525.Az

Böyük qazax mütəfəkkiri Abay və Azərbaycan - İsa Həbibbəyli yazır


 

Böyük qazax mütəfəkkiri Abay və Azərbaycan - <b style="color:red">İsa Həbibbəyli yazır </b>

Abay Kunanbayev  - qazax ədəbiyyatının görkəmli klassikidir.

Abay - Qazax xalqının milli-mənəvi dəyərlərinin böyük tərənnümçüsüdür.

Qazaxıstanın müstəqillik və milli birlik idealları Abay Kunanbayevin yaradıcılığında qüvvətli şəkildə səsləndirilmişdir.

Abay Kunanbayev - Qazax xalqının böyük şairi və böyük mütəfəkkiridir.

Abay Kunanbayev - Qazax yazılı ədəbiyatının banilərindən biridir.  

XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində yaşayıb-yaratmış Abay Kunanbayev (1845-1904) keşməkeşli və şərəfli bir həyat və sənət yolu keçmişdir. Əsl adı İbrahim olan Abay Qazaxıstanın Semey vilayətində Tobıkdı aulundakı tayfa başçısı Kunanbay adlı sərt xarakterə malik bir feodalın ailəsində dünyaya gəlmişdir. Səmimi və yumşaq rəftarına görə anası onu qazaxça təvazökar mehriban demək olan Abay adı ilə çağırmışdır. Sonra o, cavan yaşlarından etibarən yazdığı şeirləri Abay təxəllüsü ilə təqdim etmişdir.

Abay Kunanbayevin dünyagörüşünün formalaşmasında Semipalatinskdə keçən təhsil illəri xüsusi əhəmiyyətə malik olmuşdur. Atasının tövsiyəsi ilə o, 1857-ci ildə Semipalatinskdə mədrəsə təhsili almağa başlamışdır. Əhməd Rza mədrəsəsində Abay ərəb və fars dillərini öyrənmiş, Şərq ədəbiyyatı klassiklərinin əsərləri ilə əsaslı şəkildə tanış olmuşdur. Mədrəsə təhsilini axıra çatdırmadan Semipalatinskdəki rus məktəbinə gedən İbrahim-Abay Kunanbayev oğlu həm də Rusiyanın zəngin ədəbiyyatı və mədəniyyətini öyrənmək imkanı qazanmışdır. Təxminən 1862-ci ildə beş illik təhsilini yarımçıq qoyub doğma aula qayıtmışdır. Atasının onu tayfa başçısı kimi formalaşdırmaq, dövlət orqanlarında vəzifə sahibi etmək istəyi baş tutmamış, 1873-cü ildə ondan ayrılaraq, həyatını anası İlcan xanım və nənəsi Zərə xatun ilə birlikdə davam etdirmişdir. Abay Kunanbayev xalq ruhunu ifadə edən şeirlər yazsa da, varlı hakim təbəqələrdə bədii yaradıcılıqla, musiqi ilə məşğul olmaq aşağılanmaq hesab edildiyi üçün qırx yaşına qədər həmin şeirlərin müəllifi olduğunu gizli saxlamağa məcbur olmuşdur.

Həyatda və əsərlərində ictimai ədalətsizliklərə qarşı çıxmış Abay Kunanbayev xalqın nicat yolunu maarifətlənməkdə, milli-mənəvi özünüdərkdə axtarmışdır. Buna görə də hakim təbəqələr tərəfindən təqib olunmuş, hətta ona qarşı sui-qəsd təşkil edilmişdir. Sui-qəsddən xilas olmaq mümkün olsa da, ümumiyyətlə, təzyiqlərdən yaxa qurtara bilməmişdir. Hakim təbəqələr onu cəmiyyətdən təcrid etmək, təkləmək, xalqın gözündən salmaq üçün müxtəlif təxribatlara əl atmaqdan çəkinməmişlər. Buna baxmayaraq, Abay Kunanbayev akın poeziyası, yəni xalq şeiri ruhunda şeirlər yazmaqla ölkəsini və doğma xalqını cəmiyyətdə gedən prosesləri dərk etməyə və irəli aparmağa xidmət edən əsərləri ilə tanınmış və rəğbət qazanmışdır. Həyatı böyük çətinliklərlə keçən Abay Kunanbayev 1904-cü ildə dünyasını dəyişmişdir.

