525.Az

"Bu, münaqişənin sülh yolu ilə həllinə mane olmaq cəhdidir"


 

"Bu, münaqişənin sülh yolu ilə həllinə mane olmaq cəhdidir"<b style="color:red"></b>

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin təşkilatçılığı və tanınmış yerli və əcnəbi hüquqşünas alimlərin iştirakı ilə "Törədilən beynəlxalq cinayətlərə görə Ermənistanın məsuliyyətinin hüquqi əsasları" mövzusunda onlayn elmi seminar keçirilib.

BDU-nun rektoru Elçin Babayev iştirakçıları salamlayaraq elmi seminarın çox aktual və əhəmiyyətli bir məsələnin müzakirəsinə həsr olunduğunu nəzərə çatdırıb. Rektor qeyd edib ki, ermənilərin xalqımıza qarşı XIX əsrdən başlayan və XX əsrdən isə sürətlənən təcavüzkarlıq və soyqırım siyasəti dünya ictimaiyyəti tərəfindən hələ də cavabsız qalır. Təcavüz və soyqırım siyasətinin beynəlxalq ictimaiyyətin gözü qarşısında davam etməsi isə beynəlxalq əməkdaşlıq siyasətinə ağır zərbələr vurmaqdadır.

Rektor onu da əlavə edib ki, bu gün Şərqlə Qərbi birləşdirən geostrateji tranzit xətlərinin, qlobal enerji layihələrinin başlıca təminatçısına çevrilən Azərbaycan üçün milli təhlükəsizliyin təminatı xüsusilə aktualdır. Bu aktuallıq bir tərəfdən ölkəmizin əlverişli coğrafi mövqedə yerləşməsi, digər tərəfdən isə Ermənistanın təcavüzü ilə üzləşməsi, müharibə şəraitində yaşaması ilə bağlıdır. Regionda düşmənçilik və ədavət yaradan təcavüzkar erməni separatizminin, erməni diasporu tərəfindən irəli sürülən cəfəng iddiaların, tarixi saxtakarlıqların qarşısının alınması qarşıda duran ən vacib vəzifələrdir.

E.Babayev Ermənistan silahlı qüvvələrinin təxribata əl ataraq dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmə cəhdini Ermənistanın beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə mane olmaq cəhdi kimi dəyərləndirib. Qoşunların təmas xəttində ermənilərin təxribatının qarşısını alarkən qəhrəmanlıqla həlak olan şəhidlərimizin və mülki vətəndaşın olduğunu bildirən rektor, Ali Baş Komandan İlham Əliyevin şəhidlərimizin qısasının alındığı fikrini seminar iştirakçılarının nəzərinə çatdırıb. Ermənistanın təcavüzkar siyasətinin beynəlxalq sülhə və təhlükəsizliyə ciddi təhdid olduğunu vurğulayıb.

BDU-nun Hüquq fakültəsinin dekanı, professor, Vəkillər Kollegiyasının üzvü Əmir Əliyev "Törədilən beynəlxalq cinayətlərə görə Ermənistanın məsuliyyətinin hüquqi əsasları" mövzusunda məruzə ilə çıxış edib. Natiq qeyd edib ki, müasir dövlətlərarası münasibətlər sistemdə sülh və təhlükəsizliyin təmin olunması, qarşıdurmaların və silahlı münaqişələrin aradan qaldırılması, ərazi toxunulmazlığı, transmilli cinayətkarlığa qarşı mübarizə müasir beynəlxalq hüququn prioritetlərindən hesab olunur. Dünyada gedən qloballaşma prosesinin ölkələrarası əməkdaşlığı zərurətə çevirdiyi bir vaxtda Ermənistan beynəlxalq hüququn əsas norma və prinsiplərinə etinasızlıq göstərməklə məhz özünü ifşa edir. Beynəlxalq hüquq normalarını kobud şəkildə pozan Ermənistan eyni zamanda işğalçı və təcavüzkar mövqeyini davam etdirir. Azərbaycan və Ermənistan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində son gərginliyi onu göstərir ki, Ermənistan məqsədyönlü şəkildə bu təxribata hazırlaşıb.

Hüquq fakültəsinin dekanı Əmir Əliyevin moderatorluğu ilə keçən konfransda çıxışlar dinlənilib, müzakirələr aparılıb.

"Microsoft Teams" platforması üzərindən təşkil olunmuş elmi seminarı 150-dən çox izləyici dinləyib.

S.QARAYEVA

 





23.07.2020    çap et  çap et