525.Az

Əyalət qəzeti, necə yaşayırsan? - Əminə Yusifqızının yazısı


 

Əyalət qəzeti, necə yaşayırsan? - <b style="color:red">Əminə Yusifqızının yazısı </b>

Ömrünün böyük bir hissəsini qəzetçilik işinə həsr etmiş, bu peşənin fanatına çevrilmiş bir insan kimi mətbuatın, xüsusilə də region mətbuatının bugünkü qayğıları və problemləri məni həmişə düşündürür, narahat edir.

Bu gün region mətbuatı, onun problemləri haqqında müxtəlif səviyyələrdə ara-sıra danışılır. Açığını deyim ki, bu yadasalmanın mətbuatımızla bağlı hər hansı əlamətdar gün ərəfəsində baş verməsi məndə təəssüf hissi oyadır. Düzdür, Mətbuat Şurası yaranandan bəri əyalət qəzetlərinə diqqət əvvəlki vaxtlardan fərqlidir, böyük yanımcıllıq hiss olunur. Əksər region mətbuatı öz nəşrini bərpa etdi, digərləri dövriliyini, tirajını artırdı. Tez-tez müxtəlif regionlarda mətbuatın problemləri ilə bağlı tədbirlər keçirilirdi.

Çağdaş zamanımızda bölgə mətbuatı ümumilikdə medianın çox vacib, gərəkli bir qoludur. Dərc olunduğu bölgənin ictimai-siyasi, sosial durumunu, sakinlərin uğur və problemlərini, yaşam tərzini işıqlandıran yerli mətbuat əyalətdə yaşayanlar üçün əvəzedilməz, çox dəyərli mənəvi qidadır.  

Rayonlarda yaşayanlar çox zaman lazım olan informasiyanı onlayn mediadan, paytaxtdan göndərilən 10-15 qəzetdən, müxtəlif saytlardan deyil, məhz yerli mətbuatdan almağa üstünlük verirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində bölgələrdə aparılan abadlıq-quruculuq işləri, regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramının icrası, sənaye və kənd təsərrüfatının yüksəlişi barədə reportaj və xəbərlər, oçerk və araşdırma yazılar bu qəzetlərin səhifələrində daim özünə yer tapır. Məkrli qonşularımızın hələ də torpaq iddiasından əl çəkmədiyi, tariximizi saxtalaşdırmağa cəhd göstərdiyi bir dönəmdə regionun salnaməsini yaradan qəzetlərin bu günümüz və gələcəyimiz üçün əhəmiyyətindən uzun-uzadı danışmağa lüzum duymuram. Sadəcə vurğulamaq istəyirəm ki, hər birinin 80-100 illik tarixi olan region mətbuatı taleyin ixtiyarına buraxılıb, diqqət və qayğıdan tamamilə kənarda qalıb. Halbuki Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman jurnalistlərin yanında olub, onların problemlərinin çözülməsində yaxından iştirak edib. Dünyanın heç bir ölkəsində jurnalistlərə təmənnasız hər cür rahatlıqla təmin olunmuş mənzillər paylanmır, əlavə maddi köməkliklər edilmir. Dəfələrlə xaricdə yaşayan jurnalistlərin bizlərə qibtə, həsəd hissi ilə yanaşmalarının şahidi olmuşuq. Bütün bunların müqabilində doğrudanmı rayon qəzetlərini yaşatmaq müşkül bir işdir? Sadəcə, bu məsələlər qabardılmalı, birdəfəlik həlli yolları araşdırılmalıdır. Və bunun üçün böyük vəsait tələb olunmur.  

Qəzetin saxlanması üçün təkcə abunənin kifayət olmadığını, abunənin də ilbəil azalmaqda davam etdiyini desəm, yəqin ki, yeni nəsə kəşf etmiş olmaram. Bu, necə deyərlər, gün kimi qəzetçilərə də məlumdur, qəzetçiliyi inkişaf etdirməyə məsul olanlara da. Reklam bazarının və əlavə qazanc yerlərinin olmaması da rayon redaksiyalarını çətin duruma salıb. KİVDF  isə indiyədək ildə bir neçə dəfə keçirilən jurnalist yazı müsabiqələrində bölgə əməkdaşlarına da yazdıqları məqalələrə görə mükafat verməklə əyalət mətbuatı ilə bağlı fəaliyyətini bitmiş hesab edirdi.

Son illər region mətbuatının durumu daha da ağırlaşıb. Elə bil, illər boyu bütün maddi sıxıntılara tab gətirmək sanki rayon qəzetlərinin boyuna biçilib. Halbuki rayon qəzetləri əqidə prinsipiallığını, başqa sözlə desəm, jurnalist simasını həmişə qoruyub saxlaya bilib. Həm abunə qiymətinin ucuzluğuna, həm stabil oxucu auditoriyasına, həm rayonda baş verən hadisələrin operativ işıqlandırılmasına, həm  də tanıdıqları insanların mövqelərinə maraq rayon qəzetlərini regionda daha populyar edir.

