525.Az

Hüquq fakültəsindən fermerliyə - Müsahibə


 

GƏNC SAHİBKARIN UĞUR GƏTİRƏN BİZNES PLANI

Hüquq fakültəsindən fermerliyə - <b style="color:red">Müsahibə </b>

Bu gün dünyanın hər yerində kənd təsərrüfatının ölkə iqtisadiyyatında tutduğu mövqeyi ən aktual məsələlərdəndir.

Təsəvvür edin, kənd təsərrüfatı olmayan bir ölkə ətindən südünə, buğdasından taxılına qədər mütləq başqa bir ölkədən asılı vəziyyətə düşəcək.

Bu baxımdan, biz çox şanslı insanlarıq. Vətənimizin o qədər dilbər guşələri, otlaq yerləri, məhsuldar torpaqları var ki. Geriyə qalır qolları çırmalayıb iş görmək. Amma təəssüf ki, çoxlarımız bunu etmək istəmirik. Kənd təsərrüfatına nədənsə maraq azdır.

Dünyanın hər yerində bu sahə ən yaxşı gəlir gətirən biznes növlərindən biri sayılsa da, ölkəmizdə əksəriyyətin düşüncəsi bu istiqamətdədir ki, kənd təsərrüfatı ilə kəndli məşğul olmalıdır. Bu, biznes yox, həyat tərzidir, həm də çətin şərtləri olan həyat tərzi. Bəs, bu düşüncə tərzini dəyişmək üçün nə etməli? Bu niyyətlə özünə ölkənin kənd təsərrüfatı sahəsində biznes quran insanların, xüsusilə gənc kadırların axtarışına çıxdıq. Birinci Nəcməddin Rəhimovu tapdıq. 1985-ci il təvəllüdlü bu gənc fermer ali təhsillidir.

Azərbaycan Universitetinin Hüquq fakültəsindən məzun olan Nəcməddin, həm də ən müasir sənətlərdən sayılan İT üzrə də kurs keçib, bir neçə yerli və beynəlxalq təşkilatda çalışıb. Bütün bunları öyrənəndə təəccübləndik ki, bəs hüquqşünas hara, kənd təsərrüfatı hara? O da həvəslə öz biznesindən, bu işə necə başladığından, işin çətinliklərindən və başqa məsələlərdən danışdı.

Nəcməddin Rəhimovla müsahibəni təqdim edirik.

***

- Kimsiniz, kimlərdənsiniz? Bildiyim qədəriylə,  heyvandarlıq və əkinçiliklə məşğul olursunuz, düzdürmü? 

- Özüm Kəlbəcər rayonundanam. Hə, heyvandarlıqla və əkinçiliklə məşğul oluram. Amma təkcə bu deyil. Bizim Sumqayıt yaxınlığında 60 hektara yaxın ərazimiz var. Orda böyük baş heyvanların sağım yerləri, balıqçılq, əkinçilik üçün dövlət dəstəyi ilə yeni kompleks də tikirik. Kürdəmir rayonunda da əkinçiliklə məşğul oluruq.

- Bu işə necə başladınız? Neçə ildir bu işlə məşğulsunuz?

- Artıq 8 ilə yaxındır, kənd təsərrüfatı ilə məşğulam. Həm əkinçilik, həm də qoyunçuluqla məşğul oluram. Bu işə başlamazdan əvvəl, Azərbaycanda hansı sahələrdə iş görmək, gəlir əldə etmək mümkün olar deyə, araşdırmalar etdim, kənd təsərrüfatı sahəsi mənə maraqlı gəldi. Həm də görürsən, nə qədər ki bu sahəyə tələbat çoxdur, bir o qədər də boşluqlar var. Azərbaycana ət, taxıl məhsullarının çoxu xaricdən gəlir. Ona görə qərar verdim ki, bu sahəyə yatırım edim, ölkəmə də faydası olar, həm də özüm qazanım.

- Ailənizdə kənd təsərrüfatı ilə məşğul olan vardımı?

- Yox, ailəmizdə heç kim təsərrüfatla məşğul olmayıb. Valideynlərimin hər ikisi ziyalıdır. Anam 35 ildir müəllimədir, atam isə məktəb direktoru. 

- İnsanların çoxunda belə bir düşüncə formalaşıb ki, kənd təsərrüfatı böyük əziyyət və vaxt tələb edir. Nəticə olaraq şəxsi biznesini qurmaq istəyən insanların çoxu təsərrüfat yaratmaqdansa, şəhərdə kafe-restoran açmağa üstünlük verirlər. Hansı daha sərfəlidir - Bakıda restoran işlətmək, yoxsa  rayonların birində təsərrüfat sahibi olmaq?

