525.Az

Tanıyaq və tanıdaq: Rza Vəidi Artan


 

Tanıyaq və tanıdaq: <b style="color:red">Rza Vəidi Artan </b>

Əziz oxucular, "525-ci qəzet"də "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə açılıb.

Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində fərqli janr və üslublarda qələmə aldığı şeir və poemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik.

Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasi və milli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir... 

Türkiyənin ünlü filosof-yazarı Cəmil Meriç "Qərb kültürün vətənidir, Şərq irfanın. Nə Qərbi tanıyırıq, nə Şərqi, ən az tanıdığımız isə özümüz..." deyirdi.

Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin nə qədər yüksək olduğu yansıyır.

Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...

Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün, dəyərli yazarların yaratdıqları bənzərsiz poetik dünyanın qapıları üzünüzə açılır, əziz oxucular!



Esmira Fuad,
Filologiya elmləri doktoru

Rza VƏİDİ ARTAN

1978-ci il Marağa şəhərində dünyaya göz açıb. İlk və orta okulu həmin şəhərdə bitirib, sonra hüquq və fəlsəfəni bakalavrlıq əldə edənəcən oxuyub. İndi məhkəmədə birinci rütbəli vəkil kimi çalışır.

İranda türkcə iki şeir toplusu çap olunub. Elçin Hüseynbəylinin “Metro vadisi” romanını fars dilinə çevirib və çap üçün yayım evinə təqdim edib.

Çapa hazır olan üç kitabı üzərində son tamamlama işlərini həyata keçirir.

2012-ci ildə Marağada “Alma” adlı ədəbi dərnək qurub, bu dərnəyin xəttilə on kitab yayımlanıb. Hazırda Türkiyədə yaşayır və magistratura təhsili alır.

Sevsən birini, səni sevərlər, yoldaş,
Ölsən birinə, sənə ölərlər, yoldaş.
Sevgi hələ də yabanı güldür çöldə,
Hər yerdə gülü öpüb sevərlər, yoldaş
Ölmək yarına, eşqə əməkdir, qorxma,
Can borcunu birtəhər ödərlər, yoldaş.
Bizlərdə igidliyin özəl mənası -
Satmaz birisin, satılmaz ərlər, yoldaş!
Hey-hey sorursan haçan gəlirsən yoldan?!
Gəlmək nə demək, yolu gedərlər, yoldaş.
Dur ax, çaya dön, sınırsız ol, özgürlən,
Qabda sığılan suyu içərlər, yoldaş...
Göydən ucasan, kirpiyini qaldırsan,
Uçsan, içinə qol-qanadın çaldırsan,
İrmaq qırağında çeşmə olmaq bəsdir,
Boşdan-boşa hey dolub boşalmaq bəsdir!
Batdın balığın yan gedişindən, qorxaq,
Qorxaq gecənin sisli işindən, qorxaq.
Altın yerə düşməklə pul olmaz, qadası,
İnsan balası ölər, qul olmaz, qadası...
Əldə daşınan sudan dəyirman dönməz,
Orman alışa, ağlamağıynan sönməz.
Əyri ayağı düz yürüdən baş, çaşmış,
Çılğın ürəyiylə çalışan çaşbaşmış...
Aydındı, belə duman keçər, qar başlar,
Dar gündə gəlib dayaq durar qardaşlar...
Sandıq, o ağır qazandı, tez qaynatmaz,
Can çıxsa da, dostu düşmənə yem atmaz.
İplər kimi incəldiyi yerdən qopdum,
Xəncər yeyərək güvəndiyimdən qopdum.
Dağ sandı özün hər təpəcik, biz çıxcaq,
Aslan dedilər çaqqala, Çengiz çıxcaq.
Satdın bizi, əllərin var olsun, neylək,
Dost düşməni düşmənə yar olsun, neylək...
Sarsılsa da, doğrudur, yıxılmaz birlik,
Qürbət qəfəsində də sıxılmaz birlik.
Buzlar əriyir, yol çözülər, yaz başlar,
Kəlmə tükənən çağ savaşı saz başlar.
Saz sussa əgər, dayansa su, durmazlar,
Çənlibeli qurtaran Dəli Eyvazlar...

***

Sənsiz hər il bıçaq ili, it ili,
Nar baxışlar, sitrik əsid, itili.
Zaman ağır, zaman gecə, quşumlu,
Zaman kimin kiralanmış qatili?
Savaş olur ölüm ilə kankacıq,
Qara ağıt, yaxamıza tikili.
Özün didsə, dağıtsa da, baxan yox,
Yorğun düşən eşqin qalmış mitili.
Qara ağıt, qara geyit ölkəsi,
Ürəklərin dilucusu-təmsili...
“Qardaş andı” içimizdən daşındı,
Qardaş indi qardaşının “Qabil”i.
Düşüncələr dağdan ağır, alaylı,
Dəli olmaq işdən belə deyili.
İlan-qartal öyküsünə dalınmış,
İnsan olmuş kölgələrin evcili...
Uçub keçər uçurumdan, özündən,
Eşq olunca onun qalın torpili.
Yuxu görür günəş çarşab başında,
Qaranlıqdır qaranlığın təvili.

