525.Az

Böyük zəfər gününə aparan birlik - Rafael Hüseynov yazır


 

Böyük zəfər gününə aparan birlik - <b style="color:red">Rafael Hüseynov yazır </b>

Qart və məkrli düşmənlə üz-üzəsənsə, o, girəvə tapdıqca sənə namərd həmlələr edirsə, qisas alınması mütləqdir və bu qisasalma da yalnız atəş xəttində deyil, bütün istiqamətlərdə olmalıdır.

Erməniçiliyin hər növ mənhus sifətlərinə və eybəcər mahiyyətinə yaxşı bələd olan Prezident İlham Əliyev məhz belə də edir.

Ali Baş Komandanın müdrik rəhbərliyi ilə Milli Ordumuzun döyüş meydanında düşmənə endirdiyi dəqiq və sarsıdıcı zərbələr öz yerində, amma savaşın bir an dayanmadan atəşkəssiz davam edən digər istiqaməti olan siyasi cəbhədə Prezident İlham Əliyev ən mahir bir siyasət snayperi kimi durmadan düşməni alnından vurur.

Dahi Hegel təsdiqləyirdi ki, nitq heyrətli dərəcədə güclü vasitədir, amma ondan layiqincə istifadə edə bilməkçün gərək yüksək zəka sahibi olasan.

Kamil siyasətçinin, sabahı dünəndən görməyi bacaran, qərar qəbul etmək anında əzmli və tərəddüdsüz dövlət xadiminin mühümdən-mühüm bir silahı da elə cazibəli nitq, cəmiyyətə həqiqətləri çatdıra bilmək məharəti, rəqibini sözlə ən güclü silahdan da sarsıdıcı zərbəyə məruz qoya bilmək ustalığıdır.

Onu da, bunu da Prezident İlham Əliyev ən mükəmməl bir şəkildə dəfələrlə düşmənə nümayiş etdirərək onun burnunu ovubsa, acı dərslərini veribsə də, təkəbbürlü cahillik qanında olan düşəmən özünə yığılmır ki, yığılmır.

2016-cı ilin aprelində Azərbaycanın öldürücü zərbələrindən ümummilli vahiməyə bürünən Ermənistan hər halda anladı ki, bizimlə yalnız özü üz-üzə qalacağı təqdirdə taleyi ən qısa müddətdə birdəfəlik həll edilə bilər və Lələtəpə dəhşətini bütün ordusu yaşayar.

Söz, fikir meydanında, siyasi düşüncə döyüşündə Azərbaycan Prezidenti ilə artıq həmin aprel qarşıdurmalarından sonra bir neçə dəfə təkbətək qalarkən Ermənistan rəhbərinin necə darmadağın edilərək miskin hala düşməsini dünya da görüb, hətta bunu, kor-kor, gör-gör olduğundan, məcbur qalaraq ermənilər özləri də etiraf edib.

2020-ci ilin iyul günlərində isə Ermənistan və onun cinayətkar rəhbərliyi həm o, həm bu silahla həmin zərbələrin ikisini də eyni vaxtda, üst-üstə aldı.

Məkanca erməni fitnəkarlığına lap yaxın məsafədə qərar tutan Tovuz-Qazax tərəflərdə Milli Ordumuzun sayıqlığı da həmişə yüksək olub, o tərəflərin camaatı da indi deyil, hələ 1980-ci illərin sonlarından bəri mütəmadi erməni təxribatlarına uğramalarına rəğmən mətin, qorxmaz davranışları ilə həmişə Azərbaycan insanının rəğbət və iftixarına layiq görülüblər.

Azərbaycan öz ərazilərinin Dağlıq Qarabağdan, ümumən Qarabağ bölgəsindən xeyli aralıda yerləşən bu hissəsinin Ermənistanla həmsərhəd olan xəttinin mühafizəsini Milli Orduya yox, Sərhəd Qoşunlarına həvalə etməklə bu istiqamətdə heç bir hərbi məqsədinin olmadığını Ermənistana da, əslində, dünyaya da açıqca bəyan edib.

