525.Az

"Döyüşlər başlayandan iki gün sonra Tovuza getmək qərarına gəldim" - Müsahibə


 

ƏMƏKDAR ARTİST İLKİN ƏHMƏDOV: "DÖYÜŞ BÖLGƏLƏRİNDƏ YALNIZ QARABAĞ AZAD OLUNANDAN SONRA OXUYACAĞAM"

"Döyüşlər başlayandan iki gün sonra Tovuza getmək qərarına gəldim" - <b style="color:red">Müsahibə </b>

Son günlər Azərbaycan-Ermənistan sərhəddinin Tovuz sahəsində baş verən qanlı hadisələr hər birimizi  narahat edir. Hər kəs bir yolla millətimizə, ordumuza dəstək olmağa çalışır. Bəziləri sosial şəbəkələr üzərindən şəhidlərimizin şəkillərini paylaşır, bəziləri onların əziz xatirəsinə yazılar, məqalələr həsr edir, bəziləri də elə cəbhə bölgəsində vətəndaşlarla çiyin-çiyinə dayanır.

Vətənin, millətin dar günündə ürəyinin səsini dinləyərək xalqın yanında olan incəsənət adamlarından biri də müğənni, Əməkdar artist İlkin Əhmədovdur. Gənc xanəndə bu günlər ərzində Tovuz rayonunun Ağdam və Əlibəyli kəndində yaşayan əhaliyə həm mənəvi dəstək olub, həm də əlindən gəldiyi qədər kömək göstərib. İlkin bəylə əlaqə saxlayıb onun təəsüratlarını öyrəndik. 

- İlkin bəy, döyüşlərin başladığı vaxtdan Tovuz rayonuna getdiniz. Necə oldu ki, cəbhə bölgəsinə yollanmaq qərarına gəldiniz?

- Döyüşlər başladığı gündən prosesləri izləyirdim. Artıq iki gün sonra cəbhə xəttinə yollanmaq qərarına gəldim. Məncə, vətənin bu çətin günlərində millətə dayaq olmaq olduqca vacibdir. Tovuza təkcə mənəvi dəstək üçün yox, lazım gələrsə, vətənə canımla, qanımla xidmət etmək üçün getmişdim. Döyüş zonasında vəziyyət bir qədər yumşaldıqdan sonra geri qayıtdım.

- Düşünürəm ki, Tovuza dəstək üçün heç düşünmədən cəbhəyə getmisinizsə, Qarabağda döyüş başlasa, əlinizdə silahla gedərsiniz...

- Sözsüz ki, bütün Qarabağ camaatı kimi, mən də döyüş əmrini böyük səbirsizliklə gözləyirəm. Qarabağda döyüş başlasa, cəbhəyə gedənlərdən biri də mən olacağam. Təki Qarabağımızın azad olunması üçün şərait yaransın.

- Döyüş gedən zonada ən çox diqqətinizi çəkən nə oldu?

- Ən çox diqqətimi çəkən amil gənclərdə möhtəşəm vətənpərvərlik hisslərinin olması idi. Onlar sözün əsl mənasında bu ağır karantin günlərdə cəbhə xəttinə axın edirdilər. Tovuz camaatının və əsgərlərin yüksək ruh yüksəkliyi də sevindirici məqamlardan idi.

- Fotoşəkillərdən gördüyüm qədərilə əhali sizi çox mehriban qarşılayıb. Əhalinin ovqatı ilə bağlı nə dəyə bilərsiniz?

- Tovuz eli çox qonaqpərvərdir. Neçə illər əvvəl el məclislərində də bunun şahidi olmuşdum. İndi bizi qarşılayanda da bu sevgini göstərdilər. Tovuza mənimlə bərabər, həmkarım, Əməkdar artist Babək Niftəliyev də getmişdi. Az da olsa, iki nəfər incəsənət nümayəndəsinin yanlarında olduğunu bilmək onlarda ruh yüksəkliyi yaratdı. Orada olduğumuz müddətdə çalışdıq ki, əhaliyə hərtərəfli kömək göstərək. Karantin qaydalarına əməl etmək şərtilə şəhid ailələrini də ziyarət etdik.

Mən aprel döyüşləri zamanı da döyüş gedən bölgədə olmuşdum. Elə o vaxtı da, bu günlərdə də ora oxumaq üçün getməmişdim. Döyüş bölgəsində yalnız Qarabağ torpaqları azad olunandan sonra oxuyacağam.

Hər kəs öz içindən gələni edir. Mənim ürəyimdən xalqın, vətənin yanında olmaq keçdi və bu istəyimi gerçəkləşdirdim. Tovuza getməmişdən bir gün əvvəl sosial media üzərindən sənət nümayəndələrinə ismarıc göndərdim ki, getmək istəyən dostlar cəbhə bölgəsində zəng etsin, görüşək. Bu ismarıcı görüb əlaqə saxlayanlar oldu. Onlara bildirdim ki, yalnız cəbhədə görüşə bilərik.

Günel ABBAS

 





21.07.2020    çap et  çap et