525.Az

Vətənin gələcəyi naminə xeyriyyəçilik - Lamiyə İsazadə ilə müsahibə


 

"HƏR BİR ÖLKƏNİN GƏLƏCƏYİNİN NECƏ OLMASI BUGÜNKÜ GƏNCLİYİN HANSI İDEALLARLA YAŞAMASINDAN, VƏTƏNİNİ VƏ XALQINI NƏ DƏRƏCƏDƏ SEVMƏSİNDƏN, MİLLİ-MƏNƏVİ ÖZÜNÜDƏRKİNDƏN ASILIDIR"

Vətənin gələcəyi naminə xeyriyyəçilik - <b style="color:red">Lamiyə İsazadə ilə müsahibə</b>

Bu gün ölkəmiz otuz ildir davam edən və tarixə nəzər salanda, bundan da çox-çox əvvələ dayanan bir qonşunun düşmənçiliyi ilə mübarizə aparır. Azərbaycanın xarici siyasətində izlədiyi xətt ölkəmizi dünyaya sülhməramlı, humanist dövlət olaraq tanıdıb. Buna rəğmən zaman-zaman bir çox təxribat halları, xarici müdaxilələr özünü göstərir.

Məhz bu səbəbdən gənclərimizin vətənpərvər ruhda böyüməsi, bağlı olduğu tək ideologiyanın Azərbaycan və azərbaycançılıq olması ən vacib məsələmizdir. Təhsilin bu məsələdə oynadığı rol isə danılmaz faktordur. Yalnız vətənpərvər ruhda təhsil alan insanlar onu düzgün şəkildə gələcək nəsillərə ötürə bilər. Nə yaxşı ki, ölkəmizdə bu istiqamətdə bir çox işlər görən gənc kadrlarımız var. Lamiyə İsazadə də onlardan biridir.

Əvvəllər xeyriyyəçiliklə məşğul olan Lamiyə xanım, sonradan bu işi rəsmiləşdirib və hazırda QHT rəhbəri kimi fəaliyyət göstərir. Onun əsas qayəsi isə valideyn himayəsindən məhrum qalmış uşaqları cəmiyyətə qazandırmaq, düzgün təhsil-tərbiyə prossesinə cəlb olunmaları üçün dəstək olmaqdır. Biz də vətəninə, dövlətinə, xalqına bu qarşılıqsız xidməti göstərən xanımı yaxından tanımaq istədik.

"Kimsəsiz Uşaqların Sosial Müdafiəsi" İctimai Birliyinin rəhbəri Lamiyə İsazadə ilə müsahibəni sizə təqdim edirik.

- Lamiyə xanım, siz mətbuatda vətənpərvər ruhlu nitqlərinizlə tanınırsınız. Bu ruhda böyüməyinizdə kimin daha çox təsiri, rolu olub - müəllimlərin, ya valideynlərin?

- Vətənin və öz xalqının milli maraqlarını qorumaq hər kəsin vətəndaşlıq borcudur. Əsl vətənpərvərlik isə öz şəxsi maraqlarını vətən yolunda qurban verməyə əsaslanan emosional bağlılıqdır. Bu gün Azərbaycan gənclərinin hər biri vətənpərvər ruhda yetişir, vətənə bağlılıqlarını nümayiş etdirmək məqsədilə müxtəlif könüllü layihələrə qoşularaq dövlətimizə dəstək olurlar. Bilirsiniz ki, gənc nəslin vətənpərvərlik tərbiyəsi dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biridir. Vətənpərvərlik tərbiyəsi öz vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması baxımından olduqca vacibdir. Bu mənada təhsil müəssisələrində təlim-tərbiyə işinin düzgün təşkili mühüm əhəmiyyətə malikdir. Necə ki, uşağın tərbiyəsi ailədən başlayır, vətənpərvərliyin də başlanğıcı təhsil ocağıdır. Təhsil insanların fikir və düşüncələrinin, həyata baxışlarının formalaşmasında, dəyişməsində müstəsna rol oynamaqla bütün cəmiyyətin şüurunda dəyişiklik yaratmaq gücünə malikdir. Bu da onu deməyə əsas verir ki, gənclərimizin vətənpərvər ruhda böyüməsində müəllimlərimizin rolu daha böyükdür.