Lakin 2020-ci il iyul ayının 12-də Ermənistan ordusunun məhz bu istiqamətdə Azərbaycan torpaqlarını atəşə tutması və törətdiyi qanlı təxribatlar növbəti dəfə necə rəzil bir qonşu və düşmənlə qarşı-qarşıya olmağımızdan savayı, bir daha əyani şəkildə bütün dünyaya göstərdi ki, Ermənistanın 30 ilə yaxın müddətdə davam edən münaqişənin Dağlıq Qarabağ məsələsi olması, guya münaqişədə qondarma "Xankəndi rejimi"nin əsas tərəf sayılması iddiaları riyakarlıqdan başqa bir şey deyildir, Azərbaycanla elan edilməmiş müharibə aparan, elə hər kəsə bəlli olduğu kimi, məhz Ermənistanın özüdür.

Əlbəttə, dərhal Ali Baş Komandanın göstərişi ilə Milli Ordumuz düşmənin başına ən ağır yumruq sayılacaq cavabı da verdi, qisas da alındı və alınmaqda davam da edir.

Ermənistan elə itkilərə məruz qoyuldu ki, əvvəlcə bunları öz ictimaiyyətindən gizlətməyə çalışsa da, miqdarın və həcmin həddən artıq iriliyi asta-asta onları etirafa vadar qıldı.

Lakin Prezident İlham Əliyevin danılmaz sübutlara söykənən ifşaçı sözləri ilə düşmənə vurduğu zərbə Tovuz səmtində ordumuzun qəsbkar Ermənistanın canlı qüvvəsini, hərbi texnikasını, sərhədboyu yerləşən dayaq məntəqələrini məhv etməklə yekunlanan zərbələri ilə müqayisədə daha sarsıdıcı oldu.

Ənənəvi saxtakar xislətinə uyğun olaraq Paşinyan rejimi yenə dünyanın gözünə kül üfürməyə, guya birinci həmləni Azərbaycanın etdiyi yalanını yaymağa başladı.

Axı Paşinyan həmin Paşinyan idi və Prezident İlham Əliyevlə belə söz savaşında eyni üsullardan istifadə etdiyi halda hansı rəzil duruma düşdüyü onun yadından çıxmamalı idi.

Axı Ermənistan rəhbərinin yaxşı yadında olmalı idi ki, 2018-ci il oktyabrın 3-də Soçidə "Valday" Beynəlxalq Diskussiya Klubunın XVI illik iclasında Prezident İlham Əliyevə "nöqtə" ilə hücuma keçmək istəyəndə Azərbaycan dövlət başçısının "nida" nokautu ilə necə xar edilmişdi.

Axı Paşinyan unutmamalı idi ki, elə bu hadisədən azacıq sonra MDB Başçıları Şurasının 2019-cu il oktyabr ayının 11-də Aşqabadda keçirilən toplantısında Prezident İlham Əliyev faşist Qaregin Njdeni müasir Ermənistanda qəhrəman kimi göstərən rejimin elə özünün də faşist xislətli olmasını bəyan etməklə onu necə miskin vəziyyətə saldı.

Axı Paşinyan unutmamalı idi ki, elə bu ilin 16 fevralında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən açıq dialoq əsnasında Prezident İlham Əliyev artilleriya atəşləri kimi düşməni yerlə-yeksan edən kəskin sözü, hamını inandıran dəlilli-sübutlu müddəaları, yeri düşəndə istehzaları ilə onu necə dünyanın gözü qarşısında məsxərə obyektinə çevirdi.

Və indi, 2020-nin iyul günlərində Paşinyana və onun dövlətçilik karikaturası adlanası rejiminə Prezident İlham Əliyevdən həmin sadalanan köhnə zərbələrdən də təsirlisi və ağırı gəldi.

Yenə Paşinyan və onun administrasiyası dünya siyasət arenasının lağ hədəfinə gətirildi.

İyulun 15-də televiziya ekranından göstərilən və Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə Prezident sözlərini, əlbəttə ki, yalnız həmin dəqiqələrdə onunla ekranda üzbəüz olan nazirlərə deyil, hamıya deyirdi.

Bizə və dünyaya!

O cümlədən, qulaqlarını şəkləyərək Azərbaycandan gələn hər yeniliyi, illah da Prezidentin dilindən çıxan hər kəlməni güdən Ermənistana.

Prezident Ermənistanın yalanlarını açıb tökür və Ermənistanın qlobal siyasət taxtasındakı naşı və səfeh davranışlarına rişxənd edirdi.

