525.Az

Şollar suyu Bakıya Tağıyevin pulu ilə çəkilməyib - Müsəllim Həsənovun qeydləri


 

Şollar suyu Bakıya Tağıyevin pulu ilə çəkilməyib - <b style="color:red">Müsəllim Həsənovun qeydləri </b>

Jurnalist Müsəllim Həsənovun Azərbaycan tarixinin ən müxtəlif dövrləri ilə bağlı son illər qələmə aldığı tədqiqat və araşdırmaları, tarixi sənədlər əsasında yazdığı ssenarilərə çəkilmiş filmlər, televiziya verilişləri istər oxucuların, istərsə də tamaşaçıların diqqətini çəkən ən yaddaqalan layihələrdəndir.

Bu materiallar həm də tariximiz, ayrı-ayrı tarixi şəxsiyyətlərlə bağlı bir çox qaranlıq məqamlara işıq salınması baxımından zəruri və lazımlıdır. Müəllifin son vaxtlar öz Feysbuk səhifəsində "Bilirdinizmi" başlığı altında tarixin ən fərqli dönəmlərini əks etdirən tarixçə tipli yığcam paylaşmaları isə sosial şəbəkə istifadəçiləri tərəfindən xüsusi maraqla izlənilir.

Bu diqqət və marağa güvənərək həmin yazıları "525"in oxucuları ilə də bölüşmək qərarına gəldik. Niyyətimizi bildirəndə, sağ olsun, jurnalist dostumuz istəyimizi geri çevirmədi və razılaşdıq ki, bu yazılar vaxtaşırı qəzetimizdə dərc olunsun.

Buyurun, oxuyun.

"525"

***

Şollar suyu Bakıya Tağıyevin pulu ilə çəkilməyib

Bilirdinizmi ki, şollar suyu Bakıya Hacı Zeynalabdin Tağıyevin pulu ilə çəkilməyib?

Bəri başdan deyim ki, bu faktı qabartmaqla Tağıyevin xeyriyyəçilik fəaliyyətinə kölgə salmaq fikrindən uzağam. Hacının xeyirxahlığı barədə kifayət qədər yazmışam, bundan sonra da yazacağam.

Fakt isə faktlığında qalır: Şollar suyu Bakıya ianələr hesabına yox, dövlət vəsaiti ilə çəkilib...

Düzdür, şəhərin su problemi illərlə müzakirə olunub, bu müzakirə və mübahisələrdə H.Z.Tağıyev həmişə yaxından iştirak edib, ağsaqqal məsləhətini verib. Layihənin pozulma təhlükəsi yaranıb, ingilis mühəndis Uilyam Lindleyi Bakıdan qovmaq istəyiblər...

Tağıyev qabağa çıxıb, Lindleyi, su çəkilişinə elmi yanaşmanı müdafiə edib...

Ucuz başa gəlsin deyə, Bakıya suyu Kürdən çəkmək istəyiblər, Tağıyev etiraz edib. Bu təklifi verən qlasnının üstünə qışqırıb ki, içmək üçün sənə Kürdən, Samurdan və ya Şollardan bir stəkan su versələr, hansını seçərsən? 

Tağıyev su çəkilişinə cəmi bir dəfə - 1901-ci ilin yayında 25 min rubl ianə ayırır.

U.Lindley təklif edir ki, Bakıya suyu çaylardan yox, Şahdağın ətəklərindən çəkək. Orda suyun miqdarını müəyyən etmək üçün sınaq quyuları qazmağa ehtiyac olduğunu bildirir və bu məqsəd üçün əlavə 25 min rubl ayrılmasını istəyir.

Duma üzvləri bu pulun ayrılmasına qəti etiraz edir, suyun Kür və ya Samurdan çəkilməsini tələb edirlər.

Həmin iclasda Tağıyev yox idi...

