525.Az

Azərbaycan taleyində iyirmiliklər...


 

Azərbaycan taleyində iyirmiliklər...<b style="color:red"></b>

Tarixin gedişatına diqqətlə nəzər salsaq görərik ki, Azərbaycan torpaqları və xalqımız hər zaman Tanrının diqqətində, fövqəladə təbiət və sosial hadisələrinin mərkəzində olub.

Bu da ilk növbədə ondan irəli gəlir ki, qədim odərlərdən başlayaraq, biz, müasir Azərbaycan türklərinə qədər tarixi inkişaf yolu keçmiş bu ərazilərin insanları hər zaman Tanrıya itaətlə, təbiətə həssaslıqla, insanlara xüsusi hörmətlə yanaşan toplum olmuşuq və indi də bu dəyərlərə sadiq qalmaqdayıq. Odur ki, Azərbaycan unikal təbii, coğrafi və antropoloji xüsusiyyətləri ilə bundan sonra da əsrlər boyu haqlı olaraq öyünə bilər.

Dünya siyasətinə, iqtisadiyyatına, elminə və mədəniyyətinə saysız-hesabsız forma və üslublar, əsər və şəxsiyyətlər bəxş edərək, Azərbaycan xalqı dünya xalqları sırasında öz layiqli yerini tutub. Lakin tarixi mövcudluğumuz, inkişafımız və rifahımız hər zaman yeni axtarışlara və böyük nailiyyətlərə yol açan ağrı, acı, itki dolu tarixi dərslər və sınaqlarla müşayiət olunub. Dərslərimizi öyrənib nəticə çıxarmadıqca, sınaqlara sinə gərmədikcə, dədə-babalarımızın yaşadıqlarını, hətta yaxın keçmişdə üzləşdiklərimizi bir daha yaşamağa məhkum oluruq.

Çoxillik müşahidələr göstərir ki, Azərbaycan xalqına məxsus tarixi abidələr, yaşadıqları tarixi hadisələr bir qayda olaraq 20 və ondan törəyən rəqəmlərlə sıx əlaqəlidir. Əvvəla qeyd etmək vacibdir ki, coğrafi baxımdan Azərbaycan dünya okeanından 28 metr aşağı səviyyədə yerləşir. 28 məhəlləyə, 28 məscidə, 28 hamama mailk İçərişəhərin ayrılmaz hissəsi olan Qız qalasına, yəni 28 metr hündürlüyə qalxarkən biz dünya okeanı ilə bərabər səviyyədə oluruq. 28 may 1918-ci il tarixi bizə Şərqin ilk demokratik cümhuriyyətini bəxş etmişdi.

Lakin bu qəbildən olan nümunələrin faciəli olanları daha çoxdur. 1828-ci il (Türkmənçay müqaviləsinin imzalanması), 28 aprel 1920-ci il (Sovet ordusunun Azərbaycanı işğalı), 1920-ci il (Zəngəzur və Göyçənin işğalı) 20 yanvar (Qanlı yanvar), 20 noyabr (Qarakənd faciəsi), 26 dekabr (Xankəndinin işğalı), 26 fevral (Xocalı soyqırımı), 23 iyul (Ağdamın işğalı), 23 avqust (1514-cü ildə Çaldıran döyüşündə Səfəvilərin məğlubiyyəti, 1993-cü ildə isə Cəbrayıl və Füzulinin işğalı), 29 oktyabr  (Zəngilanın işğalı), ... 28 fevral 2020-ci il tarixində isə Azərbaycanda ilk koronavirus faktının qeydə alınması həqiqətən bizi düşündürməyə vadar edir.

Ötəri nəzər yetirmələr, qulaqardına salmalar bizi 2020-ci ilin dəhşətləri ilə qarşı-qarşıya qoydu. Bəli, 2020-ikiqat 20. Və bu gün biz hamımız bunun canlı şahidiyik. Əlbəttə, 2020-ci il təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün ağrılı-acılı keçir. Amma Azərbaycan üçün bu aylar çox ağrılı keçir. Bu ərəfələrdə bir neçə görkəmli şəxsiyyətimizi, dəyərli insanımızı və sadiq dostumuzu itirməklə, böyük mənəvi sarsıntılar keçirdik. Son zərbəni isə yeni ayın 2-ci günü hər bir azərbaycanlının dostu və dəstəyi Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri, çox dəyərli İrfan Çiftçinin vəfatı xəbəri oldu. Allah rəhmət eləsin. Biz sıravi vətəndaşlara isə qəlbdə ümid, ruhda iman, canda hüzur, başda idrak, bədəndə isə səhihlik arzu etməkdən başqa heç nə qalmır.

 





10.07.2020    çap et  çap et