525.Az

Borçalıda yaşayan tarix - Şahanə Müşfiqin yazısı


 

Borçalıda yaşayan tarix - <b style="color:red">Şahanə Müşfiqin yazısı </b>

Bir neçə gün öncə mətbuatdan Borçalıda ənənəvi "Borçalı türklərinin Elat mədəniyyəti günü" yaylaq festivalının keçirildiyi xəbərini oxudum.

Ata-baba yurdum olan, amma hələ də gedib görə bilmədiyim, sadəcə böyüklərimin xatirələrində dinlədiyim Borçalıda yaşayan soydaşlarımızın öz milli kimliklərini məhz bu cür qoruyub-yaşatmaları qəlbimi bir daha riqqətə gətirdi.  

Əsrlərin unutdurmadığı Borçalı... 

Öncə onu deməliyik ki, hazırda Gürcüstan Respublikasının tərkibində olan Borçalı Azərbaycanın tarixi torpaqlarından biridir, vaxtilə onun bir parçası olub və indi də burda azərbaycanlılar yaşayırlar. Tarixə qısa səyahət etsək, görəcəyik ki, XVIII əsrin əvvəllərində Borçalı Gəncə bəylərbəyliyinin tərkibində olub. Bəylərbəyi Ziyadoğlu 1736-cı ildə Muğanda Nadirqulu xanın şah elan olunmasına qarşı çıxır. Buna görə də Nadir şah kimi tanındıqdan sonra Ziyadoğluları cəzalandırmaqdan ötrü Borçalını Gəncə bəylərbəylərindən alaraq, gürcü Kartli-Kaxeti çarına hədiyyə edib. XVIII əsrin ortalarında Azərbaycan xanlıqlara, sultanlıqlara bölündüyü vaxt Borçalıda da sultanlıq elan olunur. XIX əsrin ortalarında isə Borçalı mahalı qəzaya çevrildi. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra Borçalı Gürcüstanla Azərbaycan arasında mübahisəli əraziyə çevrildi. Rus-Sovet işğalından sonra da ədalət bərpa edilmədi və Borçalı Gürcüstana qatıldı. 1929-cu ildə qəza ləğv edilərək 3 yerə bölündü: Borçalı, Lüksemburq (Bolnisi), Başkeçid (Dmanisi).

Elat mədəniyyəti - birliyin təcəssümü

Mətbuatdan bu festivalın təxminən 10-12 il öncədən keçirilməyə başlandığını öyrənsək də, əslində, tarixi kökləri keçmişə gedib çıxır. Elat - hüdudları bəlli olan konkret coğrafi bölgə daxilində mövsümü yaylaq-qışlaq yerdəyişməsindən ibarət təsərrüfat məişətinə malik olan insanların sosial birliyidir. Belə mədəni - təsərrüfat tipinə malik insan qruplarının - sosial birliklərinin yaratdığı mədəniyyət tipi isə elat mədəniyyətdir. Elat - özündə olduqca zəngin mənəvi-etnik və mədəni-sosial dəyərləri ehtiva edən bu mədəniyyət tipi Gürcüstan Respublikasının şərqində hazırda Kvemo-Kartli adlanan Borçalı-Qarayazı tarixi bölgəsində, həmçinin, qonşu bölgələrdə əsasən kompakt yaşayan, Azərbaycan türklərinin məişət və təsərrüfat həyatının bu gün də tərkib hissəsi olaraq qalmaqdadır.

Tarixdən gələn festival xatirələr işığında

Əbəs yerə elat mədəniyyəti günlərinin tarixinin köhnə olduğunu qeyd eləmədik. Çünki mən azərbaycanlıların hər il bu cür şənliklər keçirdiyini Dmanisinin Yaqublu kəndində böyüyüb, boya-başa çatan, 17 yaşında isə təhsil üçün Bakıya gəlib, burda da həyatını davam etdirən atamdan çox eşitmişəm. O, uşaqlıq xatirələrindən bu festivalları yaxşı xatırlayır. Dediyinə görə, Dmanisinin türk etnosu ildə bir dəfə yaylaqda şənlik təşkil edər, hərə aid olduğu xalqın milli dəyərlərini nümayiş etdirərmiş. Burda azərbaycanlılar çoxluq təşkil etsələr də, gürcülər və Dmanisidə, başqa bölgələrdə yaşayan digər millətlər də şənliklərə qoşularmış: "Çox böyük şənlik təşkil edilirdi. Əsasən, biz azərbaycanlılar iştirak edirdik. Orda öz yeməklərimizi, milli mətbəximizi, milli musiqilərimizi, milli idman növlərimizi, qadınlar əl işlərini və sair nümayiş etdirərdilər. Bu şənliklərin ən çox maraq toplayan hissəsi güləşçilərin döyüşü və at yarışları olardı. Azərbaycanlı güləşçilərlə gürcü idmançıları qarşılaşardı. Bizdən iki qardaş var idi, güləşçi idilər. O boyda Gürcüstanda onların kürəyini yerə vuran tapılmırdı. Bütün yarışlarda qalib gəlirdilər".

