525.Az

Qadının yaratdığı yırtıcı - Türkan Turan yazır


 

Qadının yaratdığı yırtıcı - <b style="color:red">Türkan Turan yazır</b>

Frankşteyn haqqında məlumatsız olan tək-tük insan tapılar. Kitabı oxumayanlar belə hansı mövzudan bəhs etdiyindən az da olsa, xəbərdardır. Lap məlumatı olmayanlara belə "Frankşteyn" adı yad deyil.

Maraqlıdır ki, rekord səviyyədə oxunan, dünya klassikləri arasında özünəməxsus yerə sahib olan bu romanın müəllifi az tanınır. Hətta bəziləri bu kitabı yazanın dodağından siqareti, əlindən butulkası əskik olmayan, depressiv, aqressiv kişi olduğunu düşünürlər. Kitabı oxumayana qədər mən də elə zənn edirdim. Halbuki bu əsəri ərsəyə gətirən qadındır. Hətta daha dəqiq desək, bu ürküdücü roman olduqca zərif, incə, 18 yaşlı bir qızın qələmindən çıxıb. Söhbət Meri Şellidən gedir. Anası dövrünün ən iddialı feministi Meri Uolstonkraft, atası radikal anarxist, yazıçı-jurnalist Uilyam Qodvin idi. Meri Şelli 1800-cü illərdə digərlərindən fərqli hesab edilən bu ailənin övladı olaraq dünyaya göz açmışdı.

Anası o doğulandan qısa müddət sonra ölmüşdü. Meri və digər iki bacısını atası ilə ögey anası böyütmüşdü. Qızların üçü də gözəl, savadlı idi. Həmin dövrün ən məşhur kitab evlərindən biri Merinin ailəsinə məxsus idi. Hər gün buraya tanınmış filosoflar, jurnalistlər, aydınlar üz tuturdu. Bu isə Merinin intellektual simaların içində böyüməsi demək idi. Gənc qızın tanıdığı bütün kişilər ya şair idi, ya da yazıçı. Hətta başqa kişilərin də belə olduğunu zənn edirdi. Bir gün kitab evinə bir gəncin gəlməsi ilə bütün həyatı dəyişir. Həmin şəxs şair Persi Şelli idi. Persi və Meri saatlarla sevdikləri kitablardan, sənət adamlarından, aydınlardan danışırdılar. Söhbətləri bitmək bilmirdi. Persinin 22, Merinin isə 16 yaşı vardı. Ədəbiyyatla başlayan tanışlıq sevgiyə calanır. Bir-birilərinə aşiq olurlar. Halbuki Persi həmin vaxt 18 yaşlı və onu dəli kimi sevən Hariet ilə evli idi. Özü də Persidən ikinci uşağı doğmağa hazırlaşırdı.

Bütün bu sevgiyə rəğmən Persi arvadından uzaq gəzirdi. Çünki onu bəsit, bayağı görürdü. İntellekt sarıdan isə tamamilə kasad hesab edirdi. Arvadının onun ideallarını, xəyallarını, hədəflərini dərk edəcək dərinlikdə olmadığını düşünürdü. Bəlkə də haqlı idi. Qadının həyatı ailə-məişət, uşaqlar, biş-düşdən ibarət idi. Meri isə dolu, ağıllı, kültürlü idi. Bir gün gizli sevgiyə gün işığı sızır. Dedi-qodular ayaq açıb yeriməyə başlayır. Hər kəs Merinin evli kişi ilə sevgi macərasından danışırdı.

Bütün bunlar çılğın aşiqlərin vecinə deyildi. Amma bir gün qərar vermək vaxtı olduğunu anladılar. Tanışlıqlarından iki il sonra hər şeyi, hamını geridə qoyaraq qaçdılar. Qaçarkən yanlarında Merinin ortancıl bacısı da vardı. Hadisədən xəbər tutan Merinin böyük bacısı Feni həyatındakı ən böyük zərbəni alır. Çünki onun da Persidə gözü var idi. Hətta ona platonik eşq bəsləyirdi. Bu qaçışdan sonra arxalarınca lənət oxumağa başladı. Ən maraqlısı isə o günə qədər sevginin azadlığını müdafiə edən, əxlaq anlayışını yerdən-yerə vuran atası qızının qarışdığı bu qalmaqala sərt reaksiya verir. Düz iki il onunla bir kəlmə belə kəsmir. Bütün baş verənlər az deyilmiş kimi, ardınca intiharlar başlayır. Əvvəlcə Persinin qoyub qaçdığı arvadı özünü gölə atır. Ardınca Merinin bacısı Feni özünü öldürür. Hər iki intihara  Meri və Persi səbəbkar göstərilir. Onların sevgisinə lənət donu geyindirirlər. Baş verən bütün bədbəxtliklər bu iki sevgilini bir-birinə daha çox bağlayır. Əslində, onların münasibəti qarşılaşdıqları gündən boz, bulanıq idi. Həqiqəti heç vaxt görməkləri mümkün deyildi. Çünki həqiqətlərin qarşısını sevgi kəsmişdi.

Bir gün Lord Bayron onları əylənmək üçün İsveçrədəki qəsrinə dəvət edir. Persi və Meri dəvəti qəbul edirlər. Keçmişlərindən, zəifliklərindən, qəlblərini qırdıqları, üzdükləri insanlardan qaçıb qurtulmaq istəyirmiş kimi həmin qəsrə sığınırlar. Əzəmətli qəsrdə beş nəfər olurlar. İlk baxışdan hər şey gözəl görünür. Amma tutqun hava heç cür açılmaq bilmir; ya çiskinli olur, ya yağışlı, ya da buludlu. Bu şərtlərdə çölə çıxmaq onlar üçün çox da əlverişli olmur. Vəziyyəti görən Bayron bir oyun təklif edir. Oyunun qaydalarına görə, hər kəs bir qorxulu hekayə uyduracaq, sonra da bir-birinə danışacaqlar. Təklif hər kəsin xoşuna gəlir və evə qapandıqları vaxtlardakı boşluğu bu cür doldururlar.

Günlər sonra hava açılır, günəş doğur, kişilər bu oyunu unudurlar. Persi və Bayron ilk fürsətdə ova çıxır, balıq tutmağa gedir, günlərini gəzib dolaşmaqla keçirirlər. Meri isə heç yerə tərpənmir, qəsrdə oturub qorxulu hekayələr uydurub yazmağa davam edir. Sona çatdıqda isə ortaya əfsanəvi Frankşteyn çıxır. Ədəbiyyat tarixində bəzi romanlar var ki, yazılma hekayəsi kitabın özündən daha əsrarəngizdir. Bu da onlardan biridir.

 





25.07.2020    çap et  çap et