525.Az

Qələbənin yolu: saflıqdan qəhrəmanlığa


 

Qələbənin yolu: <b style="color:red">saflıqdan qəhrəmanlığa</b>

Bizə - azərbaycanlılara son yüzillikdə "şair xalq" deyənlər, ədəbiyyatsevər millət adlandıranlar çox olub. Sanki özümüz də inanıb qəbul etmişik bunu, deyildiyi tərzdə davranmağa çalışmışıq...

Kimdir şair? Hisslərlə, romantikayla, emosiyaları ilə yaşayan, ürəklə beynin arasında qalsa, sözsüz, ürəyi seçəcək insan. Dönüb arxaya baxanda barmağımızı dişləyirik: ay dadi-bidad, bu qədər hisslərinə yenilmək, bu qədər duyğuların əsiri olmaqmı olar?! Üzünə güləni dost bilib, hər saxta göz yaşını peşmanlıq sayıb, kürəyinə bıçaq sancana daha neçə dəfə qucaq açmaq olar, İlahi?! Daha neçə dəfə ən son deyiləcək sözləri ilk başda demək olar?! Daha neçə dəfə onun-bunun sözünə uyub, haya-küyə düşüb səhv addımlar atmaq, iş-işdən keçəndən sonra iki əlini bir başına çırpmaq olar?! Yəni heçmi dərs almaz insan, heçmi təcrübə qazanmaz, heçmi görməz bu humanistliyin, insansevərliyin, şair ruhun başına açdığı oyunları?!

Son üç gündə gözümüzün önündəcə böyük, əzəmətli tarix yazılır! O tarix ki, gələcək nəsillərə fəxrlə, qürurla anladacağıq, onların "Qarabağ üçün nə etmisiniz?" suallarına cəsarətlə cavab verəcəyik. Bunu bəzilərimiz görsə də, çoxumuz öz səs-küyümüzdən fərqinə varmırıq. Necə ki, 2016-cı ilin Aprel döyüşlərini qürurla, fəxrlə yad edir, danışırıqsa, inanıram ki, 2020-ci ilin İyul hadisələrini də böyük və qürurlu nəticələri ilə xatırlayacağıq!

İyulun 12-dən etibarən Azərbaycan ordusu düşmənə tutarlı cavab verir, öz vəzifəsini layiqli şəkildə yerinə yetirir. Ondan danışmaq, ya da şərh etmək ehtiyacı görmürəm. Mənim mövzum yenə də arxa cəbhədir, yəni bizim özümüz...

Bir xalq olaraq Azərbaycan xalqı əzəmətli, qürurlu, yenilməzdir. Bunu pafos xətrinə demirəm. Həqiqət olduğunu döyüş başlar-başlamaz, sərhəddə axışan, könüllü sürətdə döyüşə getmək istəyən tovuzlular da, iyulun 14-də Azərbaycanın müxtəlif yerlərində, xüsusən, paytaxt Bakıda orduya, dövlətə dəstək məqsədiylə bircə anın içərisində bir yumruq altında birləşə bilən bütün xalq da sübut etdi. Bu yerdə, neçə gündən bəri yamanladığım, sosial şəbəkələrə incə bir təşəkkür də keçir içimdən. Xalqın belə tez zamanda xəbərləşməsi və eyni amal uğrunda birləşməsi üçün sosial şəbəkənin xidməti əvəzsizdir. Amma gəl görək, biz belə ekstremal vəziyyətlərdə sosial şəbəkədən təyinatına tam uyğun istifadə edə bilirikmi? Təəssüf ki, yox!

Hazırda iki ölkə arasında müharibə üç yerdə gedir: cəbhədə, mətbuatda və sosial şəbəkədə. Hər iki tərəf bir-birinin profillərini, səhifələrini izləyir, məlumat əldə etməyə, psixoloji təsir göstərməyə çalışır. Bu yerdə işğalçı tərəfin mövqeyi heyrət doğurur. Adi insanları belə nə bir məlumat paylaşır, nə də qarşı tərəfə bilgi verəcək addım atırlar.

