525.Az

Birlik vaxtıdır, təxribatlara uymaq olmaz! - Mövqe


 

ZİYALILAR, İCTİMAİ FƏALLAR XALQIN AZƏRBAYCAN DÖVLƏTİNƏ VƏ ORDUSUNA MÖHTƏŞƏM DƏSTƏYİNİ LƏKƏLƏMƏYƏ ÇALIŞAN TƏXRİBATÇILARI QƏTİYYƏTLƏ PİSLƏDİLƏR

Birlik vaxtıdır, təxribatlara uymaq olmaz! - <b style="color:red">Mövqe</b>

İyulun 12-də işğalçı Ermənistanın hərbi qüvvələri Azərbaycanın Tovuz rayonun Ağdam kəndi istiqamətindən atəşkəsi pozaraq ordumuzu və həmin ərazilərdə yaşayan mülki əhalini hədəf aldı.

Azərbaycan silahlı qüvvələri tərəfindən açılan cavab atəşləri nəticəsində düşmənin məkrli niyyətinin qarşısı alınsa da, üç gündür, cəbhədə qanlı döyüşlər davam etməkdədir. Bu döyüşlər nəticəsində, çox təəssüf ki, Azərbaycan Ordusu şəhidlər verdi, sərhədyanı kəndimizin ahıl sakini həlak oldu. Şəhidlər arasında cəsur sərkərdə, general-mayor Polad Həşimov da vardı...

Bütün bunlar Azərbaycan xalqının vətən-torpaq sevgisini, mübarizə əzmini, qələbə arzusunu daha da alovlandırdı. Nəticədə iyulun 14-də Azərbaycanın müxtəlif şəhər və rayonlarında onminlərlə vətəndaşımız bir anda ayağa qalxaraq yürüşlərə başladı, ordumuza, dövlətimizə dəstəyini nümayiş etdirdi. Dəstək aksiyalarının mərkəzi, təbii ki, paytaxtımız Bakı idi. Minlərlə insan "Azərbaycan oyaqdır, ordusuna dayaqdır!" şüarları altında, COVİD-19 təhlükəsini belə heçə sayaraq, kilometrlərlə piyada yürüş etdi, Şəhidlər Xiyabanı, Azadlıq meydanı ətrafında haqq səsini ucaltdı. Azərbaycan polisi də həmin anlarda xalqının yanında idi, diqqət və həssaslıqla asayişi, insanlarımızın təhlükəsizliyinin qayğısına qalırdı. Eyni zamanda, Müdafiə Nazirliyi də bu vətənpərvər insanların səsinə səs verdi, ordumuzun nümayəndəsi xalqın qarşısında çıxış edərək bu böyük dəstək üçün komandanlığın minnətdarlığını bildirdi.

Təəssüf ki, xalqımızı bir yumruq kimi təcəssüm etdirən bu vətənpərvərlik aksiyasında belə, mənfur niyyətlilər, təxribata əl atanlar, həmçinin, onların fitnəsinə uyanlar da oldu. O bədnam və nifrətəlayiq kimsələr aksiyanın yönünü, xarakterini dəyişməyə cəhd göstərdilər, bu niyyətlə də polisə qarşı zor tətbiq edib, asayiş keşikçilərinin xidməti maşınına hücum çəkdilər. Milli Məclis binasına soxulan, iğtişaş və qarışıqlıq yaratmağa çalışan, bu nəcib aksiyanı ləkələmək istəyənlər də məhz onlar idi. Lakin həmin qara niyyətlilər öz məqsədlərinə axıracan nail ola bilmədilər. Onların qarşısını polisdən də öncə elə meydandakı xalq, ətrafdakı həqiqi vətənpərvərlər kəsdi.

Bu hadisə sosial şəbəkədə də əsas gündəm mövzusuna çevrildi. Ziyalılar, ictimai xadimlər, media nümayəndələri, sosial şəbəkə fəalları bütün bunlarla bağlı fikirlərini bölüşərək mövqelərini ortaya qoydular. Paylaşılan rəylərdə bu dinc aksiyanın əsl məramı, əhəmiyyəti yüksək qiymətləndirilməklə yanaşı, sonda təxribatçıların ortaya çıxaraq hadisəni arzuolunmaz məcraya çəkmək istəməsi qətiyyətlə pisləndi. Son günlər baş verənlərin, xüsusən iyulun 14-dən 15-nə keçən gecə paytaxtda gerçəkləşən vətənpərvərlik yürüş-mitinqinin mahiyyətinin daha ətraflı anlaşılması üçün onlardan bir neçəsini diqqətə çatdırırıq.

Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev bu günləri Azərbaycan xalqı üçün mühüm sınaq adlandırıb: "Millət olaraq son dərəcə çətin və şərəfli bir dönəmdən keçirik. Bu, indiyə qədər bizi yalnız özü istədiyi şəkildə görməyə və qələmə verməyə çalşan dünya qarşısında mühüm bir sınaqdır. Daha artıq dərəcədə isə millətin öz-özünə imtahanıdır. İnanıram ki, bu tarixi sınaqdan uğurlu çıxacağıq. Bakı küçə və meydanlarını dolduran on minlərlə soydaşımız heç bir ekssesə yol vermədən, heç bir təxribata uymadan eyni mütəşəkkillik və yüksək vətənpərvərlik duyğusu ilə evlərinə dönəcək. İnsanlarımızın hüdudsuz Vətən sevgisini, yüksək milli ləyaqət hissini görmək qürurvericidir. Gəlin dünyaya Azərbaycan nümunəsi göstərək! Hər an dövlətimizin və ordumuzun yanında olaq. Düşmənə sevinmək üçün heç bir əsas verməyək. Qoy vulkan kimi püskürən xalq qəzəbi işğalçıları yandırsın, qaynar lavaya çevrilərək onları Qarabağ torpağından birdəfəlik süpürüb atsın. Sabahımız xeyirə, qələbəyə açılsın!

Məni bu sətirləri yazmağa vadar edən hansısa ambisiya, yaxud ziyalılıq və ağsaqqallıq missiyası deyil. Sadəcə, Azərbaycanın bir vətəndaşı kimi keçirdiyim həyəcan və narahatlıq hissidir. Sondakı qanqaraldıcı hadisə olmasaydı, dünən gecə hər şey möhtəşəm idi. Xalqımız, insanlarımız göstərdi ki, heç nə bizə Qarabağı, işğal faktını unutdura bilməz, mütləq və mütləq torpaqlarımızın sahibi olacağıq. İşğalçı ermənilərin ən böyük ümidlərindən biri həm də milli yaddaş hissindən yoxsunluğumuza, unutqanlığımıza idi. Dünənki ümumxalq həyəcanı bu ümidin əsassızlığını göstərdi.Eyni zamanda unutmayaq ki, xaos və başsızlıq xalqımıza yeni fəlakətlər gətirə bilər. Dövlətimizin ətrafında daha sıx birləşək, polisin qanuni tələblərinə hörmətlə yanacaq, təxribarçılara uymayaq, onları özümüz inandıraraq susduraq, yaxud qanuni hakimiyyət nümayəndələrinə müraciət edək. Nözənbillah, hamımız müsəlmanıq. Allahın birliyinə və böyüklüyünə iman gətirmişik. Amma "Allahu Əkbər" təkbirini siyasi şüara çevirib işğalçıya qarşı mübarizəmizə islam fundamentalizmi donu geyindirmək olmaz! Biz din davası aparmırıq, tələbimiz torpaqlarımızın işğaldan azad olunmasıdır. Bu gün qorumalı olduğumuz ən böyük nemət Azərbaycan dövlətçiliyidir! Bu gün keşiyində durmalı olduğumuz ən böyük dəyər Azərbaycan ordusudur!"

Professor Solmaz Rüstəmova-Tohidi Azərbaycan ziyalılarına səslənərək bu hadisələr fonunda yeni tarixin yarandığını və yazıldığını bəyan edib: "Son 3 günün təlatümü, həyəcanı bütün xalqı ayağı qaldırıb. 30 ilə yaxın məruz qaldığımız işğal, yaşamaqda olduğumuz müharibə və dözməkdə davam etdiyimiz "atəşkəs" rejimi özünün yeni mərhələsinə qədəm qoyub. Dövlət sərhədimizə təcavüz olunub. Ərazilərimizə atəş yağır, ordumuz generalından tutmuş 18 yaşlı əsgərinə qədər itkilər verib. Bir ailənin övladı, bir el-obanın fəxri sayılan oğullar ölümə qənşər gedib, qəhrəman olub, Şəhidə çevrilib. Amma neçə illərdir, bu cür şəhidlərini qarşılamağa artıq sanki "alışmış" insanlarımız bu gün görünməmiş qəzəb, nifrət və qisas ehtirası ilə yaşadıqları şəhərlərin, rayonların, kəndlərin küçələrinə axışıb.

