525.Az

Səttar Bəhlulzadə: Kəpəzin göz yaşları


 

Səttar Bəhlulzadə: <b style="color:red">Kəpəzin göz yaşları</b>

Bir rəsmin dedikləri

"Mən ilham və natura ardınca Qogen kimi baş götürüb Taiti adasına getmirəm və bunu başqalarına da məsləhət görməzdim. Çünki doğma xalqın həyatı, Vətən torpağı əsl ilham mənbəyidir" deyirdi Səttar Bəhlulzadə.

Vətən torpağı, yurd sevgisi onun İlham mənbəyi idi. Bu sevgini təcəssüm etdirən əsərlərindən biri, bəlkə də, birincisi "Kəpəzin göz yaşları" əsəridir. Bu əsər haqqında sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevlə söhbətimizi təqdim edirik.  

Kim idi Səttar Bəhlulzadə? 

... Elə sənətkarlar var ki, sağlığında ölməzlik hüququ qazanır, öləndən sonra yaşamaq hüququ. Başqa sözlə desək, öz yaradıcılığı, insanlığı, millətinə xidməti,  gözəl nəcib işləri və vətəndaşlığı ilə  xalqının ümumi məhəbbətini əldə edir. Səttar Bəhlulzadə (1909-1973) belə xoşbəxt sənətkarlardan biri idi.

Səttar Bəhlulzadə bir qərinəlik yaradıcılığı ilə yurdumuzun əsrarəngiz təbiətinə olan Məcnun məhəbbətini həm özümüzə, həm də bütün dünyaya göstərə bildi. Onun doğma Abşeronla yanaşı, Qubaya, Şuşaya, Naxçıvana, Şamaxıya, Gəncəyə, Lənkərana, eləcə də yurdumuzun digər dilbər guşələrinə davamlı yaradıcılıq səfərlərindən sonra özündə Azərbaycan torpağının bənzərsiz gözəlliyini əks etdirən sayagəlməz əsərləri yarandı. "Qudyalçay vadisi", "Qızbənövşəyə gedən yol", "Doğma düzənlər", "Cıdır düzü", "Muğanda bahar", "Dədəgünəş", "Qədim Şamaxı", "Naxçıvan dağları", "Abşeronun tacı" tabloları həmin səfərlərin nəticəsində gerçəkləşən sənət inciləridir... Səttar Bəhlulzadə adlarını çəkdiyimiz və dilə gətirmədiyimiz yüzlərlə əsəri ilə Azərbaycan rəssamlığına əsl poetik ruh gətirdiyini birmənalı olaraq təsdiqləyib.

Onun hələ sağlığında "Aramızda gəzən dahi" adlandırılması, "Sənətin Məcnunu" ayaması ilə əbədiyyətə qovuşması heç şübhəsiz, onun doğma torpağın zəngin tarixinə və əsrarəngiz təbiətinə sonsuz məhəbbətinin, eləcə də bütün bunlara onu əhatələyənlərin münasibətinin, dəyərləndirməsinin nəticəsi idi. YUNESKO kimi mötəbər bir beynəlxalq qurumun qərarı ilə 2009-cu ilin "Səttar Bəhlulzadə ili" elan olunması onun sayagəlməz bədii irsinin dünya mədəniyyəti üçün duyulası önəm kəsb etməsinin göstəricisidir... 

Əsərin yaranma tarixçəsi

Səttar Bəhlulzadənin ən böyük xidmətlərindən biri də onun mənzərə janrını əhəmiyyətli bədii-estetik sərvətə çevirə bilməsidir. Heç şübhəsiz, bunu şərtləndirən başlıca səbəb onun mənzərənin məna-məzmun yükünə gözəllik qaynağı olmaqdan əlavə, tamaşaçını düşündürə biləcək, onunla dialoq qurmaq gücünə malik olan "sirr qatı" əlavə etməsidir. Təbii ki, o, buna mənzərə janrında davamlı axtarışlar aparması nəticəsində nail olmuşdu. Onun başlanğıcı ötən əsrin qırxıncı-əllinci illərinə təsadüf edən mənzərə yaradıcılığnda təbiət motivləri realist-gerçəkçi tutumlu olmaqla, daha çox yurdumuzun gözəlliyinin inandırıcı bədiiləşdirilməsi vəzifəsini daşıyır. Sonrakı illərdə, daha dəqiq desək, altmışıncı-yetmişinci illərdə isə onun mənzərəyə münasibəti əsaslı şəkildə dəyişir. Bunu əsərlərin rəng qatının daha geniş bədii ümumiləşdirmələrlə işlənməsi ilə yanaşı, kətan üzərində gerçəkləşən mənzərələrin obrazlı görkəm alması və bir çox hallarda düşündürücü məna-məzmun yükü daşıması da təsdiqləyir. Səttar Bəhlulzadənin təbiət motivlərinə bu vaxta rast gəlinməyən bədii münasibəti Azərbaycan rəssamlığında "fəlsəfi mənzərə"nin yaranmasını şərtləndirir.

