525.Az

“Xəstənin görməsini bərpa etdikdə ondan çox biz sevinirik” - Tural Qəlbinur ilə müsahibə


 

“Xəstənin görməsini bərpa etdikdə ondan çox biz sevinirik” - <b style="color:red">Tural Qəlbinur ilə müsahibə</b>

Bütün dövrlərdə insanları sağlamlıqla bağlı ən çox narahat edən problemlər sırasında göz xəstəlikləri xüsusi yer tutub. İndi də belədir. Bəzi hallarda tamamilə dünya işığından məhrum olmaqla nəticələnən bu xəstəliklərin qarşısını necə ala bilərik? Özümüz gözlərimizin qayğısına necə qalaq ki, görmə ilə əlaqədar sıxıntı yaşamayaq?

Bütün bunlar və daha bir sıra suallara savab almaq üçün Vitreoretinal göz cərrahı, göz dibi xəstəlikləri və cərrahiyyəsi üzrə mütəxəssis, Tibb Elmləri Doktoru Tural Qəlbinura müraciət etdik:

- Tural bəy, sizin haqqınızda oxuyarkən, 13 yaşında universitet tələbəsi olduğunuzu öyrənəndə, etiraf edim ki, heyrətləndim. Özü də Tibb Universiteti və onun Müalicə-profilaktika fakültəsi kimi çox çətin bir istiqamətdə. Söhbətimizə də elə o dövrdən başlayaq.

- Mən beş yaşımda birinci sinfə getmişəm. Orta məktəbi ekstern yolu ilə bitirdim.

13 yaşımda artıq Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinin tələbəsi idim və 19 yaşında göz xəstəlikləri ixtisasına başlayan dünyanın ən gənc oftalmoloqu oldum. 23 yaşında tibb elmləri namizədi və 34 yaşında Azərbaycanın tibb sahəsində ən gənc elmlər doktoru alimlik dərəcəsini alan ilk oftalmoloq-həkim adını qazandım.

2002-2005-ci illərdə Türkiyənin İstanbul şəhərində “SSK Vakıf Gureba” Tədris xəstəxanasının (“Bezm-i Alem Vakıf Universiteti”) göz xəstəlikləri klinikasında oftalmologiya ixtisası üzrə təhsil almışam. Daha sonra, 2006-2008-ci illərdə İsrailin Yerusəlim şəhərində dünyanın ən aparıcı Tibb Universitetlərindən biri olan Hadassah-Hebrev Universitetinin Oftalmologiya kafedrasında VitreoRetinal xəstəliklər və cərrahiyyə üzrə klinik “fellowship” (təqaüdlü) təhsili aldım.

2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin imzaladığı Xaricdə təhsil üzrə Dövlət Proqramının qalibi oldum. Çox böyük rəqabətlə, təxminən 2000-ə yaxın göz həkiminin içindən seçilən üç nəfərdən biri kimi 2009-2010-cu illərdə Kanadanın Toronto şəhərində dünyanın ən aparıcı Tibb Universitetlərindən olan Toronto Universitetində təhsil aldım. Həmin universitetin Oftalmologiya kafedrasında VitreoRetinal cərrahiyyə üzrə klinik “fellowship” təhsili alan və göz cərrahı kimi çalışan ilk azərbaycanlı oldum. Sadəcə torlu qişada xəstəlikləri mənimsəmək üçün əlavə 5 il təhsil almışam. Tibb sahəsində isə ümumilikdə 15 il təhsil almışam.

- Oftalmologiya sahəsini seçməyinizdə əsas amil atanız idi, yoxsa özünüzün şəxsi marağınız?

- İsveçrədə, Belçikada ali təhsil alan ulu babalarımın yolunu şərəflə davam etdirirəm. Əlbəttə ki, bu sahəni seçməyimdə ailəmizin böyük rolu var. Mən göz həkimi ailəsində doğulmuşam. Atam Paşa Qəlbinur, bildiyiniz kimi, göz həkimidir və məni uşaq olarkən həmişə öz işinə aparırdı. Mən orada görürdüm ki, necə xəstəliklərlə çarpışan insanlar var, onların gözləri necə açılır, buna necə sevinirlər.

