525.Az

"İstedadın zamanı və məkanı olmur" - Nihad Əliyev ilə müsahibə


 

"HARADA YAŞAYIR-YAŞASAN, İSTEDADI OLAN ADAMIN YARADICILIĞININ SƏDASI BİR GÜN HƏR TƏRƏFƏ YAYILIR"

"İstedadın zamanı və məkanı olmur" - <b style="color:red">Nihad Əliyev ilə müsahibə </b>

Sosial şəbəkələrdə parlayanlar

Son zamanlar sosial şəbəkələrdə gənc rəssam Nihad Əliyevin əsərləri ilə tez-tez rastlaşırıq. Göyçay rayonunda yaşayan və fəaliyyət göstərən gənc rəssam Azərbaycanın, eləcə də Avropanın görkəmli şəxsiyyətlərinin portretlərini yaratmaqla məşğuldur.

Onunla söhbətimizə də elə tarixi şəxsiyyətlərin portretlərini çəkməsinin səbəbini soruşmaqla başladıq.

Nihad deyir ki, tanınmış şəxsiyyətlərin portretlərini və tarixi mövzulara aid rəsm əsərləri çəkməkdə məqsədi həm bugünkü, həm də gələcək nəslə tariximizi tanıtmaqdan ibarətdir: "XXI əsr informasiya əsridir. Bu səbəbdən sosial şəbəkələrin həyatımızdakı rolu danılmazdır. Əsərlərimin sosial şəbəkələrdə yayımlanması onları bugünkü və gələcək nəsillərə ötürmək üçün əlverişli şərait yaradır". 
 

- Ən çox hansı məşhurun şəklini həvəslə işləmisiniz?

- Çəkdiyim rəsm əsərlərinin hər biri mənə həyatım qədər dəyərlidir. Rəssamlıqda peşəkarlığın yüksək zirvəsinə ucalmaq istəyirsənsə,  işlədiyin əsərlərin hər birini özün qədər sevməlisən.

- Hansı tanınmış rəssamlarımızla görüşüb məsləhətlər alırsınız?

- Həm Azərbaycanın, həm də xarici rəssamların  əsərlərimə baxıb bəyənmələri məni çox sevindirir. Azərbaycanın tanınmış rəssamlarından Ağaəli İbrahimov, Arif Hüseynov, Səid Rüstəm, Leyla Əliyeva, Nəvai Mətin, Asif Azərelli, Əli Səfərov, Mir Cabir Feyzullayev, Məlahət İsmayıl, Elnurə İsgəndərova, Aygün İsgəndərova, Sevinc Kərimova, Firdovsi Hacıyev, Şəmsəddin Böyükdüzlü və başqalarının adını bu siyahıya əlavə edə bilərəm. Məlumdur ki, hər rəssamın öz dəsti-xətti və öz yolu var. Hər rəssamın öz dəsti-xətti olduğu üçün, hər rəsm əsərinin də öz gözəlliyi var. Bir sözlə, gözəl rəsm əsərinin ərsəyə gətirilməsi, onun istedadlı müəllifinin olmasından xəbər verir.

- Peşəkar rəssam olduğunuzu deyirsiniz. Peşəkarlıq anlayışı sizin üçün tam olaraq nəyi ifadə edir?

- Peşəkarlıq dedikdə yüksək dərəcədə hər hansı bir bacarığa malik olmaq anlayışına gəlirik. Rəssamın peşəkarlığı onun əsərlərindəki qeyri-adiliyin səviyyəsindən asılıdır. Peşəkar olduqdan sonra, qarşıya qoyulan məqsəd - peşəkarlığın yüksək zirvəsinə ucalmaqdır. Mən də öz üzərimdə çalışaraq, yaradıcılıqda peşəkarlığın yüksək zirvəsinə ucalıb dünya şöhrətli rəssamlar sırasında olmağı hədəfləmişəm.

- İxtisasca iqtisadçısınız. Bir rəssam kimi dünyanın bugünkü iqtisadi mənzərəsini necə təsvir edərdiniz?

