525.Az

"Şimal axını-2" qaz kəməri su üzünə çıxmayacaq - Münasibət


 

VAŞİNQTON RUSİYA İLƏ ALMANİYANIN BİRGƏ LAYİHƏSİNİ DƏNİZİN DİBİNƏ GÖMÜR

"Şimal axını-2" qaz kəməri su üzünə çıxmayacaq - <b style="color:red">Münasibət </b>

Baltik dənizin dibi ilə Rusiyadan Almaniyaya uzanan, ümumi dəyəri 40 milyard avrodan çox olan 1234 kilometr uzunluğa malik "Şimal axını-2" qaz kəmərinin tikintisi ilə bağlı işlərin 93 faizi başa çatdırılsa da, belə görünür, bu kəmərin boruları su üzünə çıxmayacaq.

Bir il əvvəl heç kim dünyada sualtı boru kəmərlərinin çəkilməsi üzrə ən yaxşı şirkət hesab olunan İsveçrənin "Allseas Group SA" şirkətinin Baltik dənizin dibi ilə çəkdiyi bu kəmərin inşasının yarımçıq qalacağına inanmazdı. İnanmamaq üçün əsaslar da vardı. Avropanın iki böyük dövlətinin - Rusiya və Almaniyanın birgə layihəsi olan "Şimal axını-2" qaz kəmərinin arxasında Moskva və Berlinin siyasi, diplomatik və iqtisadi dəstəyi, yetərli maliyyə qaynağı dururdu. Ancaq düz bir il əvvəl ABŞ Senatının xarici münasibətlər komitəsi böyük səs çoxluğu ilə "Avropanın enerji təhlükəsizliyinin müdafiəsi" adlı qanun layihəsini qəbul etdi. Bundan sonra da bir çoxlarına elə gəlirdi ki, qanun layihəsinin qüvvəyə minməsinin qarşısını almaq, onun Senatda və Nümayəndələr Palatasında təsdiqlənməsinə əngəl törətmək mümkün olacaq. Bir çoxları isə ümid edirdi ki, qanun qəbul edilsə belə, Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampı qanuna veto qoymağa razı sala biləcək. Bu ehtimalın yüksək olması Konqres üzvlərini başqa addım atmağa vadar etdi və "Avropanın enerji təhlükəsizliyinin müdafiəsi" adlı qanun 2020-ci il üçün ABŞ-ın müdafiə xərcləri haqqında qanunvericilik aktına əlavə edildi. Bununla da Rusiyanın sanksiyanın qəbuluna mane olmaq cəhdləri uğursuzluqla nəticələndi və sentyabrın 30-da prezident Donald Trampın imzalamasından sonra qanun qüvvəyə mindi. Ardınca Moskva və Berlin sanksiyanın tətbiqinin bir ay təxirə salınmsına cəhd etdi. Bunun üçün Rusiya və Almaniyanın ABŞ-dakı bütün təsir imkanları işə salınsa da, Konqresin sərt müqaviməti nəticəsində bu istək də gerçəkləşmədi.

Həmin dövrdən ötən bir il ərzində Rusiya və Almaniyanın çoxsaylı diplomatik cəhdləri heç bir nəticə vermədi və bir neçə gün əvvəl Konqres "Şimal axını-2" qaz kəmərinə qarşı sanksiyaları nəzərdə tutan qanunu bu dəfə də 2021-ci il üçün ABŞ-ın müdafiə xərcləri haqqında qanunvericilik aktına əlavə etdi. Ancaq görünür, Vaşinqtonda bunu da yetərli hesab etmədilər və "Şimal axını-2" qaz kəməri layihəsində iştirak edən biznesmenlər açıq mətnlə təhdid olunmağa başlandı.

Almaniyanın nüfuzlu "Die Welt" qəzetinin məlumatına görə, ABŞ Dövlət Departamenti, Ədliyyə və Maliyyə nazirliklərinin 20-dən artıq məmuru "Şimal axını-2" qaz kəməri layihəsində yer alan alman şirkətlərinin təmsilçiləri ilə onlayn formatda görüşlər keçirərək, onları bu işlərdən əl çəkməyə sövq etməyə çalışıblar. Alman iş adamlarının diqqətinə çatdırılıb ki, əks halda onlara qarşı sanksiyalar tətbiq ediləcək. "Die Welt" hansı sanksiyalardan söhbət getdiyini qeyd etməsə də, belə güman edilir ki, buraya viza qadağası, ABŞ banklarından kredit alınmasının yasaqlanması və hesablarına həbs qoyulması daxil ola bilər. Bu sanksiyalar isə istənilən şirkətin iflas olması üçün yetərlidir. Ona görə də Almaniya şirkətlərinin ciddi inad göstərəcəyi mümkün görünmür. Vaşinqtonun isə geri çəkilmək niyyətində olmadığı və bu məsələdə sərt mövqeyini dövlət katibi Mayk Pompeonun "Şimal axını-2" qaz kəməri layihəsində yer alan alman şirkətlərinə yönəlik "Oradan rədd olun" ifadəsi də təsdiqləyir.