Amma bu, həm də ciddidən-ciddi xəbərdarlıq idi ki, ağır cəza gününə də hazır olun: "Ermənistan dırnaqarası "Azərbaycan diversiyası"nı əsaslandırmaq üçün çox ağılsız və hesab edirəm ki, onların səviyyəsinə uyğun səbəb göstərməyə cəhd etdi. Guya ki, Azərbaycanın hərbi qulluqçuları - iki nəfər UAZ maşını ilə Ermənistan sərhədini pozaraq hərbi diversiya törətməyə cəhd etmişlər. Sual olunur: hansı ölkənin ordusu hücumu iki zabit və əsgərlə UAZ maşını ilə təşkil edir? Bəlkə Ermənistan ordusu belə "müdrik" hərbi əməliyyatlar hazırlamaqla məşğuldur? Ancaq Azərbaycan Ordusu və dünyanın heç bir ordusu belə ağılsız addım atmaz. Yəni bu cəfəng versiyanın Ermənistan tərəfindən təqdim edilməsinin əsas səbəbi günahı bizim üzərimizə yıxmaqdır, hər dəfə olduğu kimi. Ancaq bu dəfə buna heç kim inanmayıb. Hərbi mütəxəssis olmaq lazım deyil ki, bu cəfəng versiyaya insanlar inansın. Əsl vəziyyət ondan ibarət idi ki, bir daha demək istəyirəm, bizim hərbi postumuz artilleriya atəşi ilə vurulub və bu qəfil çirkin addım nəticəsində hərbçilərimiz həlak olublar. Dərhal mən bütün müvafiq göstərişlər verdim. Azərbaycan Silahlı Qüvvələrinə göstəriş verdim ki, hərbçilərimizin intiqamı alınmalıdır, onların qanı yerdə qalmamalıdır və düşmənə elə bir zərbə endirilməlidir ki, onu uzun illər bundan sonra yaddan çıxarmasın".

Parlaq siyasətçinin əsas qüdrəti ondan ibarətdir ki, az sözlə çox mətləbləri ifadə edə bilsin, onu dinləyənlərə dediklərindən daha geniş məlumat fəzasını təsəvvür etməyə imkan yaratsın.

Prezident İlham Əliyevin siyasi natiqliyinin önəmli özəlliklərindən biri də odur ki, dövlət başçımız şifahi nitqinin daxilinə yazılı mətndə ifadəsi bəlkə bunca təsirli ola bilməyəcək çalarları da artırır.

Çünki şifahi ifadədə sözdən əlavə natiqin öz enerjisi, gücü, hökmü, sözü rəngdən-rəngə boyayan barışmaz, cəsurluq saçan intonasiyası, qətiyyəti də var.

Prezident İlham Əliyev bir daha elan edirdi: "Ermənistan qüvvələri bir santimetr belə Azərbaycan torpağına girə bilməmişlər və heç vaxt buna nail olmayacaqlar".

Prezident İlham Əliyev davam edirdi və onun bu sözləri nə hədə idi, nə qorxutmaq cəhdi: "Əgər biz istəsəydik, bu gün Ermənistanın o ərazisində torpaqların böyük hissəsi nəzarətimizə keçə bilərdi. Ancaq bizim qarşımızda belə məqsəd dayanmır".

Ermənistan hakimiyyəti bu sözlərin onların yuxusunu qaçıran həqiqətinə şəkk etməz!

Çünki yadlarındadır axı 2016-cı ildə Aprel döyüşlərində onlara nə təhər qulaqburması verildi, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi onların kirli caynağından necə qoparıldı, hafizələrindən silinməyib ki, 2018-ci ildə Naxçıvan əməliyyatı nəticəsində on min hektardan çox torpaq sahəsi Azərbaycan Ordusu tərəfindən nə sayaq götürüldü və o ətrafdan erməni hərbi hissələri necə pərən-pərən salındı, axı dərk edirlər Azərbaycan Ordusu tərəfindən alınmış strateji yüksəkliklər imkan verir ki, Ermənistanın bir neçə yaşayış məntəqəsi ovuc içərisindəymiş kimi Azərbaycan Ordusunun tətiyi altında olsun, axı bilirlər ki, Ermənistandan Dağlıq Qarabağa gedən avtomobil yolu Azərbaycanın nəzarətindədir, axı onlar Ali Baş Komandan İlham Əliyevin dilindən qopan sözlərin gücündən, çəkisindən və qısa vaxt ərzində necə gerçəkləşməsindən başlarında çatlayan acı təcrübələrə əsasən agahdırlar.

***

Prezident İlham Əliyevin sözünə millətin həmişə ehtiyacı var.

Çünki bu səs xalqa həqiqətləri çatdırır, onu ümidləndirir, qələbələrə kökləyir, inamlı edir.