Bunu görmək bu sahəni seçməyimə çox böyük təkan verdi. Şairlik qabiliyyətim yoxdur, amma digər qabiliyyətlər atamdan keçib. Atamla bərabər, bibim və bacılarım və həyat yoldaşım da göz həkimidir.

- Dünyanın ən müxtəlif ölkələrində təhsil alıb kurslar keçmisiniz. Tibbin ölkələr üzrə inkişaf tempini necə görürsünz?

- Düzdür, hazırda yaşadığımız pandemiya dövründə bu virusun qarşısında aciz qalsa da, ümumilikdə tibb elmi sürətlə inkişaf edir. Həmçinin, oftalmologiya sahəsində çox irəliləyişlər var. Doğrudur, hələ də tibbin qarşısında aciz qaldığı xəstəliklər mövcuddur. Amma inanıram ki, gün gələcək, həmin xəstəliklərin də çarəsi tapılacaq. Bugünkü inkişaf tempi bunu deməyə əsas verir.

- Tibbin qarşısında aciz qaldığı, ya da adının qoyulmadığı nadir simptomlarla qarşılaşmısınız heç?

- Bu günə kimi çox böyük sayda, deyərdim, otuz mindən artıq cərrahi əməliyyat icra etmişəm. Qazandığım elm və təcrübə sayəsində oftalmologiyada çox sayda nadir ağır cərrahiyyə əməliyyatlarını həyata keçirmişəm.

Elə göz xəstəlikləri var ki, bu barədə əhali arasında məlumatlılıq kifayət qədər olmadığından, həkimə də gecikmiş halda müraciət edirlər. Nəticə isə korluğa qədər apara bilər. Məsələn, erkən doğulmuş, yəni 32 həftədən tez və yaxud 1500 qram çəkidən az körpələrdə ROP (Vaxtından əvvəl doğulmuşların retinopatiyası) xəstəliyi müşahidə edilir. Son illər ölkəmizdə bu xəstəlikdən əziyyət çəkən uşaqların sayı artmaqdadır. Əvvəllər 600-700 qram çəkidə doğulanların sağ qalma ehtimalı çox az idisə, hazırda tibbin inkişafı ilə belə uşaqlar həyatda qalırlar. Bu körpələr küvez aparatında xüsusi oksigen şəraitdə bir ay saxlanılırlar ki, bu da onların gözlərində ciddi problemlərlə nəticələnə bilər. Vaxtında müdaxilə edilmədikdə, bu problemlər korluğa gətirib çıxarar. ROP xəstəliyinin simptomları çox gec özünü büruzə verir və üç ayına qədər müdaxilə olunmalıdır. Korluğa səbəb ən əsas amil körpənin vaxtından əvvəl doğulmasıdır. Valideynlər uşağın ilk aylarında xəstəliyin əlamətlərini hiss etməyə bilərlər və ROP xəstəliyin yalnız son mərhələsində, yəni körpənin 4-5 aylığında kənardan aşkarlanır. Uşağın ona göstərilən əşya və oyuncaqlara baxmadığını, gözlərin çəpləşdiyini görən valideynlər həkim-oftalmoloqa müraciət edirlər. Bu zaman heç bir müalicə müsbət effekt vermir və uşaqda korluğun yarandığı aşkarlanır. Belə ki, torlu qişanın qopması əmələ gəlirsə, artıq bu, geriyədönməz korluqla nəticələnir. Biz bu xəstəliyin inkişaf etmiş mərhələlərində də əməliyyat edirik. Təəssüflə qeyd etmək istərdim ki, cərrahi müdaxiləyə baxmayaraq, bütün körpələrə kömək etmək mümkün olmur. İlkin diaqnoz qoyulduqda lazer koaqulyasiyası və yaxud gözdaxili inyeksiyalar vasitəsilə bu problemin qarşısını almaq mümkündür. Valideynlər bilməlidirlər ki, ROP müayinəsi doğulan körpənin ilk ayında həkim-oftalmoloqretinoloq tərəfindən aparılarsa, körpənin gözləri müalicə edilib tam sağlam ola bilər.