Gənc yaşlarından bədii yaradıcılığa başlayan Abay Kunanbayevin 1855-ci ildə, on yaşında ikən yazdığı «Dəvə qovan» adlı ilk şeiri onun böyük istedadından xəbər verirdi. Əlyazmaları əsasında müəyyən edilmişdir ki, o, 1886-cı ildə yazdığı «Yay» adlı şeirində birinci dəfə olaraq «Abay» təxəllüsünü işlətmişdir. Sonralar bütün ömrü boyu bu təxəllüslə yazıb-yaradan şair Abay kimi tanınıb məşhurlaşmışdır.

Qazax ədəbiyyatının əsas yaradıcılarından biri olan Abay Kunanbayev çoxcəhətli yaradıcılıq fəaliyyətinə malikdir. O, çoxsaylı lirik və satirik şeirlərin bir sıra lirik-epik poemaların, maarifçi-realist şeirlərin müəllifidir. Dünyagörüşü etibarilə maarifçi olan Abay Kunanbayevin bütün əsərləri həyatdakı ictimai ədalətsizliklərin tənqid edilməsinə, nadanlıq və cəhalətin aradan qaldırılmasına, elm və maarifin təbliğinə həsr olunmuşdur.

Abay Kunanbayev  ilk növbədə şair kimi şöhrət qazanmışdır. Qazax ədəbiyyatında XVIII əsrdən başlanmış xalq akın poeziyası ənənələrinin genişlənməsi və yazılı poeziyada xəlqiliyin qüvvətlənməsinə təsir göstərməsi proseslərinin dalğasında ədəbiyyata qədəm qoymuş Abay Kunanbayev  öz ölkəsində yeni ruhlu şeirin əsas yaradıcılarından biri kimi ədəbiyyat meydanına gəlmişdir. Azərbaycan ədəbiyyatında olduğu kimi, XIX əsr Qazax ədəbiyyatında, o cümlədən, Abayın əsərlərində də maarifçiliklə xəlqilik üzvü surətdə bir-birini tamamlamış və qüvvətləndirmişdir. Abay Kunanbayevin qazax xalqı arasında «Qara söz» kimi tanınan dərin məzmunlu kitabı mənsub olduğu xalqı ağ günə çıxarmaq uğrunda mübarizəyə ruhlandıran mühüm maarifçi-didaktik çağırışlardan ibarətdir. Abayın bir mütəfəkkir şair kimi ən böyük dərdi ondan ibarət idi ki, yaşadığı mühitdə «qeyrətli az, nadan çoxdur, ...xalq dərdinə qalan yoxdur», «bir yığın vəzifəlilər xalqa min cür zülm eləyir», «o kəs ki, yuxarı şikayət verir, baxır ətrafına qəmli, mükəddər», «kim haqlı, kim yayır zülmü-zilləti?», «düşmənlər kinlidir, dostlar dönükdür» və sair:

Bilinmir bu dünyada
Yalan harda, düz harda?
Nədi zülmət, nədi nur?
Güclü güclünü udur.
... Yazıq xalq parçalanıb,
Ümidlər haçalanıb.
... Xalq talanıb, soyulub,
Top ağzına qoyulub.
... Nəymiş mənim yanmağım,
Xalqı belə anmağım.
İnam, inad, bu səbir?
Xalq yerində dayanıb,
Xalq ayılıb-oyanıb
Bir hərəkət işləmir.

Göründüyü kimi, Abayın şeirlərində öz əksini tapmış ictimai mətləblər XIX əsr Azərbaycan ədəbiyyatında Abbasqulu ağa Bakıxanovdan Qasım bəy Zakirə və Seyid Əzim Şirvaniyədək ifadə olunan ictimai və maarifçi problemlərlə oxşardır. Bu şeirlərdə didaktikadan maarifçi realizmə doğru ciddi bir yolun ibrətamiz dərsləri ifadə olunmuşdur. Abayın xalqa xitabları inkişaf edərək, çağırış və müraciət fonunda milli-mənəvi özünüdərkin zəruriliyini əks etdirən tənqidə çevrilir.

