525.Az

XX əsrin əvvəllərində xarici ölkələrin Bakıdakı diplomatik nümayəndəlikləri - (I hissə)


 

XX əsrin əvvəllərində xarici ölkələrin Bakıdakı diplomatik nümayəndəlikləri - <b style="color:red">(I hissə)</b>

28 May 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması ilə ölkəmiz müstəqil dövlət kimi beynəlxalq münasibətlər sisteminə qoşuldu. 1919-cu ildə Azərbaycan diplomatiyası ilk addımlarını atanda Bakıda artıq 16 dövlətin diplomatik nümayəndəliyi fəaliyyət göstərirdi.

Bu yazıda AXC hakimiyyəti illərində xarici ölkələrin Bakıda fəaliyyət göstərən diplomatik nümayəndəlikləri haqqında bəzi məlumatları oxucuların nəzərinə çatdırmaq istəyirik. Həmin diplomatik nümayəndəliklərin fəaliyyəti haqqında müfəssəl məlumat verməyə iddia etmədən ilk növbədə onların rəhbərləri, bu nümayəndəliklərin yerləşdikləri ünvanlar haqqında qısa məlumat verməyə çalışacağıq. Eyni zamanda, məqalədə Avropanın etnik icma üzvlərinin buraya gəlməsi və yaşaması, Azərbaycanın bu xarici dövlətlərlə iqtisadi, beynəlxalq münasibətləri və mədəni əlaqələri haqqında bəzi məlumatlar veriləcək.

Arxiv sənədlərinin öyrənilməsi göstərir ki, XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycan kapitalist istehsalı prosesinə getdikcə daha çox cəlb olunurdu. Fransa, İsveç, Hollandiya, Almaniya, İsveçrə, İngiltərə və Belçika kapitalı getdikcə Bakının neft sənayesinə daha çox daxil olurdu. Xarici və yerli kapitalistlərin neft sənayesinə cəlb olunması burada Avropa xalqlarının nümayəndələrinin sayının tədricən artmasına və Azərbaycanda Avropa icmalarının formalaşmasına gətirib çıxarırdı.

Avropa xalqlarının nümayəndələrinin Azərbaycanda həyat və fəaliyyətlərindəki ən vacib amillərdən biri burada olan tolerantlıq və dözümlülük idi, bunun nəticəsində Avropa icmalarında din azadlığı, kilsələrin qurulması və milli məktəblərin yaradılması, milli və mədəni dəyərlərin qorunub saxlanması imkanları olmuşdur. Bütün bunlar xarici ölkələrin diplomatik nümayəndəliklərinin fəaliyyətində nəzərə alınırdı.Eyni zamanda, arxiv məlumatlarının təhlili göstərir ki, bir çox diplomatik nümayəndəlik rəhbərləri bu və ya başqa formada neft sənayesi ilə əlaqəli olan ərazilərdə işləyiblər.

AMERİKA BİRLƏŞMİŞ ŞTATLARI 

Azərbaycan və Amerika Birləşmiş Ştatları  arasında diplomatik münasibətlər qurmaq üçün ilk cəhd 1919-cu il mayın 28-də Parisdə edilmiş, Azərbaycan Parlamentinin sədri Ə.M.Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ Prezidenti Vudro Vilson ilə görüşmüşdü. Bu görüşdə Vilsona müstəqil Azərbaycan dövlətinin tanınması, Millətlər Liqasına qəbul edilməsi, ABŞ ilə diplomatik əlaqələrin qurulması və s. barədə rəsmi Memorandum təqdim olundu. 

ABŞ-ın diplomatik nümayəndəliyi Krasnovodskaya küçəsi, 8 - indiki Səməd Vurğun küçəsində yerləşirdi. Nümayəndəliyə vitse-konsul Con Randolf rəhbərlik edirdi. Onu da qeyd etmək lazımdır ki, 1914-cü ildən bəri məşhur Amerika şirkəti "Ford-T"nin Bakıda nümayəndəliyi fəaliyyət göstərirdi.

1919-cu il yanvarın sonunda Azərbaycan hökuməti ilə Amerikanın Yaxın Şərqə Yardım Komitəsi arasında iqtisadi müqavilə bağlandı və bu müqaviləyə əsasən, Azərbaycan komitəni neft məhsulları, ABŞ isə Azərbaycanı ağ un ilə təmin etməyi öhdəsinə götürdü.