Lakin zənnimcə, İlham Əliyev sözünə bu günlərdə xalqın ehtiyacı bəlkə də hər vaxt olduğundan daha artıqdır.

Çünki bu günlər bütün Azərbaycan gərili bir sim kimidir.

Bütün Azərbaycan!

2020-ci ilin narahat, atəşli, qurbanlı və qisaslı, yağıya qarşı dağıdıcı həmləli iyul günləri yenidən bu ulu həqiqəti ortaya qoydu ki, millətimizi qovuşduran, bir edən ən ali qüvvə Vətən duyğusu, Vətən torpağının qeyrətiylə nəfəs almaq hissi, Azərbaycan təəssübkeşliyidir.

Hər şəhidimizin hər damla qanı millətin içərisində bəzən mürgüləyən kimi təsir bağışlayan müqəddəs birlik duyğularını bir vulkan kimi püskürtdü.

Hər itkimizə ən doğmamızı qeyb etmişik kimi hamılıqla qəlbən yanmaqla yanaşı, bu nigaran günlərdə, 2016-nın aprel günlərindəki sayaq, daxildən qüvvətlənən milli birlik xoşbəxtliyimizin nə müstəsna səadət olmasının fərqindəsinizmi?!

Yuxusu qaçmış millətin gün boyu gözləri və qulaqları döyüş bölgəsindən gələn xəbərlərdədirsə, itkilərimiz və yaralılarımız barədə cəbhədən çatan hər sorağı bütün Azərbaycan anaları "Can bala!" nidası ilə, bütün Azərbaycan kişiləri qəhərini udmaqla qarşılayırsa, Ali Baş Komandanın mərdanə çağırışları uşaqdan tutmuş ən qocaman insanımızadək bütün millətin ürəyində əks-səda verir, xalqı daha həmrəy edirsə, hər kəsi haqq işimiz naminə xain düşmənə qarşı qəzəbə və intiqama səfərbər edirsə, deməli, BÖYÜK ZƏFƏR GÜNÜ lap yaxındadır!

***

Prezident İlham Əliyev sözün siqlətini yaxşı anlayan və duyan, hər sözü tam məqamında sərrast ustalıqla deməyi bacaran siyasət və dövlət xadimidir.

Yüz minlər, milyonlarla insan qarşısında, kütlələrə, mətbuata, başqa sözlə, hamıya eşidilmək üçün söylədiyi fikirlərdə o daim dəqiq, sərrast və dərindir.

Və Prezident İlham Əliyevin bu qəbil nitqlərini sadəcə dinləmək azdır.

Sonra bu mətnləri mütləq diqqətlə oxumaq, təhlil etmək, millətimiz və dövlətimizin ümdə maraqları baxımından həmin sətirlərin yalnız üst layında deyil, ilk baxışdan görünməyən qatında və alt təbəqələrində də hansı anlamların, incə işarələrin, xəbərdarlıqların, yadasalmaların gizləndiyinə də göz atmaq məsləhətdir.

Gərək bu qəbil nitqlər və həmin nitqlərdəki önəmli siyasi düşüncələrlə bağlı günündəcə, hadisələrin axarında olduğumuz vaxtda yazıla, araşdırmalar aparıla, ilk baxışdan qavranılması qəliz görünən mühüm nöqtələr də şərh və izah edilə.

Yoxsa ki, müəyyən vaxt keçəndən sonra konkret tarixi kontekstin çox təfərrüatları unudulur, illər, onillər sovuşandan, müasirlər, olmuşların şahidləri gedəndən sonra tarixi həqiqətləri bərpa etmək xeyli müşkülləşir.

Zaman ötəndən sonra dünənlə bağlı danışanların tarixi, baş vermişləri hərəsinin özünə görə bir cür təhrif etməsini də heç yaddan çıxarmayaq.

Ona görə də cərəyan edən hadisələrə də, ölkə rəhbərinin o gedişatda xalqa və dünyaya müraciətlə söylədiklərinə də elə isti-isti dəyərləndirmələr vermək daha doğrudur.

İyulun 14-də Bakı, Azərbaycan həyəcanlı, qürurverici bir tarix yaşayırdı.

Həmin gün millətlə dövlət birgəliyinin, Prezidentlə xalq vəhdətinin təntənəsi idi

(Bu da təqvimin və tarixin bir cazibəsidir ki, həmin gün unudulmaz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin başlanmasının düz 51-ci ildönümünə təsadüf edirdi).