Atam cəmi bir neçə dəfə iştirak etdiyi bu tədbirlərdən hər dəfə ağızdolusu danışır. Onun sözlərinə görə, azərbaycanlılar məhz bu sayədə öz türklüklərini daha yaxşı anlayar, öz kimliklərinə daha çox sarılarmışlar. Onsuz da dillərindən, dinlərindən, köklərindən vaz keçməyən, unudulmağa qoymayan dəyanətli xalq mənsub olduğu tarixi kökləri gizlədərək, arxada, dörd divarının arasında xəlvət şəkildə deyil, açıq-aşkar, sanki onun keçmişinə əl uzatmaq istəyənlərə arzularına çatmayacaqlarını göstərə-göstərə, açıq alınla, ağ üzlə nümayiş etdirərmişlər.

Mədəniyyətləri qovuşduran festival

Elə bir zamanda yaşayırıq ki, dünyanın bir ucunda oturub, başqa bir ucu haqqında bilgi sahibi ola bilirik. Məhz bunun nəticəsidir ki, biz də Borçalıdakı qardaşlarımızın hər il keçirdiyi bu festivalı mətbuatdan izləməyə, bu şənliklər haqqında bilgi toplamağa nail oluruq.

"Borçalı" İctimai Birliyinin illərdir bu istiqamətdə gördüyü işlər təqdirəlayiqdir. Birlik Azərbaycanın Gürcüstandakı səfirliyi və Gürcüstan Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirdiyi müxtəlif layihələr, gördüyü bir-birindən fərqli işlər sayəsində Borçalı türklərinin mənəvi zənginliyini, insanpərvərliyi, qədim mədəniyyətini, adət-ənənələrini Gürcüstan Respublikası daxilində gürcülər və başqa xalqların nümayəndələrilə dostluq, qardaşlıq münasibətləri çərçivəsində yaşatmağa nail olur.

Hər il iyulun 26-da "Borçalı" cəmiyyətinin təşəbbüsü və rəhbərliyi ilə Armudlu yaylağında keçirilən "Borçalı türklərinin Elat mədəniyyəti günü" tədbirlərinin də bu istiqamətdə rolu kifayət qədərdir. Keçmişdə olduğu kimi, müasir dövrümüzdə də hər il Elat bayramı günündə müxtəlif ölkələrdən on minlərlə insan festivalda iştirak etmək üçün Armudlu yaylağına, Dmanisiyə üz tutur. Burada onlar yerli əhalinin mədəniyyəti, məişəti, ictimai-siyasi mövqeyi, tarixi, düşüncə tərzi, dili ilə yaxından tanış olur və öz ölkələrinin mətbuatında reportajlar yayımlayırlar. Bununla qan qardaşlarımızın səsi bütün dünyaya yayılmış olur.

Elat mədəniyyəti günləri təkcə mədəniyyətlərin deyil, elmin, düşüncə tərzinin də inteqrasiyasıdır. Belə ki, hər il bu festivalda dünyanın müxtəlif ölkələrindən təşrif buyurmuş müxtəlif sahələrdəki mütəxəssislər, ziyalılar, şairlər, incəsənət adamları çıxışlar edir, yerli əhalini öz milli incəsənətlərilə tanış edirlər. Burada ziyalılar tərəfindən aparılan fikir mübadilələri düşüncə tərzinin genişlənməsinə və cəmiyyətin inkişafına xidmət edir. Müğənnilər, aşıqlar, şairlər, jurnalistlər, idmançılar bu fikir müdalilələrinin və mədəniyyət inteqrasiyasının əsas təminatçısına çevrilirlər. Buna görə də hər ilin iyul ayında Armudlu yaylağını mədəniyyətlərin təmas nöqtəsi də adlandıra bilərik.

Regionun üç güclü dövləti bir yaylaqda

Elat mədəniyyəti günləri əlbəttə, azərbaycanlılar və gürcülərlə məhdudlaşmır. burada türklər də böyük önəm kəsb edirlər. Hətta yaylağın çıxışlar üçün hazırlanmış hissəsi Azərbaycan, Türkiyə və Gürcüstan bayraqları ilə bəzədilir. Bu, bir region daxilində üç ölkənin və millətlərinin möhkəm dostluğunun bariz nümunəsidir. "Borçalı" İctimai Birliyinin sədri və nümayəndələri hər zaman Azərbaycan-türk mədəniyyətini Gürcüstan dövlətinə sədaqətlə qoruyub-yaşadacaqlarını vurğulayır. 

