525.Az

Öncə insan həyatı... - Türkan Turan pandemiyadan yazır


 

Öncə insan həyatı... - <b style="color:red">Türkan Turan pandemiyadan yazır</b>

Virusun ən şiddətli, hər kəsin, qorxudan əlinin-ayağının titrətdiyi dönəmdə - iki-üç ay əvvəl  dünya mətbuatına bir xəbər sızdı. "Bu gəminin üzünə limanlar bağlandı" başlığı ilə yayımlanmışdı. "Bu, artıq dünyanın sonudur" deyib, xəbəri açdım.

Göyərtəsində müxtəlif ölkələrdən 682 sərnişin, 381 heyətin olduğu İngiltərə gəmisi günlərlə Karib dənizində qalmışdı. İçərisində koronavirusa yoluxan insanlar olduğu üçün ətrafdakı heç bir ölkə gəmini sahilinə yaxınlaşdırmırdı. Ən axırda Kuba gəmiyə limanını açaraq onu qəbul etdi və xəstələrin mualicəsini də öz üzərinə götürdü. Dövlət rəsmisinin açıqlaması isə "gəmini qəbul etdik, çünki insanların həyatı üçün qayğılıyıq" olmuşdu. Kubanın bu həssas davranışı dünyanın dördbir yanında rəğbətlə qarşılanaraq onları ucaltdıqca ucaltdı.

Üstündən qısa müddət keçdi, 11 milyon əhalisi olan Kuba 210 milyon əhaliyə və dünyanın ən güclü iqtisadiyyatına sahib olan ölkələrdən Braziliyaya həkim heyəti göndərərək yenidən müzakirə mövzusuna çevrildi. Çünki bir neçə il əvvəl başda kasıb bölgələr olmaqla Braziliyada on min kubalı həkim çalışırdı. Ölkənin "İşçi" partiyası hakimiyyətdə olarkən yoxsul ərazilərdə səhiyyə xidmətini təmin etmək üçün Kuba ilə müqavilə imzalamışdı. Ancaq ölkənin hazırkı prezidenti Jair Bolsonaru seçki təbliğatı boyunca kubalı həkimləri hədəf almışdı. Seçilən kimi də ilk işi onları "beşinci qol" olmaqda ittiham edib "ağ xalatlı terrorçular" adlandıraraq ölkədən deportasiya etmək olmuşdu. Bolsonaru onların həqiqi tibb mütəxəssisləri deyil, yoxsul braziliyalıların beynini yumaq üçün təlimat alaraq ölkəyə göndərilmiş şəxslər olduğunu iddia edirdi. Hətta prezident açıqlamalarının birində çox bayağı cümlə işlədərək, "əgər getməsəydilər, arxalarınca qovalayıb onları ölkədən özüm çıxardacaqdım" demişdi.

Artıq virusun kontroldan çıxdığı mart ayında ölkənin səhiyyə naziri Joao Gabbardo mətbuat konfransı təşkil edərək Kubaya yalvaracaq şəkildə müraciət etdi, onların həkimlərinə ehtiyaclarının olduğunu sölədi. Bu dəfə "İşçi" partiyası yenidən ayağa qalxdı. Bolsonarunun kubalı həkimlərə şər-böhtan ataraq ölkədən qovduğu üçün üzr istəməyini tələb etdi. Beləliklə, ortalıq təzədən qarışdı. Amma hər gün yüzlərlə insanın ölməsi faktı Kuba səlahiyyətlilərini hərəkətə keçirdi və virusla mübarizə üçün həkimlərini Braziliyaya göndərməyi qəbul etdilər. Bu, artıq Kubanın sorğu-sualsız böyüklüyü demək idi. Ölkə pandemiya elan olunandan bu günə qədər içərisində Avropanın da olduğu 30-dan çox ölkəyə həkim heyəti göndərib.

Kuba ilə başqa ölkələrin səhiyyəsi arasındakı ən önəmli fərq budur ki, onlar tibbi yardımı insanın təməl haqqı olaraq görürlər. Bu haqq Kuba konstitusiyasında da yazılıb. Bir çox ölkənin səhiyyəsi isə xəstələri onlara ehtiyacı olan insan kimi deyil, pul qoparda biləcəkləri müştəri gözündə görürlər.

Pandemiya dönəmində siyasəti, hansısa ölkədən qovulmağı və ya böhtana məruz qalmağı heçə sayaraq, həkim diplomatiyasını, insan həyatının əhəmiyyətini devizə çevirən bu ölkə ürəyimdə böyük heyranlıq, rəğbət oyandırdı. İnkişaf etmiş Avropa ölkələri gömrüklərdə bir-birinin tibbi ləvazimatlarına, maskalarına, gəmilərlə göndərilən tibbi avadanlıqlarına əl qoyarkən, ya da kobud dillə desək, oğurlayarkən çox az əraziyə və əhaliyə sahib bu kasıb ölkə bayrağını götürüb digər ölkələrin yardımına yetişdi.

O ölkələrdən biri də Azərbaycandır.

İki gün öncə xüsusi reyslə koronavirus infeksiyasına qarşı mübarizə aparmaq üçün Kubadan ölkəmizə 115 mütəxəssisdən ibarət həkim heyəti gətirilib. Heydər Əliyev adına Beynəlxalq Hava limanında əllərindəki bayraqla çəkilmiş şəkillərini görəndə Kubanın əfsanəvi lideri Fidel Kastronun "Biz dünyaya həkim göndəririk, əsgər deyil" cümləsi yadıma düşdü. O, çıxışlarından birində deyirdi ki, "Biz digər xalqları öldürmək üçün bioloji silahlar, şəhərləri bombalamaq üçün qırıcılar göndərməyəcəyik. Silah istehsal edib başqa ölkələrlə müharibə etməyəcəyik. Həkimlər yetişdirib həyatlar qurtaracağıq". Kastronun dediyi kimi də oldu. Kubanın yetişdirdiyi həkimlər bu gün din, irq fərqi qoymadan müxtəlif ölkələrdə həyatlar qurtarırlar.

Dünyada insan həyatından, onun sağlığından daha dəyərli heç nə yoxdur. Bəşəriyyəti bunu dərk edən, belə düşünən insanlar xilas edəcək.

 





15.07.2020    çap et  çap et