525.Az

Şəhid Generalımız - Anım


 

HƏR KƏSİN SEÇDİYİ HƏYAT YOLUNA UYĞUN DA ŞƏHADƏTİ OLUR

Şəhid Generalımız - <b style="color:red">Anım</b>

İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz rayon sahəsində gedən döyüşlər zamanı Ordumuz bir nəfəri general-mayor olmaqla yeddi nəfər şəhid verdi. Ölkəmizin dörd bir yanında xalqımız hərbçilərimizin şəhid olmasına böyük coşqu ilə reaksiya verdi.

Müstəqil Azərbaycanın tarixində, Qarabağ savaşı başlayandan bəri ilk dəfə Ordumuzun genaralı şəhid oldu. Milli Ordumuzun zabiti general-mayor Polad Həşimovun döyüşdə həlak olmasına münasibət bildirən ölkə əhalisinin ən müxtəlif təbəqələrinin nümayəndələri şəhid generalla bağlı ən səmimi, kövrək duyğularını bölüşdülər. Polad Həşimovu uzaqdan-yaxından tanıyanlar, onun fəaliyyətinə bələd olanlar sosial şəbəkələrdə çıxışlar edərək onun peşəkar hərbçi, qayğıkeş komandir, təmənnasız insan olduğunu bildirdilər, haqqında ən xoş fikirlər səsləndirdilər. Sosial şəbəkə istifadəçilərindən biri şəhid generalı belə xarakterizə edirdi: "Rüşvət almadan, kirayədə qala-qala döyüşlərdə iştirak edən, öz şəxsi hesabından cəbhədə postlar tikən, sağ ikən adına post olan generaldan danışım sizə - Bakıya ona verilən xidməti maşınla gəlirdi, maşını nazirliyə təhvil verib, şəxsi işlərinə ictimai nəqliyyatla gedən general-mayor Polad Həşimovdur o. Döyüşdə şəhid olan general-mayor Polad Həşimov 4 il əvvəl "Aprel döyüşləri"ndə göstərdiyi xüsusi şücaətə görə ordenlə təltif edilmiş və ona dövlət tərəfindən ev verilmişdi. Polad Həşimov həmin evi ehtiyacı olan bir şəhid ailəsinə bağışlamışdı. Belə generallar tək-tük olur, bu gün onu da itirdik".

Hər kəsin seçdiyi həyat yoluna uyğun da şəhadəti olur. Əvvəldən belə çətin və şərəfli bir yol seçən, bu yolda son nəfəsinə qədər ləyaqətlə  xidmət edən general-mayor Polad Həşimovun da şəhadəti ən ali mərtəbəyə çatmaqla - şəhidliklə tamamlandı. Şəhid generalımıza Allahdan rəhmət diləyir, onunla bağlı sosial şəbəkələrdə yayılmış fikirlərdən bəzilərini oxuculara təqdim edirik.

Keçmiş əsgərlərinin general-mayor Polad Həşimov haqda xatirələri 

Seymur Kazımov:

- General-mayor Polad Həşimov mənim komandirim olub. Mərd zabit idi, cəsur zabit idi. Əminliklə deyirəm, həm cəmiyyətimiz, həm də ordumuz üçün çox böyük itkidir. Təpədən-dırnağa zabit idi, nizamnamədən kənara çıxmazdı, amma bəzi hallarda əsgər üçün güzəştə getməyi də vardı.

Ünsiyyətimiz çox olub, amma iki dəfə cəzasına da məruz qalmışam - bir dəfə yayın istisində stadionu 10 dairə qaçırtdı məni, özü də otağının pəncərəsindən seyr edirdi. İkinci dəfə də hərbi andı 100 dəfə əzbər dedirtdi. Nə deyim, xəta məndə idi, cəzamı çəkməliydim.

2006-cı ilin yay ayı idi, hərbi xidməti başa vurmağıma günlər qalırdı. Axşam yoxlanışında kazarmanın yanından keçəndə nə üçün yatmadığımı soruşdu, mən də futbola baxmaq istədiyimi bildirdim. Apardı məni otağına, birlikdə futbola baxdıq, doğrusu, hansı oyun idi, yadımda qalmayıb.