Qazax tayfalarının parçalanması haqqındakı şair-vətəndaş narahatlığı Abayın əsərlərində aparıcı xətlərdən birini təşkil edir. Bu məqamda Abay xalqının dərdlərini dərindən başa düşən, birləşmək üçün ona çarə axtaran və yol göstərən mütəfəkkir şair kimi çıxış edir. Dünyanın bütün maarifçi yazıçıları, o cümlədən, Azərbaycan maarifçiləri kimi geriliyin və haqsızlığın bütün təzahürlərini dərindən görən Abay da nicat yolunu xalqa ağıllı yol göstərənlərin olmasında görmüşdür:

Ey mənim qazaxlarım, məzlum zavalı xalqım!
Cod bığınla örtülüb ağzın xeyli zamandır.

Sol üzündə piylə yağ, yazıq məlallı xalqım.
Nə zamandan bəridir sağ yanağımda qandır.
Həqiqət hardadır bəs, nə üçün gülməyirsən
Onu tapa bilməyir, dərk edə bilməyirsən. 

Lovğa, cılız, bir də ki, alçaq tör-töküntülər
Ey xalqım, səni salmış lap eybəcər bir hala.
Düzəlməyinə yoxdur ümidim zərrə qədər,
Bir halda ki bu sayaq biganəsən iqbala.

İradən, dözümün yox, sənə neyləyib həyat
Özündən bir gün belə azca razı olmağı.
Olsa yol göstərənin, bilirəm sən ki, varsan.
Onu da bir ağılsız nifrətlə damğalarsan.

Abayın poemalarında da çətin və məşəqqətli həyatın ağır səhnələri göz önünə gətirilmiş, xalqın əzabdan xilas olmasının zəruriliyi fikri irəli sürülmüşdür. «İsgəndər», «Maqsud» və «Əzim haqqında nağıl» poemaları XIX əsrdə qazax ədəbiyyatında meydana çıxmış mənzum hekayətçiliyin poemaya doğru inkişafını əks etdirən yeni tipli bədii əsərlərdir. Şeirlərində cəhaləti və ədalətsizliyi poetik cəhətdən ümumiləşdirilmiş şəkildə mənalandıran Abay poemalarında həmin motivləri canlı və ibrətamiz həyat hadisələri vasitəsi ilə təsvir etmişdir. Bu poemalar qazax ədəbiyyatını didaktik maarifçilik səviyyəsindən maarifçi-realist ədəbiyyat mərtəbəsinə qaldırmağın bariz nümunələridir. Bu, XIX əsrdə türk xalqları ədəbiyyatının, o cümlədən, qazax ədəbi fikrinin gəlib çatdığı mühüm bir mərhələ idi.

Abay Kunanbayevin yaradıcılığında ən uca zirvə «Əqliyyə» romanı ilə fəth olunmuşdur. «Əqliyyə» romanında məşhur hind ədəbi abidəsi «Kəlilə və Dimnə» müdrikliyi ilə Mirzə Fətəli Axundzadənin «Kəmalüddövlə məktubları» fəlsəfi traktatındakı tənqidi pafos vəhdətdə ifadə olunmuşdur. «Əqliyyə» romanı Abayın əxlaq nəzəriyyəçiliyindən maarifçi realizmə doğru təkamül proseslərini bütün reallığı ilə əks etdirir. Bu, ümumi nəsihətçilikdən uzaq olub, cəmiyyətdə baş verən hadisələrdən, ictimai münasibətlərdən çıxarılan ümumiləşdirilmiş nəticələri meydana qoyan, çıxış yollarını diqqətə çatdıran mükəmməl sənət nümunəsidir. Bu mənada XIX əsr qazax nəsrinin şah əsəri olan «Əqliyyə» romanı dünya maarifçi-realist ədəbiyyatının mühüm və əhəmiyyətli örnəklərindən biri sayılmağa layiqdir. «Əqliyyə» romanından nümunə kimi göstərdiyimiz aşağıdakı parça Abay Kunanbayevin maarifçi görüşlərinin özünəməxsusluğunu nümayiş etdirir.

«Yer üzündə iki milyarddan artıq adam yaşayır, qazaxlar isə cəmisi iki milyona yaxındır. Qazaxlar özünəməxsus tərzdə var-dövlətə, sənət və biliyə yiyələnməyə can atır, özünəməxsus tərzdə dostluq və düşmənçilik edirlər. Lovğalıq və güc haqqında onların öz təsəvvürləri var.