- Hər bir ölkənin öz milli iqtisadiyyatı mövcuddur. Milli iqtisadiyyat - vahid dövlətdəki təsərrüfat subyektlərinin sosial-iqtisadi əlaqələrinin cəmidir. Bütün milli iqtisadiyyatlar bir-birilə əlaqəlidir, hamısı beynəlxalq əmək bölgüsündə iştirak edir. Beynəlxalq əmək bölgüsü isə ölkədaxili əmək bölgüsünün inkişafı əsasında yaranan, ictimai əmək bölgüsünün xüsusi növüdür.

- Xaricdə və ya ölkə daxilində keçirilən sərgilərdə əsərləriniz nümayiş olunubmu?

- Azərbaycanda keçirilən respublika və beynəlxalq sərgilərdə iştirak edib uğurlar qazanmışam. İki dəfə İtaliyada keçirilən sərgilərdə əsərlərim nümayiş olunub. Romada və Venetsiyada keçirilən sərgilərdə də uğurlar qazanmışam.

- Elə bir əsəriniz varmı ki, özünüzün şah əsəriniz hesab edəsiniz?

- Qeyd etdiyim kimi, çəkdiyim rəsm əsərlərinin hər biri mənə həyatım qədər dəyərlidir və hər birinin həyatımda böyük rolu var. Mən daim maraqlı mövzular axtarışındayam. Düşünürəm ki, vaxt gələr, peşəkarlığın yüksək zirvəsinə ucalanda şah əsərimin hansı olacağı da bəlli olar.

- Bu sənətdən gəlir əldə edə bilirsinizmi?

- Məncə, sevgi ilə çəkilən rəsm əsəri qazanc xatirinə çəkilən rəsm əsərindən dəyərlidir. Rəssamlıq üzrə karyera yüksəlişinə doğru inkişaf etmək arzusunda olan rəssam, qazancından asılı olmayaraq, daim çalışmalıdır. İstedadlı rəssamın zəhməti nəticəsində nə vaxtsa onun qazancı da qaneedici olur. Heç vaxt ruhdan düşmək lazım deyil, Allah heç kimin zəhmətini yerdə qoymaz. İşinizə zəhmət qatanda qazanc da öz yerini tapır.

- Hazırda hansı əsərlər üzərində çalışırsınız?

- Öz dəsti-xəttim əsasında yolumu davam edərək, kompozisiya əsasında tanınmış şəxsiyyətlərin portretlərini və tarixi mövzulara aid rəsm əsərləri üzərində çalışıram.

- Ölkəmizdə professional və qeyri-professional rəsmləri fərqləndirə bilən auditoriyalar varmı?

- Hələ ki, yoxdur. Amma gözəl olar ki, İtaliya, Fransa və Hollandiyada olduğu kimi, Azərbaycanda da professional və qeyri-professional rəsmləri fərqləndirə bilən auditoriyalar təşkil olunsun.

- Hələ də Göyçayda yaşayıb fəaliyyət göstərirsiniz. Bunun nə kimi üstünlükləri və mənfi tərəfləri var?

- Böyük şəhərlərdən fərqli olaraq burada rəsm əsərlərinin satışı yüksək dərəcədə deyil və rəsm əsərləri sifarişi üzrə tələbat üstünlük təşkil eləmir. Harada yaşayır-yaşasan, istedadı olan adamın yaradıcılığının sədası bir gün hər tərəfə yayılır. Qısası, istedadın məkanı və zamanı olmur.

- Gələcəklə bağlı hansı planlarınız var?

- Ancaq öz üzərimdə çalışıb, dünyanın möhtəşəm sərgilərində və müsabiqələrində iştirak etmək arzusundayam. Həmçinin, Azərbaycanda və dünyanın digər ölkələrində fərdi sərgilərimi təşkil etmək istəyirəm.

Günel ABBAS

 





29.07.2020    çap et  çap et