Hərbi xidməti başa vurduğum gün qərargaha getdim ki, sağollaşam. Bayırda gözləməyi tapşırdı. 10 dəqiqədən sonra əlində xidməti xasiyyətnamə ilə gəldi və mənə uzatdı. Gözucu baxdım, təşəkkür etdim. İstədim əlini sıxam, amma bacarmadım, zabit zəhmi gözlərində idi. Hərbi salam verdim, o da jestimə qarşılıq verdi. Əsgər və zabit kimi sağollaşdıq. Bir daha görüşmədik.

Onun haqqında çox şey danışa, yaza bilərəm. Qalanları məndə qalsın.

2018-ci ildə Talışdakı "Polad postu"nda oldum. Həmin postu 2016-cı ilin aprelində polkovnik Polad Həşimov azad etmişdi və onun şərəfinə adını vermişdilər.

Təşəkkür edirəm, 2006-cı ildəki mayor, 2020-ci ildəki general-mayor Həşimov! Allah rəhmət eləsin, qəbrin nurla dolsun, mənim generalım!

Ramazan Səmədov:

- 2010-cu ilin yanvar ayı idi, qar dizə çatırdı. Hərbi hissəyə çatdım. 2-3 gün sonra komandirim Həşimov məni yanına çağırdı. Dedi ki, nə problemin olsa, heç kəsə yox, birbaşa özümə de. Sənin dostların çoxdur, bilirəm, amma ən yaxın dostun mənəm burada.

Tez-tez çağırırdı yanına. Dərdləşirdik, söhbət eləyirdik. Hər mövzuda. Həqiqətən sözdə yox, əməldə cəsur, vətənini sevən bir insan idi. Əsgərlərin yeməyinə, sağlamlığına fikir verirdi. Tualetimizə kimi öz hesabına təmir elətdirirdi. O vaxtki rəhbərliyin yardımını gözləmirdi.

Briqada qarşısında həmişə mikrofonsuz, əsl natiq kimi danışardı. Ən savadsız insan belə onun nə demək istədiyini anlayırdı. Fikirlərini hərbçilərə rahatlıqla ötürürdü.

Briqadanın həyətində erməni traktoru var idi. Özü şəxsən kəşfiyyatda olanda sürüb gətirmişdi. Traktorun arxa şüşəsində güllə yerləri var idi. Amma ölümdən qorxmadan briqadaya kimi sürmüşdü traktoru. Polad idi axı adı. Polad, güllə keçirməz...

İyun ayında AzTV məndən müsahibə götürməyə gəlmişdi. Məqsəd hərbi xidmətdən yayınıb türməyə gedən bir aktivistə qarşı müsahibə almaq idi. Elə komandirin otağında ikən jurnalistə dedim ki, bunu eləyəsi deyiləm. Komandir məni kazarmaya göndərdi. Jurnalistləri götürüb harasa getdilər. Gecə yarısı növbətçi mənə təcili komandirin yanına getmək göstərişini verdi. Komandir Həşimovla çay içdik, otağında mənə dedi ki, narahat olma, danışdım jurnalistlərlə. Sənə siyasi suallar verilməyəcək. Zarafatca, həm də ciddi şəkildə komandirə qayıtdım ki, sizi efirdə tərifləməyəcəm ha, çünki buna ehtiyacınız yoxdu. Güldü, dedi ki, düz eləyirsən. Ürəyin nə istəyir, o haqda da danış. Sonra məni nümunəvi xidmətə görə 10 günlük məzuniyyətə göndərdi. Tapşırıqsız, tərifsiz.

Qayıdandan sonra briqada düzülüşü idi. Minlərlə əsgərin qabağında məni çağırdı, dedi ki, doktor (hərbi xidmətə doktoranturanı yarımçıq buraxıb getmişdim, ona görə doktor deyə çağırırdı məni), gedirik posta odun daşımağa. Əsgərlərlə çiyin-çiyinə postlara odun, yemək daşıyırdı Həşimov.

Yanvarın 1-i evə yola düşmək vaxtı çatdı. Özü mənə bir geribilim forması verdi. Dedi, nə düşünürsən, onu da yaz. Problemlərdən danışmağa çəkinmə, təkliflər ver. Yenə zarafatından qalmayaraq əlavə elədi ki, yaz doktor, yaz, bəlkə oxuyan oldu...

İndi isə, bu yazını yazıram. Özü oxumayacaq komandirim. Amma bəlkə başqaları oxudu, qəhrəmanımızın qiymətini öləndən sonra yox, vaxtında verə bildik.