Növbəti gün Hacı Dumaya rəsmi məktubla müraciət edir ki, mən həmin 25 min rublu verməyə hazıram, amma bir şərtlə: əgər Şahdağın ətəklərindən Bakını təmin edəcək qədər su çıxarsa, dövlət mənim pulumu geri qaytarır... Yox əgər orda kifayət qədər su tapılmasa, mənim ayırdığım 25 min rubl batır...

Tağıyev bu vəsaiti ona görə verirdi ki, su axtarışlarına dərhal başlanılsın, vaxt itirilməsin. Bir də ona görə verirdi ki, Bakıya su çaylardan yox, Şahdağın ətəklərindən çəkilsin...

Hətta belə bir məktubdan sonra da bürokratik əngəllər davam edir və Tağıyevin pulundan istifadə olunmur... 

Unutmaq olmaz ki, 1917-ci ildə Bakıya çatan Şollar suyu çox bahalı layihə idi...

Tağıyev hətta istəsə belə, Şollar suyunun çəkilişini maliyyələşdirə bilməzdi...

P.S. Bu kiçik qeydlər mübahisə yarada bilər. Etiraz edənlərə tanınmış tarixçi dostum və Tağıyev irsini kifayət qədər araşdıran Farhad Cabbarovun “Bir daha Hacı Zeynalabdin Tağıyevin Bakı şəhərinin su təchizatı probleminin həllində roluna dair” adlı məqaləsinə baxmağı tövsiyə edirəm.

F.Cabbarov yazır ki, 1911-ci ilin məlumatına görə, H.Z.Tağıyevin varidatı 16 milyon rubl təşkil edib, Şollar su kəmərinin tikintisi isə xəzinəyə ümumilikdə 31,3 milyon rubla başa gəlib... 

Moskva, 1959: “KQB” “çiçək xəstəliyi”nə qarşı 

Bilirdinizmi ki, 1959-cu ildə bir sovet rəssamının Hindistandan “gətirdiyi” çiçək xəstəliyi SSRİ-də hansı həyacanı yaradıb?

1959-cu ilin dekabrında iki dəfə Stalin mükafatı laureatı olan sovet plakat rəssamı Aleksey Kokorekin Hindistana iki həftəlik ezamiyyətdən sonra Moskvaya qayıdır. Evdə söz verdiyi vaxtdan bir gün tez qayıtdığı üçün həmin gecəni məşuqəsinin evində keçirir və ona gətirdiyi hədiyyələri təqdim edir.

Növbəti gün isə öz həyat yoldaşını hədiyyələrlə sevindirir və... axşam qızdırma və səpmə səbəbindən təcili yardımla xəstəxanaya çatdırılır. Onu adi qrip və allergiya diaqnozu ilə müalicə edirlər və üç gün sonra rəssam dünyasını dəyişir.

RSFSR-in Əməkdar mədəniyyət işçisi olduğu üçün ölümün səbəbləri dəqiq araşdırılır və məlum olur ki, tanınmış rəssam çiçək xəstəliyi ilə qayıdıbmış...

Yalnız bundan sonra “KQB” onunla kontaktda olanların siyahısını müəyyən edir. O siyahıya “komission mağaza”nın satıcıları da daxil olur. Çünki rəssamın arvadı və məşuqəsi Hindistandan gələn hədiyyələri dərhal iki “komission mağaza”ya satmışdılar...

Həmin gün Moskvadan Parisə uçan təyyarə də yerə enməmiş geri qaytarılır. Çünki sərnişinlər arasında rəssamın bir dostu da var idi. Rəssamla kontaktda olan bütün moskvalılar kimi, Parisi görmək üçün uçan sərnişinlər də 14 gün karantində qalmalı olur...

P.S. O dövrdə SSRİ-də epidemiya ilə bağlı vəziyyətə sovet “KQB”si nəzarət edirdi. “KQB” də “KQB”eydi ha... 

Bağırovun oğlu: xahiş edirəm atamın həyatını xilas edəsiniz

Bilirdinizmi ki, barəsində ölüm hökmü çıxarılmış M.C.Bağırovun arvadı Yevgeniya Bağırova  SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri K.Y.Voroşilovdan onun bağışlanmasını xahiş edib? 

