525.Az

Qələmsiz yazılanlar - Rəşad Məcidin status-esseləri


 

Qələmsiz yazılanlar - <b style="color:red">Rəşad Məcidin status-esseləri</b>

Adam bəd xəbəri deməyə ürək eləmir, dərd üstünə dərd gətirmək istəmir. Amma istəməsən də, bəzən buna məcbur olursan.

Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri, 30 illik dostum, şair, yazar, alim, Azərbaycanı qəlbdən, içdən sevən İrfan Çiftçi bu gecə ürəktutmasından vəfat edib.

Bu ağır xəbəri mənə səfirliyin mətbuat müşaviri Hüseyn Altunalan verdi. Səfir Erkan Özaral da zəng elədi, heyfisləndiyini söylədi. Səfir bizim dost olduğumuzu bilirdi. O da bərk sarsılmışdı və xəbərin gətirdiyi ağırlığı, acını mənimlə bölüşmək istəmişdi.

Heç bilmirəm bu ağır vaxtda onu tanıyan dostlara bu xəbəri necə çatdıracam.

Həyat yoldaşına, oğlanlarına, bütün yaxınlarına başsağlığı verirəm.

... Təxminən 30 il əvvəl idi, Bakıdan İstanbula birbaşa təyyarə reysləri təzə-təzə açılırdı. Səfərlərin birində fəal, ziyalı bir gənclə - İstanbul Universitetində çalışan İrfan Çiftçi ilə tanış olduq, dostlaşdıq. O, Azərbaycandan Türkiyəyə gedən bütün ədəbiyyat adamlarını axtarıb-arayırdı. İrfanın müxtəlif zamanlarda Aşıq Ədalət, Vaqif Səmədoğlu ilə necə tanış olmasından, görüşlərindən indi də əfsanə kimi danışılır.

İrfan Çiftçi Azərbaycanı çox yaxşı tanıyırdı və sevirdi. Həm də təkcə Azərbaycanı yox, bütün Türk dünyasını belə sevirdi.

İrfan sonralar İstanbul Böyükşəhər Bələdiyyəsinin mədəniyyət idarəsində işləyərkən mərhum kinorejissor Tofiq İsmayılovla birlikdə Azərbaycanın mədəniyyət və ədəbiyyat xadimlərinin Türkiyəyə səfərlərini müntəzəm təşkil edirdilər. Onların təşkilatçılığı ilə çox maraqlı, əhəmiyyətli və yaddaqalan tədbirlər keçirilirdi. O vaxtdan hər dəfə Türkiyəyə gedəndə İrfanla görüşürdüm, o da Bakıya tez-tez gəlirdi. Bakıdan olanda da ancaq ədəbiyyat adamları ilə, ziyalılarla görüşməyi arzulayır, tanımadıqları ilə tanış olmaq istəyirdi. Anar müəllimlə, Ramiz Rövşənlə, əksər ədəbiyyat adamlarıyla yaxın dost idi. Mən də Türkiyəyə gedəndə öz yazıçı, jurnalist dostlarımı onunla tanış edərdim, istəyirdim ki, onlar da Türk ədəbiyyatına, mədəniyyətinə dərindən bələd olan, Azərbaycanı çox sevən bu dərin biliyə malik ziyalını tanısınlar. Dəfələrlə onunla birlikdə İstanbulda Çorlu Mədrəsəsində Bakıdan və İstanbuldan olan dostlarla çay içmişik, indi nağıla, şirin xatirəyə çevrilən uzun söhbətlərimiz olub.

Sonra mən onun haqqında "Səfərin təzəsi, dostun köhnəsi" adlı yazı yazdım. Həmin yazı iki ölkənin dostluğuna hörmət və ehtiram nümunəsi kimi həm Azərbaycanda, həm də Türkiyədə çap olundu. Son illərdə İrfan mənim haqqımda geniş bir esse yazdı. O yazı da həm Bakıda jurnalda və kitabımda çıxdı, həm də Türkiyədəki kitabımın ön sözü kimi çap olundu.