Qazaxlar hər şeydə başqa xalqlardan seçilirlər: bir-birini gözdən qoymur, gecə-gündüz bir-biri ilə düşmənçilik edir, özləri özlərini talayırlar.

Amma dünyada əhalisi üç milyondan artıq olan şəhərlər var. Yeri başdan-başa üç dəfə dolanmış adamlar da az deyil.

Nə üçün başqa xalqların həyatı bizi maraqlandırmır?

Doğrudanmı biz ömür boyu bir-birimizə düşmən kəsilməliyik? Bütün dünyanın gözündə gülünc olmalıyıq? Yəni elə bir zaman gələcək ki, qazaxlar oğurluq, yalan, qeybət və düşmənçiliyin daşını birdəfəlik atacaq, sürülərinin sayını halal yolla artırmağı öyrənəcək, başqa xalqların incəsənətini və sənətlərini mənimsəyəcək, biliklərə yiyələnəcəklər?»

Deməli, doğrudan da, Abay Kunanbayevin «Qara söz» adlandırdığı «Əqliyyə» romanı böyük və müdrik söz kimi qazax xalqını ağ günə çıxarmağın ibrətamiz dərsləri və çağırışlarıdır. Bunlar bir daha sübut edir ki, Abay qazax maarifçilik hərəkatının ən böyük ideoloqu olmuşdur. O, cəmiyyətin inkişafını sosial ədalətin təmin olunmasında, ağılda və elmə yiyələnməkdə axtarmışdır. Əsərlərindəki didaktik-maarifçi ideyalar böyük mütəfəkkirin əsas qayəsini və məramını ifadə edən baxışların təcəssümüdür.

Bütün bunlara görə, Abay Kunanbayev indiyədək ədəbiyyatşünaslıq əsərlərində qeyd edildiyi kimi, heç də tənqidi realizmin yox, qazax ədəbiyyatındakı maarifçi realizmin görkəmli nümayəndəsi və əsas yaradıcılarından biridir.

Abay Kunanbayevin həyatı və yaradıcılığını Azərbaycanla bağlayan məqamlar da vardır. Belə ki, Abayın ədəbi dünyagörüşünün formalaşmasında Nizami Gəncəvinin və Məhəmməd Füzulinin əsərlərinin mühüm rolu olmuşdur. Heç şübhəsiz, Abay XIX əsrin yetmiş-səksəninci illərində Orta Asiyada geniş yayılmış Mirzə Fətəli Axundzadənin dram əsərləri və fəlsəfi baxışlarını əks etdirən «Kəmalüddövlə məktubları» fəlsəfi traktatı ilə də tanış olmamış deyildi. Azərbaycan ədəbiyyatında olduğu kimi, Qazax ədəbiyyatında da tənqidi realizm maarifçi realizmdən, yəni Abay Kunanbayevdən sonrakı inkişaf mərhələsidir.

Tərcümeyi-halından görünür ki, Abayın dünyagörüşünün formalaşmasında Qərb mədəniyyəti və Şərq ədəbiyyatı ilə yanaşı, zəngin ənənələrə malik rus ədəbiyyatının da böyük rolu olmuşdur. «Əqliyyə» romanından görünür ki, Abay tarix baxımından və coğrafi ərazi etibarilə Qazaxıstana yaxın olan Rusiya ilə əlaqələri, rus dili və mədəniyyətini öyrənməyi öz dövrü üçün faydalı hesab etmişdir. digər xalqların maarifçiləri kimi, Abay da rus dili və maarifçiliyinə yiyələnməyi o zamankı Şərq feodal geriliyindən inkişafa doğru mühüm addım kimi dəyərləndirmişdir: «Rus dilini öyrənmək, rus məktəblərində oxumaq, rus elminə yiyələnmək bu xalqın ən yaxşı keyfiyyətlərini mənimsəməyə və onun nöqsanlarından uzaq olmağa imkan yaradır. Rus dilini bilmək - gözüaçıq dünyanı görməkdir. ...Rus elmi və mədəniyyəti dünyanı dərk etməyin açarıdır. Onlara yiyələnməklə xalqımızın həyatını xeyli yüngülləşdirmək olar».