Bu, mənim şəxsi qənaətimdir, düşünürəm ki, region qəzetləri ilə mərkəzdə nəşr olunan qəzetlər arasında əsaslı fərq bunlardır: bu qəzetlər məhdud bir dairədə, yəni rayon miqyasında oxuyucuya təqdim edilir. Paytaxt nəşrləri isə bütün respublikaya yayılmaq imkanındadır. Baş redaktoru olduğum «Kür»ün timsalında mülahizələrimi davam etdirmək istəyirəm. Bir qəzet olaraq bizi ilk növbədə rayonun sosial-iqtisadi, mədəni inkişafı, insanların rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlər qayğılandırır. Əhalini düşündürən və narahat edən rayondaxili məsələləri diqqət mərkəzində saxlayır, onların obyektiv işıqlandırılmasını, irimiqyaslı quruculuq işlərinin, islahatların təbliğində operativliyə nail olunmasını hədəf seçirik. Yəni demək istəyirəm ki, sırf qəzet işi ilə məşğuluq.

Hazırda regionlarda, o cümlədən, yaşadığım Yevlaxda ölkə başcısının tapşırıqlarına uyğun olaraq, insanların rifahı naminə böyük işlər görülür, deyərdim ki, hər bir sakinə həssas münasibət göstərilir, qaldırılan haqlı problemlər dərhal həllini tapır. Biz jurnalistlər isə bütün bunları vaxtında işıqlandıra bilmirik, ona görə ki, maliyyə ucbatından dövriliyimizi tamamilə itirmişik. Mən hətta hazırda abunəmizin sayını belə deməyə utanıram. Halbuki yaxın illərə qədər tirajımız 7-8 min civarında olub, ümumrespublika tədbirlərinə ev sahibliyi etmiş, KİVDF-nin təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqələrində dəfələrlə uğurlar qazanmışıq, əməkdaşlarımız ölkə başçısı səviyyəsində mətbuat sahəsində əldə etdiklərinə görə mükafatlandırılıblar.

Dediyim vəziyyət əksər region qəzetlərinə də aiddir. Sanki qəsdən heç kim bu mənzərəni görmək istəmir. Bəs nə etməli? Çıxış yolu nədədir? İndiyədək müraciət edəndə bizə deyirdilər ki, KİVDF-nin qəbul etdiyi nizamnamə rayon qəzetlərinə birdəfəlik maliyyə yardımı etməyə yol vermir. Buna görə də bölgə mətbuatında çalışanlara cavabları bu olurdu: Təsisçiniz Şəhər İcra Hakimiyyətidirsə, onlar da təsis etdikləri qəzeti maliyyələşdirməlidirlər. Halbuki İcra hakimiyyətlərinə bu yardımı göstərmək üçün səlahiyyət verilmir, büdcədə belə bir maddə nəzərdə tutulmayıb. Və aidiyyatı qurumlar çox yaxşı bilirlər ki, bu ötür-ötür işində uduzanlar yalnız rayon qəzetində çalışan jurnalistlərdir. Axı, yerlərdə öz peşələrini sevənlər, ailəsinin dolanışığı yalnız qəzetçilikdən çıxanlar neyləməlidirlər? Əgər bu redaksiyaların hər birində çox az xərclə 5-10 ziyalı xalqın maarifləndirilməsinə xidmət edərsə, bunun nəyi pis olar? Doğrudanmı maddi sıxıntı ucbatından rayonlarda öz iş yerlərini itirmiş əməkdaşlar «hər şey yoluna düşəcək» ümidindən bir dəfəlik əl çəkməlidirlər?

Bu, bir faktdır ki, rayon qəzetlərinin problemlərini həll etmək təkcə Mətbuat Şurasının gücü muqabilində deyil.  Və məncə, bu məsələlərin sadə həlli yolları var. Şəhər və rayon İcra hakimiyyətlərinə öz qəzetlərinə maliyyə dəstəyi göstərə bilmələri üçün səlahiyyət verilməli, büdcədə bunun üçün vəsait nəzərdə tutulmalıdır. Axı, heç bir İcra hakimiyyəti rəhbərliyi istəməz ki, məhz onların xidməti dövründə, hərəsinin 80-100 illik tarixi olan, rayonun salnaməsini yazan, ölkə başçısının həyata keçirdiyi daxili və xarici siyasəti işıqlandıran qəzetlər bağlansın. Məncə, bu yükü heç kəs çiyinində daşımaq istəməz.

Daha bir təklifim odur ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarına bölgə qəzetlərinin maliyyələşməsini nəzərdə tutan maddə əlavə edilsin, KİVDF respublika qəzetlərinə vəsait ayırdığı kimi, rayon qəzetlərinə də birdəfəlik yardım nəzərdə tutsun.

Təhsil, səhiyyə, mədəniyyət qurumlarının rəhbərləri rayon qəzetinə abunəyə biganə münasibət bəsləyirlər. Bəs, müəllim, həkim, mədəniyyət işçisi rayon qəzetini mütaliə etmirsə, hansı maarifləndirmə işindən danışa bilərik? Bəlkə bu təşkilatların rəhbərlərinə rayon qəzetlərinə abunə olmaq üçün xüsusi limit ayrılsın? Çünki redaksiyada çalışanlar da abunə işinin təşkili üçün əllərindən gələni edirlər.

Ulu öndərimiz deyirdi: «Jurnalistlərin əməyi qeyri-adi əməkdir, olduqca böyük, zəhmətli əməkdir, çox səylər göstərilməsini, hətta cəsurluq, hünər, fədakarlıq tələb edən əməkdir, öz peşəsinə vurğunluq tələb edən əməkdir». Nə qədər dəqiq, yerində deyilmiş fikirlərdir. Elə biz rayonlarda çalışan jurnalistlər də, vallah, öz peşəmizin vurğunlarıyıq. Peşəsinin vurğunu olmaq ən ali hisslərdəndir. Ali hissləri isə qorumaq lazımdır. 

 





11.07.2020    çap et  çap et