525.Az

Polad zirvəsi - Məhsəti Musanın yazısı


 

Polad zirvəsi - <b style="color:red">Məhsəti Musanın yazısı </b>

"Kitabi-Dədə Qorqud" dastanından bilirik, oğuzlar uşağa doğulan kimi ad vermirmiş. O böyüyər, özünü göstərər, igidliyinə, gücünə  görə adı özü qazanarmış. Sonralar ad elə doğulan kimi, hətta doğulmamışdan öncə verilsə də, mən həmişə insanın  adı ilə taleyi arasında bir əlaqənin olduğuna inanmışam. Eynən  Polad Həşimov  kimi...

Adı kimi möhkəm  olan, nəfsinə, düşməninə, ədalətsizliyə boyun əyməyən Polad Həşimov. Ölümü ilə ölümsüzlüyə qovuşan, son günlər hamının daxilən danışdığı, xəyalı ilə söhbətləşərkən belə "Cənab general!" deyə pıçıldadığı

Polad Həşimov...

Cənab general!

Bu günlərdə  hamı Poladdır. Bütün sosial şəbəkə profillərindən, saytlardan, qəzetlərdən  sizin nurlu çöhrəniz görünür. Hamı Polada oxşamaq, polad kimi əyilməz olmaq istəyir. Gözlər qəlbin aynasıdır, deyirlər. Təbəssüm dolu baxışlarınızdan nə qədər böyük ümid, nə qədər böyük sevgi  oxunur.  Hər dəfə üzünüzün işığı  əks olunmuş  bu fotolara baxanda oğullarımız yumruğunu düyünlədi  bu qan yerdə qalmamalıdır deyə. Hər dəfə  bu fotolara baxanda qızlarımız köks ötürdü, için-için ağladı, bu qamətə, bu yaraşığa qıyılarmı deyə. Hər dəfə bu fotolara baxanda anaların içindən bir fəryad qopdu, belə  igid balaya qalxan əllər qurusun deyə...  Hər dəfə bu fotoları görəndə ataların çiyinlərindəki yükün üstünə bir Polad ağırlığı da çökdü, sizin böyüklüyünüz boyda daha bir dərdi də daşımalı oldular...  Hələ dünyanın  gerçək üzündən xəbərsiz balacaların, uşaqların sizi bapbalaca ürəklərinə  necə sığdırdıqlarını görəydiniz kaş...

Cənab general, döyüş vaxtı ancaq kasıb-kusubun balaları, uşaq-muşaqlar şəhid olur deyərək ruhdan düşənlərə göstərdiniz ki, döyüşlərdə general da olur, general da can verir. Siz və sizinlə birgə həlak olan oğullarımız sübut etdiniz ki, vətən sevgisi böyüyə-kiçiyə, varlıya-kasıba, sağlama-xəstəyə  baxmır. Bu hiss ya var, ya da yoxdur. Qalanı bəhanədir.

Sizdən sonra xatirələriniz  danışıldı, yazıldı. Ölənin ardıyca qohum-əqrabanın, dost-tanışın  yaxşı danışması adətdir. Buna alışmışıq. Amma sizin haqqınızda yazanlar və danışanlar buna məcbur deyildilər. Onlar sadəcə  qəlblərinin diktəsi  ilə sizinlə bağlı təəssüratlarını və xatirələrini bölüşdülər. Və bu xatirələri oxuduqca anladıq ki, biz sadəcə general itirməmişik. Biz böyük bir insanı - gözütox, qəlbi geniş, mühafizəkar, qayğıkeş, vicdanlı, sözdə yox, əməldə də vətənpərvər olmağı bacaran bir insanı itirmişik. Təəssüf hissi keçirərək, sizi vaxtında tanımadığımız üçün özümüzü qınayaraq  oxuduğumuz xatirələr  bir insanlıq dərsidir.

