525.Az

Ölümün astanasında - Türkan Turan yazır


 

Ölümün astanasında - <b style="color:red">Türkan Turan yazır</b>

Qoca bir alim ölüm döşəyindəykən sevənləri başına yığılır.

Son nəfəsini vermədən əvvəl danışmağa başlayır: "Bilirsiniz, mən univeristetdə oxuduğum dönəmlərdə öyrəndiklərimlə bütün insanları, onların xətalarını, yanlış addımlarını düzəldəcəyimi zənn edirdim. Məzun olduqdan sonra qollarımı çırmayıb adamların canına düşdüm. Onlara elədikləri səhvləri söyləməyə başladım. Bunun üçün çox dəridən-qabıqdan çıxdım, ancaq bir müddət sonra baxdım ki, dünyadakı bütün insanları dəyişdirəcək gücə sahib deyiləm. Öz-özümə fikiləşdim ki, ən keyfiyyətli univeristetdə təhsil aldım, bu qədər oxudum, gecəmi gündüzümə qatdım, heç olmasa ölkəmə qayıdım öyrəndiklərimin onlara faydası toxunsun dedim. Vətənə qayıdan kimi buradakı insanları düzəltməyə, doğrunu, yanlışı göstərməyə çalışdım. Onu tənqid elədim, buna səhv etdiyini dedim. Yenə bir müddət sonra hiss etdim ki, öz ölkəmin insanlarını da dəyişəcək gücə sahib deyiləm. Üstəlik, yaşım da bəlli bir səviyyəyə çatıb. Düşündüm ki, ən yaxşısı oturum ailəmin, ətrafımdakı insanların doğrusunu, yanlışını düzəldim. Ona elə etmə, buna belə davranma, ora qoyma, bura getmə deyə-deyə bir də baxdım ki, xəstə yatağında ölümü gözləyirəm. Halbuki univeristetdən məzun olanda suya atılan bir daşın öz ətrafında yaratdığı dalğalar kimi öncə mərkəzdə özümü dəyişsəydim, mən dəyişdiyim üçün ailəm, ailəm dəyişdiyi üçün onun ətrafı, ətraf dəyişdiyi üçün başqa insanlarda dalğa-dalğa dəyişib öyrəndiklərimdən faydalanacaqdılar. İşə bax ki, nə qədər yanlış elədiyimi ömrümün sonuna yaxınlaşarkən başa düşürəm".

Ərgənlik və gəncliyin ilk dönəmlərində hər kəsin böyük iddiaları olur. Hələ ki dünyanın kirinin üzərinə hopmadığı həmin vaxtlarda hər gənc hesab edir ki, Yer kürəsi onların ətrafında fırlanır. Elə bilirlər ki, gərdişi dövranı dəyişə biləcək qədər güclüdürlər. Hətta özlərini dünyadan da böyük hesab edirlər. İllər keçdikcə, həyatın həqiqi üzünü gördükcə insan yavaş-yavaş büzüşür, qıvrılır, yenidən ana bətninə sığacaq qədər kiçilir.

Zaman insanı öncə dəyirman daşının arasına salınmış buğda kimi yaxşıca üyüdür, sonra ələyir, isladır, yoğurur, ən axırda da bişirir. Təəssüf ki, bütün bu proses bəzən ömürün son dəmlərində başa çatır. Həmin vaxt yuxudan top səsinə diksinmiş kimi qəflətən ayılırsan və görürsən ki, hər şey bir göz qırpımında uçub gedib. Nə qədər yanlış yaşadığını dərk edəndə iş-işdən keçmiş olur, sənə isə geriyə baxıb heyfislənmək qalır. Dünyanın gedişatını dəyişmək asan məsələ deyil. Həm insan bu cür böyük işə iddialıdırsa, eynən hekayədə deyildiyi kimi, öncə özündən başlamalıdır. Çünki bütün təcrübələr sübut edir ki, insan sadəcə özünü düzəltmək, dəyişmək iqtidarındadır. Bunu bacarmayan başqasını dəyişmək eşqinə düşəndə aləm bir-birinə dəyir.

Bu günlərdə ölümlə bağlı araşdırmalar aparıram. Kitablar, məqalələr oxuyuram. Çox maraqlı faktlar çıxır qarşıma. Onlardan biri ölümdən əvvəlki peşmanlıqla bağlıdır.

Avstraliyalı tibb bacısı Bronnie Vare illərlə evlərdə yaşlı və ölümcül xəstələrə qulluq edir. Təqaüdə çıxdıqdan sonra insanların ölümə yaxınlaşanda keçirdikləri hisslərdən bir kitab yazır. Kitabı "Ölümdən əvvəlki beş peşmanlıq" adı ilə çap etdirir. Varenin apardığı müşahidələrə görə, son günlərini yaşayan insanlar pulu, şöhrəti və uğuru tamamilə unudur. Geriyə söylədikləri bu beş maddə qalır. Ən maraqlısı həmin maddənin birincisində kimisə dəyişməyə çalışmağın peşmanlığı dayanır.

"Kaş insanların gözləntilərinə cavab verməyə çalışmaq, kimisə dəyişmək yerinə həyatımı istədiyim kimi yaşayaydım", deyirlər. Çünki insanlar ölüm ayağında etdiklərinə deyil, daha çox etmədiklərinə yanırlar. Özlərini qısıtladıqları, həyatlarını çərçivəyə saldıqları və yerli-yersiz göstərdikləri fədəkarlıqlar üçün peşman olurlar.

"Kaş bu qədər çox işləməyəydim", deyirlər. İnsanlar dayanmadan qarışqa kimi işləyirlər. Ömrün son günlərində isə dərindən ah çəkirlər, həmin vaxtı ailələrinə, sevdiklərinə ayırmamağın peşmanlığını yaşayırlar.

"Kaş duyğularımı ifadə edəcək qədər cəsarətli olaydım", deyirlər.  Bir çox insan duyğularını, sözlərini, demək istədiklərini basdırır. Ölənə yaxın içində necə böyük qəbiristanlıq yarandığının fərqinə varır. Basdırılan duyğular, hisslərin gizlədilməsi insanda küskünlük yaradır. Bu isə onu yavaş-yavaş daxildən çökdürür.

"Kaş dostlarımla bağlantılarımı heç qoparmayaydım", deyirlər. Həyat dəyişir, illər keçir, insanlar qocalır. Bütün bu dönəm ərzində hamını ətrafında saxlamaq asan deyil. Ona görə də, sona doğru insan dostları xatırlayır və nə qədər darıxdığını hiss edir.

"Kaş xoşbəxt olmağı seçəydim", deyirlər. Xoşbəxtliyin həyatda seçiləbilən bir duyğu olduğunu insanlar ölümün astanasında dərk edirlər.

Bütün dərin araşdırmaların, məqalələrin nəticəsi, aydın insanların gəldiyi qənaət eynidir: həyat qısadır, ölüm gözlə qaş arasındadır, başqalarını deyil, özünü dəyiş, öz üzərində çalış. Nə qədər görməzlikdən gələrək yaşasaq da, həyatın gerçəyi bunlardır!..

 





22.07.2020    çap et  çap et