İrfanın həyatının son illəri Azərbaycanda keçdi, Türkiyə səfirliyinin Mədəniyyət müşaviri vəzifəsində çalışdı. Bu vəzifədə yorulmadan, canı-dildən işlədi, Azərbaycanın ədəbi-mədəni mühiti, ictimai sektoru ilə sıx təmaslar qurdu, xüsusən gənc yazarlarla, sənətçilərlə birgə çoxşaxəli fəaliyyəti oldu, yaddaqalan, çox önəmli işlər gördü. Bu il martın əvvəlində səfirlikdəki fəaliyyət müddətini başa vurub Türkiyəyə döndü, amma Novruz bayramından sonra Bakıya qayıdıb 3 illik müşavirlik fəaliyyətinin yekunuyla bağlı tədbir keçirəcəyinə söz verdi. Sonra bu pandemiya, onun ardınca da bu qara xəbər...

Sonuncu dəfə İrfanla ölümündən bir neçə gün qabaq yazışmışdıq. Ovqatı yaxşı idi. Axırda mənə zəng vuracağını yazdı. Dünən, yəni iyulun 2-də baxdım, Votsapda axırıncı dəfə axşam saat 8-9 arası görünüb. Elə o vədələrdə də qəfildən ürəktutması keçirib, xəstəxanaya çatdırılıb, ayılıb, sonra ürəyi dayanıb.

Bir neçə ay əvvəl İrfanın, həm də Azərbaycanın yaxın dostu Şenol Demiröz dünyasını dəyişdi. O zaman İrfan mənə bir şəkil tapıb göndərmişdi. Uzun illər əvvəl çəkilmiş həmin şəkildə İrfan, Şenol Demiröz, Ramiz Rövşən və mən birlikdəyik. Bir neçə ay qabaq o şəkili paylaşıb Şenol bəyə vida sözü yazmışıdıq. İndi də İrfan özü qəfil bizi tərk etdi. Və mən o şəkili bu dəfə İrfana vida rəmzi kimi paylaşdım.

Ruhu şad olsun əziz dostumun! Onu unutmayacağıq!..

***

Çaylar tərsinə axacaq, adamlar bir-birinə düşmən kimi baxacaqdılar...

***

Sosial şəbəkələr insan münasibətlərinə ögeylik, soyuqluq, virtuallıq gətirdi, məsafəli ünsiyyət yaratdı - zahirən hamı bir yerdədir, amma hamı təkdir!..

Koronovirus isə sosial şəbəkələrin davamına çevrildi - canlı ünsiyyəti maksimum azaltmaq, insanları təkliyə alışdırmaq.

Növbəti mərhələ nə olacaq? Maraqlıdır...

***

Kür çayı Azərbaycan ərazisində axırıncı dəfə təxminən yüz il əvvəl donub...

***

Tanımadığımız nə qədər gözəl insanlar var.

****

COVİD-19-un baiskarının kimliyi konkret bəlli olmadığından insanlar ona qarşı qəzəbini hara gəldi, kimə gəldi səpələyirlər...

***

Hamının "bir vaxtları" olub...

***

İnsanlar bir-birinə qarşı niyə bu qədər qəddarlaşdılar?!.

***

Adamlar elə məlum məsələlərə təəccüblənirlər ki, mat qalırsan...

***

"Kanalımıza abunə olun!.."

Günün ən dəb, acizanə xahişi... :)

***

Dünya hər tərəfə fırlanır, hər yana çönür...

***

Nadanlıq genetik olur. Beynin qüsurudur...

***

Bizim də çaylarımız daşardı, sel gələrdi: bir dikdən seyr edib əyləncə, qeyri-adi mənzərə kimi tamaşasına durardıq...

***

İçinə yığılan məğlubiyyət kompleksindən, davamlı məyusluqdan, bədbin ovqatdan ürəyinin divarları çat vermişdi...

***

Hərdən mənə elə gəlir ki, informasiya texnologiyalarının, sürətli inkişafın törəməsi olan bu virus bəşəriyyətin təkərini geriyə fırlatmaq niyyətindədir: əvvəl-əvvəl göydələnlərin yuxarı mərtəbələri, sonra özləri yoxa çıxır və zamanın maşını 20-ci əsri göstərir... sonra da 19-u, 18-i...

Harasa keçmişə doğru. Harda dayanacaq? - Sükan arxasındakılar bilirlər yəqin...

***

Heç bir normal insan müharibə istəməz. Amma bu qədər torpağımız işğal olunubsa, heysiyyətimiz tapdalanıbsa, erməni kimi xəstə, namərd, qan hərisi düşmənimiz varsa, müharibə əleyhinə danışmaq kapitulyasiyadır, işğalla barışmaqdır.

Şəhidlərimiz qürurumuz, Ordumuz güvənc yerimizdir.

