyətlə əlaqələrinin və məlumat-informasiya işinin tamamilə yenidən təşkili ilə bağlı olmuşdur.

Lətif söz adamıdır, sözü sözdən seçməyi bacaran jurnalistdir, faktlar burulğanında düzü əyridən seçməyi bacarır, tarixi reallığın söz cəfakeşi olur, arxiv sənədlərini xalqımızın yaşanılmış tarixi bilir və onları məhz bu duyumla araşdırır. Lətif Zəngilanı zəngilanlıların Zəngilana... dönüşünün, bütün torpaqlarımızın işğaldan azad ediləcəyinin uzaqda olmadığını məqalələrində, söhbətlərində qətiyyətlə bildirən, buna inanan və inandırmağı bacaran söz cəfakeşidir...

1960-cı ilin apreli Ermənistanın Qafan rayonunun Qaçaran qəsəbəsinə ad olan tarixdir. Şükür kişinin ailəsində dünyaya gələn uşağın ömürlüyünün başlanğıcı olan tarix. Tarix baxımından, yüz illərin qan yaddaşından erməniliyin nə olduğunu Lətif həm bilir, həm də əcdadlarının gözü ilə sanki görüb, yaş baxımından yalnız son onilliklərin şahididir. Atasının söhbətlərindən, oxuduğu kitablardan, bir də elmi araşdırmalar apardığı arxivlərdən əldə etdikləri, öyrəndikləri onun üçün şahidi olduqlarından daha təsirli olub, desək yanılmarıq.

Lətif Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin bitirb. Böyük jurnalistikaya gəlişi rayon qəzetində ədəbi işçilikdən başlayıb...

Lətif Şüküroğlunun "Torpağı Vətən edənlər" kitabı ilə "Ömür yarı oldu" kitabı arasında ruhi bir yaxınlıq var və bu yaxınlıq bir mətləbdə birləşir: Vətən, Vətən sevgisi, Vətənə sevgi. Bu kitabların mahiyyəti deyir ki, kim olursan ol, Vətəni sevməlisən. Kim olursan ol, sənin özün də, sözün də Vətənin səyyarəsi, günlü yağışı, dosta təbəssüm çələngi, düşmənə söz şimşəyi - şimşək çaxışı olmalıdır. Kim olursan ol, sən də dünyaya "Ömür Vətən üçündür" deməlisən...

Lətif Şüküroğlu milli-azadlıq hərəkatının başladığı illərdə Zəngilanda milli vətənpərvərlik ruhunun daşıyıcılarından və təbliğatçılarından biri kimi tanınıb. Bütün qadağalara və təzyiqlərə baxmayaraq, kommunist rejiminin çöküşü, Azərbaycanın yenidən müstəqil olması üçün rayon səviyyəsində olsa da, mübarizə aparıb. Sovet rejiminin törətdiyi Qanlı yanvar hadisələrinə ilk etiraz edənlərdən, ziyalı sözünü cəsarətlə, hünərlə, çəkinmədən deməyi və yazmağı bacaran jurnalistlərdən olub. Zəngilanda 1990-cı ilin 22 yanvarında təşkil olunan yerli əhalinin yarısından çoxunun iştirak etdiyi və ölkənin müxtəlif ərazilərində tətbiq olunan fövqəladə vəziyyət rejiminin bu rayonda tətbiqinin dayandırılmasına nail olunduğu mitinqi də Lətif aparıb. Heç nədən çəkinmədən, heç bir təzyiqdən qorxmadan. Bütün varlığı ilə Vətəninə, xalqına bağlı olan Lətif Şüküroğlu sıralarında olduğu kommunist partiyasının üzvlük biletini 400 nəfər başqa üzvlərlə birlikdə tonqala atandan sonra heç bir partiyanın üzvü olmayıb. Həmişə müstəqil olub və müstəqilliyimizdən, uğurlarımızdan qürur duyub.

Tədqiqatçı-tarixçi Lətif Şüküroğlu dəyərli əsərləri ilə onlarla tədqiqatçı üçün işıqlı yol açıb.

Hərbi jurnalistikamızın tanınmış və sayılıb-seçilən imzalarından, Azərbaycan Xalq Cümhuriyyəti, onun ordusu, sərhədləri və təhlükəsizlik xidməti tarixinin qaranlıq səhifələrinə aydınlıq gətirən istedadlı tədqiqatçı, fədakar insan, sözün cəfakeşi olan peşəkar yazıçı-publisist Lətif Şüküroğlu yaşının altımışında daha vüqarlı, daha mübariz və təmkinlidir. Bu gün məsuliyyəti daha da artan dostumuz kamilliyi və zəhmətsevərliyi ilə hələ neçə uğura imza atacaq... Bir də inanırıq ki, yaşının bütün çağlarında Lətif Şüküroğlunun Vətən sevgisi ilə döyünən ürəyi həmişə qaynarlıq, sevgi, təəssübkeşlik, heysiyyət yaşında olacaq...

Bayram MƏMMƏDOV
Əməkdar müəllim, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 





09.07.2020    çap et  çap et