Burada vurğulamaq lazımdır ki, 1898-ci ildə Azərbaycan dünyada neft hasilatına görə ABŞ-ı qabaqlamış və dünyada birinci yerə çıxmışdı. Azərbaycanlı sahibkarların uğurlu ticarət - kommersiya fəaliyyətləri sayəsində 1913-cü ildə neft sənayesində mövqelərini xeyli möhkəmləndirmək tendensiyası müşahidə olunurdu. Bakı neft sənayesi sahibkarı Murtuz Muxtarovun zavodunda istehsal olunan maşın və avadanlıqlar xaricə ixrac edilirdi. Onun özü də tez-tez xaricdən, xüsusən də ABŞ-dan maşın və avadanlıqlar satın alırdı. Hətta inqilabdan sonra da M.Muxtarovun adına avadanlıqlarla dolu konteynerlər gəlməkdə davam edirdi. Arxiv sənədlərindən məlum olur ki, XIX əsrin sonu - XX əsrin əvvəllərində Balaxanı-Sabunçu neft sənayesi ərazisindəki qazma qurğularında 10 amerikalı çalışmışdı.

Zadəgan mənşəli, dövlət müşaviri, "Şıxov" Neft Sənayesi və Ticarət Cəmiyyəti İdarə Heyətinin üzvü F.Şumilovun Nyu-York Həyat Sığorta Şirkətinin Rusiya filialının baş inspektoru olduğu barədə məlumat da yəqin ki, maraqlı olacaq. Bu cəmiyyət 1859-cu ildə Nyu-Yorkda yaradılmışdı. 

BELÇİKA 

XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycanın neft hasilatı sənayesinin inkişafında Belçika şirkətləri, eləcə də Belçika Cəmiyyəti iştirak edirdi.

Qeyd etmək lazımdır ki, şirkətin fəaliyyəti üzrə şərtlər 1889-cu ilin noyabrında təsdiq edilmişdi. Şirkətin idarə heyəti Brüsseldə yerləşirdi. Cəmiyyətin idarə heyətinin üzvü Belçika vətəndaşı V.Mayer-Qaller eyni zamanda, "Bakı Rusiya Neft Cəmiyyəti"nin idarə heyətinin üzvü idi.

Belçika Krallığının diplomatik nümayəndəliyi Qorçakovskaya küçəsi, 19 - indiki Hacı Zeynalabdin Tağıyev küçəsində yerləşirdi. 

BÖYÜK BRİTANİYA 

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə Azərbaycan arasında ilk əməkdaşlıq əlaqələri XIX əsrin sonu - XX əsrin əvvəllərində - Azərbaycanın çar Rusiyasının tərkibində olduğu illərdə yaranmışdı. Artıq XIX əsrin sonlarında İngiltərə kapitalı Bakı rayonunda özünə möhkəm yer tutmuşdu. Burada çoxlu sayda Britaniya firmaları aktiv şəkildə fəaliyyət göstərirdilər. 1898-1903-cü illər ərzində İngiltərə şirkətləri Bakı rayonunun müəssisələrinə 47 milyon rubl həcmində sərmayə qoymuşdular. 1903-cü ildə Bakı rayonunda kapitalı 60 milyon rubl olan 12 ingilis cəmiyyəti fəaliyyətdə idi.

Azərbaycanın neft sənayesi getdikcə dünya neft inhisarçısının - dünya neft ticarətində lider mövqeləri ələ keçirməyə və neft xammalı bazasını genişləndirməyə çalışan İngilis-Holland "Royal Dutç Şell"in ciddi səyləri ilə qarşılaşırdı. Neft sənayesinin milliləşdirilməsindən əvvəl Azərbaycanda fəaliyyət göstərən 109 səhmdar cəmiyyətindən 37-si Britaniya kapitalına (100 milyon funt-sterlinq) aid idi.

Böyük Britaniyanın diplomatik nümayəndəliyi Rusiya-Asiya Bankının Bakı filialının ofisinin binasında - Kladbişenskaya 11, indiki Mehdi Hüseyn küçəsində yerləşirdi. Bakıdakı diplomatik missiyaya Rusiya-Asiya Bankının Bakı filialının direktor müavini vitse-konsul rütbəsinə malik olan Hevelke Teodor Uilyam rəhbərlik edirdi.

