525.Az

Sarsılmaz dostluğun dəyərli salnaməsi


 

Sarsılmaz dostluğun dəyərli salnaməsi<b style="color:red"></b>

Azərbaycan və özbək xalqlarının çoxəsrlik tarixə malik qardaşlıq və dostluq əlaqələrinin ən parlaq səhifələrini, heç şübhəsiz, ədəbi-mədəni əlaqələr təşkil edir. Ona görə də, zəngin klassik ənənələri yaradan və yaşadan bu iki böyük ədəbiyyat və qədim mədəniyyət ortasındakı çoxcəhətli əlaqələrin hərtərəfli tədqiqi və təbliği həmişə öz aktuallığını qoruyub saxlamaqdadır.

Bu baxımdan son zamanlarda hər iki respublikanın ədəbi-mədəni həyatında ciddi əks-səda doğuran hadisələrdən biri görkəmli Azərbaycan ədəbiyyatşünası, mərhum Qulamhüseyn Əliyevin (1928-1994) “Azərbaycan-özbək ədəbi əlaqələri (1920-1960-cı illər)” kitabının (Daşkənd, “Məşhur-press”, 2019, 456s.) nəşridir.

Özbək və Azərbaycan dillərində, bir cilddə və nəfis tərtibatda işıq üzü görən bu kitab (tərtib edəni filologiya üzrə fəlsəfə doktoru Zöhrə Əliyeva, redaktoru professor İlham Rəhimli, özbəkcəyə çevirəni Osman Qoçqar, layihə rəhbəri Samir Abbasov, nəşrə məsul Qulu Kəngərli, dizayner Nadir Əlimirzəyev, ön söz müəllifləri filologiya elmləri doktoru Almaz Ülvi-Binnətova və filologiya elmləri namizədi Gülbahar Aşurova), hər şeydən öncə, yalnız öz müəllifinin 1967-ci ildə sözügedən mövzuda böyük uğurla müdafiə etdiyi dissertasiyanın materiallarını deyil, eyni zamanda, Qulamhüseyn Əliyevin Azərbaycan-özbək ədəbi-mədəni əlaqələri sahəsində Müstəqillik dövrünə qədərki digər qiymətli axtarışlarını da əhatə etməsi ilə diqqətəlayiqdir.

İstər Azərbaycan ədəbiyyatşünaslığında, istər özbək ədəbi-elmi mühitində sözügedən sahədə özündən sonrakı tədqiqatlar üçün də mötəbər mənbə sayılan və onlara ciddi təsir göstərən Qulamhüseyn Əliyev dissertasiyası və araşdırmasının bir çox uğurları və yenilikləri, eləcə də, polemik mülahizələri haqqında geniş və hərtərəfli söz açmaq bir məqalənin imkanlarına sığmadığı üçün kitabın əsas məziyyətləri və qiymətli cəhətlərini diqqət mərkəzinə çəkmək daha məqsədyönlü və səmərəli görünür.

Birincisi, giriş, üç fəsil, nəticə istifadə edilmiş ədəbiyyatdan ibarət “Azərbaycan-özbək ədəbi əlaqələri (1920-1960-cı illər)” kitabının adı müəyyən səbəblərə görə onun ikinci fəslinin adından götürülsə də, birinci (“Azərbaycan və özbək ədəbi əlaqələrinin tarixi kökləri”) və üçüncü (“Ədəbi əlaqələrimizin yeni mərhələsi”) fəsillərdəki zəngin materiallar və saysız-hesabsız faktlarla bir yerdə bu genişmiqyaslı əsər sözügedən ədəbi-mədəni əlaqələrin təxminən minillik (XI-XX əsrlər) nəhəng bir dövrünü çevrələyir. Ən başlıcası, istedadlı ədəbiyyatşünas hər hansı tarixi mərhələyə və ya ədəbi hadisəyə dair çoxsaylı faktları sadəcə olaraq üst-üstə sadalamaqla kifayətlənmir, həmin faktların arxasında və əsasında dayanan özünəməxsus təmayülləri və ümumiləşdirici əlamətləri araşdırıb üzə çıxarır. Bu isə öz-özlüyündə tədqiqatın elmi-nəzəri sanbalını artırmaqla bərabər, onun müəllifinin dərin təhlil bacarığını və geniş erudisiyasını nümayiş etdirir. Bir sözlə, ədəbi fakt və hadisələrin əsl mahiyyətinə varmaqda, eləcə də, ədəbi əlaqə və qarşılıqlı təsirin elmi-nəzəri tərəflərini doğru-düzgün işıqlandırmaqda tədqiqat müəllifinin Mir Cəlal, M.A.Dadaşzadə, H.Araslı, M.C.Cəfərov, M.Quluzadə, Y.Z.Şirvani, P.Xəlilov, V.Zahidov, V.Abdullayev, İ.Sultan, H.Zərif, Q.Kərimov, N.Mollayev, L.Kayumov, N.İ.Konrad, V.M.İirmunski, N.Q.Neupokayeva, Q.İ.Lomidze, M.İ.Fetisov, Y.E.Bertels, İ.S.Braqinski və başqa Azərbaycan, özbək və Qərb ədəbiyyatşünaslarının zəngin elmi-nəzəri təcrübəsinə istinad etməsi dəyərli nəticələr qazanmağa imkan yaratmışdır.