İyulun 14-ü idi və Bakının mərkəzi küçələri insanla dolu idi.

Qarabağ, Vətən, düşmənə nifrət, torpaqlarımız uğrunda can fəda etmişlərə məhəbbətlə çağlayan bu insan selini anındaca bütün Azərbaycan izləyirdi.

Çünki hər kəsin əlində bir telefon bu qürurverici səhnələri çəkirdi, yayırdı, yurdun dörd bucağında xalq qəlbinin bütün həyəcanı və yeyin döyüntüləri ilə bunları seyr edirdi.

Həm də bütün bunlar insanların küçəyə, meydanlara çıxmasının azad olduğu bir gündə deyil, ciddi karantin rejiminin həyata keçirildiyi əsnada baş verirdi.

Bakı küçələrini coşquları ilə dolduran o insanlar dünənədək gün ərzində bir dəfə ikicə saatlığa küçəyə çıxmaqçün xüsusi icazə alırdılar.

İyulun 14-də isə silahlı qarşıdurmaların getdiyi sərhəd səmtindən gələn soraqlar, Ermənistanın Azərbaycana qarşı yeni təcavüzkar tərpənişləri, igid əsgər və zabitlərimizin şəhid olması haqda yandırıcı xəbərlər, elan edilməmiş bu qəsbkar müharibənin, 30 ilə yaxın müddətdə davam edən Ermənistan-Azərbaycan münaqişəsinin həllinə cavabdeh olan dünya təşkilatları və sözükeçər dövlətlərin bəzən susqun, bəzən süst, bəzən laqeyd və insafsızca ədalətsiz münasibəti artıq bezmiş, yorulmuş insanlarımızın səbr kasasını daşdırmışdı.

Dilimizin əzbəri himnimizin içərisindəki bir and o gün hər kəsin həm dilində, həm könlündə idi: "Səndən ötrü can verməyə cümlə hazırıq, Səndən ötrü qan tökməyə cümlə qadirik".

Və ertəsi gün Prezident İlham Əliyev xalqa və dünyaya səslənərək iyulun 14-dəkiləri təhlil edir, qiymətlərini verirdi.

İyulun 14-də Bakı küçələrindəki insan seli asta-asta, uzun saatlar ərzində yaranmağa başlamış, axşamdan xeyli keçəndən sonra, gecə vaxtı pik həddinə çatmışdı.

Əlbəttə, hökumət lazım bilsəydi, küçələrdə indiki nigaran pandemiya dönəmində belə axının yaranmasının qarşısını elə əvvəldən alardı.

Lakin maneçilik törədilməmişdi.

Və bu, qətiyyən sadə məsələ deyil.

Dövlət özünə arxayın olmasa, millətinin müdrikliyinə inanmasa, xalqla hakimiyyətin birliyi, yekdilliyi olmasa, yüz cür gözlənilən və gözlənilməz təhlükə də vəd edən belə axına icazə verilərdimi?

Heç vəchlə!

İçərisi təlaş dolu onminlərlə insan küçələrdə, meydanlardadırsa və bütün bunlar ölkənin daxilində də, xaricdə də müxalif, bir sıra hallardasa düşmən qüvvələrin fəal təbliğat apardığıı dövrdə cərəyan edirsə, dövlət də bu elan olunmamış sövq-təbii yaranan möhtəşəm etiraz mitinqinə dəstək verirsə, hüquq mühafizə orqanlarının, Daxili Qoşunların sıra-sıra təmsilçiləri nümayişçilərin təhlükəsizliyinin təmin olunmasına cani-dildən səy göstərirsə, bu, həmin günün fəlsəfəsini aydınca nişan verir.

Dövlət və xalq ürək-ürəyə, əl-ələ olmasaydı, 7-8 saatdan çox çəkən bu tarixi hadisə belə mütəşəkkil, belə dinc, kəskin narahatlıqlar doğurmayacaq qədər rəvanlıqla keçməzdi.

Bu, ilk növbədə ən ekstremal vəziyyətdə özünü nümunəvi aparmağı bacaran xalqın qələbəsi idi.

Bu, xalqın haqq səsinə səs verməyi bacaran hakimiyyətin təntənəsi idi.

Bu, xalqla onun Prezidentinin birliyinin zəfəri idi.

Bunca nəhəng bir axının müşahidə edildiyi gün boyunca nə qədər desən təxribat da törədilə, qarışıqlıq da baş verə bilərdi.