1919-cu ildə AXC hökuməti İngiltərədəki ən iri şirkətlərindən biri olan "Kosmos" şirkəti ilə müqavilə bağlamışdı. Müqaviləyə əsasən, şirkət Azərbaycanda yığılmış xammalı Qara dəniz limanları vasitəsilə ixrac etmək və onun satışını təşkil etmək öhdəliyi götürmüşdü. 

DANİMARKA 

Danimarkanın diplomatik nümayəndəliyi Birjevaya küçəsi 32 - indiki Üzeyir Hacıbəyov küçəsində yerləşirdi. Nümayəndəliyə konsul Erin Bisring rəhbərlik edirdi. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra nümayəndəliyin fəaliyyəti də dayandırılmışdı. Maraqlıdır ki, bu dövrdə Bakıda olan diplomatlar, o cümlədən, Erin Bisring də şəhərə gətirilmiş avtomobillərə birincilər sırasında oturanlardan olmuşdur. Belə ki, Danimarka konsulu 31 at gücündə "Berne" (İsveçrə) markalı avtomobildən istifadə edirdi. 

FİNLANDİYA 

XIX əsrin sonlarında Azərbaycanda 738 fin və eston yaşayırdı, 1926-cı ildə isə onların sayı 168 nəfər idi.

Finlandiyanın diplomatik nümayəndəliyi Nobelin Balaxanıdakı kontorunun binasında yerləşirdi. Nümayəndəliyə konsul agenti Vegelius rəhbərlik edirdi. 

FRANSA 

1897-ci ildə aparılan siyahıyaalmadan məlum olur ki, o dövrdə Azərbaycanda iki yüz nəfərdən çox fransız yaşamışdı. 1917-ci ildə keçirilmiş birgünlük siyahıyaalmaya əsasən, Bakıda 89 fransız olmuşdur, 1926-cı ildə onların sayı yalnız 56 nəfər olmuşdu. Sovetləşmə, repressiyalar nəticəsində isə Azərbaycanda fransızların sayı faktiki olaraq yoxa çıxdı.

XIX əsrin 80-ci illərindən başlayaraq "Rotşild Qardaşları" Paris Bank Evinin timsalında Fransa kapitalının Bakıya axını başladı. 1885-ci ildə bu bank evi "Xəzər-Qara Dəniz Neft Sənayesi və Ticarət Cəmiyyəti"ni yaratdı. 1890-cı ildə Bakı neftinin ixracının 42 fazi Paris bank evinin nəzarəti altında həyata keçirilmişdi.

Rotşildlərin Bakı şirkətinin fəaliyyəti həm də yaradıcılıq axtarışına yönəldilmiş, qabaqcıl yaradıcı düşüncə hər cür dəstəklənmiş, neft və neft məhsullarının sənayedə və kənd təsərrüfatında istifadəsinin yeni istiqamətlərini açmışdı. Fransanın diplomatik nümayəndəliyi Vodovoznaya küçəsində, indiki Almaz İldırım küçəsində yerləşirdi. Nümayəndəliyə konsul agenti Yemelyanov rəhbərlik edirdi. Nümayəndəlik Bakıda məşhur olan neft sənayesi sahibkarı Dmitri Mitrofanovun evində yerləşirdi. Saray zənginliyi ilə fərqlənən bu ev 1898-ci ildən 1903-cü ilə qədər inşa edilmişdi. Bina şəhər mərkəzində, daha çox Axundov bağı kimi tanınan M.F.Axundov adına Bağın yanında yerləşir.

1919-cu ilin oktyabrında Fransanın rəsmi nümayəndə heyəti Azərbaycana gəldi. Nümayəndə heyətinin rəhbəri Azərbaycanın xarici işlər naziri ilə görüşdə Fransa cəmiyyətinin və ölkəsinin hökumətinin Azərbaycandakı vəziyyət barədə kifayət qədər məlumatlı olmadığını vurğuladı və Fransaya qayıtdıqdan sonra yerdəki birbaşa müşahidələrindən aldığı xoş təəssüratlarını Fransa hökuməti ilə bölüşməyi öz vəzifəsi hesab etdiyini bildirdi.

