525.Az

"Qalmayıb daş üstdə daşı Ağdamın..." - Rəşid Kərimovdan 3 şeir


 

"Qalmayıb daş üstdə daşı Ağdamın..." - <b style="color:red">Rəşid Kərimovdan 3 şeir </b>

Ağdam

Baharı var idi, yazı var idi,
Yaman bəla çəkdi başı Ağdamın.
Ömrümün-günümün mənası idi,
Qalmayıb daş üstdə daşı Ağdamın.
 
Saç ağarıb, saqqala dən düşübdü,
Ayrılığın bizi yaman üşütdü.
Dağlar uçub, düzlərə çən düşübdü,
Başlayıb  boranlı qışı Ağdamın.
 
Yağı bürüyübdü dörd bir yanını,
Bir eşidən yoxdur ah-amanını.
Amansız sellərə  qatdı canımı
Gözündən sellənən yaşı Ağdamın.

***

Bizə dəydi kafir gözü, nəzəri
Qan ağlayır Natəvanın qəzəli
Sən gözəldin - zamanın ən gözəli,
Daş olub yurdunda qalaydım, Ağdam.
 
Gümanımız imdad olub, dad olub,
Bar-bəhərin quruyubdur, bad olub.
Doğmaların uzaqlaşıb, yad olub,
Bir ovuc torpağın olaydım, Ağdam
 
Bizdən küsüb ölənlərin məzarı,
Təkcə sənsən Rəşidin dərd axarı.
Göz yaşımız daşıracaq Xəzəri
Köksündə  saralıb-solaydım, Ağdam
 
Qocaldım
 
Bu dünyanın boranı var, yazı var,
Baharı var, şaxtası var, buzu var.
Sərt üzü var, yalanı var, düzü var,
Dizlərimi zaman bükdü, qocaldım.
 
Bu dünyada ayrılıq var, ölüm var,
Sədaqət var, ləyaqət var, zülüm var.
Ömrü boyu bir əlimdə külüng var,
Saçlarıma duman çökdü, qocaldım.
 
"Qarabağda nə day qalıb, nə dana",
Qaçıb, köçüb hərə gedib bir yana.
Salan yoxdur bu işləri nizama,
Fələk məni dara çəkdi, qocaldım.

Ayrı düşdüm yurd-yuvamdan, elimdən,
Qarqarımın, Xaçınımın selindən.
Nankorların, kafirlərin əlindən
Ağrı içdim, acı içdim, qocaldım
 
Rəşid deyər, daim sözün düzünü,
Gördüm bu dünyanın hər tür üzünü.
Haqla-ədalətlə dedim sözümü,
Ömür gəlib qəfil  keçdi, qocaldım.

Rəşid KƏRİMOV

 





23.07.2020    çap et  çap et