***

Ah, qəmlərin sayı bilinmir, ay ana!
Könlüm bağırır, hayı bilinmir, ay ana!
Sevgi dediyin, dağ oldu qat-qat sinəmə,
Sayma yaramı, sayı bilinmir, ay ana!
Yoxdur üzünün tərsə avandı yoxdu,
Alqış sözü urvayı bilinmir, ay ana!
Məndə bir ölü hey kəfənin yırtmadadır,
Ağlar gözü, ax vayı bilinmir, ay ana!
Ancaq bu döyüşdə kim yıxıldı qalsın,
Kim könlünə qəm salıb sıxıldı, qalsın...
Qalsın, nə olub özüm özümdən yemişəm,
Sevgi sözünə baxıb gözümdən yemişəm...
Sevgi demə, ildırım de, şaxdı, yandım,
Bir an ürəyim gözümdən axdı, yandım.
Olduqca tanış, tanıl tanılmaz qaldı,
Yandırdı o yandıran, yanılmaz qaldı...
Qan oldu damarlarında gəzdirdi məni,
Körpə uşaq oldum dönüb əzdirdi məni...
Boy atdı, iməklədi özündən aşdı,
Mənlə yıxılıb ağırlara qatlaşdı.
Yeddi yaşı oldu özünü öyrəndi,
Ulduzlu o parlaq gözünü öyrəndi...
Öyrəndi ürəkdəki qəmi öyrəndi,
Bəzən buraxıb tutdu qəmi öyrəndi...
On dörd yaşımızda ay obaşdan göz atır,
Qıyqacı baxır, qaş oynadır, hey söz atır.
Sevgi hələ on yeddi yaşında qızdı,
On yeddi yaşında almadır, qırmızdır...
İndi danışır mənlə iki göz səssiz,
İndi danışır sənlə iki göz səssiz,
Bir an dəyişir zaman, o səslər kəsilir,
Köksümdə nəfəs-nəfəs nəfəslər kəsilir...
Gəl sevgi, da gəl, dua yazıblar adıma,
Qondarma qadın-qada yazıblar adıma.
Uçdum, uca uçdum, qoca qartal dedilər,
Qartal qəfəsində qartalıb, qal dedilər.
Bağlandı qanadlarım uzaqdan uzağa,
Ah.. uçmağı görsədib qanad çal dedilər.
Ancaq iki göz də borc alıb ağladılar,
Şor gözləri yaş töküb yara bağladılar...
Könlüm bu yazıq körpəni çılğın görəli,
Sevgi adına... sağ başımı bağladılar...
Söylə, içərimdəki o sevgi harda?
Söylə, özüməm özüm də qalmış darda...
İndi məni sorğular boğur, neyləməli,
Sorğu göyərir, sorğu doğur, neyləməli?!

***

Bir daş atdım, göl qurudu səsindən,
Su zambağı dil açdı ertəsindən.
Qaynayırsa qazan, qapaq tutarmı?!
Oyanırsa səhər, dönüb yatarmı?
Qovun deyil, yata-bata boy ata,
Qatlaşaraq qaranlığa, boy ata.
İnsan oğlu, qartalların arzusu,
Yetişkin, ağlı çalların arzusu.
Ağır gəlin, bura ürək qabağı,
Udumludur sevgilərin odağı.
Haydan gələn huya gedər qələmqaş,
Seldən gələn suya gedər qələmdaş.
Dolandırır dəyirmanı iki daş,
Gərəkməyir bir olmağa iki baş?
Hansı gün var batıb axşam olmadı,
Qəbristanlar qəbir-qəbir dolmadı?
Qara bahar tez duyular, bəllidir,
Ölü, qandan tez yuyular bəllidir.
Baş götürüb aparısan haraya
Deşə-deşə duz tökürsən yaraya.
Altın əli bıçaq kəsir, qayıtma,
Geri dönən, dönür daşa, unutma!
Balta sapın, yonan zamandı qardaş,
Qapan yükün, qapan zamandı qardaş.
Ağrısız baş məzarlarda rahatdır,
Ağrı bəzən uçmağa, qol-qanaddır.
Gündüz gülər qara axşam işinə,
Kimsə düşər qaranlığın peşinə...
Çay görməmiş çırmalanma, ay ağa!
Yağ qızdırma çayda gedən balığa.
Acil milçək südə düşər, tələsmə,
Qış gəlməmiş üşüyüb tir-tir əsmə,
Ləzzət apar həyatında nə varsa,
Nə boş burax, nə çox sıxı, yararsa...
Qərib quşun yuvasını kim yapar?
Su sancını, dərd acını basdırar...
Dəmir nəmdən, adam qəmdən çürümüş,
Məni qəmlə nədən sənsiz bürümüş?!
Boşboğazı al atəşə çağırdı
Odun yaşdır, alışmayır, bağırdı
Qəbirdədir bir ayağı qəbirdə
O birisi çuxurda hey səbirdə
Ac yanıdır, balıq dibdə, neyləsin
Can çürüdür, canbaz ipdə, neyləsin
İki canbaz bir ip üstə oynamaz
Ya ağlı seç, ya sevgini sehirbaz.
Agac düşsə yaxınına dayanar,
Güvəndiyi axınına dayanar.
Dağdan uca, baş tarılar diliylə
Fidan gülər yaş yarılar diliylə
Qızıl gülün torpaq oldu gəlmədin
Əski çamlar bardaq oldu gəlmədin
Gedən gəlsə uşaqlığım dönərdi
İçdikcə su, od ürəyim sönərdi
Qurtarandan gəmisini görən yox
Ürəyimin qapısını döyən yox
Könül fərman dinləsəydi,  nə dərdim
O gün səni silməsəydi, nə dərdim
Dün öləni, dün gömərlər deyirsən
Yaz yaranı, buz üstə sər, deyirsən...

 





13.07.2020    çap et  çap et