Çoxcəhətli yaradıcılıq fəaliyyətinə malik olan Abay Kunanbayevin fəaliyyətində tərcüməçilik də özünəməxsus yer tutur. O, rus ədəbiyyatı klassiklərinin əsərlərini qazax dilinə tərcümə etməklə həm öz xalqını Aleksandr Puşkin və Mixail Lermantov kimi böyük sənətkarların əsərləri ilə tanış etmək istəmiş, həm də onların əsərlərindəki ibrətamiz, tərbiyəvi, maarifçi fikirləri cəmiyyətin diqqət mərkəzinə çəkmişdir. Abayın rus ədəbiyyatından tərcümə üçün müraciət etdiyi bədii nümunələr maarifçi-didaktik fikirlərin və vətənpərvərlik duyğularının geniş üstünlük təşkil etdiyi əsərlərdir. Abay Aleksandr Puşkinin «Yevgeni Onegin» poemasını çox sevmiş, bu əsərin bir çox hissələrini əzbər söyləməklə qazax xalqı arasında yaymışdır. O, «Yevgeni Onegin» poemasındakı Tatyananın məktublarından  seçilmiş parçalardan mahnı mətni tərtib etmiş və onun əsasında musiqi əsəri bəstələnmişdir.

Ümumiyyətlə, Abayın musiqiyə, mahnı yaradıcılığına xüsusi diqqət yetirməsi də maarifçilik fəaliyyəti ilə üzvü surətdə əlaqədə olmuşdur. Abay musiqi və nəğmənin böyük təsir gücündən maarifçi məqsədlərini xalqa çatdırmaq üçün bacarıqla istifadə etmişdir. O, məşhur qazax akın Cambul Cabayevlə dostluq edərək onun oxuduğu mahnıları dinləmiş və yüksək qiymətləndirmişdir. Abayın şeirlərində musiqi və nəğmənin insan həyatındakı əvəzsiz rolu düzgün şərh olunmuşdur:

Dünyaya qapılar açar nəğmələr,
Həyata nəşələr saçar nəğmələr,
Sənin qanadların olar, sanarsan,
Səninlə səmaya uçar nəğmələr.

... Nəğmakar vicdanı səsləsin gərək,
İnsanda bir ümid bəsləsin gərək.
Onların eşqiylə coşsun cavanlar,
Qəlbləri sabaha səsləsin gərək.

Abayın bəstələdiyi mahnılar el-akın nəğmələri kimi səslənir və xalq tərəfindən rəğbətlə qarşılanır. Onun mahnıları bu gün də milli-mənəvi özünüdərk baxımından mühüm əhəmiyyətə malikdir. Abay Kunanbayevin sözlərinə bəstələnmiş mahnılar da doğma xalqını yeni sabahlara səsləyir.  

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev Qazax ədəbiyyatının görkəmli klassiki Abay Kunanbayevin anadan olmasının 125 və 150 illik yubileylərində iştirak və çıxış etmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyev  Abayın yaradıcılığına aşağıdakı kimi yüksək qiymət vermişdir: «Abay, onun yaradıcılığı... qazax xalqının fəxri, qazax xalqının xoşbəxtliyidir. Çünki onun belə görkəmli övladı, alimi, maarifçisi var və o, öz xalqının xoşbəxtliyinə və firavanlığına aparan düzgün yol göstərmişdir. Bununla yanaşı, o bütün bəşəriyyətə, eyni zamanda, Azərbaycan xalqına məxsusdur. Biz Azərbaycanda Abayın yaradıcılığının əhəmiyyətini yüksək qiymətləndiririk».

Abay Kunanbayevin əsərləri Azərbaycan dilinə tərcümə edilmiş və bir neçə dəfə kitab halında nəşr olunmuşdur. Qazax ədəbiyyatının görkəmli klassikinin əsərlərini Azərbaycanın ən yaxşı şair və yazıçıları dilimizə çevirmişdir. Azərbaycanın xalq şairləri Süleyman Rüstəm və Məmməd Rahim, tanınmış şairlərimizdən Məmməd Araz, Mirvarid Dilbazi, Arif Zeynallı, Əliağa Kürçaylı, Adil Babayev, Əhməd Cəmil, Fikrət Sadıq, Eyvaz Borçalı və başqalarının tərcüməsində Abay Kunanbayevin şeirləri Azərbaycan dilində orijinala çox yaxın bir səviyyədə səslənir. Abayın «Əqliyyə» romanındakı hadisələr və ideyalar Azərbaycan maarifçi realizminin görkəmli nümayəndələri olan Marağalı Zeynallabdinin və Mirzə Əbdürrəhim Talıbovun əsərlərindəki motivlərlə oxşardır. Bu, mahiyyət etibarilə xalqlarımızın arasındakı tale ortaqlığının, doğmalıq və həmrəyliyinin bariz ifadəsidir.

