Hörmətli Bəhruz müəllim, bu günə kimi sənin yuvarlaq ad günlərini öz aramızda keçirmişik, amma mətbuata çıxarmamışıq. Doğrusu, heç özün də buna razılıq verməmisən. Ancaq dostum, bu dəfə fürsəti əldən vermək olmaz, həmişə gözəllərin nəzərində cavan qalmaq olmaz axı? Sənin 60 yaşını xəlvətcə keçirə bilmərik. Yoxsa 70-ində bizə deyərlər ki, ə, bu gözəl insanın əlli-altmışını indiyə qədər nə səbəbə xalqdan gizlətmisiniz? Ona görə də bağışla, gərək zamanı qabaqlayaq. Özü də, dostum, sənin bu ad günün hələm-hələm adama qismət olan təqvim deyildir. Sən bir işə bax, sənin bu ad günün bütün dünyanın şadlıq etdiyi, yolka bəzədiyi, şənləndiyi, bu gəlimli-gedimli dünyanın ağappaq qara büründüyü bir əziz günə – yeni ilin ilk gününə – yanvar ayının 2-nə təsadüf eləyib.
Əziz dostum, hamı bilməsə də, mən bilirəm ki, 60 il bundan qabaq Ağdamda, Həsən müəllimin ailəsində dünyaya gəlməyin ailənizdə, Axundovlar nəslində necə böyük sevincə, bayram atəşfəşanlığına çevrilib. Axı sən 7 bacıdan sonra dünyaya gəlmişdin. Atan Həsən müəllim, anan Mama xanım bu günü necə həsrətlə gözləmişdilər. İllər keçsə belə, bayramın bayrama qovuşduğu o günü bacılarının sevincini təsəvvür etmək elə də çətin deyildir. Axı hər bacı istəyər ki, onun qardaşı – arxası, qaxmar çıxanı olsun.
Sənin dil açdığın, ilk addımı atdığın, uşaq bağçasına, məktəbə getdiyin, orta məktəbi bitirdiyin, indiki Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olduğun o günlər də ailənizin ən unudulmaz, ən fərəhli günləri olub. Nəhayət, universiteti bitirməyin, əsgərliyə getməyin, ordudan tərxis olunduqdan sonra Ağdam şəhər komsomol komitəsində işləməyin, daha sonra komsomolun ikinci katibi vəzifəsində çalışmağın dostlarının, səni yaxından tanıyanların çox yaxşı yadındadır.
Əlbəttə, rayonda işlərin heç də pis getmirdi. Ancaq sən bütün ruhunla jurnalistikaya bağlı idin. Məqalələr, oçerklər, hekayələrlə bərabər, heç vaxt şairlik iddiasında olmasan da, hərdən şeirlər də yazırdın, mətbuatda çap elətdirirdin. Hələ gözəl piano çalmağını demirəm...
Bütün gənclər kimi, sənin də böyük arzuların vardı. Amma ürəkdə cücərən bu arzuları həyata keçirməyə münbit şərait, mühit lazım idi. Nəhayət, 1981-ci ildə sən arzularının ardınca Bakıya gəldin. Yeni kitab mətbəəsində əvvəl təsərrüfat müdiri, daha sonra direktor müavini işlədin və elə o çağdan da ömrünü kitab işinə – naşirliyə bağladın.
Deyirlər, həyat bir dəryadı, insan yelkənsiz gəmi, özün də bilmirsən hansı sahilə, səmtə yan alacaqsan. Sən də dəryada üzən o yelkənsiz gəmi sayaq bir sahilə yön almaq, əbədi lövbər salmaq istəyirdin.
1986-cı ildə sən Azərbaycan Respublikası Maarif Nazirliyinin (indiki Təhsil Nazirliyinin) mətbəəsinə direktor təyin edildin. Elə o gündən də Azərbaycanın təhsil sistemi ilə daha yaxından tanış oldun. Təhsil sahəsindəki uğur və çatışmazlıqları analiz etmək şansı qazandın.
Dostum, nə səni, nə oxucuları yormaq istəmirəm. Azərbaycan müstəqillik əldə etdikdən sonra çox sahədə dəyərlər, münasibətlər dəyişdi. Və 1992-ci ildə Maarif Nazirliyi “Öyrətmən” – bugünkü “Təhsil” nəşriyyatını təsis edərkən tərəddüd etmədən ona rəhbərliyi sənə etibar etdi. Mübaliğəsiz demək olar ki, sən 1992-ci ilin axırlarında yaradılan müstəqil Azərbaycanın ilk dövlət nəşriyyatı olan “Təhsil” nəşriyyatının yaradıcısısan.
Sən çox az bir müddətdə zəif maddi-texniki bazası olan “Öyrətmən” – bugünkü “Təhsil” nəşriyyatını respublikada ən öndə gedən, hətta ölkəmizin hüdudlarından kənarda da tanınan bir nəşriyyat səviyyəsinə qaldırmağı bacardın. “Təhsil” Nəşriyyat-Poliqrafiya birliyi tam müstəqil, özəl müəssisəyə çevrildikdən sonra isə sənin bir baş direktor olaraq naşirlik imkanların daha da genişləndi. Nəşriyyat hər cür şəraiti olan bir binaya köçdü, ən müasir mətbəə avadanlığı ilə təchiz edildi, satış üçün nəşriyyatın “Kitab evi” yaradıldı, peşəkar kadrlar işə cəlb olundu və i. və s.
