525.Az

Kimliyi olmayanlar Qənirə Paşayeva kimliyinə qarşı - Mövqe


 

Kimliyi olmayanlar Qənirə Paşayeva kimliyinə qarşı - <b style="color:red">Mövqe</b>

Son olaylar, son təlatümlər çox mətləblərə aydınlıq gətirdi.  Bir həftəlik müddətdə bəlkə də, on ilə sığacaq hadisələrə şahidlik etdik.

Bu ağır pandemiya dönəmində Azərbaycanımız bir cəbhə sınağı da yaşamış oldu. Artıq 30 ilə yaxındır, Qarabağsız yaşayan vətənimiz  Tovuz cəbhəsindən xain hücuma məruz qaldı. Dünyanın düz vaxtı dost da çox olur, qardaş deyənlər də. Kritik məqamlarda, ağır sınaqlarda hər kəs mahiyyətini ortaya qoyduğundan, bir növ bu günlər bizim cəmiyyətimiz, ölkəmiz üçün güzgü rolunu oynadı.

İndi zaman o zamandır ki, kimin nəyi necə etdiyi saniyələrdən az sonra dünyaya yayılır. Sürət əsri sürət həddində sərbəstdir. Bəhs etdiyimiz Tovuz olayları başlayan kimi hərə öz ampluasına sürətli keçid aldı desək, yanılmarıq. Doğrular doğru yollarıyla, oğrular oğru yollarıyla addımladılar. Bu millətin, bu dövlətin, bu ölkənin təəssübünü çəkən, ruhunda vətənini yaşadan hər kəsin ürəyi Tovuzda döyündü. Millət bir neçə günün içində yenidən bütövləşdi, yenidən birləşdi.

Əslən Tovuzdan olan tanınmış insanlar, ziyalılar bu ağır günlərdə paytaxtdan öz yurdlarına üz tutdular. Bu insanlardan biri də millətə vəkillik missiyasını ən yüksək səviyyədə yerinə yetirən Qənirə Paşayeva oldu. Atəşkəsin pozulduğu ilk günlərdən parlamentdə təmsil etdiyi rayona gedən millət vəkili insanların arasında, mərmilərin səpələndiyi kəndlərdə cammatın yanında idi. 

Savaş təkcə cəbhədə silahla getmir. İndi savaş həm də informasiya sahəsində gedir. Bu reallığı hamıdan yaxşı bilən millət vəkili ölkənin və dünyanın  müxtəlif informasiya vasitələrinə əsl həqiqətləri çatdırdı. Kipriklərindən yorğunluğun, acıların ağırlığı asılan bu zərif xanım başını dik tutaraq öz missiyasını yerinə vicdanla və ləyaqətlə yetirdi. Aldığı zədənin ağrısını ölkəsinin ağrılarının yanında heçə sayaraq, qolunu boynundan asdı və yenə şəhid analarını qucaqladı, şəhid övladlarını oxşadı. Bundan öncəki cümləni "vicdan" və "ləyaqət" sözləri ilə bitirdim. Bir an düşünürəm. Vicdanı və ləyaqəti dırnaq işarəsi ağuşunda olanlar iki gündür bu xanım haqqında niyə qarayaxma kampaniyası başlayıblar? Bu "adam"ların dərdi nədir? Onlar üçün müqəddəs olan hər hansısa anlayış varmı? Siz inansanız, mən də inanaram.  Məlum fotoşəkili sosial mediada öz qafaları miqyasında yazdıqları başlıqlarla paylaşmaqla nəyə nail oldular? Qənirə Paşayevanın kimliyi hər kəsə bəlli olduğu üçün kimliksizlərin ona hücumu nəyi dəyişər ki?

Bu kimi əməlləri az görməyib o insan, bu tip hücumlar ona tez-tez olur. Bəzən, düşünürdüm ki, bir insanın əsəbi, iradəsi belə vicdansızların hücumlarına necə tab edir? Amma indi o suala cavab tapmışam. Hücum edənlər vicdan sarıdan kasadlıq çəksələr də, hücum olunan tərəfin vicdanı təmizdir.  O təmiz vicdan onu yıxılmağa qoymur və qoymayacaq!..

 





21.07.2020    çap et  çap et