525.Az

“Dünya koronavirusla mübarizə aparır, Ermənistan isə təxribatlara əl atır”


 

“Dünya koronavirusla mübarizə aparır, Ermənistan isə təxribatlara əl atır”<b style="color:red"></b>

“Ermənistan rəhbərliyi iyulun 12-də Tovuzda təxribatı törətməklə hazırda COVİD-19-un Ermənistanda geniş yayılması ilə daha da kəskinləşən sosial-iqtisadi böhrandan diqqəti yayındırmaq istəyir”.

Bunu APA-ya açıqlamasında deputat Kamal Cəfərov deyib.

O, ermənilərin təxribatı nəticəsində şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu, çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu və əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlunun qisasının alındığını bildirib: “Mən onların ailələrinə səbr diləyirəm. İstəyirəm bilsinlər ki, mən də onların bir övladıyam, həmişə onların qulluğunda hazıram. Gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib. Şəhidlərimizin qisası alınıb”.


Millət vəkili düşmən tərəfinin itkiləri barədə məlumatları gizlətdiyini vurğulayıb: “Hazırda Azərbaycan Silahlı Qüvvələri vəziyyətə vəziyyət nəzarət edir. Ermənistan tərəfi hər hansı ərazi əldə etməyə müvəffəq olmayıb”.

K. Cəfərov vurğulayıb ki, bu gün dünya birliyi koronavirusla mübarizə aparır, Ermənistan isə bu cür təxribatlara əl atır: “Məqsədləri aydındır. Lakin beynəlxalq ictimaiyyət bilməlidir ki, Ermənistan tərəfindən sərhəddə törədilmiş təxribat rəsmi İrəvanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı olmamasının növbəti sübutudur”.

Qeyd edək ki, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozublar, mövqelərimizi atəşə tutublar.

Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu, çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu və əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olublar.

 





13.07.2020    çap et  çap et