- Valideyn qayğısından məhrum uşaqlar təhsildən də məhrum olmasınlar deyə, "Kimsəsiz Uşaqların Sosial Müdafiəsi" İctimai Birliyini qurdunuz. Xeyriyyəçilikdə məhz bu istiqaməti tutmağınızın səbəbini bilmək olarmi?

- Bu təşkilatı yaratmağımız ölkəmizin gələcəyi olan uşaqların parlaq sabahına hesablanmış bir addımdır. Valideyn himayəsindən məhrum uşaqların təhsilinə dəstək qurumumuzun prioritet istiqamətidir. Çünki həmin uşaqlar təhsil almasalar, öz gələcəklərini istədikləri kimi qura bilməyəcəklər. Təhsilə marağı olmayan uşaqları isə məcbur qalıb hər hansısa peşəyə yönləndiririk. Təşkilatımız 5 ildir fəaliyyət göstərir və bu illər ərzində layihələrimizin çoxu təhsillə bağlı olubdur. Uşaqlara ödənişsiz təhsil təşkil edərək təhsilə maraqlarını artırmağa, bilik sahibi olmalarına çalışmışıq. Çünki insan bilik və təcrübənin yeni nəsillərə ötürülməsi ilə sivilizasiyanın yüksək zirvəsinə çata bilər. Həmin təcrübəni nəsillərə ötürmək missiyası isə təhsilin üzərinə düşür. Təcrübələr də göstərir ki, şəxsiyyətin inkişafında və formalaşmasında təlim-tərbiyənin, təhsilin rolu böyükdür. Yalnız şəxsiyyətin deyil, dövlətin, cəmiyyətin, ölkənin də taleyi gənc nəslin düzgün tərbiyəsindən, təhsilindən asılıdır.

- Sizin təşkilatın dəstək verdiyi uşaqların hamısı universitet səviyyəsində hazırlaşırlar, yoxsa peşə sahəsinə daha çox maraqlıdırlar?

- Təşkilatımız daha çox uşaqların universitet səviyyəsində hazırlaşmalarına dəstək verir. Lakin görəndə ki, təhsilə yönləndirmək istədiyimiz uşağın meyli hansısa bir peşəyədir, biz yenə də təslim olmuruq. Həmin uşaqla psixoloji səviyyədə söhbətlər aparır, onu düzgün istiqamətləndirməyə çalışırıq ki, sonradan seçdiyi peşəyə görə peşmançılıq yaşamasın. Həmin söhbətlər zamanı uşağın hansı potensial imkanlarına malik olduğunu görmək asan olur. İntellektual potensiala malik uşaqlar təhsilə daha çox meylli olurlar. Təhsilə qətiyyən marağı olmayan uşaqlara isə peşə seçimdə yardımçı olub dəstək veririk. Onların gələcəkdə kimsəyə möhtac olmadan yaşaya bilmələri üçün əlimizdən gələni edirik.

- Kimsəsiz uşaqlarla vaxt keçirir, onlara təkcə maddi yox, həm də mənəvi dəstək olursunuz. Uşaqlarda ən çox hansı ruh halını müşahidə edirsiz? Vətənə güvən, xidmət hissi müşahidə olunurmu?

- Əslində, uşaq evindəki uşaqların ruh halı heç də ürəkaçan deyil. Hər birinin qəlbində valideyn həsrəti, ana qayğısının nisgili var. Uşaq evindəki uşaqların əksəriyyətinin xatirə dəftəri, gündəliyi olur. Həmin dəftərlərdən bir neçəsini oxumuşam. Hamısı ana həsrətindən yazırlar. Onlara nə qədər mənəvi dəstək olmağa çalışsaq da, gözlərindəki kədəri silməyimiz qeyri-mümkündür.  Üzlərini güldürsək də, gözlərini güldürə bilmirik. Bəzən uşaqlar onları tez-tez görməyə gedənlərə "ana" deyə müraciət etmələrini təklif edirlər, kiməsə ana deməklə sanki təsəlli tapırlar. Uşaq evindən bir nəfər qız da mənə ana deyir. Ora gedəndə deyir anam gəlib. O mənzərəyə şahidlik etmək çox kədərli və üzücüdür. Onu da qeyd etmək istəyirəm ki, dövlətimiz uşaq evlərini hər bir şəraitlə təmin edib. Əsaslı təmir edilmiş uşaq evləri ən müasir avadanlıqlarla  təchiz olunubdur. Bu müəssisələrdə kimsəsiz uşaqlar üçün ev şəraitinə yaxın mühit yaradılıb. Ölkəmizdə davamlı olaraq  uşaqların hüquqlarının müdafiəsi, onların normal formalaşması, sağlam böyüməsinə yönəlmiş bir çox dövlət proqramları hazırlanır, layihələr həyata keçirilir. Bunu xüsusilə vurğulamaq istəyirəm ki, uşaqlar cənab Prezidentimizi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanı çox sevirlər. Onu da dərk edirlər ki, bu gün dövlətimizin diqqəti, qayğısı sayəsində heç nəyə ehtiyac duymadan təhlükəsiz şəraitdə yaşayırlar.