Almaniyada ABŞ-ın bu münasibətinə cavab verməyə çağırışlar edilsə də, rəsmi Berlinin Vaşinqtonla münasibətləri zədələməkdən yayınacağı da bu iki dövlət arasındakı ticarət dövriyyəsindən xəbəri olan hər kəsə aydındır. ABŞ Almaniyanın əsas ticarət tərəfdaşlarındandır. Hər il alman şirkətləri ABŞ-a 130-135 milyard dollarlıq mal satır. Vaşinqtonla münasibətlərin korlanması alman şirkətlərinə ixrac zamanı əlavə problemlər yarada bilər. Belə vəziyyətdə isə ən böyük zərəri alman iqtisadiyyatının lokomotivi olan avtomobil sənayesi çəkəcək. Donald Tramp alman maşınlarına rüsumları 10-20 faiz artarsa, bu, Almaniyanın avtomobil sənayesi üçün çox ağır zərbə olar. Almaniyanın avtomobil sənayesinin "Volkswagen", "Mercedes Benz" və "BMW" kimi nəhəngləri hər il ABŞ-a 500 mindən artıq maşın ixrac edir.

Bundan başqa, ABŞ-ın əlində Almaniyanın banklarına təsir imkanları da var. Alman banklarının maliyyə fırıldağı aşkar oluna və ABŞ-ın ağır sanksiyalarına məruz qala bilər. Fransanın "BNP Paribas Bank"ının başına gələnlər Avropanın maliyyə dairələrində hələ də unudulmayıb. Altı il əvvəl Vaşinqton "BNP Paribas Bank"ı ABŞ-ın İran, Kuba və Sudana qarşı sanksiyalarını pozduğuna görə 9 milyard dollar kompensasiya ödəməyə məcbur etmişdi. İndi heç bir alman bankı "BNP Paribas Bank"ın aqibəti ilə üzləşmək istəməz.

ABŞ-ın Almaniyaya başqa təsir imkanlarını nəzərə alanda aydın görünür ki, Berlin narazılıq ifadə etsə də, Vaşinqtonun iradəsinin əleyhinə gedib "Şimal axını-2" layihəsini başa çatdırmağa israr etməyəcək. Belə görünür ki, Berlin ABŞ-da bu ilin noyabrında keçiriləcək seçkilərin nəticələrini gözləməyə üstünlük vermək niyyətindədir. Burada haşiyəyə çıxıb qeyd etmək istərdim ki, yalnız Berlində deyil, dünyanın əksər paytaxtlarında diqqətlər noyabrda ABŞ-da keçiriləcək seçkilərə yönəlib və bir çox problemlərin həlli üçün "Ağ ev"in sahibinin dəyişəcəyinə ümidlər bəslənilir.

"Şimal axını-2" qaz kəməri layihəsinin yarımçıq qalması Almaniya üçün olmasa da, Rusiya üçün ciddi itkidir. On milyardlarla avro vəsaitin sərf olunduğu, 93 faizindən çox hissəsinin inşa edildiyi "Şimal axını-2" qaz kəməri metal yığnağına çevrilmək ərəfəsindədir. Baltik dənizinin dibinə döşənmiş borular deyəsən, orada da qalacaq. Çünki onların çıxarılmasına da külli miqdarda pul lazımdır. 2020-ci ilin ilk iki rübünü külli miqdarda zərərlə başa vuran "Qazprom" hazırda bank borclarının faizlərini ödəmək üçün yeni kreditlər götürmək məcburiyyətindədir. Cari ilin yalnız birinci rübündə "Qazprom"un zərəri 116 milyard rubldan çox olmuşdu.

"Şimal axını-2" qaz kəməri layihəsinin yarımçıq qalması birbaşa olmasa da, dolayısı ilə Azərbaycan qazını Avropa bazarlarına çıxaracaq Trans-Anadolu qaz boru kəmərinin rentabelliyinin artmasına da təsir edəcək. Əgər buraya "Şimal axını-2" ilə yanaşı, "Türk axını"na da sanksiya tətbiq edildiyini nəzərə alsaq, Azərbaycanın qaz satışı ilə bağlı ciddi problemlərlə üzləşməyəcəyini proqnozlaşdırmaq olar.

 





29.07.2020    çap et  çap et