Bu günlərdə dövlətin də diqqəti Armudlu yaylasında olur. Deputatlar, dövlət rəsmiləri, məmurlar xalqla birlikdə bu milli festivalda iştirak edirlər.

Dastanlardan günümüzə...

Borçalı türklərinin Elat mədəniyyəti günləri keçirilmə şəklinə görə də keçmiş türk ənənələrini xatırladır. Qurulan çadırlar, güləş, cıdır yarışları, kabablar, milli mətbəxin ən gözəl təamları, rəqslər dastanlarımızda oxuduğumuz o böyük, şanlı məclisləri xatırladır.

Müxtəlif illərin reportajlarından oxuduğumuza görə, yaylaq həm də bazar ab-havasına bürünür. Burada insanlar öz əllərinin zəhmətini, təsərrüfatlarının məhsulunu, çaxırları, milli ornamentli əşyaları böyük əksəriyyəti turistlərdən ibarət olan alıcılara ucuz qiymətə təklif edirlər.

Bu il mövcud pandemiya səbəbindən 12-cisi keçirilməli olan Elat bayramına da müəyyən əngəllər yarandı. Amma Borçalı İctimai Birliyinin sədri Zəlimxan Məmmədli başda olmaqla, borçalılılar məhdud çərçivədə də olsa, iyulun 26-da bu günü qeyd etdilər, elat yurdunu ziyarət etdilər. Z.Məmmədli bu haqda özünün sosial şəbəkə hesabında belə yazdı: "Aşıq Nargilənin təşkilatçılığı ilə bu gün Dmanisidəki Elat yurdu nəzərdə tutulmuş qaydada ziyarət olundu. Əski millət vəkili Ramiz Bəkirov, əski Marneuli bələdiyyə başqanı İsrafil Bayramov, Dərviş Osmanın ailəsi, gənc aşıqlar, yerli əhali  bu möhtəşəm günü şərəfləndirdilər. Zəhməti olan hər kəsə təşəkkür edirik. Növbəti il inşallah, virus problemi olmaz və ön minlərin qatıldığı möhtəşəm Elat bayramı qismətimiz olacaq. Borçalı elini təkrar təbrik edirik".

Ümumi mənzərəyə nəzər salarkən, görürük ki, həqiqətən də bu festivallar Borçalı-türk folklorunun, unudulmaqda olan elat mədəniyyəti elementlərinin, milli mənsubiyyətin tanıdılması, təbliği baxımından çoxəhəmiyyətlidir. Elat mədəniyyəti həm qanıbir soydaşlarımızın bir-birilə, həm də böyük Türk dünyası ilə yaxınlaşmasını təmin edən ən böyük elementdir. Bu cür tarixin təbliğatı ilə məşğul olan festivallar, tədbirlər sayəsində yetişməkdə olan gənc nəsil milli kimliyinin fərqinə varır, başqa ölkənin daxilində əriyib yox olmaqdan, assimilyasiyaya uğramaqdan xilas olur, öz varlıqlarını hər dəfə daha güclü bir şəkildə Gürcüstan dövlətinə, cəmiyyətinə təqdim edirlər.

Bir xalqın əsrlər boyunca başqa bir dövlətin tərkibində ayaqda qalması, milli mənsubiyyətinə böyük əzm və inadla sahib çıxması tarixdə az rastlanan bir durumdur. Çünki bu, çox ağır, çətin və məşəqqətli prosesdir. Azərbaycanlı adını və qanını daşıyan hər kəs üçün ən böyük qürurlardan biri də məhz budur yəqin ki: heç bir əsarət, heç bir məhrumiyyət onu yox olmağa, əriyib bitməyə məruz qoya bilmir. Bir tərəfdə üç əsrdir Gürcüstanın, başqa bir tərəfdə iki əsrdən çoxdur İranın tərkibində yaşamağa məhkum edilmiş qardaşlarımız bu gün də "Azərbaycan" adına var qüvvələrilə sahib çıxır, dillərini, mədəniyyətlərini yaşadır və gələcək nəsillərə ötürürlər. Necə ki, 71 il Sovet Respublikasının tərkibində olub bütün qadağalara rəğmən dilini də, dinini də, milli və qədim bayramlarını, ənənələrini də yaşatmağa nail olmuş, 71 ildən sonra öz müstəqil dövlətinə qovuşmuş Azərbaycan Respublikasının vətəndaşları bunu bacarmışdılar. Harda, hansı şəraitdə olmağından asılı olmayaraq, öz soykökünə sahib çıxa bilən xalq şübhəsiz, böyük və əzəmətlidir!

 





29.07.2020    çap et  çap et