525.Az

İsrafil Məmmədovun ucaldılmayan heykəlinin taleyi - Araşdırma


 

İLK AZƏRBAYCANLI SOVET İTTİFAQI QƏHRƏMANI İSRAFİL MƏMMƏDOVUN RUSİYADA VƏ AZƏRBAYCANDA PARALEL HEYKƏLLƏRİNİN QOYULMASI İŞİ NİYƏ ƏNGƏLLƏNDİ?

İsrafil Məmmədovun ucaldılmayan heykəlinin taleyi - <b style="color:red">Araşdırma </b>

Tərəqqipərvər bəşəriyyətin  faşizm üzərində qələbəsinin qazanılmasında Azərbaycanın və onun igid övladlarının da rolu böyükdür. Xalqımızın belə rəşadətli oğullarından biri də azərbaycanlılar arasında ilk Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovdur.

O, Böyük Vətən Müharibəsi cəbhəsində atıldığı ilk  döyüşlərdən birindəcə 73 faşist məhv edərək bu ada layiq görülüb. Cəbhədən-cəbhəyə saysız-hesabsız döyüşlərə qatılan qəhrəman İsrafil  dəfələrlə yaralanıb, elə bu yaraların fəsadlarından müharibədən bir il sonra vəfat edib. Sovet İttfaqı Qəhrəmanı, leytenant İsrafil Məhərrəm oğlu Məmmədov 1946-cı ildə  Gəncənin Leninin adını daşıyan Mərkəzi parkında, indi Xan bağı adlandırılan tarixi Sərdar bağı ərazisində dəfn edilib. Qəhrəmanın  məzarı üstündə ağ mərmərdən konusvari başdaşı qoyulub. Otuz ildən sonra, 1976-cı ildə aparılan rekonstruksiya  işləri ilə məzarın üzərində qəhrəmanın barelyefi olan hündür qranit xatirə abidəsi ucaldılıb.

Amma sən demə, keçən əsrin 80-ci illərinin sonunda ilk qəhrəmanımızın şücaətini  əks etdirən daha möhtəşəm abidənin qoyulması planları mövcud olub. Belə ki, xalqımızın adını uca edən İsrafil Məmmədovun cəbhədə atıldığı ilk döyüşdəcə misilsiz şücaət göstərdiyi  məkanda,  Rusiyanın Novqorod vilayətində  və qəhrəmanın doğma yurdu Gəncədə - şəhərin görkəmli yerlərindən birində eyni ölçülü və formalı iki abidəsinin ucaldılması nəzərdə tutulubmuş. Əsərin müəllifi, o zaman gənc və perspektivli, Lenin Komsomolu mükafatı laureatı, hazırda 75 yaşlı tanınmış heykəltəraş Şərif Şərifov qeyd edir ki, o vaxt  hətta layihənin əsas mərhələləri - modelin hazırlanması və abidənin gipsdən tökülməsi işi tam yerinə yetirilibmiş.

"Mən bir müəllif kimi, qəhrəmanımızın Gəncədə və Novqorod vilayətində ucaldılası abidəsində onun şücaətinin ruhuna uyğun energetikanın tapılması üçün çox düşünürdüm. Məlumdur ki, Şimal-Qərb  Cəbhəsinin 180-ci diviziyasının 42-ci atıcı alayının vzvod komandirinin müavini,  baş serjant İsrafil Məmmədovun başçılığı altında olan 20 nəfərlik döyüş dəstəsi -rota 1941-ci ilin dekabrın 3-də Novqorod şəhərinin giriş istiqamətində, İlmen gölü ətrafındakı Pustırka adlı kəndin yaxınlığındakı yüksəklikdə yerləşən  mövqeyi müdafiə edərkən, faşistlərlə qızğın döyüşə girib. Sovet əskərləri kömək gələnədək 10 saat ərzində fasiləsiz döyüş apararaq 300 nəfər hitlerçini məhv ediblər. Şəxsən İsrafil faşistlərin 70 nəfər əskərini, 3 nəfər zabitini öldürüb. Bu şücaətə görə 1941-ci ilin dekabrın 11-də SSRİ Ali Sovetinin Rəyasət Heyətinin fərmanı ilə   İsrafil Məmmədova Sovet İttifaqı Qəhrəmanı adı verilib. Biz, heykəlin hazırlanmasına məsul olan qrupun üzvləri  həmin döyüş gedən ərazidə olaraq, rusiyalı həmkarlarımızla  məkanın seçilməsi və digər yaradıcı-texniki vəziyyəti ətraflı müzakirə etmişdik" - deyə abidənin müəllifi məsələnin təfərrüatlarına toxunur.

