525.Az

Vətən keşiyində mətin duraq - Yazı


 

Vətən keşiyində mətin duraq - <b style="color:red">Yazı </b>

Uşaq vaxtı olsaydı, "vətən nədir?" sualına şəkilli kitablardan xatirimdə qalan "yaşıl çəmənlər, dik təpəli dağlar, dalğalanan dəniz, axar sular boyunca düzülmüş salxım söyüdlər, dəliqanlı çaylar..." - deyə cavab verərdim.

Həzin laylalarla, şirin nağıllarla böyüdük. Bir vaxt anladıq ki,Vətən təkcə bu gözəlliklərlə bitmir. Anladıq ki, Vətən uğrunda can vermək üçündür. Əlimizdə oyuncaq tapançalar, taxtadan düzəldilmiş tüfənglər "dava-dava" oynamaqdan doymamış anladıq bu müdhiş həqiqəti. Müharibənin nə olduğunu nənə-babalarımızdan, tarix kitablarından, bir də ən çox sevdiyim, dönə-dönə seyr etdiyim "Uzaq sahillərdə" filmindən bilirdim. Sən demə, biz də müharibə həyatı yaşayacaqmışıq. Sən demə, tarix təkrar olunurmuş. Özü də tarixi təhrif edib təkrar edənlərin əli ilə. Bəlkə də qarşıdakı düşmən erməni yox, başqa bir millət olsa, bu qədər yanmazdım. Yəni layiqli düşmənlə döyüş edərdi xalqım.

Suda boğulan saman çöpündən yapışar. Ermənilər kimi. Çör-çöpümüzü yığıb, koma qurmaq istədilər, süfrəmizin qır-qırıntısından "milli mətbəx" yaratdılar, musiqimizin segahından  "dınqıltı" düzəldib, zurna üfürdülər. HALALCA torpaqlarımızın sərvətindən xəzinə düzəltdilər. Və bunları utanmadan etdilər. Çox maraqlıdır, görəsən, bu millətin nümayəndələri utanmaq sözünü bilirmi? Mənfurcasına, faşist kimi, qaniçənlər kimi etdilər.

Mən tarixçi deyiləm. Tarixi faktlara əsaslanan elmi nəzəri təhlillər aparmaq onların işidir. Sadəcə unudulmaz ədibimiz Davud Nəsibin "Cavanşir" tarixi romanında təsvir olunan Bərdə qırğınından üzü bəri başımıza gətirilən müsibətləri unuda bilmərik demək istəyirəm. Soruşmaq istəyirəm: Ay ermənilər, hansı tarixdən danışırsız?

Bəlkə bu da lazım imiş. Bütün dünyanın birləşərək, xəstəliklə döyüşdüyü bir zamanda Tovuzda törədilən təcavüzdən sonra on minlərlə vətəndaşımız könüllü şəkildə orduya yazıldı. 1990-cı illərdən keçən 30 il bizə çox şey öyrətdi. Əmrə hazır ordumuz da, müdrik rəhbərimiz də, silahımız da. Bu birlik, təşəbbüs ürəyimizi fəxarətlə doldurdu.

Qoy düşmən bilsin ki, damla-damla yığılan səbr kasamızda daha yer qalmayıb. Qarabağ yarasından qan sızır. Bu ağrılardan, acılardan çətinliklə də olsa, keçməliyik. Əlbəttə, asan olmayacaq. Bunu hamı bilir. Bir yerdə, dövlətimizə, ordumuza güvənərək keçməliyik. Yaralarımızı öz əlimizlə sarımalıyıq. İçimizdə ağlayıb, üzdə gülə-gülə irəli addımlamalıyıq, sınmadan, yorulmadan. Dərd çəkmək  bacarığımızı da göstərməliyik. Səngərdə od-alov içində döyüşən əsgərimizin yanında olmalıyıq.

Şəhid verən analar qan ağlayır. Tək şəhid anası yox, bütün analar. Günlərdir mənim anamın da gözünün yaşı qurumur. Yurddan gedən oğullar! Şəhid oğullarımız!!! Sıravi əsgərdən, generala qədər hər birinin öz həyat hekayəsi var. Tamamlanmamış, yarımçıq qalmış, ancaq şərəflə yazılmış, tarix yaratmış, bayrağımızdakı al rəngə qanını qatmış, "Şəhidlik zirvədir" sözləri ilə başlayan və bitən həyat hekayəsi.

Zirvədən sonra eniş olur deyirlər. Şəhidlik - enişi olmayan zirvədir.

Rahat yatın, əziz qardaşlarım!

Ananız - anamızdır.

Balanız - balamızdır.

Ruhunuz - and yerimizdir.

Bütün Azərbaycan sizə yas tutur. Haqqı tanıyan bütün  insanlar dünyaya haray salır. Mənim də içim göynəyir, bir gözüm ağlayır, o biri gülür. Generalımızın gülən gözləri kimi. Çünki içimdə bir işıq var. Şəhidlərimizin gözündəki nura bənzəyən işıq. İnanıram ki, bu, son olacaq. Xalqımıza qarşı törədilən alçaqlığın, mənfurluğun sonu...Vətən oğulları, gözünüz arxada qalmasın. Türk oğlu türk kimi son damla qanımıza qədər vuruşmağa hazırıq. Qanımızda Atillanın qanı var. İnanıram ki, dövlətimizin göstərdiyi yol ilə qələbəyə  gedib çatacağıq. Elə bir tarix yazacağıq ki, ermənilər yüz illər boyu türk adı eşidəndə qorxudan avazıyacaq...

***

Şəhid qanı torpaqda gül bitirər,
Şəhid olan yurda şöhrət gətirər,
Türk oğlu döyüşər, dünyadan gedər,
Dəyərini Vətən bilər, el bilər.

***

Ağlayıram, sızlayıram, yanıram,
Göz yaşımla şəhidimi anıram.

Bərk sıxmışam yumruğumu bu səfər,
Xalqıma yaraşır qələbə, zəfər,
Gözləyir analar xoş müjdə, xəbər,
Bitsin bu iztirab, bu qəm, bu kədər.

***

Ağlayıram, sızlayıram, yanıram,
Şəhidimi göz yaşımla anıram.

Vətən igidlərin bir də sınadı,
Düşmənin sinəsi yara-yaradı,
Ən müqəddəs addır şəhidlik adı,
Unutmarıq Mübarizi, Poladı...

***

Ağlayıram, sızlayıram, yanıram,
Şəhidimi göz yaşımla anıram...

Günər ƏLİYEV

 





28.07.2020    çap et  çap et