GÜRCÜSTAN 

Azərbaycan ərazisində uzun müddət yaşayan və bu ölkənin orta əsr və müasir tarixində görkəmli rol oynayan bir sıra digər xalqlar arasında gürcülər də vardır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) də gürcü icmasının nümayəndələri ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayırdılar.

Bununla yanaşı, Azərbaycan və Gürcüstan beynəlxalq aləmdə diplomatik tanınmanın əldə olunması ilə xarici təhdidlərdən qorunmaq üçün tez-tez birlikdə hərəkət edirdilər. 16 iyun 1919-cu ildə Azərbaycan və Gürcüstan ağqvardiyaçı general Anton Denikin ordusunun hərəkatına qarşı ilk müdafiə müqaviləsi imzalamışdılar. Həmçinin, Texniki əməkdaşlıq müqaviləsi də bağlanmışdı.

Gürcüstanla Azərbaycan arasında diplomatik münasibətlər ilk dəfə 1918-ci ildə qurulmuşdu və artıq oktyabr ayında N.Kartsivadzenin rəhbərliyi ilə Gürcüstanın Bakıdakı nümayəndəliyi fəaliyyətə başlamışdı. Daha sonra Bakıdakı diplomatik missiyaya Qriqori Konstantinoviç Alsibaya rəhbərlik etmişdi.

Gürcüstanın diplomatik nümayəndəliyi Polis küçəsi 20 - indiki Yusif Məmmədəliyev ünvanındakı ikimərtəbəli binada yerləşirdi.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamına əsasən, bu ev - Qriffinlər evi (Qrifonlu ev) Azərbaycanın yerli əhəmiyyətli tarix və mədəniyyət memarlıq abidələri sırasına daxil edilib. 

İRAN  

1918-ci ildə Azərbaycan dövlət müstəqilliyini elan etdikdən sonra, Sayed Zia əd-Din Tabatabainin başçılığı ilə İran nümayəndə heyəti müxtəlif aspektlər üzrə danışıqlar aparmaq üçün Bakıya səfər etdi. Səfər çərçivəsində keçirilmiş görüşlərdə Azərbaycan və İran arasında ümumi əlaqələrin olduğu vurğulandı. Novruz Bayramı axşamı - 20 mart 1920-ci ildə iki ölkənin hökumətləri arasında dostluq müqaviləsi imzalandı ki, həmin sənəd Azərbaycanın müstəqilliyinin İran tərəfindən tanınmasını, habelə tərəflər arasında ticarət, gömrük, konsulluq, poçt, teleqraf sahəsində əməkdaşlıq və diplomatik nümayəndələrin mübadiləsi haqqında sazişlərin və digər bəzi konvensiyaların bağlanmasını nəzərdə tuturdu. Martın 21-də Novruz bayramı münasibətilə ziyafət təşkil edildi.

İranın diplomatik nümayəndəliyi Qubernator küçəsində Spasskayanın tinində - indiki Nizami küçəsində Qasım İsmayılov (Zaqarpalan) küçəsinin tinində, vitse-konsulluq isə Gəncədə yerləşirdi. Bakıdakı diplomatik missiyaya baş konsul Saad-ul-Vəzir rəhbərlik edirdi. İranın Azərbaycandakı fövqəladə diplomatik nümayəndəliyi və konsulluğu 1922-ci ilin payızına qədər Bakıda fəaliyyət göstərmişdi. 

İSVEÇ 

İsveçin diplomatik nümayəndəliyi Fars və Qubernator küçələrinin kəsişməsində, indiki Nizami və Murtuza Muxtarova küçələrinin tinində yerləşirdi. Nümayəndəliyə konsul R.K.van der Pluq rəhbərlik edirdi.

