525.Az

Test üsulu ləğv olunur?


 

Test üsulu ləğv olunur?<b style="color:red"></b>

Son günlər Azərbaycanda ali məktəblərə qəbul prosesində test imtahanlarının məzmununun dəyişdiriləcəyi və test üsulunun tamamilə ləğv olunacağı ilə bağlı məsələ gündəmə gəlib.

525.az-ın verdiyi məlumata görə, Milli Məclisin payız sessiyasında “Ali təhsil haqqında” qanun layihəsinin müzakirəsi gözlənilir. Bəzi KİV-in yaydığı xəbərlərə görə, sözügedən məsələ də həmin qanun layihəsində yer alıb. Verilən məlumatlarda bildirilir ki, layihə qəbul olunarsa, universitetə daxil olmaq istəyənlər müəllimlərlə dialoq şəklində sualları cavablandırmalı olacaqlar.

Eyni zamanda sənəddə namizədlərdən yazılı formada da imtahan götürülməsi nəzərdə tutulur.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) bildirilib ki, hələlik “Ali təhsil haqqında” qanun layihəsi ictimai müzakirəyə təqdim olunmadığından bu məsələyə ilə bağlı hər hansı münasibət bildirmək doğru deyil:

“Ali təhsil haqqında” qanun layihəsi ictimai müzakirəyə təqdim olunursa və belə bir məsələ orda yer alarsa, o zaman hər hansı bir fikir söyləmək olar”.

Qeyd edək ki, parlamentin ötən sessiyalarında elm və təhsil komitəsi “Ali təhsil haqqında” qanun layihəsini müzakirə etsə də, sənəd məqbul sayılmadığından yenidən işlənilməsi qərara alınıb. Ancaq hələlik payız sessiyasında sənədin müzakirəyə çıxarılıb-çıxarılmayacağı dəqiq bəlli deyil.
S.QARAYEVA

 





15.10.2012    çap et  çap et