Amma baş vermirdi.

Çünki ilk növbədə prosesə xalq özü nəzarətçi idi və bu nöqtədə də xalqla iqtidar birlikdə idi.

Artıq gecə saatlarında, camaat dağılışmağa başlayanda bir bölük başıpozuğun Milli Məclis binasında törətdikləri isə, mənim qənaətimcə, hakimiyyətə qarşı deyil, birbaşa xalqın əleyhinə atılmış addım idi.

Şübhəsiz ki, xüsusi təlimat almış həmin başıpozuq dəstəni yönəldənlər də, elə o başıpozuqların özləri də yaxşı anlayırdılar ki, bu boyda xalq selinin və bu qüdrətdəki dövlət gücünün qarşısında heçdirlər, Parlament binasında bir gül dibçəyini aşırmaq, qapı sındırmaq, stul-kreslo aşırmaqla yel olub nə xalqın, nə iqtidarın yanından keçmək mümkündür.

Onların məqsədi xalqın bu mütəşəkkilliyinə ləkə vurmağa, gözdən salmağa çalışmaq, niyyətləri millətin dövlətlə birliyinin təntənəsinə çevrilmiş günü ovsanadan çıxarmaqçün öz irinlərini tökmək idi.

Belə mərdimazarlığı kimlər edər?

Əlbəttə ki, düşmən, əlbəttə ki, düşmənin qısqırtdığı kəslər, düşmən fitvası ilə hərəkət edənlər!

(Lakin hətta iyulun 14-dən 15-nə keçən gecə baş vermiş bu xırda xoşagəlməz hadisələrə də bir ayrı görüm bucağından yanaşmaq və şərh etmək, xalq etirazının təməl məramına müvafiq şəkildə yozmaq mümkündür. Nəinki mümkündür, hətta lazımdır!

Əslində, ora təxribat məqsədi ilə göndərilmiş dəstənin də əməlləri nəticə etibarilə bu adilikdən uzaq xalq hərəkatının ümumi məqsədi və qayəsinə xidmət etmiş oldu. Bunları da dünyaya çatdırmalıyıq və Ermənistan da ibrət götürməlidir ki, sonu görünməyən nəticəsiz danışıqlar, torpaqlarımızın belə uzun müddət işğal altında qalması milləti elə coşdurub ki, dövlətdən inadla səfərbərlik istəyir, savaş elan edilməsini umur. Azərbaycan insanının kükrəyən qəzəbinin bircə qəlpəsidir ki, saatlarla cərəyan edən bu nəhənglikdə yürüşün gedişində 1-2 avtomobilə ziyan dəyir. Düşmən və ona himayədarlıq edənlər anlamalıdır ki, bu, sadəcə işarədir, xalqın şahə qalxan, ramedilməz qəzəb fırtınası sabah elə həmin avtomobil kimi bütün Ermənistanın altını üstünə çevirə bilər).

Dövlətin başçısı, buna qətiyyən şübhə yoxdur ki, iyulun 14-ü axşamında cərəyan edənlərin hər dəqiqəsi haqda məlumatlar alırmış.

Bu da aydındır ki, həmin saatlarda "Biz bu an döyüş meydanına, cəbhəyə getməyə hazırıq" hayqıranların səmimiyyətinə də sidq-ürəkdən inanırmış. 

Əgər Prezident İlham Əliyev deyirsə ki, iyulun 12-dən, Tovuz rayonunda erməni fitnəkarlıqları törədiləndən sonra rəsmən hərbi xidmətə getmək üçün təcili olaraq müraciət edənlərin sayı 150 nəfərdir, onların da təqribən yarısı elə qanlı atışmaların cərəyan etdiyi bölgədəndir, ilk növbədə ağıllı, mətləb duyan insan niyə belə deyildiyi, bu cür bəyan etməklə Prezidentin nələri çatdırmaq istədiyi barədə fikrə dalmalıdır.

Əvvələn, belə kiçik rəqəmi dilə gətirməklə dövlət başçısı Ermənistana və dünyaya səslənir ki, baxın, bunca ədalətsizliklə üzləşsək, növbəti dəfə hücuma məruz qalsaq, itkilər versək də, xalqımız təmkinlidir, müharibənin yenidən qızışmasında maraqlı deyil.