Əməkdar rəssam, prezident təqaüdçüsü Şərif Şərifov qeyd edir ki, İsrafilin heykəlinin  möhtəşəm ölçülərdə yerinə yetirilməsi planlaşdırılıbmış.  Heykəlin öz hündürlüyü 6 metr, postamentlə birgə 11 metr olub.

"Rusiyada, öz döyüş yoldaşlarını xilas etmək üçün sinəsini pulemyotun önünə verən qəhrəman Aleksandr Matrosovun da təxminən bu ölçülərdə heykəli var. Biz də çalışırdıq, İsrafilin heykəli öz möhtəşəmliyinə görə heç də ondan geri qalmasın", - deyə müəllif bildirir.

Şərif müəllim vurğulayır ki, Ulu öndər Heydər Əliyevin birbaşa himayəsi ilə abidələrin qoyulması barədə Rusiya və Azərbaycanın müvafiq qurumları  arasında razılıq sənədləri də imzalanıb; həmçinin, Azərbaycan SSR  Nazirlər Sovetinin müvafiq qərarı da olub.

Amma Sovet İttifaqında Mixail Qorbaçovun hakimiyyətə gəlməsi ilə xalqlararası ədavətə geniş meydan verilməsi, xüsusən Azərbaycan və Heydər Əliyevin adı ilə bağlı bir çox faydalı işlərin qəsdən tormozlanması, böyük ölkənin əsaslarının sarsılması və onun dağılma proseslərinin başlaması bu layihənin də gerçəkləşdirilməsinə imkan verməyib.

Müəllif bu qəhrəmanlıq abidəsinin ideyasının vətənsevərlik keyfiyyətlərinin aşılanmasına yönəldiyini bildirərək, bu məsələnin düşmən işğalı altındakı torpaqlarımızın azad edilməsi arzusu ilə  alışıb-yanan gənclərimiz üçün bu  günümüzdə də aktual olmasına  diqqət çəkdi.

"Bu əsərdə İsrafil öz obrazı ilə xalqımızın qorxmazlıq simvoludur, haqq işi naminə ölümdən çəkinməyən döyüşçü, qabarmış sinəsi, başı üstündə düyünlənmiş yumruğu ilə döyüşə atılan və yoldaşlarının döyüşə aparan Vətən Qoruyucusudur. Mən düşünürəm ki, bu abidənin taleyi məsələsinə yenidən qayıdılması, onun heç olmazsa, Gəncədə ucaldılması imkanının araşdırılması dediyim məsələlər baxımından vacibdir" - deyən Ş.Şərifov bu məsələdə ümidlidir.  

Hazırda şənətkarın emalatxanasında sözügedən abidənin istər o vaxtdan qalma, istər də daha müasir baxışlarla əlavələrlə işlənmiş bir neçə variantının modelləri mövcuddur. O, həmçinin, məsələ barədə yenidən müvafiq qurumlara müraciət edəcəyini bildirdi.

Biz də İlk dəfə Sovet İttifaqı Qəhrəmanı adı almış bu igid azərbaycanlının  30-35 il bundan qabaq hazırlanan heykəlinin boyük miqyasda  ucaldılaraq, Vətən torpağının bütövlüyü uğrunda mübarizə simvoluna çevriləcəyinə ümid edirik.

Onu da əlavə edək ki, bu yazının müəllifi mövzu ilə bağlı işlədiyi televiziya süjetini də  "İsrafil Məmmədovun heykəlinin taleyi" adı altında YOUTUBE-də yerləşdirib.

Zakir MURADOV
Gəncə

 





10.07.2020    çap et  çap et