525.Az

Yana-yana qalın...a!.. - Şahanə Müşfiqin yazısı


 

Yana-yana qalın...a!.. - <b style="color:red">Şahanə Müşfiqin yazısı </b>

Başqa toplumlarda da belədirmi, dəqiq deyə bilmərəm, amma Azərbaycanda adı bədnam çıxan peşələr var.

O peşələr ki, onların nümayəndələrinin kim olmasının, öz sənətini necə icra etməsinin, insani keyfiyyətlərinin, düşüncələrinin cəmiyyətimiz üçün elə bir fərqi yoxdur. Söhbət həmin peşə sahiblərindən gedəndə cəmiyyət "qurunun oduna yaşı da yandırmağa" həvəsli və hətta maraqlıdır. Bu cür peşə nümayəndələrinin başında yəqin ki, müğənnilər, aktyor-aktrisalar, bəzi yazıçı və jurnalistlər gəlir. Yəni göz önündə olan insanlar. Bu tendensiya, onlara qarşı bu qədər böyük aqressiya nə zaman, hardan, necə başlanıb, xatırlamıram (bəlkə də, məndən çox öncədən yaranıb), amma fakt budur ki, onların etdikləri hər hərəkət, dedikləri hər kəlmə insanları qıcıqlandırmaq üçün kifayətdir. Düzü, belə olanda onların da halına acıyıram, insanlarda bu cür ön yarğının formalaşmasında hər nə qədər öz həmkarlarının, bəzilərinin hətta özlərinin rolu olsa da.

Bu gün cəmiyyətin kiçildilmiş modelini sosial şəbəkələrdə görürük. Çünki sosial şəbəkələr insanların öz fikirlərini sərbəst, azad, senzurasız şəkildə bildirə bildiyi bir məkandır. Bunun yaxşı olub-olmadığını hələ ki qərarlaşdıra bilməmişəm. Görəsən, doğrudan da, hər kəsə hər şey haqqında fikir bildirmək, hətta kimlərisə ittiham etmək, təhqir etmək hüququ verilməlidirmi? Bu, qarşısındakına qarşı haqsızlıq deyilmi? Axı hələ də dünyanın bir öküzün çiyinləri üzərində dayandığına inanacaq təfəkkürdə olan, ibtidai düşüncəsini "soyunub ata bilməyən", əksinə, ona daha da çox bürünən zatlar var ki, çox rahatlıqla akademikə, professora, məmura, sənətçiyə, şairə, jurnalistə, həkimə, müəllimə...və daha bunun kimi ömrünü elmə, biliyə sərf etmiş, müəyyən istiqamətdə ixtisaslaşmış nə qədər insanlara öz işini öyrətmək, lazım gəlsə (bu məsələdə lazım necə gəlir, o da müəmmadır) çox rahatlıqla təhqir etmək hüququnu özlərində görürlər. Demokratiya beləmi olur? Başqasının haqqına girən, ədalətsizliyə yol açan demokratiyanı qəbul etmək çətindir...

***

Dediyimiz kimi, bu gün cəmiyyətin "günah keçisi"nə çevirdiyi insanlar sənətçilərdir. Bir kitab mağazasının yolunu tanımayan, beş manatlıq kitaba "bahadır" deyib ağız büzən, amma toyunda, ad günündə bir müğənniyə oxuyacağı iki mahnıdan ötrü beş min, on min manatı rahatlıqla verənlər, səhəri gün həmin müğənnini sosial şəbəkədə təhqir etməkdən, onun hansısa davranışını müzakirəyə çıxarmaqdan çəkinmirlər. Bunları görəndə fikirləşirsən ki, belə cəmiyyətdə tanınmış olmaq, fərqlənmək, gözə bir az çox görünmək nə qədər çətin, nə qədər bezdiricidir. Bu gün hansısa sənətçi "mənim soyuducum müəllimin soyuducusundan doludur" demək haqqını özündə görürsə, ona bu haqqı və bu şəraiti də biz vermişik - iki mahnısına minlərlə manat sayan, onu görəndə əldən-ayaqdan gedən, onunla şəkil çəkdirmək növbəsinə dayanan və sonra da o şəkili aylarca sosial şəbəkələrdə paylaşıb, özümüzü önəmli göstərməyə çalışan biz...

***

Bir də sənətçidən nə istədiyini dəqiq qərarlaşdıra bilməyən zümrə var. Məsələn, vətənin dar günündə, müharibə şəraitində düşmən tərəfinin sənətçilərinin sosial şəbəkədə ölkələrinə dəstək postlarına "ağızlarının suyunu axıdaraq" baxanlar, "bizim sənətçilər niyə susur?" deyə şikayət edənlər var. Bütün problemləri boş verib, sırf bu məsələyə fokuslanmışdılar: hanı sənətçinin vətənpərvərlik duyğusu, niyə xalqının yanında deyillər? Halbuki həmin günlərdə özünün profil hesabında durmadan xalqına dəstək paylaşımları edənlər də vardı, könüllü surətdə səfərbərliyə yazılanlar da, xalqla birlikdə meydanlara axışıb dövlətinin, millətinin yanında olduğunu göstərənlər də. Bu dəfə isə həmin o "ağız büzən" insanlar sənətçilərin bu hərəkətini özünü gözə soxmaq, qeyri-səmimilik, yalançı patriotluq kimi dəyərləndirdilər. Vətənpərvərlik mahnısı oxuyanı "sən kimsən ki, belə mahnı oxuyursan?" - deyə  lağa qoydular.