Azərbaycan gəncliyi yenə də meydandadır və "Qarabağ" hayqırır.

Nə baş verir? Cavab bilmək istəyənlər səslənən şüarların arasından eşidərlər:

"30 ildir!" - "Bəsdir!"

...Gənclər "Azadlıq" meydanına axışır... Ali Baş Komandana "Mənə silah ver" - deyir. "Məni Qarabağa göndər" - tələb edir.

Və bu tələblər yalnız 30 ilin tükənən səbrindən gəlmir. O 30 il, əslində, bizim nəslin göstərdiyi səbrdir! Bu tələblər Azərbaycan gəncliyinin yüksək Vətənpərvərlik duyğusu, öz şəhid həmyaşıdları qarşısında Borc və hələ itirilməmiş Ləyaqət hissindən gəlir.

Bu gün qarşılarını kəsən yoxdur... Polislər onlarla bərabər addımlayır, yəqin ki, hisslərini bölüşür, bəlkə də gənc, coşqun qanlarının şəhidlərin dəfnindən sonrakı günlər soyuyacağını gözləyir, bəlkə də xalqının "tez alovlanıb, tez də söndüyünə" bələd olduğundan indiki şəraitdə münaqişə yaratmaqdan çəkinir, pandemiya dövrünün bütün qaydalarının pozulmasına belə göz yummalı olur...

Amma yalnız gənclərin deyil, bütün xalqın varlığına hakim kəsilmiş bu təlatüm, həyəcan və ən mühümü, yaşadığımız son 3 günün gətirdiyi təhlükə anlamı artıq "gərginlik" ötüşdükdən sonra həyatın yenidən "öz əvvəlki axarına" qayıdacağından xəbər vermir.

Yeni tarix başlayır, yeni tarix yazılır.

 "Tovuz döyüşləri" uzun illər təlqin edilən "qarşı tərəfin" növbəti "təxribatı" deyildir. Bu, müharibədir. Onun düşmən tapdağı altında olan torpaqlarımızda yox, düşmən dövlətlə sərhəddə başlaması təsadüfi deyildir. Döyüş bölgəsinə gəlmiş generalın və yüksək rütbəli zabitlərin az bir zaman içində birlikdə məhv edilməsi sadəcə "müharibə dövrünün hadisəsi" deyildir. Azərbaycan cəmiyyəti bu "sərhəd təxribatı" planlarının qonşu düşmən ölkənin qərargahında cızılmadığını, baş verənlərin arxasında daha qüvvətli, daha təhlükəli siyasi-hərbi gücün və daha məkrli, uzağa yönəlmiş niyyətlərin durduğunu anlayır.

Bu plan və niyyətlərin birbaşa ölkəmizin Ərazi bütövlüyünə, Müstəqilliyimizə və Dövlətçiliyimizə qarşı yönəldiyi göz qabağındadır...

Azərbaycan ziyalıları, bu gün daha üzərimizə düşən məsuliyyətdən kənara çəkilə bilmərik. Buna haqqımız yoxdur!

Bundan sonra hadisələrin istənilən inkişafı üçün biz hamımız cavabdeh olacağıq.

Ən əvvəl, gənclərimizin mübariz ruhunun qırılmasına yol verməməli, cəmiyyəti dövlətimizin və ordumuzun Qarabağı, işğal olunmuş bütün torpaqlarımızı qaytarmaq əzmində və gücündə olduğuna inandırmalı və buna səfərbər etməliyik. Gənclərin Vətən yolunda vuruşmaq tələbinin şəhər meydanlarında öz polisi ilə üz-üzə deyil, döyüş meydanlarında düşmən qarşısında yerinə yetirməsinə nail olmalıyıq.

İndi hər hansı vətəndaş qarşıdurmasına qətiyyən yol vermək olmaz. Müvafiq dövlət qurumları da bunu nəzərə almalıdırlar.

Özünü ziyalı zümrəsinə aid edən bütün vətəndaşlarımız bilməlidirlər ki, üzləşəcəyimiz hər hansı siyasi, ictimai, hərbi və digər təhlükələr qarşısında bizlərin məsuliyyəti daha böyükdür, çünki biz bu təhlükəni görürük, anlayırıq, anlatmalıyıq və bütün imkanlarımızla onun qarşısını almağa çalışmalıyıq. Bu təhlükə hansı tərəfdən və kimdən gəlirsə gəlsin...

