525.Az

"İki sahil" qəzetinin 29 yaşı tamam olur


 

"İki sahil" qəzetinin 29 yaşı tamam olur<b style="color:red"></b>

Bu gün - iyulun 10-da ölkəmizin çoxsaylı mətbu orqanları sırasında öz dəst-xətti ilə seçilən "İki sahil" qəzetinin nəşrə başlamasının 29-cu ili tamam olur.

"İki sahil"in nəşrə başladığı günləri xatırlayan qəzetin baş redaktoru Vüqar Rəhimzadə deyir ki, bugünümüzdən  "İki sahil"in yarandığı dövrə nəzər salanda hansı çətinliklərdən keçdiyini, amma yolundan dönmədiyini böyük qürur hissi ilə qeyd etmək olar. Qəzetin yaranmasının Azərbaycanda   ictimai-siyasi  vəziyyətin gərgin olduğu, ölkəmizin  böyük faciələrlə üz-üzə qaldığı bir vaxta təsadüf etdiyini xatırladan baş redaktorun sözlərinə görə, "İki sahil" o dövrün reallıqlarını ictimaiyyətə çatdırmaqdan çəkinmədi, öz ideallarına sadiq qalaraq sınaqlardan şərəflə çıxdı: "Qəzetin səhifələrində Azərbaycanın bu günü və gələcəyi naminə dahi şəxsiyyət Heydər Əliyevin  hakimiyyətə qayıdışının vacibliyi qeyd olundu. Azərbaycan xalqının böyük əksəriyyətinin ifadəsi olan 91 nəfər ziyalının   Ümummilli lider Heydər Əliyevə "Azərbaycan Sizin sözünüzü gözləyir" müraciəti qəzetimizin səhifələrində geniş yer aldı. Aydındır ki, bu müraciətin  əsas məqsədi geniş xalq  kütləsini əhatə edəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiyanın yaradılması, ona Ulu öndər Heydər Əliyevin rəhbərlik etməsi idi". 

"İki sahil" hazırda SOCAR-ın  təsisçiliyi ilə fəaliyyət göstərir. Bu məsələyə toxunan V.Rəhimzadə vurğulayır ki, rəhbərlik etdiyi  qəzet ölkəmizin hərtərəfli inkişafının təməl daşı olan iqtisadi sahədə qazanılan uğurların təbliğatçısına çevrilərək, bu gün də  həmin missiyanı uğurla yerinə yerinə yetirir.

V.Rəhimzadə 29 illik fəaliyyəti dövründə "İki sahil" qəzetinin jurnalistikaya başlayanlar üçün təcrübə məktəbi olduğunu qeyd edir: "Bu gün vaxtilə qəzetin əməkdaşı olanlar ayrı-ayrı qəzetlərə rəhbərlik edir,  qazandıqları təcrübəni kollektivin əməkdaşları ilə bölüşürlər. Məsuliyyət varsa, peşəkarlıq da olacaq.  "İki sahil" 29 ildə qazandığı uğurlar fonunda gələcəyə inamla addımlayır. "İki sahil"in günbəgün yeniləşən internet saytı, qısa müddətdə fəaliyyətə başlamasına baxmayaraq, geniş tamaşaçı  kütləsi qazanan "İki sahil" internet televiziyası cəmiyyətin informasiya tələbatının ödənilməsinə öz töhfəsini verməyə səy göstərir".

"525"dən: Fəaliyyətə başlamasının 29-cu ildönümü münasibəti ilə "İki sahil" qəzetinin kollektivini təbrik edir, həmkarlarımıza gələcək fəaliyyətlərində yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

 





10.07.2020    çap et  çap et