Günlər boyunca özünə ekstrasens deyən (yenə də özümüzün məşhurlaşdırdığımız!), cəmiyyətdə xoş qarşılanmayan birinin özünün bildiyi, anladığı kimi vətənə dəstək mahiyyətli emosional videosunu paylaşıb lağa qoyanlar, bu videonu tirajlayanlar, bununla da düşmən tərəfinə Azərbaycanı aşağılamaq üçün səbəb verənlər dünyaca məşhur Azərbaycan əsilli müğənni, bəstəkar Sami Yusufun ölkəmizə, xalqımıza, ordumuza dəstək paylaşımlarını görməzdən gəldilər. Bütün dünya ölkələrindən olan nümayəndələrin reaksiyasız qalmadığı həmin statuslara bizim həmin insanlarımızdan reaksiya verilmədi. Doğrudur, kimsənin bunu tirajlamaq öhdəliyi yoxdur. Sami Yusuf da bunu əslində, bizim üçün yox, öz xalqının həqiqətlərini başqa ölkələrə, dünyaya çatdırmaq üçün yazır, paylaşır. Amma iki hadisəni yan-yana qoyanda o qədər eybəcər mənzərə alınır ki... Bu mənzərənin fonunda o sənətçiləri qınamağa dili gəlmir adamın. Axı bu tip insanlardır nə istədiklərini bilməyənlər.

Hansısa məclisdə ətrafdakılara özünü göstərmək üçün cibindəki son pulu, evinin, ailəsinin ruzisini çıxarıb müğənninin, rəqqasənin paltarının arasına qoyan insanın Feysbukda, İnstaqramda, həmin sənətçilər xeyriyyəylə məşğul olmur deyə, yaxa cırmasını izləmək nə dərəcə çətindir, bilirsinizmi? Soruşsanız, özü bir acın qarnını doyurmayıb, bir uşaq sığınacağının, bir qocalar evinin qapısını tanımır, şəhid ailəsindən, qazinin yaşayışından xəbəri yoxdur, amma sənətçidən xeyriyyəçilik tələb edir. Dərd də bundan sonra başlayır. Bir sənətçini xeyriyyə işi görmür, kasıba əl tutmur deyə təhqir edən həmin adam, başqa bir sənətçinin etdiyi xeyriyyəçiliyi reklam, özünü göstərmək kimi qələmə verib, lağa qoyur.

***

Bir daha deyirəm, yəqin ki, insanlarda bu yanaşmanı yaradan həmin sənət adamlarının özləridir. Bununla bağlı nəsə iddia edə bilmərəm. Amma axı, biz də nə istədiyimizi, nə tələb etdiyimizi bilməliyik. "İnsaf da dinin yarısıdır" deyiblərmi?!. Yüz dəfə imam üçün ağlayanda, bir dəfə də yezid üçün ağlamaq gərək. Bəlkə də haqlısınız. Bəlkə də kimsə əyninə əsgər forması geyinib çəkdirdiyi şəkillə, oxuduğu vətənpərvərlik mahnısıyla, yardımlarıyla özünü reklam eləməyə çalışır, belə demək mümkündürsə, "özünə xal toplayır". Eləsin. Nə olar ki? Təki bu cür reklamlar məhz belə mövzularda olsun. Başqa zaman müğənninin açıq-saçıq geyimini tənqid edib, "uşaqlarımız onlardan nə nümunə götürəcək" deyənlər, izin verin, uşaqlarınız bu dəfə də onların hərbi geyimlərindən, vətənpərvər çıxışlarından, mahnılarından nümunə götürsünlər. Bundan heç kimə ziyan gəlməz.

***

Əgər bilsən ki, insanlar bütün bu iradları həqiqətən də milli-mənəvi dəyərlərə bağlılıqlarından, ədəb-əxlaq qoruyucusu olduqlarından edirlər, bəlkə də, anlayarsan. Amma bu təhqirlərin arxasından çürümüş paxıllığın, kiflənmiş həsədin üfunət qoxusu çox aydın şəkildə vurur. Heç bir pafos, heç bir lağ bu üfunəti ört-basdır edə bilmir və insanın ürəyini bulandırır. Çoxu da müğənninin evinə, yaşayışına həsəd aparan, "niyə o varlıdır, mən kasıb" duyğusuyla alışıb-yanan insanlardır onları bəyənməyənlər, hər fürsətdə yamayanlar. Amma onlar unudurlar ki, bu sənətçilərin hamısını biz "məşhur" etmişik, əgər onlar varlıdırlarsa, o pulları da onlara biz vermişik!..

 





23.07.2020    çap et  çap et