***

İnsanlarımızın Ordumuza dəstək, Qarabağı azad etmək ruhunun nümayişi olan dünən gecəki həmrəyliyi sözün ən mötəbər mənasında qürurverici, qəlbləri riqqətə gətirən mənzərə idi. Görüntülər ötən əsrin 80-ci illərininin sonundakı möhtəşəm həmrəyliyin təzahürü olan o unudulmaz dövrü xatırladırdı.

Amma bu səmimi emosional ovqata kölgə salan məqamlar, sonda başverən hadisələr - Milli Məclisin binasina daxil olmaq, dövlət binalarına zərər vurmaq, maşınları aşırmaq kimi hərəkətlər böyük təəssüf doğurdu. Açıq görünürdü ki, bu, xalqın nümayiş etdirdiyi o birliyi sinirə bilməyən hansısa qrupun, ya da qrupların təxribatıdır. Səsləndirilən bəzi dini şüarlar da göstərirdi ki, bu törədilənlər hansısa dairələrin təsirində olan məhdud düşüncəli, pis niyyətli qrupların işidir və əksəriyyətin etirazına baxmayaraq, onlar öz əməllərini davam etdiriblər.

Yenə ötən əsrin 80-ci illərinin sonlarındakı milyonluq mitinqləri xatırlayaq: o mitinqlər böyük həmrəylik, insanların vahid amal - vətənimizin bütövlüyü və azadlığı, Qarabağ uğrunda birlik ovqatıyla, həm də heç kimə, heç nəyə xətər yetirmədən, aksiya iştirakçılarının bir-birinə doğma münasibəti, səmimi ünsiyyəti şəraitində keçirdi.

Dünən gecə baş verən hadisələri törədən təxribatçı qrupların kimliyi əslində, xüsusi xidmət orqanlarına indiyəcən məlum olmalıydı. Olmayıbsa da, indi bu təhlükəli təmayülün daşıyıcılarının kimliyi aydınlaşdırılmalıdır və yəqin ki, aydınlaşdırılacaq. Dövlətimizi açıqda və gizlində istəməyənlər, gözü götürməyənlər çoxdur. Məlum düşmənlə savaşıb şəhidlər verdiyimiz günlərdə arxadan kürəyə bıçaq saplayırmış kimi xain əməlləri törədənlər və onların dəstəkçiləri tapılıb ifşa olunmalıdır. Hətta radikal müxalifət liderinin də "Azərbaycan hökumətinin gözü arxada qalmasın, düşməni yerində oturtmaq üçün dövlətin bütün resursları səfərbər edilməlidir, bütün gücümüzlə dövlətimizin və ordumuzun yanındayıq" bəyanatı ilə çıxış etdiyi bir məqamda bu təxribatçı qrupların hardan təlimatlandırıldığını müəyyənləşdirmək, insanların enerjisini, fərqli düşüncəli adamları torpaqlarımızın azadlığı uğrunda mübarizəyə istiqamətləndirmək zamanıdır. Dövlətimizin, Ordumuzun yanında olmaq, dəstək vermək indi ən ali vətənpərvərlikdir.

Tanrı Vətənimizi qorusun!..

***

Ağlına gələn yalanı danışır, ağzına gələn qələti eləyir, üstəlik, hələ sözünü bitirməmiş də deyir: bu videonu bəyənin, kanalıma abunə olun ki...

Sənin kanalına da, videona da...

***

Hərə öz hissini düşüncəsinə uyğun izhar edir. Ən qorxulu adamlar hissdən tam məhrum olanlardır...

***

Belorusdakı diasporumuzun Paşinyanın hazırda səfərdə olduğu Minsk şəhərində işğalçıya qarşı etiraz aksiyası keçirməsi yerinə düşərdi...

***

Operativ Qərargahın sərt karantin rejimini uzatmaq fikri varsa, bunu biraz incə, "pişim-pişim"lə etməlidir, əhalinin ovqatını da nəzərə almalıdır. Heç olmasa, hansısa yumşalmalara gedildiyini deməlidir: SMS-icazə 3 saata çatdırılmalı, tək gəzməyə icazə verilməli, gözəllik salonları, bərbərxanalar açılmalıdır və s.

Səbri, maddi imkanı tükənən insanlara həssaslıq göstərmək lazımdır. Açıq görünür ki, adamlar yorulub, nəfəs almaq istəyir...

***

Ərlə arvad bir-birinin ad gününü niyə Feysbuk vasitəsilə təbrik etsin ki?!.)

 





22.07.2020    çap et  çap et