1873-cü ildə milliyyətcə isveçli olan Robert Nobel Bakıya gəlir və burada neftlə əlaqəli iqtisadi bumun şahidi olur. 1876-cı ildə Nobel qardaşları Bakıda neftin hasilatı və emalı üçün bir neft şirkəti təsis edirlər. O dövrdə bir sıra neft yataqları, neft emalı zavodları, Xəzərdə ilk dəfə neft nəql etmək üçün tikilmiş bir tanker, çoxsaylı barjalar, dəmir yolları, otellər və digər obyektlər Nobel qardaşlarına məxsus idi. 1876-cı ildə yeni neft emalı zavodları tikilib istifadəyə verilmişdi. Nobel qardaşları tərəfindən Azərbaycanın neft sənayesinə qoyulan kapitalın həcmi 30 milyon rubl təşkil etmişdi.

XIX əsrin sonlarında Bakı şəhərinin İsveç və alman mənşəli sakinləri üçün Bakı Evangelist Lüteran kilsəsi tikilmişdi. Bir vaxtlar bu bina Bakının nadir memarlıq incilərindən biri hesab olunurdu. Bu binanın inşasına Nobel qardaşları xüsusi diqqət yetirirdilər.

Sovet hakimiyyətinin ilk illərində, şəxsi mülkiyyətin milliləşdirilməsi və xüsusi mülkiyyətin ləğv edilməsi nəticəsində isveçlilərin böyük əksəriyyəti Azərbaycanı tərk etməyə məcbur oldular. Buna baxmayaraq, isveçlilərin cüzi bir hissəsi Bakıda qalaraq, Abşeronun neft yataqlarında işləməyə davam etdilər. Onlardan biri, demək olar ki, artıq ruslaşmış isveçli ilə bu məqalənin müəllifi Bakının keçmiş Lenin rayonu - indiki Sabunçu rayonu ərazisindəki neft mədənlərində 70-ci illərin əvvəllərində tələbə təcrübəsi keçərkən tanış olmuşdu. Anderson soyadlı bu isveçli, o zaman yeraltı və təmir sexində mexanik-traktorçu vəzifəsində işləyirdi. 

İSVEÇRƏ 

5 fevral 1919-cu ildə Qafqazdakı İsveçrə Milli Şurasının rəhbərliyi Bernə məktub göndərmiş və Bakıda İsveçrə Respublikasının diplomatik nümayəndəsinin təyin edilməsini təklif etmişdi. Həmin vəzifəyə o dövrdə artıq Azərbaycanın paytaxtında olan Robert de Rianın namizədliyi irəli sürüldü. Sonradan missiyaya konsul Klott rəhbərlik etdi. Diplomatik nümayəndəlik Birjevaya küçəsi, 14, indiki Üzeyir Hacıbəyov küçəsində yerləşirdi.

1919-cu ildə Azərbaycan İsveçrədə yerləşən Ümumdünya Poçt İttifaqının Beynəlxalq Bürosuna ərizə ilə müraciət etmişdir. Bakıya gətirilən ilk avtomobillərdən birinin İsveçrənin "Metallujik" avtomobili olduğunu qeyd etmək maraqlı olardı.

XIX əsrin sonu - XX əsrin əvvəllərində bir sıra neft sənayesi sahiblərinin öz pullarını İsveçrə banklarında saxladıqlarını da qeyd etməmək olmaz. Bunların arasında məşhur azərbaycanlı milyonçu, xeyriyyəçi Musa Nağıyev (1849-1919) də var idi. Belə ki, onun nəvəsi Dilarə xanımın sözlərinə görə, Musa Nağıyevin İsveçrə bankında 413 milyon qızıl sikkəsinin olması sənədləşdirilmişdir. Lakin bu gün bankın bəzi tələblərinə uyğun olaraq onları almaq mümkün deyil. 

İTALİYA 

İtalyanların Bakıya gəlişi XIX əsrin sonlarına təsadüf edir. Onlar əsasən böyük şəhərlərdə yaşayırdılar və inzibati, hərbi xidmət, elmi və pedaqoji fəaliyyət, sənaye və ticarət sahələrində fəaliyyət göstərirdilər.

XIX əsrin sonu - XX əsrin əvvəllərində Bakıda italyan memarları tərəfindən müxtəlif binalar, o cümlədən, İsa bəy Hacınskinin Evi (1912) inşa edilmişdir. Naməlum italyan memar bu evin tikintisində qot, barokko və modern üslublarına müraciət etmişdi. Bu, Bakıda klassik üslubda tikilmiş ilk hündürmərtəbəli binalardan biridir.