Amma həmin balaca rəqəmi deməklə yanaşı, dövlətimizin başçısı iyulun 14-də küçə və meydanlara çıxaraq hər an cəbhəyə getməyə hazır olanları təqdirlə xatırladı və onları alqışladığını da birbaşa söylədi.

Bununla da qarşı tərəfə anlatdı ki, baxın, bu 150 nəfər dediyimiz sabah bircə gün içində 15 min də, 150 min də ola bilər.

Ancaq bununla yanaşı, Prezident həm qarşı tərəfə, həm də özümüzünkülərə başqa son dərəcə mühüm bir mətləbi də çatdırır ki, bilin, varlığı Vətən sevgisi ilə daşan bu dəli-dolu gənclər elə müraciət edən kimi dərhal cəbhəyə yollanmayacaq, peşəkar təlim keçəcək, hazırlanacaq, sonra səngərə yönələcək.

Əhalisi düşməninkindən 5 dəfə çox, ordusu Ermənistanınkından qat-qat təchizatlı, qat-qat mütəşəkkil, beynəlxalq dəyərləndirmələrə əsasən onlarınkından 47 pillə yuxarı və təbii ki, dəfələrlə güclü olan Ali Baş Komandan, hər cür qeyri-peşəkarlığın qəti əleyhdarı olan bir şəxsiyyət həvəskarlığı, özfəaliyyətçiliyi qəbul edə bilərmi?!

Lakin Prezident İlham Əliyevin o rəqəmi dilə gətirərkən həm də sözlərinin dərinindəki eyham, qınaq da sezilir: Buna şübhə yoxdur ki, hər biriniz əsgər getməyə, şəhid olmağa da hazırsınız. Ancaq niyə bunu rəsmiləşdirmirsiniz, elə bu gün küçələri doldurduğunuz sayaq çağırış məntəqələrini niyə yazılı müraciətlərinizlə doldurmursunuz ki, bu da aləmə əyan olsun, bu təlatüm də düşmənin və onun havadarlarının içərisinə daha artıq vəlvələ salsın?!

Bir ümdə gerçək heç vaxt yaddan çıxarılmamalıdır ki, dövlətin başçısının bütün məsələlərə hamımızdan daha hündürdən, daha miqyaslı baxmaq üstünlüyü var və ona çatan səhih məlumatlar da hər kəsdən daha artıqdır. 

Bütün bu imkanlar İlham Əliyev kimi qətiyyətli, bəsirətli, ani təhlil qabiliyyətinə və siyasi uzaqgörənliyə malik ötkəm siyasətçi və dövlətçinin ixtiyarındadırsa, deməli, onun hər ifadəsi ətrafında çox dərin düşünməyə, Prezident sözünün gücünü, məna çalarlarını, hədəflərini daha yaxşı qavramaq üçün can atmağa ehtiyac var.

***

1980-ci illərin sonlarında, sovet imperiyası dağılhadağılda olduğu vaxtlarda xalqın gözü ziyalılarda idi.

Meydanlarda, kürsülərdə onlar idilər, onların səsi və sözü ən eşidilən, ən etibar edilən idi.

Bugünün son dərəcə mürəkkəb gedişatında isə alimimiz, ədibimiz, ziyalılarımız, ictimai xadimlərimiz öz yerində, lakin ən çox umulan Prezident İlham Əliyevin səsi və sözüdür.

Bu, həm xalqın, həm də Prezident İlham Əliyevin xoşbəxtliyidir ki, onunla xalqın ürəyi bir vurur, o, xalqını, xalq onu dayaq sayır.

Bugünsə qüdrətli dayaq xalqa da, Prezidentə də çox, lap çox lazımdır.

Əgər Prezident etiraf edirsə ki, "mən bu günlərdə minlərlə vətəndaşdan məktub alıram və bu məktubların hamısı dəstək xarakterlidir", demək, o güclü insan da sizin hər birinizin dəstəyinə ehtiyac duyur.

Bizim gücümüz, zəfərimiz, məsud sabahlarımızsa yalnız və yalnız birliyimizdən keçir.

Bu, elə bariz həqiqətdir ki, dosta da bəllidir, düşmənə də.

Düşmənsə yalnız qanımıza susamış Ermənistan deyil.

İstiqlalımıza zədə vurmaq istəyən, sərvətlərimizdə gözü və tamahı qalan, dünya əhəmiyyətli nəhəng enerji və nəqliyyat layihələrində aparıcı oyunçuya çevrilməklə əslində, olduğundan da böyük görünən, balaca boyuyla dünyanın aparıcı dövlətləri yanında yüksək nüfuz qazanan Azərbaycana qıcanan dişlər bir deyil, beş deyil.