Bu gün ölkəmizdə nəşriyyatların sayı yüzdən çoxdu, ancaq mübaliğəsiz demək olar ki, kitabı, kitab işinin sirlərini sənin qədər bilən və qəlbən sevən, bu mədəniyyət sahəsinin bu gününü və gələcəyini düşünən, bu yolda ardıcıl, məqsədyönlü fəaliyyət göstərən naşirlər çox azdır. Sən əsl naşirsən! Sən nəşriyyat və poliqrafiya sahəsinə gəlir mənbəyi kimi yox, millətin sərvəti, nəsildən-nəslə ötürülən, səhifələrində zamanın ruhunu yaşadan böyük və əvəzsiz dəyər kimi baxırsan. Buna görə də, sələflərindən fərqli olaraq, hər bir çap məhsulunu ibtidasından siqnal nüsxəsinə kimi izləyir və bu prosesdə yaxından iştirak edirsən.
Təbii ki, sənin bu ağır zəhmətin öz bəhrəsini verir və verməkdədir. Təsadüfi deyildir ki, rəhbərlik etdiyin “Təhsil” nəşriyyatının kitabı Azərbaycan nəşriyyat tarixində ilk dəfə olaraq 2010-cu ildə Moskvada keçirilən VII Beynəlxalq “Kitab sənəti” müsabiqəsində baş mükafatı – “Qran-Pri” almış, daha sonra Avropa miqyasında keyfiyyətə görə “Qızıl medala”, müasir kommunikasiya sistemlərindən səmərəli istifadə edərək yüksək keyfiyyət əldə etdiyinə görə isə “Qızıl delfin” mükafatlarına, çoxlu sayda diplomlara layiq görülmüşdür.
Əziz dostum, müstəqil Azərbaycanın milli təhsil sisteminin qurulması ilə əlaqədar yeni tədris proqramları əsasında latın qrafikasında buraxılan ilk milli dərsliklərin böyük əksəriyyəti də məhz sənin rəhbərlik etdiyin “Təhsil” nəşriyyatında nəşr olunmuşdur. Bu günə qədər bu nəşriyyatda yüzlərlə adda dərslik və dərs vəsaiti, ictimai-siyasi, elmi-kütləvi, bədii-publisistik ədəbiyyat və akademik nəşrlər işıq üzü görmüşdür.
Əziz dostum, sən həm də pedaqoji fəaliyyət də göstərirsən. 2006-cı ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim və 2011-ci ildən dosent vəzifəsində çalışırsan. Təcrübəli naşir kimi öz sevimli peşəni tələbələrinə də həvəslə öyrədirsən və hətta onların sırasından bəyənib işə götürdüklərin də çoxdur. Bu da sənin gənclərin qayğısına qalmağının bariz nəticəsidir.
Sən sadəcə dərs deməklə kifayətlənməmisən. Çoxlu sayda tədris proqramlarının tərtibçisisən, “Azərbaycanca–Rusca, Rusca–Azərbaycanca atalar sözləri və zərbi-məsəllər lüğəti”, “Nəşriyyat işinin əsasları”, “Nəşriyyat-Poliqrafiya və jurnalistika terminlərinin izahlı lüğəti” kitablarının həmmüəlliflərindən birisən.
Əzizimiz Bəhruz müəllim, sən həm də ictimai xadimsən, 2012-ci ildə məhz sənin təşəbbüsünlə təsis edilmiş Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyinin sədri seçilmisən. Bu birliyin ədəbi orqanı olan “Naşir” jurnalı da məhz sənin mənəvi dəstəyinlə işıq üzü görür. Sənin bu jurnalın çağdaş dünyanın tələblərinə cavab verməsi üçün nə qədər əmək və vaxt sərf etdiyini çevrəndəki həmkarların çox yaxşı bilir. Sən hər kitabın tərtibinə, bədii tərtibatına, dizayn işinə də belə məsuliyyətlə, həvəslə yanaşırsan.
Sən sənətə və sənətkara qiymət verən, yaxşını pisdən seçən, dəyər verən naşirsən. Daha burda jurnalını, kitablarını təmənnasız nəşr etdiyin adamların adını çəkmək istəmirəm, yəqin bilirəm ki, bunu sən də istəməzsən.
Məsəldi, deyərlər ki, çıraq öz dibinə işıq salmaz. Əlbəttə, müdrik xalqımız bu məsəli çırağa yox, insanlara yönəldib. Xalqın bu deyimini sənə yönəltsək, çəkinmədən deyə bilərəm ki, sənin ÇIRAĞIN nəinki ətrafına, hətta öz dibinə də işıq salır. Məhz bu işığın nəticəsidir ki, bu gün Azərbaycanın hər bölgəsindən sənin nəşriyyatında çalışan insanlar var.
Əziz Bəhruz müəllim, sən bütün bunlarla yanaşı, gözəl ailə başçısısan. İki oğul, bir qız atası, yeddi nəvənin babasısan. Onlar da bir övlad, nəvə olaraq səninlə fəxr edir, sənin ad-sanına layiq olmağa çalışırlar.
Doğrusu, sənin keçdiyin həyat yoluna baxanda görürəm ki, sənin ömürnamən kiçik bir təbrik məktubuna sığışmaz. Amma mətləbi uzatmaq da istəmirəm. Səni 60 yaşın münasibəti ilə öz adımdan, “Təhsil” nəşriyyatının kollektivi adından ürəkdən təbrik edir, sənə uzun ömür, can sağlığı arzulayıram.
Bir əlamətdar hadisəni də burada xatırlatmaq istəyirəm. Bu günlərdə sənin də çalışdığın Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 90 illiyi münasibətilə ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə bir qrup əməkdaşına fəxri adlar verilmişdir. Onların sırasında sən də varsan. Ölkə başçısının fərmanı ilə aldığın “Əməkdar mədəniyyət işçisi” fəxri adı, məncə, sənin 60 illik yubileyinə ən böyük mükafatdır. Səni yenicə aldığın fəxri adla və Yeni il münasibətilə ürəkdən təbrik edirik.