İkincisi, Qulamhüseyn Əliyev tədqiqatlarında ilk dəfə elmi-ədəbi dövriyyəyə gətirilən və diqqət mərkəzinə çəkilən bir sıra sanballı faktlar öz yeniliyi və sirliliyi ilə indinin özündə də həssas oxucuda böyük maraq doğurur. Buna yaxından əmin olmaq üçün müəllifin XI əsrdə ilk farsdilli böyük Azərbaycan şairi Qətran Təbrizi haqqında kitabdan yer alan dəyərli bir  fikrinə dərindən diqqət yetirmək kifayətdir. O deyir:

“... Qətran 1046-cı ildə Təbrizə gəlmiş tacik şairi Nasir Xosrov Ələvi ilə dostluq etmiş və ondan Məncüqün və Dəqiqinin əsərlərindən başa düşmədiyi yerləri soruşub öyrənmişdir. Nasir Xosrov Ələvi “Səfərnamə” əsərində yazır: “Təbrizdə gözəl şeirlər deyən Qətran adlı bir şair gördüm. O, fars dilini yaxşı bilmirdi. Özü ilə Məncüqün və Dəqiqinin divanlarını gətirdi. Oxuyub çətin yerlərini məndən soruşdu. Mən ona izah etdim. O, şərhini yazdı və şeirlərini mənim üçün oxudu”.

Fikrimizcə, Nasir Xosrov Ələvi sözlərinin ən əlamətdar cəhəti və sirli tərəfi Qətran Təbrizinin Azərbaycan türkcəsində “gözəl şeirlər” yazmasına fars-tacik şairinin şahidlik etməsindədir. Çünki mətndə “fars dilini yaxşı bilmirdi” sözlərindən əvvəl “gözəl şeirlər deyən Qətran” deyə vurğulanırsa, bu, hələ fars dilini dərindən mənimsəməmiş gənc və təvazökar bir şairin öz ana dilində gözəl yazmasına işarədən başqa bir şey deyildir. Nasir Xosrov Ələvinin türkcəni bilib-bilməməsi məsələsinə gəlsək, o zamanlar Türküstanda yaşayıb-yaradan hər hansı məşhur şairin öz mühitinin ikinci yayğın dilini ən azından gözəl başa düşməsinə heç bir şübhə ola bilməz. Sözümüzün canı odur ki, istedadlı ədəbiyyatşünas bu və buna bənzər faktları ortaya qoymaqla, eyni zamanda, Azərbaycan ədəbiyyatının köklü maraqları ilə bağlı məsələlərə diqqət yönəltmişdir.

