525.Az

Dəbli çamaşırxana sahibləri - Hekayə


 

Dəbli çamaşırxana sahibləri - <b style="color:red">Hekayə </b>

Səksən yaşlı qoca ər-arvad olduqca dəbli görünür. Qadın fərqli kəmərlər geyinir, kişi rəngli eynəklər taxır, çantaları paltarlarına uyğun seçirlər.

Artıq otuz ildən çoxdur, onlar çamaşırxana işlədirlər. Çamaşırxana dar küçələrin kəsişməsində yerləşir. Bura əvvəl onların evi olub. Birmərtəbəli ev qədimi üslubdadı. Qadın cavanlığında vasvası sayıla biləcək qədər təmizkar idi. Pulları tükənəndə kişinin ağlına onları çətinliyin ağzından çəkib çıxardan fikir gəldi. O, işlədiyi təkərdəyişmə sexinə gələn müştərilərə paltarlarını yumağı təklif etdi. Bu təklifi edəndə onun əynində bəmbəyaz köynək, ağappaq şalvar, açıq mavi rəngli önlük olurdu. Təkərdəyişmə xidmətinin işçiləri kişini ələ salır, ağ göyərçin adlandırır, aylarla əyinlərindən çıxarmadıqları mazutlu köynəkləri ilə fəxr edirmiş kimi görünürdürlər. Kişinin köynəkləri isə sanki günü-gündən ağarır, yanından keçən adamlar təmizliyin ətrini duyurdular. Bu paltarların sayəsində kişi xeyli müştəri topladı. Ona paltarlarını etibar edənlər əsasən, xaricilər olurdu. Yerlilər ya paltarlarını özləri yuyurdular, ya da kişinin bəyaz geyiminə aldanmayıb, təkərdəyişmə xidmətində çalışan adama etibar eləmirdilər.

Bir neçə aya təkərdəyişmə xidmətinin daimi müştəriləri çoxaldı. Əcnəbilər geyim dolu çantaları kişiyə təhvil verir, səliqə ilə ütülənib-dəstələnmiş paltarlarını geri alırdılar. Təkərdəyişmə xidmətinin sahibi bu alış-verişlərdən narahat olmağa başladı. Belə baxanda onun müştərisi çoxalmışdı, özü dediyi kimi, indi onun obyektinə daha çox intelligent adam gəlib-gedirdi. Lakin özünə də bəlli olmayan səbəbdən o, qocanın paltar alış-verişindən qıcıqlanırdı. Elə bil, kimsə onun əlindən nəsə alırdı. Ona məxsus olan yerdə özünə aid olmayan nəsə baş verirdi. Getdikcə kişinin uğuru onu lap hövsələdən çıxarmağa başladı. Kişinin hər sözü, hər hərəkəti gözünə iynə kimi batır, qanını qaraldırdı. O, ciddi səbəb olmadan kişini acılayır, onun hər hərəkətini özbaşınalıq sayırdı. Kişinin susqunluğunu belə, yekəxanalıq kimi görür, onu məsxərəyə qoyub  gülən işçilərini daha çox istəməyə başlayırdı. Təkərdəyişmə sexinin sahibi əlinə düşən pulla yaşadığı ölkənin ən dəbdə olan işini açmışdı. Nəsə açmaq imkanı yaranan kimi onun ağlına başqa şey gəlmədi - hamının ağlına gələn gəldi. "Obyektin bir tərəfini moyka eləmək, yanında da təkər dəyişmək". İşləri pis getməsə də, onu qane etməyən nəsə var idi.

Paltar yumağa başladığı gündən dörd ay keçməmiş kişi arvadının təklifi ilə evlərindəcə çamaşırxana açmağa qərar verdi. Onlar ümumi küçəyə açılan pəncərənin altındakı divarı söküb qapı və balaca pilləkən qoydular. Qonaq otağını boşaldıb, içini xaricdə yaşayan oğlanlarının köməyi ilə aldıqları ikinci əl çamaşırxana avadanlığı ilə doldurdular. Və otuz il müddətində hər gün paltar yudular. Onlar elə ilk aylardaca bəzi müştərilərin çamaşırlarını götürməyə gəlmədiklərini gördülər. Əvvəlcə olduqca narahatçılıq keçirsələr də, tezliklə bu duruma öyrəşdilər. Əvvəl-əvvəl paltarları aparmağa gələn olmayanda sahiblərinin başı üstündə qara bulud dolandığını ehtimal edib, kədərləndilər. Sonra isə bəziləri ilə küçədə-bazarda rastlaşıb, təxminlərində yanıldıqlarını anladılar. Bəzən insanların həyatında nəsə baş verirdi. Kimsə qəfil başqa ölkəyə köçürdü, kimsə elə bir ayrılıq yaşayırdı ki, dünəni xatırladan paltarlarını görmək istəmirdi. Yaşlı cütlük paltarları sahiblərinə xatırlatmaq üçün o paltarları geyinib gəzməyə qərar verdilər. Onlar hər gün parka gedir, uzun-uzun gəzir, saatlarla skamyalarda oturub gəlib-gedənlərə baxır, özlərini və əyinləri insanlara göstərirdilər. Əvvəlcə adamlar rəngli paltarlar geyinən qoca ər-arvada təəccüb və şübhə ilə baxmağa başladılar. Onlar yaşadıqları ölkənin boz paltarlar geyinən qocalarına bənzəmirdilər. Çəhrayı, sarı, açıq yaşıl donlar, qırmızı köynəklər, şərflər, təmiz dəridən klaçlar, bel və çiyin çantaları... - qocalar müştərilərinin unudub götürmədikləri hər şeyi geyinir, hər şeydən istifadə edirdilər.

Bir gün parkda oturanda qocanın yanına ortayaşlı bir kişi əyləşdi. Qoca keçmiş müdirini dərhal tanıdı. O, arıqlamış, saçlarını uzatmışdı. Bir az söhbətləşdilər. Qoca adamın moykasını satdığını, özünü başqa işə həsr etdiyini öyrəndi. "Hər şey mənim niyə sənə hirsləndiyimi düşünməyə başladığım andan başladı. Sən gedəndən sonra mən günlərlə özümə yer tapmadım. Və bir gün sənin azadlığına qibtə etdiyimi anladım. Sən insanların məsxərəsindən, onlardan fərqlənməkdən qorxmurdun. Mənsə, onların öyrəşmədiyi şeyləri etməkdən çəkinirdim. Onlar mənə "moyka açmaq bizim ölkədə ən sərfəli şeydi" deyirdilər, onlar məni başqa yerdə uğur qazana bilməyəcəyimə inandırırdılar".

Əvvəlcə keçmiş moyka sahibi sağollaşıb getdi. Sonra ər-arvad durub bir az gəzişdi. Ardıyca əl-ələ verib, evlərinə doğru addımladılar.

- Mənə elə gəlir o, yenə nəyisə düz etmir. - Qoca dilləndi.

- Asan deyil. Başqalarının unudub getdiyi, bəzən atıb uzaqlaşdığı, hərdən də geri dönüb götürməyə cəsarət tapmadığı şeyləri yığıb təmizləmək, boyamaq, uyğunlaşdırmaq, təzə şeylər düzəldib yaşamaq lazım gəlir. - Qadın dedi.

- Papağını düzəlt, yazısı yana gedib. Bu papaq yaman xoşuma gəlir... O, iyirmi il əvvəl də dəbdə idi, yadımdadı.

- Elədi. Yeni heç nə yoxdu. Dəb geri qayıdır.

 





29.07.2020    çap et  çap et