Körpələrdə müşahidə edilən göz xəstəliklərindən kataraktanı (mirvari suyu) misal çəkmək olar. Mirvari suyunun ilkin simptomları, adətən, göz bəbəyinin tam ortasında əmələ gələn ağ ləkədir. Əksər hallarda bu ləkə uşaqların çəkilmiş şəkillərində daha yaxşı görünür. Bu xəstəlik doğulan gündən etibarən cərrahi əməliyyatla aradan qaldırıla bilər. Anadangəlmə korluğa genetik xəstəliklər də səbəb ola bilər. Xüsusilə birinci dərəcəli qohum evlilikləri nəticəsində doğulan körpələrdə bir sıra xəstəliklərlə yanaşı, ciddi göz problemləri də müşahidə edilir. Belə uşaqlarda müxtəlif gözdibi, torlu qişa patologiyaları yaranır ki, bu da göz problemlərinin əmələ gəlməsində vacib faktorlardan biridir.

Uşaqlarda anadangəlmə müxtəlif retinoblastomalar və rabdomiosarkomalara (bədxassəli şişlər) da rast gəlinir. Müasir tibdə bu tip xəstəliklərdə bəzən gözü xaric etmədən də müdaxilə etmək mümkündür.

Qazanılmış göz problemlərinə gəldikdə isə burada çəpgözlüyü misal çəkmək olar. Bu halda göz həkiminə kiçik yaşlarda müraciət edilməlidir. Çəpgözlük, adətən, eynəklə müalicə olunur. Eynək taxma dövrü çəpliyin növündən asılı olaraq dəyişir. Lakin bu üsul kömək etmədikdə, bu qüsur cərrahi müdaxilə ilə aradan qaldırıla bilər. Belə olan halda cərrahi müdaxilə məktəbəqədər dövrdə edilməlidir.

Zədələr nəticəsində əmələ gələn korluqlarda isə alınan zərbənin dərəcəsi, küt və ya dəlici olması əsas rol oynayır. Bəzən küt zədələr dəlicilərdən daha şiddətli ola bilir. Belə zərbələrin dalğaları bütün toxumaları zədələyir. Korluq, ümumiyyətlə, görmə sinirinin zədələnməsi və yaxud torlu qişanın qopmasına bağlıdır. Torlu qişanın qopması varsa və ya mirvari suyu əmələ gəlibsə, biz buna cərrahiyyə ilə müdaxilə edə bilirik. Lakin hər hansı bir görmə sinirinin zədələnməsi halında, çox təəssüf ki, heç bir müalicə üsulu kömək etmir. Bugünkü tibbin imkanları ilə, görmə sinirinin bərpası mümkün deyil.

- Sizcə, həkimlik insandan ən əsas nəyi alır?

- Mən məktəbdə özümdən böyük uşaqlarla, şagirdlərlə oxumuşam, eyni zamanda, universitetə daxil olanda da bütün qrup yoldaşlarım yaşca məndən böyük idi.

Mənfi tərəfi odur ki, sizin bəlkə də uşaqlığınız gedir, uşaqlığınızı yaşamırsınız, müsbət cəhəti odur ki, universitetdən tez məzun olursunuz və fəaliyyətə tez başlayırsınız.