- Bəli, indi Azərbacanda kafe və restoranlara, çay evlərinə, iaşə müəssisələrinə daha çox yatırımlar qoyulur. Burda təməldə iki prinsip dayanır: birincisi, maliyyə qaynağının ucuz başa gəlməsi, ikincisi də gündəlik gəlir məsələsi. Kənd təsərrüfatında südçülükdən başqa digər sahələrdən gəlir əldə etmək üçün zaman lazımdır. Bunlar mövsümi gəlirlərdir,  yəni sən ildə bir dəfə gəlir götürə bilirsən. Buna görə də, məncə, seçim daha çox şəhərə meylli olur. Həm də burda kənd təsərrüfatının çətinlikləri də insanları çəkindirir. Amma rəqabət və rentabellik baxımından kənd təsərrüfatı daha üstündür. Pandemiya bunu bir daha sübut etdi. Pandemiya zamanında Azərbaycanda kafelər, restoranlar işlərini saxlamalı oldular. Amma kənd təsərrüfatı sahəsinin fəaliyyətinə imkan verildi, əkin-biçin yenə davam etdirildi. Hətta karantin günlərində də dövlət dəstəyi oldu ki, kənd təsərrüfatında iş dayanmasın.

Kənd təsərrüfatına yatırım qoymaq səbir, ağıllı idarəetmə və düzgün işçi heyəti istəyir. Bizim ən böyük qüsurumuz odur ki, hələ də keçmiş bilgilərlə hərəkət edirik. Çətinliklər əsasən yenilikləri oxuyub-öyrənməməkdən, yeni üsullardan, texnologiyalardan bəhrələnməməkdən, Türkiyə, Hollandiya modelini tətbiq etməməkdən irəli gəlir. Biz bu baxımdan çox geri qalırıq. Buna görə də əziyyətli sahə olduğu üçün gənclər bura meyl etmirlər, biznesə daha qısa vədəli gəlir əldə etmək kimi baxırlar.

- Kənd təsərrüfatında işləri çətinləşdirən məsələlərdən biri də kənddə həyatını quran insanların bir neçə sahəylə məşğul olmasıdır. Bir ailə həm maldarlıq, həm əkinçilik, həm quşçuluqla məşğul olur. Nəticədə kəndlinin iş yükü də, gündəlik məsuliyyəti də artır.

- Bir kəndli ailəsi gündəlik tələbatı üçün öz həyətində 50-100 toyuq saxlayır, yumurtasından istifadə edir, iki inək saxlayıb südündən-qatığından bəhrələnir, hətta satıb gündəlik ərzaq tələbatlarını da ala bilir. Yaxud gündəlik tələbatı üçün həyətində iki-üç qoyun saxlayır. O, bununla bir növ özünü asılılıqdan qurtarmaq istəyir.

Başqa bir model isə budur ki, insan bir iş görməyə qərar verir və görəcəyi o işin içərisində, məsələn 100 hektar sahədə çalışır ki, həm qoyunçuluqla, maldarlıqla məşğul olsun, həm də başqa iş qursun. Bu isə alınası iş deyil, xüsusilə tibbi baxımdan. Məsələn, toyuqda olan elə xəstəliklər var ki, qoyunlara keçərsə, heyvanlar doğuma az qalmış balasını itirə bilər və sair. Bu baxımdan əlbəttə, iş quranda bir sahəyə köklənmək daha yaxşıdır. Bir işlə məşğul olmaq üçünsə yeriniz, sahəniz olmalıdır. Yəni siz əgər bu işdən qazanmaq istəyirsinizsə, deyək ki, heyvandarlıqla məşğulsunuzsa, mütləq yem ehtiyatınızı özünüz təmin etməli, özünüz əkib-becərməlisiniz. Yem ehtiyatını satın alanda, hazırkı vəziyyətdə otun, yoncanın bir bağı 5 manata başa gəlir. Amma bunları özünüz yetişdirəndə maliyyət 1.8 manata düşür. Onu da nəzərə alaq ki, bu gün Azərbaycanda ətin qiyməti mal-qaranın saxlanıb-bəslənməsi ilə müqayisədə çox aşağıdır. Onda burdan heç bir qazanc əldə edə bilməzsiz. Ancaq dövrü qazanclarınızı çıxara bilərsiniz ki, bu da qoyduğunuz yatırıma dəyməz. Buna görə böyük təsərrüfatla məşğul olan adam mütləq onu kompleksləşdirməlidir. Yəni 500 baş heyvan saxlayan insanın özünün yoncası da olmalıdır, arpa-taxılı da, qarğıdalı-silosu da. Beləcə, kompleksləşmə olanda maliyyət aşağı düşür: 11 manata satdığın ətin maliyyəti düşür 6 manata, amma yoncanı, arpa-taxılı, qarğıdalı-silosu satın alanda maliyyət 8-9 manata başa gəlir ki, bu da sərf etmir. 

- Sizin işinizin çətinlikləri nələrdən ibarətdir?

