525.Az

Türkiyə hökumətinin Ayasofya qərarı


 

Türkiyə hökumətinin Ayasofya qərarı <b style="color:red"></b>

15 əsrlik tarixə sahib Türkiyənin ən çox turist qəbul edən muzeylərindən biri olan Ayasofyanın yenidən məscidə çevrilməsi xəbəri ilə bağlı müzakirələr davam edir.

Xatırladaq ki, İstanbulun fəthindən sonra Fatih Sultan Mehmed tərəfindən məscidə çevrilən (500 il məscid olaraq qalan) Ayasofyanın yenidən məscid kimi fəaliyyət göstərməsi üçünTürkiyənin hazırkı höküməti tərəfindən məhkəməyə müraciət edilmişdi. Müraciət Türkiyənin Dövlət Hüquq Şurasında müzakirə olunaraq, öz müsbət təsdiqi tapıb. Ayasofyanın Türkiyə Diyanət İşləri Başqanlığının balansına verilməklə məscid olaraq ibadətə açılmasına qərar verilib.

2020-ci il iyulun 10-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ayasofyanın məsciddən muzeyə çevrilməsi haqda Atatürk hökumətinin 14 noyabr 1934-cü il tarixli qərarının ləğv edilməsi haqda Dövlət Şurasının verdiyi qərarı imzalayıb. Elə həmin gün məbəddə azan səsləndirilib.

Ayasofyanın qısa tarixi

Ayasofya Şərqi Roma İmperatorluğu tərəfindən İstanbulda eyni yerdə üç dəfə inşa olunmuş ən böyük kilsə olub. İlk dəfə inşa edildikdə "Böyük Kilsə", V əsrdən İstanbulun fəthinə qədər "Müqəddəs Hikmət" adlandırılıb. 360-cı ildə imperator Konstantios tərəfindən, 415-ci ildə isə İmperator II Theodosisin göstərişiylə yenidən qurulan kilsə Teodozu xalq üsyanlarında məhv edilib. Bugünkü Ayasofya İmperator Justinianosun göstərişiylə dövrün iki görkəmli memarı olan bizanslı mühəndis Miletus İsidor və riyaziyyatçı Tralles Anthemius tərəfindən inşa edilib, tikintidə 10 mindən çox adam iştirak edib. Tikintisi 5 il 10 ay çəkən kilsəni Bizans tarixçiləri dünyanın ən böyük tikilisi adlandırıblar. Kilsənin içindəki mozaikalar 565-578-ci illər aralığında tamamlanıb.

Ayasofya 1923-cü ildə Cumhuriyyətin elanından sonra məscid kimi istifadə olunsa da, 1931-ci ildə bağlanıb. Daha sonra, 1935-ci ildə Mustafa Kamal Atatürkün və Nazirlər Şurasının qərarı ilə muzeyə çevrilib. Mustafa Kamal Atatürkün icazəsindən sonra muzeydə başlayan təmir-bərpa işləri 15 il davam edib və 1947-ci ildə tamamlanıb. 1996-cı ildə Dünya Mədəni İrsi Fondunun siyahısına əlavə edilən Ayasofyanın günbəz və minarələri 1997-2002 illərdə Fondun dəstəyi ilə bərpa edilib.

Ayasofyanın tarixi əhəmiyyəti

916 il kilsə olaraq ibadətə açıq olan bina 1453-cü ildə Fatih Sultan Mehmedin İstanbulu fəth etməsindən sonra məscidə çevrilir. 29 may 1453-cü ildə Osmanlı sultanı Fatih Sultan Mehmed İstanbulu fəth etdityi zaman Ayasofya yaralı Bizans əsgərlərinin, qadınlarının və uşaqlarının sığınacaq yeri olur. Sonra bir neçə gün boyunca  Pravoslav kilsə üzvləri Ayasofyada ibadətlərini davam etdirirlər.

1453-cü il 1 iyun tarixində İstanbulda ilk cümə namazını Ayasofyada qılan Fatih Sultan Mehmed bundan sonra Ayasofyanın Osmanlı hakimiyyətinin idarəçiliyində məscid kimi xidmət edəcəyini bildirir. Kilsə zəngi və xaç sökülür, mozaikaların üstü örtülür, yerində minarə və minbər tikilir.

Ayasofyada ilk minarə 1481-ci ildə inşa edilir. Fatih Sultan Mehmeddən sonra hakimiyyətə gələn II Bəyazidin dövründə başqa bir minarə də ucaldılır. 1509-cu ildə böyük İstanbul zəlzələsi zaman ilk minarə dağıldığı üçün yerində kərpicdən başqa bir minarə tikilir. II Sultan Səlimin hakimiyyəti dövründə yenidənqurma işləri aparılarkən daha iki minarə inşa edilir. Beləliklə, Ayasofyada fərqli vaxtlarda dörd minarə tikilir.

Ayasofyada ilk məzar II Səlimin məzarı olub. Sonralar burada padşahlar, həyat yoldaşları və şahzadələr də daxil olmaqla 43 fərqli məzar olub. Sultan III Murad, Sultan III Mehmed, Safiyə Sultan və Nurbanu Sultan da burada dəfn ediliblər. Ayasofya 1616-cı ilə qədər Osmanlı dövlətinin ən böyük və ən vacib məscidi hesab olunur.  Sonrakı zamanlarda məscidə mədrəsə, kitabxana və  mətbəx əlavə edilir.  Sonuncu dəfə Ayasofyadan 1849-cu ildə məscid olaraq istifadə olunur.

Bəs Ayasofya niyə bağlanır?