Milli Məclisin deputatları, hakim və digər siyasi partiyaların, ictimai təşkilatların üzvləri, özünüzü hər hansı əlahiddə səlahiyyətlər daşıyıcısı deyil, həm də ziyalı hesab edirsinizsə, dövlətimizin üstünü alan bu təhlükələr qarşısında daha məsuliyyətli olduğunuzun fərqinə varmalısınız.

Yaranmış ağır şəraitdə Ölkə başçısı öz yanında yalnız rəsmi qurumların deyil, həm də geniş Azərbaycan cəmiyyətinin nüfuzlu nümayəndələrini - xalqın etibar və hörmət etdiyi ziyalıları görmək, onları eşitmək, onlara arxalanmaq, onların vasitəsilə xalqın ən müxtəlif təbəqələri ilə danışmaq imkanı əldə etməlidir.

Bu yolda ilkin addım kimi, yaxın günlərdə ictimaiyyətin dəstək verdiyi ziyalıların iştirakı ilə Milli Məclisin fövqəladə geniş iclası çağırıla, ölkədə və cəbhədə yaranmış vəziyyət ən ciddi və səmimi şəkildə müzakirə oluna, qarşıdakı vəzifələr və işlər aydınlaşdırıla bilər. Xatırladaq ki, Azərbaycanın müasir tarixində, 2001-ci ildə Qarabağ probleminin ən mühüm dönəmində belə bir toplantı baş tutmuşdu və onun çox mühüm beynəlxalq əhəmiyyəti olmuşdu.

Ziyalıların cəmiyyətin həyatında fəal iştirakını təmin edəcək başqa təkliflər, rəylər, fikirlər də irəli sürülməlidir.

Ümid edək ki, yaranan bu mürəkkəb, ziddiyyətli və qeyri-müəyyən şəraitdə öz yeni tariximizi biz özümüz yazacağıq. Azərbaycan xalqının öz müstəqilliyini qorumaq, dövlətçiliyini möhkəmlətmək, işğal olunmuş ərazilərini ən yaxın zamanlarda azad etmək əzmini ortaya qoyacağıq. Cümhuriyyət Qurucularımızın bizlərə əmanət etdiyi dövlətə və rəhbər tutduqları dəyərlərə - Millət olaraq Müstəqil yaşamağa Qadir və Layiq olduğumuzu bir daha bütün dünyaya nümayiş etdirəcəyik".

Professor Cahangir Məmmədli son günlərdə yaşadığı qürur hissini bu sətirlərlə ifadə edib: "Xalq" və "qalx" sözlərinin birgəlik anı! Azadlıq mücahidi Xudu Məmmədov "Xalq" və "qalx" sözlərinin bir-birinə çox yaxın olduğunu, lazım gələndə birləşdiyini demişdi. 1988-ci ildə Xudu müəllimin bu uzaqgörənliyi "Azadlıq" meydanında öz təsdiqini tapdı. Erməni xəyanətinin indiki çağında "xalq" və "qalx" sözlərinin əbədi birgəliyi özünü yenidən sübuta yetirdi. Xalq torpaq uğrunda, şəhidlərimizin qanı uğrunda birbaşa ayağa qalxdı. Mən bu sətirləri yazıram və həyəcandan, sevincdən əllərim əsir. Bu gün xalqın bütün təbəqələri, ideoloji istiqamətindən asılı olmayaraq, bütün siyasi partiyalar, radikal müxalifət hesab edilən hər kəs vətən uğrunda ayağa qalxdı. On səkkiz yaşından tutmuş, ordudan dünən tərxis olunmuş oğullarımızadək, qocalıb yaşı 80-ni ötmüş ağbirçəklərimizədək - hər kəs ayaq üstündə, hər kəs cəbhə yolunda!.. Xalqımız Ali Baş Komandanın, ordumuzun yanındadır. Bəlkə də birlik heç vaxt belə mükəmməl görünməmişdir! Ayağa qalxmış xalqım, sən hər şeyə qadirsən! Sənin qeyrətin qarşısında baş əyirəm! Ordumuzun şəhid dərdini ürəyimə, qəlbimə sıxıram! Oğlu şəhid olmuş atanın "Vətən sağ olsun!" nidası mənim ən böyük təsəllimdir. Tanrı vətən torpağının hər qarışına cavabdeh olan ordumuzu, əsgərlərimizi qorusun!"