Üçüncüsü, Qulamhüseyn Əliyevin uzun illər ərzində müxtəlif ölkələrin Dövlət arxivlərində və əlyazmaları fondlarında ağır zəhmətə qatlaşması və bir çox yeni  materiallar əldə etməsi, eləcə də, elmi ədəbiyyatlar və bədii mətnlərlə onların orijinalında tanış olmaq üçün rus dili ilə yanaşı, özbək və fars-tacik dillərini öyrənməsi sözügedən kitabdakı tədqiqatların ərsəyə gəlməsində kifayət qədər ciddi rol oynamışdır. Heç də təsadüfi deyildir ki, kitabda nəinki özbək ədəbiyyatından, müəyyən məsələlərə və hadisələrə hərtərəfli yanaşma zərurəti ilə bağlı rus və fars-tacik ədəbiyyatlarından gətirilən misal və iqtibasların da böyük əksəriyyəti onların orijinalında təqdim olunur. Bu, bir tərəfdən, müəllifin elmi-nəzəri xülasələrinin kifayət dərəcədə əsaslandırılmasına və isbatına xidmət göstərirsə, digər tərəfdən, həssas oxucu təsəvvüründə alim təfəkkürünün gücünə və ədəbəyyatşünas fikirlərinin doğru-düzgünlüyünə dərin inam oyadır.

Dördüncüsü, yuxarıda vurğuladığımız kimi, öz zəngin faktları və maraqlı misalları ilə Azərbaycan-özbək ədəbi-mədəni əlaqələrinin hardasa minillik (XI-XX əsrlər) bir dövrünü əhatə edən Qulamhüseyn Əliyev öz tədqiqatlarında bu dövrün əsas mərhələlərini, əlamətdar hadisələrini və böyük ədəbi şəxsiyyətlərini özünəməxsus ustalıqla  ön plana çəkib, onları yetərincə bir-birindən fərqləndirməyi, ayrı-ayrılıqda qiymətləndirməyi və müxtəlif təhlilləri uğurla ümumiləşdirməyi bacarır. Bu cəhətdən sözügedən kitabda Azərbaycan ədəbiyyatından Xaqani Şirvani, Nizami Gəncəvi, Seyid İmadədin Nəsimi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundov, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov, Hüseyn Cavid, Cəfər Cabbarlı, Səməd Vurğun, Mehdi Hüseyn, Süleyman Rüstəm, Mirvarid Dilbazi, Nigar Rəfibəyli, özbək ədəbiyyatından  Mövlanə Lütfi, Qütbi Xarəzmi, Əlişir Nəvai, Babarəhim Məşrəb, Zakircan Firqət, Həmzə Həkimzadə, Niyazi, Abdulla Qədiri, Əbdürrauf  Fitrət, Əbdülhəmid Çolpan, Həmid Alimcan, Aybək, Qafur Qulam, Maqsud Şeyxzadə, Zülfiyyə, Şöhrət kimi sənətkarların əsərlərinə və xidmətlərinə ayrıca diqqət yetirilir. Xüsusən, Nizami Gəncəvi “Xəmsə”sinin özbək ədəbiyyatına, Əlişir Nəvai yaradıcılığının Azərbaycan klassik poeziyasına, Məhəmməd Füzuli lirikasının özbək şeirinə, Mirzə Fətəli Axundov komediyalarının, Hüseyn Cavid faciələrinin və Səməd Vurğun dramlarının bütövlükdə özbək dramaturgiyasına, “Molla Nəsrəddin” məktəbinin özbək satirik nəsri və poeziyasına ciddi və səmərəli təsiri diqqət mərkəzinə çəkilir və ətraflı araşdırılır.

Beşincisi, Qulamhüseyn Əliyev tədqiqatlarının elmi-nəzəri çəkisini artıran əlamətlərdən biri, heç şübhəsiz, onlardakı elmi-tənqidi baxışın nəzəri yaxından cəlb etməsidir. Belə ki, müəllif tədqiq etdiyi məsələlərin mürəkkəb tərəfləri və şübhəli faktları ilə bağlı öz dövrünün tanınmış ədəbiyyatşünasları ilə ciddi mübahisəyə girişməkdən çəkinmir və öz fikirlərini təkzibolunmaz dəlillərlə sübuta yetirir. Məsələn, Mirzə Şəfi Vazeh irsinin ciddi tədqiqatçısı, məşhur ədəbiyyatşünas Əliəjdər Seyidzadə tərəfindən “Vazeh” təxəllüsü ilə farsca yazılmış “Nə səndə var, nə məndə” rədifli bir qəzəlin Mirzə Şəfi Vazehə aid edilməsi ilə razılaşmır və etibarlı mənbələrdən gətirilmiş ciddi faktlar əsasında həmin qəzəl nümunəsinin XIX əsrin tanınmış fars-tacik şairi və alimi Qarı Rəhmətulla Vazeh (1817-1894) qələminə mənsub olduğunu isbat edir. Bu və buna bənzər bir sıra misallar bütövlükdə ədəbi əlaqə və təsir məsələlərinin tədqiqatçıları üçün gözəl ibrət nümunəsi olub, onların diqqətini elmi obyektivliyə və ayıqlığa yönləndirir.