- Bir reportajınızda demişdiniz ki, insan silahla güclənmir, təhsillə, elmlə güclənir. Bu cümlə, bu baxış bucağı mənə çox təsir etmişdi. Biz düşməni olan xalqıq. Qarabağ adlı qanayan yaramız var. Bu cür şəraitdə ölkənin həm mətbuatı, həm təhsili daim vətənpərvərlik, milliyyətçilik xəttini izləməlidir. Siz necə düşünürsüz, insanlarımıza, xüsusilə gənc nəslə bu güruhu hansı yollarla aşılamaq, bunun üçün nə kimi tədbirlər görmək zəruridir?

- Mən cəmiyyətin, şəxsiyyətin formalaşmasında təhsilin rolunun böyük olmasını düşünərək söyləmişdim ki, insan silahla deyil, təhsillə, elmlə güclənir. Azərbaycanda da təhsilin inkişafına xüsusi diqqət yetirilməsi danılmaz faktdır. Sosial-iqtisadi həyatın müasirləşdirilməsində təhsilin rolu təkcə təhsil alanın qazandığı bilik və bacarıqların iqtisadi amilə çevrilməsi ilə məhdudlaşmır. Təhsil prosesində əldə olunan bilik və bacarıqlar həm də hər bir təhsil alanın cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaradır, onu öz biliyi və etik davranışı sayəsində örnək ola biləcək həmkara, nümunəvi ailə üzvünə və vətəndaşa çevirir.

Azərbaycan dünya miqyasında böyük nüfuza malik bir dövlətdir. Azərbaycanın xarici siyasətinin əsas prioriteti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasıdır. Bu istiqamətdə dövlətimiz diplomatik müstəvidə  uğurlu siyasət aparır. Ölkə başçımız hər zaman yerli və beynəlxalq çıxışlarında  bu mövzuya həssaslıqla yanaşır. Bir neçə gün əvvəl yerli telekanallarımıza verdiyi müsahibəsində də cənab Prezident işğalçı Ermənistana qarşı mövqeyimizin dəyişilməz olduğunu, münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasını bir daha vurğuladı. Hər bir ölkənin, xalqın gələcəyinin necə olması bugünkü gəncliyin hansı ideallarla yaşamasından, övladı olduğu vətəni, xalqı qarşısında borc, məsuliyyət hissini necə dərk etməsindən, vətənini, xalqını nə dərəcədə sevməsindən,  milli-mənəvi özünüdərkindən asılıdır. Əgər biz gələcəyimizi xoşbəxt, əmin-amanda görmək istəyiriksə, sadalanan cəhətlərin bugünkü gənclikdə olmasına çalışmalıyıq. Bu çalışmanın mərkəzində isə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi durur. Ona görə də gənclərin vətənpərvərlik tərbiyəsi, onlara vətənə, xalqa məhəbbət hisslərinin aşılanması həmişə olduğu kimi, bu gün də aktualdır.

Dövlətimiz böyüməkdə olan nəslin vətənpərvərlik ruhunda, milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyə edilməsinə çox böyük əhəmiyyət verir.  Bu, dövlətimizin və xalqımızın inkişafının əsasıdır. 

Natəvan ABDULLA

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub

 





16.07.2020    çap et  çap et