Məktubda deyilirdi: Ərim Mir Cəfər Abbasoviç Bağırov 1956-cı il aprelin 26-da SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən ən ağır cəzaya məhkum edilmişdir.

Sizə ərimin bağışlanması xahişi ilə müraciət edir, ölüm cəzasının daha yüngül cəza ilə əvəz olunmasını xahiş edirəm.

Daha sonra Y.Bağırova onun dövlətə sədaqətlə xidmət etdiyini xatırladır, bu illər ərzində bir sıra xəstəliklər tapdığını vurğulayaraq yazır:

“30 ilə yaxın Bağırovla yaşayan adam kimi onu vicdanlı, təmənnasız sovet adamı kimi tanımışam. Amma indi məlum olur ki, İ.Stalinin şəxsiyyətinə pərəstiş illərində bir sıra ağır səhvlərə yol vermişdir.

Xahiş edirəm məhkum M.C.Bağırovun həyatını xilas edəsiniz və ona ömürünün son illərini vicdanlı zəhməti ilə heç olmasa günahlarının bir hissəsini yumağa imkan verəsiniz.

Müraciətimə baxarkən, bizim oğlumuz, sovet aviasiyasının qırıcı-təyyarəçisi Vladimir Bağırovun Böyük Vətən müharibəsində cəsarətlə vuruşduğunu da nəzərə almağınızı xahiş edirəm. Cəbhədə həlak olan oğulun xatirəsini atanın belə ağır cəzası ilə yad etmək çətindir”.

Qeyd edək ki, eyni gündə Voroşilova Bağırovun oğlu Cen də müraciət ünvanlamışdı: “Sizdən xahiş edirəm atamın yaşlı olduğunu (61 yaşı var) və səhhətinin pisləşdiyini, habelə məhkumun doğma oğlu, mənim qardaşım Vladimir Bağırovun Böyük Vətən müharibsəi cəbhələrində qəhrəmancasına həlak olduğunu və ölümündən sonra Lenin ordeni ilə təltif edildiyini nəzərə alaraq, atamın həyatını xilas edəsiniz.

C.M.Bağırov, 4 may 1956.” 

Sovetlərin Ə.B.Topçubaşovu qaytarmaq cəhdi 

Bilirdinizmi ki, hələ 1925-ci ildə sovet hökuməti Ə.B.Topçubaşovun Azərbaycana qaytarılmasına cəhd göstərib?

1936-cı ilin dekabrında həbs edilən Ruhulla Axundova istintaq zamanı verilən suallardan biri belə idi:

- 1925-ci ildə Parisə hansı məqsədlə getmişdiniz?

R.Axundov:

- Mənə tapşırıq verilmişdi ki, mühacirlərlə görüşüb söhbət edim ki, onların sovet Azərbaycanı barədə fikri nədir? Hətta belə bir tapşırıq da var idi ki, Topçubaşovun Azərbaycana qayıtmaq arzusunun olub-olmaması ilə maraqlanım. Orda oxuyan bir tələbə məni Ceyhun Hacıbəyovla görüşdürdü. Onunla Yelisey meydanında söhbət etdik. Mən ona Azərbaycanda gedən inkişafdan danışdım, onların qayıtmasını təklif etdim. O, Azərbaycana hansı şəraitdə və hansı şərtlərlə qayıda biləcəklərini soruşdu. Mən ona izah etdim ki, tutduqları antisovet mövqedən əl çəksinlər, dövlətə üzrxahlıq etsinlər...

Hacıbəyovla bir neçə gün sonra bir də görüşdük. O, üzrxahlıq etməyin mümkün olmayacağını dedi və təklif etdi ki, onlara Fransada Azərbaycanın diplomatik nümayəndəsi olmaq imkanı yaradılsın.

Mən ona izah etdim ki, bu, mümkün olan iş deyil, ən azı ona görə ki, Azərbaycanın belə nümayəndəliyi yoxdur...