Abay Kunanbayevin haqqında yazılmış ən yaxşı bədii əsər olan Muxtar Auezovun «Abay» romanı ilk dəfə 1954-cü ildə Əliabbas Abbasovun tərcüməsində Bakıda Azərbaycan dilində nəşr edilmiş və rəğbətlə qarşılanmışdır. Yeri gəlmişkən, qeyd edək ki, Muxtar Auezov 1942-1947-ci illərdə Əvvəlcə «Abay» adı ilə roman kimi yazıb nəşr etdirdiyi bu əsər üzərində yenidən işləyərək daha da genişləndirmiş və 1952-ci ilə onu «Abay yolu» epopeyası şəklində oxuculara təqdim etdirmişdir. Muxtar Auezovun «Abay yolu» qazax xalqının milli oyanış və dirçəlişinin mükəmməl epopeyasıdır. Təsadüfi deyildir ki, dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatov «Abay yolu» epopeyasını «türk xalqlarının, ortaq estetik və sosial ensiklopediyası» adlandırmışdır. Qazax xalqının taleyində oynadığı mühüm rola, dərin ictimai məzmununa və yüksək sənətkarlıq xüsusiyyətlərinə görə Muxtar Auezovun «Abay yolu» epopeyasını görkəmli rus yazıçısı Mixail Şoloxovun «Sakit Don» trilogiyası ilə müqayisə etmək olar. Obrazlı şəkildə belə demək olar ki, Muxtar Auezovun «Abay yolu» epopeyası qazax ədəbiyyatının «Sakit Don»udur. Mixail Şoloxovun «Sakit Don» trilogiyası Nobel mükafatına, Muxtar Auezovun «Abay yolu» epopeyası isə Lenin mükafatına layiq görülmüşdür.

Azərbaycanda Abay Kunanbayevin həyatı və yaradıcılığına dair əhəmiyyətli tədqiqat əsərləri yazılmışdır. Xalq yazıçısı Mirzə İbrahimovun «Xalqın böyük ədibi» məqaləsi (1977) Abay Kunanbayevin xidmətlərinə Azərbaycandan mütəfəkkir yazıçı baxışının ifadəsidir. Xalq yazıçısı Anar “Ağaclar quruyur qocalar kimi» adlı məqaləsində (2020) Abayın mükəmməl elmi-ədəbi portretini yaratmışdır.

Abayın 175 illiyi münasibətilə Anarın yazdığı məqalədə «nadanlıqla, cəhalətlə, anlaşılmazlıqla, ...müstəmləkəçi siyasətlə qarşı-qarşıya gələn» böyük qazax şairinin apardığı mübarizənin mahiyyəti dərindən açıqlanmışdır. Eyni zamanda, Abayın yaradıcılığında Azərbaycan klassik ədəbiyyatı motivləri və müasiri olmuş azərbaycanlı şair və yazıçıların yaradıcılıq idealları ilə səsləşən şeirləri təhlil edən Anar doğru olaraq belə qənaətə gəlmişdir ki: «Azərbaycan türkləriylə qazaxların dərdləri, bəlaları da dilləri və taleləri kimi yaxın idi. Odur ki, bu xalqların şairləri də eyni oda yanırdılar». Həqiqətən, Abayın qazax xalqının oyanışı və dirçəlişi uğrunda apardığı mübarizə Azərbaycan ədəbiyyatında Mirzə Fətəli Axundzadə ilə başlanan və mollanəsrəddinçilərə qədər davam edən maarifçi-demokratik hərəkatı təmsil edən görkəmli şair və yazıçıların baxışları və fəaliyyəti ilə səsləşir, “eyni oda yanmağın” fəlsəfəsi ilə doğmalıq təşkil edirdi.