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov: "Ordumuzla həmrəylik, Qarabağa dəstək şüarı ilə keçirilmiş mitinqin yüksək statusuna xələl gətirilməsi, aksiyanın xaosa, anarxiyaya çevrilməsi Azərbaycan xalqının haqq işinə, dövlətə, dövlətçiliyə aşkar xəyanətdir. O görüntülərə tamaşa etmək həqiqətən ağırdır. Və o səhnələrin məsuliyyəti hər birimizin üzərindədir. Bunu danmaq olmaz. Hüquq-mühafizə orqanları qısa bir zamanda xəyanətə köklənmiş bu hərəkətləri araşdırmalı, günahkarları dərhal məsuliyyətə cəlb etməlidirlər. Hər hansı qüvvənin, siyasi məqsədlər güdən kəsimin özünə Azərbaycanda qərarlaşmış sabitlik mühitini poza bilmə haqqı tanımasının qarşısında qanunlarımızın sərt üzü dayanmalıdır. Bu istiqamətdə heç bir güzəşt olmamalıdır. Kimlərsə, hansı qüvvələrsə Azərbaycanı ötən əsrin 90-cı illərinin əvvəllərindəki xaosa bənzər duruma gətirə bilməz. Kimlərsə Azərbaycanı cəhalət, dini fanatizm yuvası olaraq təqdim edə bilməz. Kimlərsə azərbaycanlının Qarabağ çağırışına bu sayaq həqarətlə yanaşmağa cəsarət etməməlidir. Bu kimi xəyanətkar hallara münasibətdə, yenə də deyirəm, çox ciddi ölçü götürülməli, günahkarlar, düşmən dəyirmanına su tökənlər ən sərt şəkildə cəzalandırılmalıdır".

Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid bu hadisələrin fonunda 1989-90-cı illərin aksiyalarını xatırlayıb: "İnsanlarımızın ordumuza dəstək, Qarabağı azad etmək ruhunun nümayişi olan dünən gecəki həmrəyliyi sözün ən mötəbər mənasında qürurverici, qəlbləri riqqətə gətirən mənzərə idi. Görüntülər ötən əsrin 80-ci illərininin sonundakı möhtəşəm həmrəyliyin təzahürü olan o unudulmaz dövrü xatırladırdı.

Amma bu səmimi emosional ovqata kölgə salan məqamlar, sonda baş verən hadisələr - Milli Məclisin binasina daxil olmaq, dövlət binalarına zərər vurmaq, maşınları aşırmaq kimi hərəkətlər böyük təəssüf doğurdu. Açıq görünürdü ki, bu, xalqın nümayiş etdirdiyi o birliyi sinirə bilməyən hansısa qrupun, ya da qrupların təxribatıdır. Səsləndirilən bəzi dini şüarlar da göstərirdi ki, bu törədilənlər hansısa dairələrin təsirində olan məhdud düşüncəli, pis niyyətli qrupların işidir və əksəriyyətin etirazına baxmayaraq, onlar öz əməllərini davam etdiriblər.

Yenə ötən əsrin 80-ci illərinin sonlarındakı milyonluq mitinqləri xatırlayaq: o mitinqlər böyük həmrəylik, insanların vahid amal-vətənimizin bütövlüyü və azadlığı, Qarabağ uğrunda birlik ovqatıyla, həm də heç kimə, heç nəyə xətər yetirmədən, aksiya iştirakçılarının bir-birinə doğma münasibəti, səmimi ünsiyyəti şəraitində keçirdi.

Dünən gecə baş verən hadisələri törədən təxribatçı qrupların kimliyi əslində, xüsusi xidmət orqanlarına indiyəcən məlum olmalıydı. Olmayıbsa da, indi bu təhlükəli təmayülün daşıyıcılarının kimliyi aydınlaşdırılmalıdır və yəqin ki, aydınlaşdırılacaq. Dövlətimizi açıqda və gizlində istəməyənlər, gözügötürməyənlər çoxdur. Məlum düşmənlə savaşıb şəhidlər verdiyimiz günlərdə arxadan kürəyə bıçaq saplayırmış kimi xain əməlləri törədənlər və onların dəstəkçiləri tapılıb ifşa olunmalıdır... Bu təxribatçı qrupların hardan təlimatlandırıldığını müəyyənləşdirmək, insanların enerjisini, fərqli düşüncəli adamları torpaqlarımızın azadlığı uğrunda mübarizəyə istiqamətləndirmək zamanıdır. Dövlətimizin, Ordumuzun yanında olmaq, dəstək vermək indi ən ali vətənpərvərlikdir.