1923-cü ildə Cumhuriyyətin elanından sonra Ayasofya məscid kimi istifadə olunsa da, 1931-ci ildə bağlanır. 1935-ci ildə Mustafa Kamal Atatürkün və Nazirlər Şurasının qərarı ilə Ayasofya muzeyə çevrilir. Mustafa Kamal Atatürkün göstərişiylə burada həyata keçirilən təmir-bərpa işləri 15 il davam edərək, 1947-ci ildə tamamlanır. Muzey həm də UNESCO-nun Ümumdünya İrsi siyahısına salınır. Yeri gəlmişkən, 2015-ci ildə 3 milyon 425 min ziyarətçi sayına görə ölkə muzeyləri arasında birinci yerə çıxır. 

Ayasofya haqda yeni qərar və beynəlxalq reaksiya 

Ayasofya'yı 12 Yılda 31 Milyon Turist Ziyaret Etti! - Emlak Gündemi

Prezident R.T.Ərdoğanın Ayasofyanın yenidən məscidə çevrilməsi və Diyanət İşləri Başqanlığına təhvil verilməsi qərarına beynəlxalq reaksiyalar birmənalı olmadı.

Avropa Birliyinin (AB) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasətlərinin yüksək nümayəndəsi Xosep Borrell qərarı "acınacaqlı" hal kimi xarakterizə etdi. Ayasofyanın "simvolik, tarixi və ümumbəşəri mənada güclü bir dəyər" olduğunu ifadə edən Borrell, Türkiyənin "Mədəniyyətlər ittifaqının üzvü olduğu üçün dini və mədəniyyətlərarası dialoqa əsaslanan birlikdə yaşamaq və tolerantlıq mövzularında  məsuliyyət daşımalı olduğunu" xatırlatdı.

Almaniya Bundestaqının Xristian-Sosial İttifaqından (CSU) olan deputatı Florian Hahn Ayasofyanın məscidə çevrilməsi üçün atılan addımı "ortaq Avropa mədəniyyətinə qarşı  təxribat" adlandırdı və alınan qərara siyasi açıqlama verilməsinin vacibliyini dilə gətirdi.

Fransa Xarici İşlər Naziri Jan-İv Le Drian mövzu ilə əlaqədar açıqlamasında dedi ki, dini, memarlıq və tarixi baxımından zəngin olan Ayasofyanın bütövlüyü, inanc azadlığı, tolerantlıq və müxtəlifliyin rəmzi qorunub saxlanılmalıdır.

Yunanıstan Prezidenti Ekaterini Sakelaropulu Ayasofyanın məscidə çevrilməsini "beynəlxalq birliyə qarşı təxribat" olaraq xarakterizə etdi.

Roma Papası Fransisk da açıqlamasında Türkiyə hakimiyyətinin Ayasofya məbədinin muzeydən məscidə çevrilməsi barədə qərarından kədərləndiyini bildirdi.

Ayasofyaya böyük əhəmiyyət verən Rusiya dövlətinin Xarici İşlər nazirinin müavini Aleksandr Gruşko da qərarın üzücü olduğunu dilə gətirdi.

ABŞ Ayasofya qərarına münasibət bildirərkən Türkiyə hökumətinin Ayasofyanın statusunu dəyişdirmək qərarından məyus olduğunu qeyd etdi. ABŞ xarici işlər idarəsinin sözçüsü Morgan Ortagus Türkiyə hökumətinə müraciət edərək məhdudiyyətlər tətbiq olunmadan  binaya girişin hər kəsə açıq olmasını istədi. 

Məsələyə Türkiyənin mövqeyi 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ayasofya məbədinin muzey statusundan çıxarılaraq məscid kimi istifadəyə verilməsi barədə qərara Qərb ölkələrinin etirazlarına münasibət bildirərkən bunları dedi: "Ayasofya Fatih Sultan Mehmed Xanın İstanbulu fəth edərkən ilk cümə namazını qıldığı və fəth rəmzi olaraq məscidə çevirdiyi bir yerdir. Buna görə onun yaddaşımızda yeri əvəzedilməzdir. Ayasofyanın 1934-cü ildə məsciddən muzeyə çevrilməsi millətimiz üçün ağrılı bir qərar idi və ona görə Ayasofya orijinal məscid halına qayıtmalı idi.

Danıştay (Türkiyənin Dövlət İşləri üzrə Məhkəməsi) qərar verənə qədər ölkə daxilindən və xaricdən edilən narazılıqların da bizim üçün heç bir dəyəri olmadı. Bu, bizim daxili məsələmizdir, digər ölkələrə ancaq alınan qərara hörmət göstərmək düşər. Ayasofya yalnız müsəlmanlar üçün açıq bir ibadət yeri olmayacaq. Bundan sonra hər kəs Ayasofyanı pulsuz ziyarət edə biləcək, eyni zamanda, bəşəriyyətin ortaq mirası olmağa  davam edəcək. Bu tarixi binaya məxsus bütün xüsusiyyətlər qorunacaq. İbadət zamanı mozaika və freskaların üstü maskalanma sistemi ilə bağlanacaq".

Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik isə Ayasofya məscidində universal mədəni mirasın qorunacağını açıqladı: "Bu qədim ibadətgahın universal mədəni mirası qorunacaq. Xalqımızın həsrəti gözündə qalmadı. Dövlətimiz bunu suverenlik haqqına uyğun hüquqi, doğru qərarla reallaşdırdı. Ölkə başçısımızın mesajları aydındır. Bu qərardan xoşlanmayan dövlətlər ola bilər. Bizi maraqlandıran öz xalqımızın nə dediyi, nə istədiyidir. Bu qərarı bəyənməyən dövlətlərin mədəni və hüquqi səbəbləri yoxdur, yanaşmaları siyasidir".

 





16.07.2020    çap et  çap et