Həkimlik sevgiyə bağlı peşədir. Xəstənin görməsini bərpa etdikdə ondan çox biz sevinirik. Onun verdiyi xoşbəxtliyi heç nə ilə əvəz etmək olmaz. Xəstəni yaxınları əllərindən tutub gətirirlər. Amma göz nuru qayıtdıqdan sonra heç kəsin köməyi olmadan, təkbaşına gəlirlər və bu, çox sevindirici haldır. O hissləri sözlə ifadə etmək çox çətindir. Mən bu gün də işimlə bağlı hər yeni çıxan vəsaitləri alıb mütaliə edirəm, xarici konfranslara tez-tez gedirəm, Azərbaycanda oftalmoloji konfranslar təşkil edirəm, həmkarlarımla daim fikir mübadiləsi aparıram.

- İnsanlar şikayətləri olmasa da belə, nə qədər vaxtdan bir göz müayinəsindən keçməlidirlər?

- Gözlərində şikayətlər olmasa belə, hər kəs ildə ən azı bir dəfə profilaktik olaraq, oftalmoloqun müayinəsindən keçməlidir. Xroniki xəstəliklərdən əziyyət çəkənlər isə ildə ən azı 2 dəfə həkim müayinəsində olmalıdırlar. Göz dibində ciddi fəsadlar olur. Bu gün bizim də ölkəmizdə şəkərli diabet, torlu qişa (retina) qopmaları, yüksək miopiya ilə bağlı, qalın eynək taxan şəxslərin və erkən doğulmuş körpələrin göz dibində olan problemlər bilavasitə korluğa gətirib çıxaran ciddi xəstəliklərdir. Mənim hədəfim bu xəstəliklərlə mübarizə aparmaqla, yarana biləcək korluğun qarşısını almaqdır. Göz həkimi kimi əsas məqsədim insanlara nur bəxş etməkdir.

- Gözləri zəiflədən əsas problemlər nələrdir?

- Göz tənbəlliyi uşaqlıq dövrünü keçdikdən sonra müayinəsi çox çətin olan və həmişəlik görmənin zəifləməsi ilə nəticələnə bilən xəstəlikdir. Bu səbəbdən övladlarınızı doğumun 6-cı ayından etibarən göz həkiminə göstərməyiniz məsləhətlidir. Bir sıra göz xəstəlikləri var ki, bunlar körpə uşaqlarda anadangəlmə və yaxud qazanılmış korluğa səbəb ola bilər. Körpə valideynin hərəkətlərini izləmirsə, bu, artıq korluğun göstəricisidir. Belə hallarda erkən müdaxilə vacibdir.

Xroniki xəstəliyi olanlar, xüsusilə şəkərli diabetdən əziyyət çəkənlər mütəmadi olaraq, oftalmoloq-retinoloqun müayinəsindən keçməlidirlər. Şəkərli diabet gözlərə ciddi zərbə vuraraq, torlu qişanın qopmasına və korluğa gətirib çıxarır. Vaxtında edilən həkim müdaxiləsi bu təhlükənin qarşısını ala bilər.

Günün böyük hissəsini ekran qarşısında keçirənlərin gözlərini qoruması üçün sadə, amma təsirli bir qayda var: 20/20/20 qaydası! Bu qaydanı tez-tez izləyicilərimə xatırladıram: 20 dəqiqədən bir, 20 saniyə ərzində olduğunuz yerdən 20 addım uzağa baxmaqla gözlərinizin dincəlməsinə imkan yarada və göz quruluğunun yaranma riskinin qarşısını ala bilərsiniz.

Həmçinin, tövsiyə edirəm ki, qida rasionlarında A, C, E vitaminləri, beta-karotin və Omeqa-3 yağ turşuları baxımından zəngin olan qidalar – sarı meyvələr, yerkökü, qırmızı istiot, ispanaq, qaragilə, şirin kartof, dəniz balıqlarından istifadəyə önəm versinlər. Göz sağlamlığı üçün əvəzsiz olan bu qidalar gözün funksiyasını yaxşılaşdırar, bir sıra xəstəliklərin yaranma riskini azaldar.

Şahanə MÜŞFİQ

 





11.07.2020    çap et  çap et