Cənab general, o xatirələrin birində yazırlar ki, məzuniyyət haqqından istifadə etmiş   əsgərlərinizdən biri  ata olubmuş. Baxmayaraq ki, məzuniyyətdən yeni qayıdıbmış, onunla danışmış, ondan razılıq edildiyini söyləyərək növbədənkənar, 10 günlük məzuniyyət vermiş, özünüz maşınla yola salmış, ata olmaq sevincini  doya-doya yaşamasına imkan yaratmışdınız. Həmin  əsgər verdiyiniz  zərfi evdə açarkən içində  yazdığınız təbrikin və müəyyən qədər pulun olduğunu görübmüş. Bilirsiniz niyə xatırlatdım bunu? Yaşar... Tovuz rayonu  istiqamətində gedən döyüşdə həlak olmuş  Yaşarımıza  deyin ki, 8 illik həsrətinə son qoyuldu. Onun da bir balası gəldi dünyaya. Deyin... Deyin  ki, hər şey istədiyi kimi oldu. Anası qurban kəsib payladı. Deyin ki, ciyərparasına  onun  sevdiyi  adı verdilər. Narındır bapbalaca, şipşirin  balanın adı. Atasının yadigarı Narın! Tovuzda sönən ulduz  Ağstafada  yenidən parladı.

Cənab general, deyirlər ki, dövlətin sizə verdiyi mənzili bir şəhid ailəsinə bağışlayıbmışsınız. Özünüz  yaşamamısınız həmin mənzildə. Amma siz milyonların ürəyini özünüzə mənzil etməyi bacardınız. Milyonların ürəyində əbədi yaşamaq haqqı qazandınız.Yeni mənzilləriniz mübarək!

Cənab general, onu da  deyirlər ki, əsgərlərə "uşaqlarım" deyir, işə gedəndə onlar üçün  diş məcunundan belə  alıb aparırmışsınız. Generalın diqqətindən yayınmayan kiçik ehtiyac... Diş məcunu...  Və bu xırda ehtiyacları da diqqətində saxlayacaq qədər böyük İNSAN!

Uşaqlarınızdan muğayat olun. Deyin ki, rahat uyusunlar. Deyin ki, bu qan yerdə qalmayacaq. Deyin ki, Azərbaycan xalqı yumruq kimi birləşməyi bacarır, birləşdikdə böyük olur, özünü sübut  edəcək qədər böyük... Deyin ki, o gün uzaqda deyil. Deyin ki, çox söz danışacaqlar, insanlarımızı kiçiltməyə çalışacaqlar, aciz olduğumuzu söyləyəcəklər, ruhdan salmaq istəyəcəklər, amma  alınmayacaq... Çünki biz məhz  bu günlərdə 1990-cı ildə, 2016-cı ildə göstərdiyimiz birliyin təsadüf olmadığını bir daha anladıq və anlatdıq. Sübüt etdik ki, bu xalq qadını-kişisi ilə, varlısı-kasıbı ilə, qocası-cavanı ilə birgə əl-ələ verməyə, torpaqlarımızın azadlığı uğrunda uf demədən canını  qurban etməyə  hazırdır və israrlıdır. Zəfər çalacağına inamlıdır. Bunun üçün insanlarımız  bir əmrə bənddir...  Sadəcə bir əmrə...

Hə, bir də deyirlər Azərbaycan mühitində belə insan yetişməsi  inanılmazdır. Deyirlər, təhsil aldığınız ölkənin  təsiri olub belə vicdanlı olmağınızda. O zaman ananızın söylədiyi bir fikri xatırladıram: "Döyüş əmri verilsə, döyüşə bilməsəm də, yeməyinizi bişirib, corabınızı yuya bilərəm".  Bu sözləri deyən ananın oğlu başqa cür düşünə bilərdimi? Hər kəs əmin olsun ki, bu oğullar elə Azərbaycanda yetişir, bu cür anaların tərbiyəsini almış, tanımadığımız Poladlar var...  Sadəcə onları tanıyacağımız məqam olmayıb. Necə deyiblər, "açılmayan qanadların böyüklüyü bilinməz".

Cənab general, Aprel döyüşlərində azad etdiyiniz  posta sizin  adınız verilmişdi. Polad postu. Amma  sizdən sonra danışılanlar Polad ismini gözümüzdə elə ucaltdı  ki, elə bir zirvəyə qalxdınız ki, hər zaman bu zirvə haqqında qürurla, sevə-sevə danışacağıq. Hər zaman gənclərimiz o zirvəyə qalxmağa çalışacaqdır. Bu, Polad zirvəsidir! Əyilməzlik, mərdlik, insanlıq, vətəndaşlıq zirvəsi!

 





22.07.2020    çap et  çap et