525.Az

Oğuzda KOBİA-nın dəstək göstərdiyi müəssisə tütün tədarükünə başlayıb


 

Oğuzda KOBİA-nın dəstək göstərdiyi müəssisə tütün tədarükünə başlayıb<b style="color:red"></b>

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstək və xidmətlərindən yararlanmış Oğuz rayonunun Sincan kəndində fəaliyyət göstərən tütünqurutma müəssisəsində ilk məhsul tədarükünə başlanılıb. Xarici investisiya əsasında qurulmuş müəssisədə tütünün becərilməsi, tədarükü və qurudulması müasir texnologiyalara uyğun olaraq həyata keçirilir.

Nazirliyin rəsmi saytında verilən məlumata görə, tütünqurutma müəssisəsinə yaponiyalı investor tərəfindən 2,2 milyon ABŞ dolları həcmində investisiya yatırılıb və 26 nəfər işlə təmin edilib.

Müəssisənin hazırda Qəbələ, Oğuz və Tovuz rayonlarında 210 hektar tütün sahələri var. Gələcəkdə tütün əkini sahələrinin 900 hektara çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, KOBİA tərəfindən investora müəssisənin Oğuz rayonunda qurulması və fəaliyyətinin genişləndirilməsi, dövlət və özəl qurumlarla əlaqələndirmə, sahibkarlığa göstərilən dövlət dəstəyi mexanizmlərindən istifadə istiqamətlərində dəstək və xidmətlər göstərilib. Bundan başqa, xarici investor tərəfindən müəssisənin tütün sahələri olan rayonlarda fermerlərin maarifləndirilməsi üçün KOBİA ilə birgə təlimlərin keçirilməsi də planlaşdırılır.

Müəssisəyə İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi verilib ki, bu da müəssisəni 7 il müddətinə mənfəət vergisinin 50%-dən, əmlak, torpaq vergilərindən, idxal olunan avadanlıq və qurğular üçün ƏDV-dən və gömrük rüsümlarından azad edir.

Tütünqurutma müəssisəsində ilk məhsul tədarükü prosesində Qəbələ-Oğuz "KOB Dostu" ofisinin və Qəbələ Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri də iştirak ediblər. Müəssisənin fəaliyyəti və məhsul tədarükü prosesi ilə tanış olan könüllülər bu sahədə həm də praktiki bacarıqlar əldə ediblər.

 





10.07.2020    çap et  çap et