Altıncısı, Qulamhüseyn Əliyev Azərbaycan-özbək ədəbi əlaqələrinin inkişafında və qarşılıqlı ədəbi təsirin yaranmasında bədii tərcümə amilinin rolunu hərtərəfli araşıdırır və təhlillərdən ciddi xülasələr çıxarır. Daha çox üçüncü dilin vasitəsi olmadan orijinaldan tərcümənin maraqlarını və səmərəli nəticələrini diqqət mərkəzinə gətirən həssas ədəbiyyatşünas burada da xüsusi prinsipiallıq və obyektivlik nümayiş etdirərək, qüsurlu bədii tərcümələrin də üzərində ətraflı dayanır və onların uğursuz alınmasının əsas səbəbini orijinaldan deyil, başqa dildən tərcümə edilməsində görür.

Yeddincisi, Qulamhüseyn Əliyev “biri-birinə şagird, biri-birinə ustad” (Qafur Qulam) sayılan iki qardaş ədəbiyyatın qarşılıqlı əlaqə və təsir məsələlərini araşdırarkən, Azərbaycan ədəbiyyatında özbək və Özbəkistan obrazlarının, eləcə də, özbək ədəbiyyatında Azərbaycan və azər obrazlarının tərənnümü və təsvirini nəinki nəzərdən qaçırmır, onları geniş və dərin təhlil süzgəcindən keçirərək,  sözügedən əlaqələrin inkişafı və çiçəklənməsində həmin obrazların özünəməxsus yeri və rolunu ayrıca vurğulayır. Hər iki ədəbiyyatın bədii üfüqlərində iki qardaş xalqın müxtəlif peşə sahiblərinin və müxtəlif yaşdakı nümayəndələrinin canlı və maraqlı obrazlarının yaranmasında vaxtaşırı keçirilən çoxsaylı qarşılıqlı tədbir və təşəbbüslərin (Özbəkistanda “Azərbaycan ədəbiyyatı həftəsi”, Azərbaycanda “Özbək ədəbiyyatı həftəsi”, Daşkənddə “Bakı günü”, Bakıda “Daşkənd günü”, kitab aylıqları, kinofestivallar, mütəxəssis və tələbə mübadilələri və s.) əhəmiyyətini də diqqətdən kənarda saxlamır.

Və nəhayət, kitabda, bir tərəfdən, tədqiq olunan bir sıra hadisə və təmayüllərin tarixi baxımdan obyektiv və hərtərəfli işıqlandırılması üçün sovet dövrünün bəzi partiya və hökumət qərarlarına, eləcə də, həmin dövrün tanınmış ideoloqlarının fikirlərinə məcburi istinadlar, digər tərəfdən, son zamanlarda müəyyən səbəblər üzündən korrektura institutunun zəifləməsi ilə bağlı nəzərə çarpan və müəllifə qətiyyən aidiyyatı olmayan imla qüsurları onun sanbalına və əhəmiyyətinə əsla kölgə salmaq iqtidarında deyil.

Bir sözlə, görkəmli Azərbaycan ədəbiyyatşünası Qulamhüseyn Əliyevin “Azərbaycan-özbək ədəbi əlaqələri” kitabının, xüsusən, Azərbaycan-Özbəkistan dostluğunun çiçəkləndiyi bir vaxtda nəşr olunması son dərəcə təqdirəlayiqdir və kitabdakı qiymətli tədqiqatların sözügedən sahədə bundan sonrakı araşdırmalar üçün də mötəbər mənbə rolunu oynayacağı şübhəsizdir.

Akif AZALP
Filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyəti İdarə Heyətinin üzvü

 





13.07.2020    çap et  çap et