Altmışıncı illərdə rəssamın - Göygöldə olması ona çox qısa müddətdə bir-birindən maraqlı əsərlər yaratmağa imkan verib. Onların arasında 1965-ci ildə yaradılan "Kəpəzin göz yaşları" əsəri bədii həllinə və məna-məzmun tutumuna görə başqalarından fərqlənir. Bu gün Azərbaycan Milli İncəsənət Muzeyində nümayiş olunan mənzərənin maraqlı yaranma tarixçəsi var...

1962-ci ildə sənət dostları Tahir Salahov və Toğrul Nərimanbəyovla Qazaxdan Bakıya qayıdan rəssam Göygölə - onun tacı sayılan möhtəşəm Kəpəz dağına baş çəkmədən şəhərə getməyi özünə bağışlaya bilməyəcəyini söyləyir. Bakıya tələsən dostlarını yola gətirdikdən sonra birlikdə Göygölə tərəf qalxırlar...

Payızın sonları idi. Həmin gün sanki təbiət Səttarın etibarına qarşı çıxmışdı. Bir göz qırpımında buraların ab-havası dəyişmiş, Kəpəzin zirvəsini qatı duman bürümüşdü. Bu dumanın, çənin içərisində az-çox meşəni, bir az da suyu görmək mümkün idi. Səttarın çöhrəsi bulud kimi tutulur, yediyini-içdiyini bilmir. Elə siqareti siqaretə calayır. İki ayağını bir başmağa dirəyir ki, Kəpəzi görmədən Bakıya gedən deyiləm. Onun xasiyyətini yaxşı bilən Toğrul da, Tahir də "təslim" olub, hadisənin gedişini izləməyə üstünlük verirlər. Yalnız... iki gündən sonra, sübh çağı Səttarın təşvişi və həyəcan dolu səsi otağın sakitliyini pozur: "Kəpəz! Kəpəz!" Doğrudan da, bulud tamam çəkilmiş, Kəpəz bütün gözəlliyi ilə göz önündə durmuşdu. Dağın döşü boyunca yayılmış meşənin qızılı rəngi gölün ayna sularında əks olunurdu. Sözlə ifadə olunmayan cazibədar bir mənzərə yaranmışdı. Səttarın üzü gülürdü. Dostları da istər-istəməz onun səsinə qalxıb bu gözəl mənzərəyə doyunca tamaşa edirlər. Bakıya qayıtdıqdan sonra rəssam gördükləri və çəkdiyi etüd əsasında "Kəpəzin göz yaşları" əsərini yaradır. Bu mənzərə, əslində, rəssamın müşahidəsi ilə heyrətinin fəlsəfi qayəyə köklənmiş nəticəsi idi...

Gölü gördüyü payız günü Səttarı səmanın maviliyi, dağların möhtəşəmliyi, meşələrin bərəkət rəngi sevindirsə də, diqqətini ən çox cəlb edən, onu riqqətə gətirən həm də təbiətin bu dəlisovluğundan sonra Kəpəzin zirvəsi yanında axşamdan qalan ay olmuşdu. Bir tərəfdən günəş çıxmasına baxmayaraq, gecədən qalmış ay hələ də dağın zirvəsinə, suyun sinəsinə öz nurunu, işığını səpələməkdə idi. Bu anda belə bir qeyri-adi sükutu pozan yalnız göz yaşlarıdır. Kəpəz ağlayır. Tamaşaçı bunu sevinc yaşları kimi də qəbul edə bilər. Bəlkə də Kəpəz belə bir ağlasığmaz gözəllik yaratdığına görə sevinirdi. Bu sevinc yaşlarını isə Səttar böyük həssaslıqla duymuş və mənalandıra bilmişdi... Bütünlükdə isə "Kəpəzin göz yaşları" tablosu təsviri sənətimizin heç vaxt yaddan çıxmayacaq səhifəsi, onun mənzərə janrını özünəməxsus və yeni bədii məziyyətlərlə zənginləşdirən və Vətənin bu qürurdoğurucu guşəsi haqqında sevincli-kədərli həqiqətdir desək, yanılmarıq...