Nicat Həşimov:

- Şəhidimiz -  general-mayor Polad Həşimov Hərbi hissə komandirimiz idi. 8 il əvvəl polkovnik idi. Çox mərd adam idi, sözün əsl mənasında şəxsiyyət idi.

Yatmağa yerimiz yox idi. Daha doğrusu, bərbad halda idi. Göy palatkaları birləşdirib özümüzə yer düzəltmişdik. Bir dəfə dəhşətli küləkdən dam başımıza uçdu. Sonra gözlənilmədən dağda kazarma tikintisi başladı. Elə bildik ki, nazirlik bizim üçün kazarma tikir. Ancaq kazarmanı hərbi hissə komandiri Polad Həşimov öz hesabına tikdirdi. Öz evi olmayan komandirimiz bizim üçün ev düzəldirdi.

... Bir gün nazirlikdən yoxlama gəlmişdi. Paltarlarımız çirk içində idi. Su çətinliklə tapılırdı. Qar suyu ilə paltar yuyurduq. Bir polkovnik leytenant bizi danlayırdı. Komandirimiz Polad Həşimov əsəbiləşdi və dedi:

- Mənim əsgərimi məndən başqa heç kim danlaya bilməz. Sözünüz varsa, mənə deyin. Mənim əsgərlərim paltar yumağa su tapmır. İçməli su gətirmək üçün sinəyə qədər qarı tapdaya-tapdaya 3 km yol gedir, həmin yolu da hər əsgər 30-40 litr su ilə geri qayıdır. Mənim əsgərlərim isti kabinetlərdə xidmət etmirlər, cənab polkovnik.

... Bizim komandirimiz dövlətin şücaətə görə ona verdiyi evi şəhid ailəsinə bağışlamışdı (vacib bir postu azad etmişdi). Daim əsgərinin yanında olan, əsgərinin haqqını qoruyan zabit idi. Biz dağa, maşın qalxmayan yerlərə un, qida, odun daşıyanda o da çiyinlərində yük bizimlə bərabər dağa qalxırdı. Həmin zaman polkovnik idi. İndi Azərbaycan sizsiz, komandir!

Şəhid Raquf Orucovun xanımı: "Görüşəndə Raqufa salam de..."

Aprel döyüşlərinin qəhrəmanlarından biri, şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Orucova da öz Feysbuk səhifəsində şəhid general Polad Həşimovla bağlı fikirlərini yazıb:

- Sübh tezdən acı xəbəri aldım, amma qəbul edə bilmədim, inanmadım. Düşündüm ki, yəqin səhv olub. Raquf şəhid olanda da bu cür qarşılamışdım. Sən demə, iki qəhrəman dostun ruhları artıq qovuşubmuş. Sən demə, Vətənim daha bir igid, cəsur qəhrəmanını öz qoynuna almış. General Polad Həşimov - Raqufun silahdaşı, dəyər verdiyi dostlarından biri. Mənim ümidim Sizlərə idi, Raqufu itirəndən sonra, Sizdən gözləyirdim Raquf kimi minlərlə şəhidimizin qisasını.

Əsgərinin önündə səngərdə döyüşmək, şəhid olmaq, rütbəsindən asılı olmayaraq hər bir Vətən sevdalısının əqidəsidir!

... 2016-cı ilin qələbə ruhlu aprel döyüşlərindən sonra mən yalnız bacardıqca şəhidlərimizi gənc nəslə tanıdıb, onların döyüş yolunu təbliğ etmişəm. Qisas gününü gözləmişəm -  itirdiklərimizin, şəhid ruhlarının, şəhid Vətənimizin qisasını. Bu gün o gündür! Artıq yetər bu mənfur düşmənlə hər savaşdan sonra atəşkəsi bərpa etmək! Yetər şəhidlərimizin məzarı önünə başıaşağı günahkar kimi getmək! Bu Vətən bizimdir! Hər bir şəhidimiz bu Vətənin bir daşı, torpağıdır! Vətən naminə birləşməliyik, içimizdəki xainləri məhv edib, düşməni birdəfəlik yarandığı torpaqlara geri oturtmalıyıq!

... Yetər ki, torpaqlarımız azad olunsun! Yetər ki, biz şəhid ailələrinin göz yaşı qurusun! Düşmənə aman verməyək! Bu gün bütün Azərbaycan döyüşçüdür!

Ruhun şad olsun, cənab General!

Görüşəndə Raqufa salam de...

 





16.07.2020    çap et  çap et