- Azərbaycanda kənd təsərrüfatı üçün zəmin, yəni alt baza yoxdur. Xarici ölkələrdə olanda, onlarla müqayisə edəndə biz bunu daha yaxşı görürük. İnkişaf baxımından bizim təsərrüfat modeli bir neçə il geridədir. Dövlət də öz dəstəyini verməyə çalışır. Çalışır ki, kəndliyə, əkinçiyə dəstək versin, amma bu kreditlər vasitəsilə olur ki, burda da müəyyən ödəmələr var. İlk baxışdan cüzi görünən bu ödəmələrin yekunda çox böyük məbləğ olduğu ortaya çıxır. Çətinlik bir də ondan ibarətdir ki, daha böyük işlər görmək istəyəndə bəzən bizə əngəllər yaradılır. Bu baxımdan. elə problemlər var ki, bunların həlli üçün illər lazımdır. Amma mən bir məsələni də vurğulamaq istəyirəm ki, Kənd Təsərrüfat Nazirliyinin son iki ildə gördüyü işlər həqiqətən alqışa layiqdir. İndi Kənd Təsərrüfatı Nazirliyi çevik işləyir,  mətbuat xidməti, ictimaiyyətlə əlaqələr şöbəsi çox operativ fəaliyyət göstərir. Bizimlə bağlı dəfələrlə elə məsələlər olub ki, bu qurum bir günə həmin məsələni gücləri çatdığı qədər həll edib.

Məsələn, Azərbaycan Kredit İttifaqı Agentliyi var. Onlar da çalışırlar ki, sahibkara dəstək olsunlar. Bu gün Azərbaycana xaricdən idxal heyvan, damızlıq cinsləri gətirənlərə 60 faiz dövlət dəstəyi var. Bu, düşünürəm ki, iki-üç il davam edəcək. Amma düşünün, siz 10 min manata heyvan alırsız, onun 6 mini dövlət tərəfindən qarşılanır. Bu özü çox gözəl fürsətdir.

Bundan başqa, son vaxtlar bəzi əməliyyatlar keçirildi, sahibkara dəstək məqsədilə ayrılan vəsaiti mənimsəyənlər tapıldı və qarşısı alındı. Bu sahədə çətinliklər var idi. Amma çalışmaq lazımdır ki, irəliləyəsən, yerində saymaq olmaz. Qaçmasaq, yerimək lazımdır, yeriməsək, addım atmaq lazımdır, addım ata bilməsək, ən azından sürünmək də olsa, irəli getmək lazımdır. Yəni bu çətinliklərə baxsaq, gərək biz kənd təsərrüfatı işlərini dayandıraq. Bütün hallarda irəli getmək lazımdır.

- Torpaqla işləmək, məhsul yığımı, məhsulun satışı - yəqin ki, bunlar hamısı əziyyətli prosseslərdir. Digər tərəfdən, heyvandarlığın da öz çətinlikləri var. Bəs, ümumilikdə bu işin zövqlü, insanı dincəldən tərəfləri də varmı?

- Əlbəttə, var. Ümumiyyətlə, insan gördüyü işdən zövq almalıdır. Əkinçilik, maldarlıq Azərbaycanda ona görə problemli sahədir ki, biz təsərrüfatı dədə-babadan qalma zülümlü qaydalar üzərində qururuq. Müasir dövrdə artıq elə anlayışlar qalmayıb. Hər şeyin başında işin düzgün təşkili məsələsi gəlir. Zövq məsələsinə qaldıqda, bəli, zövqlü tərəfləri çoxdur. Məsələn, yəqin bilirsiniz, yayın isti günlərində qoyunlar yaylaqda olur. Yayda, isti vaxtda qalxırlar dağın lap başına. Qışda isə gəlirlər arana, isti yerə. Yayda burda 40-45 dərəcə isti olanda yaylağa gedirik. Heyvanlara baş çəkirik, sürüləri, briqadaları yoxlayırıq. Gedirsən ki, orda yorğanda yatırlar. Bundan başqa, ən əsası, özün daima təmiz məhsullarla qidalanırsan. Həm də daha saf və səmimi insanlarla ünsiyyətdə olursan. Elə yerlərə gedirsən, orda elə gözəl bulaqlar, şəlalələr, çaylar, göllər görürsən ki, bunlar özü də ayrı bir zövq verir adama. Və təbii ki, işin ən zövqlü tərəfi də maddi qazanc tərəfidir. Düzgün plan və düzgün iş quran hər bir fermer, hər bir kəndli bundan yararlana bilər.

Bu yaxınlarda bizimlə əlaqə saxladılar ki, bəs, Kənd Təsərrüfatı naziri fermalara gəlmək, işin gedişatına baxmaq istəyir. Bax, işin zövqlü tərəflərindən biri də budur ki, sən iş görürsən, dövlət də sənə dəstək verir, bunu qiymətləndirir. Çalışıb nəzarət edirlər ki, iş görən fermerlər, sahibkarlar bundan ruhlansınlar. İşin zövqlü tərəflərindən biri də bax budur.

Natəvan ABDULLA

 





29.07.2020    çap et  çap et