Bizcə, indiki halda göl gözəlliyinin yarada biləcəyi bu sevinc həm də çoxqatlı kədər üstündən "boylanır". Əsərdə Göygöl də, ona dayaq duran Kəpəz də rəssam təqdimatında həm də bu yerlərin uzaq-yaxın tarixini özündə hifz edən yaddaş rəmzidirlər. Rəssam təfsirində mövcud olduqları çox təzadlı zaman kəsiyində bu mahalın ağrılı-acılı anlarına şahidlik edən, Yelizavetopollaşan, Kirovabadlaşan, Cavad xan igidliyini və faciəsini görən, müstəqilliyimizin ilk paytaxtının yaşantılarını müşahidə edən qədim Gəncəyə dağın da, gölün də unutqanlıq nümayiş etdirməsi mümkünsüzdür. Ona görə fəlsəfi qayəli Səttar fırçası Göygölü və Kəpəzi təkcə gözəllik daşıyıcısı kimi yox, həm də qürur və yaddaş mücəssəməsi kimi təqdim edir...

Rəssamın "Kəpəzin göz yaşları" əsəri üzərində düşüncələrimizi bir az da genişləndirsək, deməliyik ki, rəssam onu bir çoxları kimi sadəcə olaraq, "Göygöl" də adlandıra bilərdi. Amma göründüyü kimi, bunu etməyib. Etsəydi, yəqin ki, Səttar olmazdı. Odur ki, Kəpəzi əsərində "ağladan" rəssam təkcə onun yaratdığı gözəlliyə münasibət bildirməyib. Belə ki, yuxarıda qeyd etdiyimiz kimi, bu ecazkar görüntüsü də, onu tamaşaçısını suallar burulğanına salan əsərin çoxqatlı adı da əslində, motivin təzadlı yaşantılardan qaynaqlandığının, düşündürücü fəlsəfi yük daşımasının ifadəsidir.

Ümumiyyətlə, Səttarın Vətən sevgisindən qaynaqlanan əsərlərinə məqsədli adqoyma münasibəti vardı. O, buna böyük əhəmiyyət verirdi desək, yanılmarıq. 1973-cü ildə Moskva sərgisində "Gəncə gölü" (1972) və "Gəncə çinarları" (1973) əsərlərinin adlarının "müasirləşdirilməsinə" çalışan sovet ideoloqlarına qəti etiraz edən rəssam onların tamaşaçılara öz adı ilə təqdim olunmasına həm öz inadkarlığı, həm də zamanında yerli respublika rəhbərinin onun mövqeyini dəstəkləməsi ilə nail ola bilmişdi.

Əlavə edək ki, bu ecazkar tablonun yaranmasına digər amillərin, o cümlədən, rəssamın göl barəsində bilgilərinin, əqidə dostları ilə apardığı söhbətlərin də təsiri olmuşdu. Odur ki, o, əsərin son görüntüsünə qədər karandaş və mürəkkəblə "Kəpəzin göz yaşları"nın onlarla eskizini və yağlı boya ilə nisbətən kiçik ölçülü variantlarını da işləmişdi.

Səttar Bəhlulzadənin bir qərinəlik yaradıcılığı ilə mənzərə janrının bədii-estetik mahiyyətini duyulası dərəcədə tutumlu etməsi, başqa sözlə desək, mənzərənin cəlbediciliyi ilə yanaşı, həm düşündürücülüyünə nail olması, heç şübhəsiz, onun milli təsviri sənətimizin inkişafına verdiyi əvəzsiz yaradıcılıq töhfəsi sayılmalıdır.

 





22.07.2020    çap et  çap et