Elə o qara əllərin hiyləsidir ki, yemlədikləri ünsürlər əleyhimizə üfunətli şər-böhtan yağdırmaqda lap quduzlaşıblar.

Ancaq elin gücünün selin gücünə bərabər olduğuna inanan atalar, təbii ki, haqlıdır.

Azərbaycan cəmiyyətində təfriqə yaratmağa, dinc həyatımızı ləngərindən çıxarmağa yönələn qarğa-quzğunların sədaları qatılaşdıqca, düşmən həşəratlar acizliklərini anladıqca nə qədər azğınlaşsalar da, qəlbi o sevindirir ki, birliyimiz, vahidliyimiz durmadan artır.

Azərbaycanın əslində, sərhədlərimizdən çox-çox geniş olması, sayımızın on milyon yox, on milyonlarla hesablanmalı olması dünyanın dörd bir tərəfindən soydaşlarımızdan gələn sədalarla bir daha təsdiqlənir.

Can Türkiyədən ucalan qardaş dəstəyi, Güney Azərbaycandan yetişən həmrəylik əks-sədaları insanı qürrələndirir.

Xaricdə yaşayan soydaşlarımızın dünyanın ən müxtəlif şəhərlərində iyul günlərində Ermənistanın Azərbaycana növbəti təcavüzkar qəsdləri və bütövlükdə işğal siyasətinə qarşı təşkil etdikləri hərarətli mitinqlər, yürüşlər, etiraz aksiyaları diasporamızın vəhdətini, söz və əməl birliyini hər zaman olduğundan daha  qüvvətli etdi.

Ona görə də əminəm ki, insanların mənzillərə qapıldığı bu dönəmdə Prezident İlham Əliyevin ekranlarımızdan xalqa müraciətləri, hər bir Azərbaycan evinə gəlişləri nə qədər sürəkli olarsa, onun millətə qüvvət verən səsi və sözü var olan birliyimizi bir qədər də möhkəmləndirər, daha da sarsılmazlaşdırar.

Bu gün bir qaynar cəhbə, bir atəş xətti də var ki, orada artıq hər qeyrətli vətəndaşımız sözünü deyə bilər və mütləq də deməlidir.

İndi elə məqamdır ki, milyonları qovuşduran əzəmətlidən-əzəmətli bir Vətən xoru kimi hamımız unison səslənməliyik.

Xaric vuranların, həqiqəti əyənlərin, cır səsləri ümumi ahəngimizə yad olanların hamısının iç üzü açılmalıdır.

Sosial şəbəkələrdə, internet məkanında ağa qara, haqqa nahaq deyənlərə, zəhərini tökənlərə qarşı hər kəs amansız olmalı, yalanları faş etməli, hamının maska taxdığı vaxtda bütün düşmən tör-töküntülərinin maskaları sonacan yırtılmalı, mənfurluqları dönə-dönə ifşa edilməlidir.

Sınaqlı günlər yaşayırıq, qəti mövqe göstərmək dəmidir!

***

Köhnə və ağrılı bir qanadlı ifadə var ki, müharibənin ilk qurbanı həqiqət olur.

Bu iyul günlərində əbədilik ayrıldığımız gənc şəhidlərimizin hərəsi bir əvəzsiz Azərbaycan həqiqəti idi.

Onların hər biri hələ onillərlə bu millətin və yurdun xidmətində durmalı, ata-analarını, alilələrini sevindirməli, bu əziz Vətəndə bəxtiyar ömür sürməli cavanlar idi.

Azərbaycan torpağı şəhidlərimizin pak varlığına qovuşunca bir qədər də müqəddəsləşdi!

Bu, Prezident İlham Əliyevin dilindən qopan nidadır, amma bunlar həm də bizim hər birimizin ürəyimizin ən səmimi sözləri deyilmi: "Belə analara eşq olsun ki, xalqımız, dövlətimiz üçün bu cür övladlar, igidlər yetişdirib!"

... Sanki millətin tarixi və taleyi qəhrəmanları hər cəhətdən rəmz kimi yaradır.

İyul şəhidimiz general Həşimovun adından da igidlik yağır: Polad!

Polad sınmazlığı və möhkəmliyi həmişə millətimizlə, dövlətimizlə olsun!

 





22.07.2020    çap et  çap et