Beləcə Azərbaycan KP MK katibi olmuş R.Axundovun Topçubaşovu və digər mühacirləri qaytarmaq missiyası baş tutmur.

Mövzunun davamı kimi:

1925-ci ilin fevralında Stalin Bakıya - S.Kirova teleqram vurur: “Şlyapnikovdan informasiya alınıb ki, İran səfiri ona Topçubaşovun Azərbaycana qayıtmaq istədiyi barədə məlumat verib. Fikrinizi bildirin”.

A.Şlyapnikov 1925-ci ildə SSRİ-nin Fransadakı ticarət nümayəndəsi idi...

Görünür, R.Axundov Parisə bu teleqramdan sonra göndərilib...

P.S. 1925-ci ilin aprelində “Novaya Qruziya” qəzetində Topçubaşovu gözdən salmaq məqsədilə onun guya Çiçerinə müraciət etməsi barədə məlumat verilmişdi.

Rəsulzadə Topçubaşova: “Bakıdan M.H.Hacınskinin oğlu gəlib. O deyir ki, guya Siz Parisdə vətənə qayıtmaq barədə Çiçerinə müraciət edibsiniz... 19 iyul 1926.

Topçubaşov Rəsulzadəyə: “... qəti şəkildə bəyan edirəm ki, nə şəxsən, nə kiminsə vasitəsilə, nə Çiçerinə, nə də başqa bir şəxsə heç bir müraciətim olmayıb və heç vaxt olmayacaq... 30 avqust 1926.  

Robert Nobel niyə Nargin adasını almaq istəyib? 

Bilirdinizmi ki, Nobel qardaşlarının ən böyüyü olan Robert Nobel Nargin adasını bütünlüklə 24 illiyə icarəyə götürmək istəyib? 

1873-cü ilin ortalarında ilk dəfə Bakıya gələn Robertin neftli torpaq sahəsi almaq cəhdi baş tutmur. Onda Nargin adasını icarəyə götürmək qərarına gəlir. 

1874-cü ilin yanvarında Bakı Quberniyası Dövlət Əmlakı İdarəsinə ikinci dəfə məktubla müraciət edir: “...Zati Alilərinizdən acizanə surətdə xahiş edirəm ki, Bakı şəhərinin səkkiz verstliyində yerləşən, bu məktuba əlavə edilmiş xəritədən də göründüyü kimi, susuz və qeyri-məhsuldar Nargin adasının ildə 50 rubl haqq ödənilməsi müqabilində 24 illiyinə mənə icarəyə verilməsi barədə sərəncam imzalayasınız...”

Çünki Robert görmüşdü ki, neft sənayesində istifadə edilən sulfat turşusu və soda xaricdən gətirilir. Onda görə də Nargin adasında sulfat turşusu və soda zavodu tikmək istəyirdi.

1874-cü ilin iyununda Bakı qubernatoru onun Nargin adası barədə xahişini Qafqaz Canişinliyinə çatdırır.

Narginin dövlətə heç bir gəlir gətirmədiyini nəzərə alan qubernator adanın Robert Nobelə verilməsinə etirazı olmadığını bildirir.

Tiflisdən həmin ilin sentyabrında cavab verilir: Nargin adasının bütövlükə Nobelə verilməsi dövlət üçün sərfəli ola bilməz!

Bildirilir ki, sulfat turşusu və soda zavodu tikmək üçün ona lazım olan qədər torpaq sahəsi ayırmaq mümkündür.

Canişinlikdə düşünüblər ki, Nargin adasının özündə böyük neft ehtiyatları ola bilər...

Robert yenə də ruhdan düşmür və 1875-ci ildə Qara şəhərdə kiçik fotogen (kerosin) zavodu alır və həmin zavoda öz adını verir: “R.E.Nobelin mineral işıqlandırıcı yağlar zavodu”...

Bir neçə il sonra isə Bakıda məşhur Nobel qardaşları şirkəti təsis olunur.

Sonrasını isə az qala hamı bilir...

 





11.07.2020    çap et  çap et