İtaliya ilə Azərbaycan arasında diplomatik münasibətlər müstəqil Azərbaycan Xalq Cümhuriyyəti dövründə qurulmuşdu. O vaxt Bakıda İtaliyanın diplomatik nümayəndəliyi fəaliyyət göstərirdi. Diplomatik nümayəndəlik Molokan küçəsi, 35 - indiki Xaqani küçəsində yerləşirdi. Nümayəndəliyə səkkizinci missiyanın rəisi Enriko İnsom rəhbərlik edirdi. Azərbaycan paytaxtında İtaliyanın hərbi nümayəndəliyi də açılmışdı və Krasnovodskaya küçəsi, 8 - indiki Səməd Vurğun küçəsində yerləşirdi.

Azərbaycan və İtaliya arasında müxtəlif səviyyəli siyasi və diplomatik əlaqələr 1922-ci ilə qədər mövcud olmuşdur. Milli maraqlar nəzərə alınaraq, İtaliya şirkətləri ilə neft ixracı haqqında müqavilələr bağlanmışdı. Azərbaycan nümayəndə heyətinin İtaliyaya və İtaliya nümayəndə heyətinin Azərbaycana rəsmi səfərləri həyata keçirilirdi.

16 may 1919-cu ildə şahzadə Savoyun rəhbərlik etdiyi İtaliya nümayəndə heyəti Bakıya gəlmişdi. Altı gün sonra polkovnik Melxior Qabbın rəhbərlik etdiyi mütəxəssislər qrupu da Bakıya səfərə gəldi. İtalyanlar baş nazir, xarici işlər naziri və bəzi nazirlərlə iqtisadi məsələlər üzrə danışıqlar apardılar. 1919-cu ilin oktyabrında N.Enrikonun başçılıq etdiyi italyan nümayəndə heyəti yenidən Bakıya səfər etdi.

1919-cu ilin sonlarında İtaliyanın Hərbi naziri ilə Azərbaycan ordusuna avtomobillər, tanklar, aeroplanlar, projektorlar və s. göndərilməsi barədə danışıqlar aparıldı və müqavilə bağlandı. Müqavilə böyük siyasi əhəmiyyət daşıyırdı və iki suveren dövlət arasında dostluq münasibətlərinin möhkəmlənməsinə kömək edirdi. Azərbaycan parlamentinin bütün fraksiyaları müqaviləni bəyəndilər, yalnız bolşeviklər bu müqaviləni əhəmiyyətsiz "kağız parçası" adlandıraraq onun ratifikasiyasını dəstəkləmədilər.

1919-cu ilin sonu - 1920-ci ilin əvvəllərində 2-ci Piyada Diviziyasının rəisi general İbrahim ağa Usubovun rəhbərliyi ilə Romaya nümayəndə heyəti göndərildi. 22 fevral 1920-ci ildə isə 33 maliyyəçi və müxtəlif sənaye və ticarət sahələri üzrə mütəxəssislərdən ibarət İtaliya nümayəndə heyəti Azərbaycan paytaxtına səfər etdi. Nümayəndə heyətinə senator S.Konti rəhbərlik edirdi. İtaliya hökumətinin nümayəndələri neft və neft məhsullarının qarşılığında AXC-nin ordusu və donanmasını silah və avadanlıqla təmin etmək öhdəliyi olan saziş bağladılar. Bir ay sonra İtaliya-Qafqaz bankının nümayəndəsi Taride Lanqosia müvafiq danışıqların aparılması üçün Bakıya səfərə gəldi və səfər çərçivəsində hərbi quruma qızılla bəzədilmiş bədii sənət süfrəsi hədiyyə edildi.

Maraqlıdır ki, 15 yanvar 1920-ci ildə Paris Sülh Konfransında Azərbaycanın de-fakto tanınması barədə rəsmi qərarı AXC nümayəndə heyətinin üzvlərinə Fransa Xarici İşlər Nazirliyində nazirliyin birinci katibi Jül Cambonun, İngiltərə nümayəndəsi Filip Kerrin və İtaliya nümayəndəsi Markiz de-la Torretin iştirakı ilə oxumuşdular.

1926-cı il siyahıyaalınmasına görə, Azərbaycanda 77 nəfər italyan yaşayırdı.

 





22.07.2020    çap et  çap et