525.Az

Onlayn ünsiyyət - Aytac Sahəd yazır


 

Onlayn ünsiyyət - <b style="color:red">Aytac Sahəd yazır </b>

Karantin rejiminin uzadılması barədə qərardan sonra müəllimimiz dərhal onlayn dərslərə başladı. Bəzi tələbələr bununla razılaşsa da, bir qisim tələbə etiraz edərək onlayn təhsilin canlı ünsiyyətin yerini vermədiyini əsas gətirdi.  Müəllimizin cavabı təxmini belə oldu:  “Ay bala, mən sizin rəfiqəniz  deyiləm, muəlliminizəm. Neynirsiniz axı mənimlə canlı ünsiyyəti?”  

Neynirik axı canlı ünsiyyəti?

Pandemiya dövründə həyatımızda çox şey dəyişib. Təəssüf ki, bu dəyişikliklərin bir çoxu bizim iradəmizdən asılı deyil. Mövcud vəziyyətin nə vaxta qədər davam edəcəyini bilmədiyimiz üçün bu dəyişikliklərin hələ nə qədər bizimlə yoldaş olacağını da bilmirik. Ona görə, şəraitlə barışmaqdan başqa çarəmiz qalmır. İstəsək də, istəməsək də, bu dəyişikliklərdən biri də karantin günlərində həyatımızın ayrılmaz hissəsinə çevrilən internetdir. Deyəcəksiniz ki, axı internet karantindən qabaq da bizim həyatımızın bir hissəsi idi. Ancaq son dövrlərdə daha mühüm bir hissəsinə çevrilib. Çünki az qala, bütün işlərimizi onlayn görməyə məcbur olmuşuq. Uşaqların evdə dərslərindən tutmuş böyüklərin işlərinə qədər.

Başlayaq elə təhsildən. Əslində, distant təhsil Azərbaycanda illərdir, tətbiq olunsa da, kütləviləşməmişdi. Bunun bir səbəbi texniki təminat idisə, bir səbəbi də yuxarıda qeyd etdiyim tələbə yoldaşlarım kimi düşünən insanların onlayn təhsildən imtinası idi.

Nə yalan deyim, mən də son dövrlərə qədər məhz o yoldaş kimi düşünürdüm. Elə bildirdim ki, əgər müəllimlə üz-üzə deyiləmsə, heç nə öyrənə bilmərəm. Ancaq indi anlayıram ki, yanılmışam. Hətta bunun xeyli müsbət cəhətlərini görürəm. Məsələn, əvvələr iki saata şəhərin bu başından o başına getdiyim kursa indi cəmi iki-üç dəqiqəyə qoşulur və həmin keyfiyyəti ala bilirəm. Həm yolpulum özümə qalır, həm də yol getdiyim o iki saat vaxt.

Vaxt qazandıran üsul kimi tez-tez onlayn alış-veriş xidmətlərindən də istifadə edirəm ki, bu da almaq istədiyim məhsulu daha əlçatan edir. Əvvələr mağaza-magaza gəzib tapa bilmədiyim məhsulu indi çox rahat şəkildə tapıram. Bu xidmət təkcə alıcı üçün yox, həm də satıcı üçün əlverişlidir. İqtisadiyyatın böyük zərər gördüyü, çox insanın işsiz qaldığı pandemiya dövründə internet resurslarından istifadə etməklə biznesin təşkili yeganə çıxış yoludur.

Karantin günlərində onlayn şəkildə bir xeyli “gəzmişəm də”. Ən çox da muzeylərə “getmişəm”. Düzdür, eksponatı canlı görüb hər detalında bir şey kəşf etməyin zövqü tamamilə başqadır. Ancaq mövcud vəziyyətdə bu, ən yaxşı təsəllidir.

Ümumiyyətlə, alternativlər çox vaxt əsas variantdan istifadə edə bilməyənlər üçün təsəllidir. Məsələn, illərlə övladının üzünü görməyən ana üçün övladı ilə bir dəfə Skaypda danışmaq təsəllidir. Düzdür, bağrına basa bilmir, saçını oxşaya bilmir, ancaq üzünü görür, səsini eşidir. Deməli, müasir texnologiyalar bizi canlı ünsiyyətdən uzaqlaşdırmaqla bərabər, həm də müəyyən mənada yaxınlaşdırır. Unutmayaq ki, sürət əsrində yaşayırıq. Bu əsrin tələblərinə cavab vermək üçün elə bu əsrin dilində də danışmağa məcburuq. Virtual ünsiyyət canlı ünsiyyətin yerini verməsə də, hər halda ünsiyyətsiz qalmaqdan yaxşıdır.

 





13.07.2020    çap et  çap et