525.Az

Şahbulaq qalası - Aytac Sahədin yazısı


 

Şahbulaq qalası - <b style="color:red">Aytac Sahədin yazısı </b>

"Pənah xan düşündü ki, mən təzəbinə bir adamam, Cavanşir və Otuziki elatı, Xəmsə məliklikləri mənə düşməndir. Mən gərək möhkəm bir yerdə məskən və mənzil salam. Düşməni dəf etməkdən kahallıq və fəsad əhli ilə mübarizədə səhlənkarlıq etməyəm. Buna görə Bayat şəhərini dağıtdı və gəlib bir təpənin ətəyində Şah bulağı adı ilə məşhur olan bir qala bina etdi".

Mirzə Adıgözəl

Şahbulaq qalası on səkkizinci əsr Azərbaycan memarlığının möhtəşəm nümunələrindəndir. Ehtimal olunur ki, Ağdamda tikilən qala adını da burada yerləşən gursulu bulağın adından - Şahbulağından götürmüşdür. Qala daxilində bulaqların çoxluq təşkil etməsi barədə xeyli məlumatlar var.  Şahbulaq qalası Ağdamın 10 kilometrliyində, dağların ətəklərində çeşməli bir ərazini əhatə edirdi. Xanlığın mərkəzi olacaq qalanın burada salınmasının əsas səbəblərindən biri qalanın strateji-coğrafi əhəmiyyəti idi. Xüsusilə də suyun əlçatanlığını təmin edən çoxsaylı bulaqlar.

Şahbulaq qalasının mürəkkəb müdafiə planına malik idi. Dəfələrlə hücumlara məruz qalan qalanın bərpasına xeyli pul xərclənmişdi. Abbas Mirzə də daxil  olmaqla bir neçə hökmdarın qalaya hücumu bir nəticə verməmişdi. Tarixçi Vasili  Potto yazırdı: "Şahbulaq qalası İran vəliəhdi Abbas Mirzənin yürüşündən sonra yararsız vəziyyətə düşmüşdür. Bu vəziyyətdə olmasına baxmayaraq, qala tipli qəsrdə yenidən tikinti işləri başlamışdır. Qalanın müdafiə məqsədli planı yaxşı hazırlanmışdır. Həmçinin qalanın coğrafiya mövqeyi əlçatmaz və memarlıq strukturu da yaxşıdır".

Şahbulaq qalası memarlıq xüsusiyyətlərinə görə o dövrün digər qalalarından fərqləndiyindən özündən sonrakı memarlıq nümunələrinə təsir göstərmişdi. Bu qala tipli saray kompleksi yerli inşaat materialları olan əhəngdən və dağ daşlarından inşa olunmuşdu. Kompleks güclü mühafizəyə malik olduğundan onu "qıfıl" (kilid) adlandırırdılar. Kompleksin mühafizə divarları yaxınlığında Qarabağ xan sarayı  yerləşirdi.

Qala inşa planına əsasən düzbucaqlı formada inşa edilmişdi. Kompleksin ətrafı mühafizə divarları, dairəvi və yarımsilindirik formalı nəzarətçi qüllələri ilə əhatə olunmuşdu. Qalanın divarlarının hündürlüyü 7 metr, qüllənin hündürlüyü isə 8,5 metr idi. Kompleksin girişi şərq divarının mərkəzindən qoyulmuşdu. Qalanın şimali qərbində bulağın yaxınlığında kiçik ibadət zalından və küləfrəngidən ibarət çox da böyük olmayan Şahbulaq məscidi inşa edilmişdi.

Şahbulaq qalasi - Çobandağ dağı (681m.)

Qəsrin girişi şərq tərəfdən idi və ikimərtəbəli prizmaşəkilli tikili ilə müdafiə olunurdu. Giriş kiril əlifbasındakı "Q" hərfi formasında idi. Şahbulaq qalasında daşdan tikilmiş məscid, hamam, şəhər evləri və bazar yerləşirdi. Qalada iki qəsr-içqala və xarici qala var idi. İçqəsr təpənin üstündə gur bulağın yanında salınmışdı.

Şahbulaq 1993-cü ildə ermənilər tərəfindən işğal edildikdən sonra qalanın daxilindəki məscid, hamam, xan sarayı və bəzi yaşayış evləri dağıdılıb. Ümumiyyətlə, Şahbulaq qalası ermənilər tərəfindən ən çox erməniləşdirilməyə məruz qalan abidələrimizdəndir. Qalanın divarları üzərindən ornamental oymalar və yazılar silinib, mühafizə divarlarının bayır hissəsi, eləcə də daxili interyerləri sökülərək mişar daşları və erməni xaçları ilə əvəz olunub.

Həmçinin, müxtəlif adlarla aparılan arxeoloji qazıntılar və digər amillərlə bağlı qalanın ziyan görməsi erməni mətbuatında yayılan şəkillərdə aydın görülməkdədir. Bu şəkillərə baxanda adam bilmir qalanın gördüyü ziyana yansın, yoxsa üstündə dalğalanan erməni bayrağına. Ancaq hər birimiz bütün varlığımızla inanırıq ki, Şahbulaqda bir gün Azərbaycan bayrağı dalğalanacaq. Mütləq dalğalanacaq!

 





25.07.2020    çap et  çap et