XX əsr ərzində aparılmış elmi-tədqiqatlar, çap olunmuş məqalə və kitablar əsasında Azərbaycan Abayşünaslığını formalaşdırmışdır. Tanınmış Azərbaycan alimlərindən  filologiya elmləri doktorları, professorlar Pənah Xəlilov, Məmməd Əliyev, Elman Quliyev, Nizami Tağısoy, Füruzə Ağayeva, Yaşar Qasımbəyli, Salidə Şərifova, Xuraman Hümmətova, filologiya üzrə fəlsəfə doktorları Qulamhüseyn Əliyev, Arif Əmrahoğlu, Turan Teymurov, Eşqanə Babayeva, Fəridə Vəliyeva, Ağahüseyn Şükürov, Mehman Həsənli, Pərvanə Məmmədova və başqalarının tədqiqatlarında Abay Kunanbayevin həyat yolu və ədəbi irsi müxtəlif mövqelərdən təhlil edilib dəyərləndirilmiş, Azərbaycan ədəbiyyatı ilə müqayisələr aparılmışdır. 

Azərbaycan xalqı dövlət müstəqilliyi dövründə Abay Kunanbayevin həyat və yaradıcılığı ilə filologiya elmləri doktoru Firuzə Ağayevanın 2010-cu ildə Bakıda çap edilmiş «Abay: şəxsiyyəti və ədəbi irsi» monoqrafiyası vasitəsilə daha əsaslı şəkildə tanış olmaq imkanı qazanmışdır. Monoqrafiyada Abayın həyatı, mühiti, şəxsiyyəti və zəngin yaradıcılığı dərindən və sistemli surətdə tədqiq edilərək yüksək qiymətləndirilmişdir. Filologiya üzrə fəlsəfə doktoru Turan Teymurovun «Muxtar Auezovun «Abay» romanında sənətkarlıq məsələləri» monoqrafiyası isə qazax ədəbiyyatının böyük klassiki Abay Kunanbayevin mənsub olduğu xalqın mütəfəkkir daha bir şəxsiyyətinin gözü ilə təqdim olunmasına uğurla xidmət edir. Tədqiqatçı Turan Teymurovun sözləri ilə desək, «Romanda (M.Auezovun «Abay» romanında - İ.H.) Abayla xalq bir-biri ilə qarşılıqlı əlaqədədir, amma bütövlükdə Abay xalqın simvoludur, onun ideallarının carçısıdır. ...Muxtar Auezov bir tərəfdən Abayın, digər tərəfdən isə xalqın ümumiləşdirilmiş obrazını yaratmışdır, nəticədə əsərinə abayçılıq - yəni şüurlu ömrünü xalqa xidmətə həsr etmək anlayışını gətirmişdir».

Cavan Azərbaycan alimi Turan Teymurovun elmi əsərinin Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Beynəlxalq Türk Akademiyası tərəfindən kitab halında nəşr edilməsi Azərbaycan və qazax xalqlarının böyük şair və mütəfəkkir Abayın  mənalı həyatına və ədəbi irsinə ortaq qardaşlıq münasibətinin əyani təcəssümüdür.

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun «Müqayisəli ədəbiyyatşünaslıq» jurnalının 2020-ci ildə çap olunmuş bir sayı xüsusi buraxılış kimi bütünlüklə Abayın anadan olmasının 175 illiyinə  həsr olunmuşdur.

Abay Kunanbayevev Azərbaycan ədəbiyyatşünaslığında «qazax ədəbiyyatının dan ulduzu» (Pənah Xəlilov) və “bədii söz nəhəngi” (Xəlil Rza) kimi yüksək qiymətləndirilmişdir. Ölkəmizdə çap olunmuş kitablar və məqalələr Azərbaycan elminin və ədəbi-ictimai fikrinin dünya Abayşünaslığına əhəmiyyətli töhfələridir.

Böyük qazax mütəfəkkiri və şairi Abayın əsərləri dünyanı ədalətə, insanlığa, bərabərliyə, dostluğa, həmrəyliyə çağırır. Abayın yolu - milli-mənəvi birlik və müstəqillik uğrunda mübarizə aparan xalqların ortaq tale yollarının bədii ifadəsidir. Bütün bunlara görə Abay Kunanbayevin yaradıcılığı ortaq taleyə malik olan Azərbaycan üçün, müstəqillik dövrü və daha böyük gələcək üçün də aktual və müasirdir.

Abayın yolu - müstəqillik və həmrəyliyin çətin, məsuliyyətli, şərəfli və əbədi yoludur.

 





11.07.2020    çap et  çap et