Tanrı Vətənimizi qorusun!.."

"Modern.az" saytının baş redaktoru Elşad Eyvazlı da təxribatçılarla bağlı sərt mövqe bildirib: "Azərbaycan dövlətinə qarşı çıxanlar, təxribatçılar birmənalı olaraq cəzalandırılmalıdırlar... Onlar fürsətcildilər, onlar bu millətin düşmənidilər, onlar cəbhədə əsgərlərin mücadiləsini, onlar Şəhid qanını öz çirkin siyasətlərinə qurban vermək istəyən əclaflardır..."

Jurnalist Elşən Əliyev iğtişaş yaradanların cəzalandırılmasının vacibliyinə diqqət yönəldib: "Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda mübarizəni, orduya, əsgərə dəstək nümayişini dövlətə, şərəflipolisimizə qarşı iğtişaşa çevirmək millətə xəyanətdir, ən ağır cinayətdir! Belə adamlar müharibə qanunlari ilə cəzalandırılmalıdır!"

Yazıçı-dramaturq Ülviyyə Heydərova təəssüfünü bu cür bildirib: "Orduya dəstək nə idi, maşın çevirmək, MM-ə soxulmaq nə idi?! Budur gücünüz, düşüncəniz?! Dövlətin yanında olmaq əvəzinə ona qarşı çıxmaq yolverilməzdir. Bir qrup cahilin törətdiyi Vətənə, dövlətə, millətə xəyanətdir. Çox təəssüf edirəm! Tanrı bizi içimizdəki düşmənlərdən də qorusun!"

Jurnalist-yutuber Bahadur Hoca özünün də iştirak etdiyi yürüş haqqında təəssüratlarını paylaşmaqla bərabər, aksiyanın ən maraqlı məqamlarını, əsasən də insanları təxribata sürükləməyə çalışanların çirkin davranışlarını əks etdirən xüsusi videomaterial hazırlayaraq yayımlayıb: "Axşam mən də o mitinqə qoşuldum. Qürurla, həvəslə. 15 kilometrdən çox yürüş edib Şəhidlər Xiyabanına çatdıq.

Heç bir polis hansısa vətəndaşa bircə kəlmə də acı söz demədi, acı rəftar eləmədi. Əslində, onlar da bizə qoşuldu. Salamladı. Bizimlə birgə şüarlar səsləndirdi... Birlik vaxtıdır! Heç bir təxribata uymaq olmaz!"

Psixoloq və yazıçı İlqar Kamil də son hadisələrlə bağlı diqqətəlayiq fikirlər paylaşıb: "Şəhidin qanı, gerçəkdən, yerə deyil, xalqın damarlarına axırmış. Əsl möcüzədir!..

... Ermənistanda post yaradılıb ki, erməni əsgərləri qaçmasın, Azərbaycanda post yaradılıb ki, saysız-hesabsız könüllülərin qarşısı alınsın. Haqla-batilin, xeyirlə-şərin, igidlə-qorxağın - azərbaycanlıyla erməninin fərqi bax budur!..

Gecə o yürüşü görüb düşündüm: Allah bu izdihamı hər növ virusdan qorusun!"

Araşdırmaçı-yazar Dilqəm Əhməd ordumuza dəstək aksiyasını möhtəşəm hadisə kimi dəyərləndirib, təxribatın yolverilməzliyini vurğulayıb: "Dünənki birlik, ordumuza dəstək möhtəşəmdi. Hansısa təxribatçı epizoda görə o möhtəşəmliyə xələl gətirilməməlidir. Ümumiyyətlə, 3 günlük döyüşdə Ermənistan aktivistlərinin Azərbaycanla bağlı hansı qaynaqlara, şəxslərə müraciət edib toplumun əhval-ruhiyyəsini aşağı salmağa çalışmaları aşağı-yuxarı bəlli oldu. Ona görə də ordumuza dəstəyi, şəhidlərimizə ehtiramı davam etdirək və hardan qaynaqlanmasından asılı olmayaraq bütün təxribatlardan uzaq duraq!"

 





16.07.2020    çap et  çap et