Biz isə burda da emosional, şair təbiətli, romantik xalq olduğumuzu göstəririk. Nəsə bir məlumat olan kimi rəsmiliyini dəqiqləşdirməmiş paylaşır, hansısa yalan-yanlış xəbərin təsiri altına düşür, şəhidlərimizin şəkillərini paylaşıb üzgün, təsirli sözlərlə ah-vay edirik. Görəsən, o şəhidlər kənardan baxıb onlar üçün necə zarıdığımızı, sinə döydüyümüzü, özümüzü bu qədər aciz vəziyyətə saldığımızı görsələr, haqqımızda nə düşünərlər? Onlar biz yazıqlanaq deyə şəhid oldular, yoxsa fəxr edək, qürurlanaq, ordumuza və zabitlərimizə arxalanaq deyə?!

Elə bu son döyüşlərdə şəhid düşən general-mayor Polad Həşimov nümunəsinə baxaq. İgid sərkərdə Polad Həşimov Azərbaycan tarixində döyüş meydanında şəhid düşən ikinci general oldu: əfsanəvi general Həzi Aslanovdan sonra. Bu 30 ildə - Qarabağ müharibəsində isə döyüşdə şəhid olan ilk generalımızdır. Onun haqqında keçmiş əsgərləri, zabitləri xatirələrini sosial şəbəkədə durmadan yazılır. İnsan oxuduqca ürəyi dağa dönür. Fikirləşirsən ki, "cəbhədə ancaq 18 yaşlı balalarımızşəhid düşür" deyənlər generalımızın, polkovnikimizin, digər yüksək rütbəli zabitlərimizin şəhidliyindən xəbərdardılarmı, görəsən? Bizim generalımız, zabitlərimiz döyüşə ən ön cərgədə atılarkən düşmən tərəfin zabitlərinin postları qoyub qaçdıqları görüntüləri yayıldı. Yəni bu da həmin bədgüman kimsələrə heç nə demir?!

Onda şair və nasir İlqar Fəhminin sosial şəbəkədə paylaşdığı bu hadisəyə diqqət edək: "20-ci əsrin ikinci yarısı... Müharibələrdən birindən qalib çıxmış ordunun Qərargah rəisinin müsahibəsindən fraqment:

- Sizcə, sayca bizdən qat-qat üstün olan düşmən üzərində qələbəmizin sirri nədədir?

- Bizim orduda həlak olan zabitlərin sayı əks tərəfə nisbətən üç dəfə çoxdur. Bizim zabitlər əsgər arxasından "İrəli, hücuma" qışqırmır, bizim zabitlər özləri qabağa düşüb "Ardımca" deyir...

Allah şəhidlərimizə rəhmət eləsin. Bu ordu qələbəyə layiqdir..."

Məsələyə başqa tərəfdən də diqqət yetirək: düşünürəm ki, bu gün zehinləri, könülləri bulandıran fitnəkar, şübhəçi sualların deyil, bir olmağın, birliyimizi qorumağın, ən əsası, ordumuza güvənməyin məqamıdır. Bizim ordumuzda Polad Həşimov kimi, əsgərinin önündə gedən, vəziyyətə şəxsən nəzarət edən, sinəsini həm torpağına, həm də əsgərinə sipər edən zabitlərimiz var. Onlar bunu biz başımızı dik tutaq, əyilməyək, sınmayaq deyə edirlər. Şəhidlərimizin ruhu hörmətinə vüqarımızdan vaz keçməməli, düşmənlə hər üç məkandakı (cəbhə, mətbuat, sosial şəbəkə) müharibəmizi layiqincə, ustalıqla, vətənə candan bağlılıqla aparmalıyıq! Meydanda səsləndirdiyimiz "Azərbaycan oyaqdır, ordusuna dayaqdır" şüarımız təkcə dildə deyil, əməldə də davam etdirilməlidir. O zaman qələbə xəbəri lap tez gələcək!

 





16.07.2020    çap et  çap et