525.Az

Ruhumuzu ağladan fotoşəkillər - Orxan Aras yazır


 

Ruhumuzu ağladan fotoşəkillər - <b style="color:red">Orxan Aras yazır</b>

1937-ci il aprelin 26-da faşistlər İspaniyadakı Guernica qəsəbəsinə ağır bombalar ataraq, yüzlərlə insanı öldürüb şəhəri isə yerlə yeksan edirlər.

Bir müddət sonra ünlü rəssam Pikasso göz yaşlarıyla Guernica tablosunu yaradır. Tabloda ölüm, şiddət, qəddarlıq, çarəsizlik bir-birilə iç-içədir, təsvir olunan əşyalar, heyvanlar belə bu qəddarlığa göz yaşı tökməkdədirlər.

Bir nasist zabiti Pikassodan: "Bu tablonu sizmi çəkdiniz?" - deyə soruşar. Pikasso nifrətlə üzünü subaya çevirib: "Xeyr, siz yaratdınız" - deyər.

Mənim üçün də Guernica tablosu bir şəhid anasının oğlunun əsgər çəkməsinə üzünü sürtərək qoxlaması və ağlamasıdır. Yenə iki gündür sosial mediada paylaşılan fotoşəkillərin içərisində yuxularıma girən, məni məndən alan bir şəkil Guernica tablosundan az təsirli deyildir. Daha 8-9 yaşındakı bir oğlan uşağı atasının ölüm acısını ürəyində gizləyərək o kiçicik barmaqlarıyla bacısının göz yaşlarını silməkdədir. O uşağın ağrı-acısını hansı siyasətçi anlaya bilər? O uşağın fəryadını hansı yazıçı yaza bilər? O uşağın şəfqətini hansı din ifadə edə bilər? O uşağın kişiliyini, böyüdüyünü hansı psixoloq tərif edə bilər?

Faşistlər, kindarlar, alçaqlar, imperialistlər zalımlıqlarını davam etdirəcəklər. Amma biz, yəni haqlı olanlar, yəni barışı, insanlığı istəyənlər, torpağına sahib çıxanlar bu uşaqların yanında olmağa davam etməliyik. Bu uşaqların acılarını yalandan deyil, səmimiyyətlə paylaşmalı, onlara bu ölkənin ən gözəl guşələrində yer verməliyik.

Səmimi olmalıyıq!

Dürüst olmalıyıq!

Xalqımızı gerçəkdən, qarşılıqsız sevməliyik!

Şüarlara sığınmamalıyıq!

Ölkəni talayanların gözünə bu uşağın qeyrətini, cəsarətini soxmalıyıq!

Qızıl kimi gənclərimizin qiymətini bilməliyik!

Onların ümidli olmalarını və gələcəyə daha əminliklə baxmalarına yol açmalıyıq!

Faşist faşistliyini, imperialist imperialistliyini edəcəkdir!

Amma biz əvvəlcə içimizdəki o uşağı anlamalıyıq!

O uşağı başa düşsək, bu cəmiyyət müharibəni qazanacaqdır! Haqsızlığa son qoyacaqdır!

O uşağı anlasaq, bu ölkədə yoxsulluq, ədalətsizlik sona çatacaq!

Çünki Azərbaycanın vicdanı, bacısının göz yaşını silən o qəhrəman uşaqdır!

Bunu unutmayaq!

 





16.07.2020    çap et  çap et