525.Az

"Survivor"un azərbaycanlı iştirakçısı - Pərviz Abdullayev ilə müsahibə


 

"SURVİVOR" TARİXİNİN ƏN TİTULLU İŞTİRAKÇISI MƏNƏM, 6 QAT DÜNYA ÇEMPİONUYAM"

"Survivor"un azərbaycanlı iştirakçısı - <b style="color:red">Pərviz Abdullayev ilə müsahibə </b>

Azərbaycanda da sevilərək izlənən Türkiyənin "Survivor" proqramı bu il ölkəmiz üçün daha da önəmli idi. Çünki ilk dəfə yarışda həmyerlimiz iştirak edirdi.

Söhbət Əməkdar idman ustası, peşəkar kikboksinq üzrə 6 qat dünya çempionu, "Kobra" ləqəbli Pərviz Abdullayevdən gedir.

Uzun müddətdən sonra vətənə qayıdan idmançı dünyanın ən çətin yarışındakı macəraları, həyatı və karyerası ilə bağlı suallarımızı cavablandırdı: 
 

- Pərviz bəy, söhbətimizə aylar sonra Vətənə dönəndə keçirdiyiniz hisslərdən başlayaq.

- Dekabrı da hesaba qatsaq, 8 aydır ki, vətəndən uzağam. Fevralın 11-dən Dominikan Respublikasındaydım. "Survivor"da 2 ay qalsam da, koronavirusa görə geri qayıda bilmədik. Sonra 2 ay İstanbulda oldum və nəhayət, Azərbaycandayam. Hava limanında enişim yuxu kimi idi, inana bilmirdim. Evdəkilərə tapşırmışdım uşaqlara gələcəyimi deməsinlər. Böyük oğlum sevindiyindən bilmirdi nə etsin, "şokdayam" deyirdi. Kiçik oğlum isə hələ balacadı. Onlara qovuşmaq çox gözəl hiss idi.

- Müsahibənizin birində demişdiniz ki, idmançının reklamı güclü olmalıdır. Sizcə, "Survivor" sizə necə reklam qazandırdı?

- Əlbəttə, çox böyük reklam oldu. Tək reklam deyil, orda özümü sınamaq, həqiqətən orda həyat dedikləri qədər çətindirmi, bunu öyrənmək istəyirdim. Deyiləndən qat-qat çətin imiş. Budəfəki "Survivor"da reklam daha çox oldu. Çünki pandemiyaya görə, az qala, bütün dünya evlərə məhkum oldu, seriallar, verilişlər dayandı. Həmin vaxt canlı gedən tək veriliş "Survivor" idi. İnsanlar da  ancaq onu izlədilər.

- İdmançı karyeranıza görə digər iştirakçıların sizdən çəkindiyini hiss edirdinizmi? Eləcə də sizin çəkindiyiniz vardımı?

- Hələlik "Survivor" tarixinin ən titullu iştirakçısı mənəm. Mənə qədər çox idmançılar olub, amma mən 6 qat dünya çempionuyam. Təbii ki, bütün bunlara görə digər iştirakçılar mənimlə məsafəli idilər, həm hörmət edir, həm də çəkinirdilər. Mən heç kimdən çəkinmirdim, təbiətimdə elə şey yoxdur. Onlar məndən çəkinsinlər (gülürük). Təkcə Allahdan qorxuram və nəsə olanda oına sığınıram. Kimlərin olacağını çox da bilmirdim. Cəmi 2-3 nəfərin adı bəlli idi. Son həftədə bilindi siyahı.





- "Survivor"da sizi ən çox çətinə salan nə oldu?

- Ən çətini aclıq idi. Getməmişdən fikirləşirdim rahat olar. Çünki mən tez-tez və çox çəki salan idmançıyam. Amma gözlədiyim kimi olmadı. 2-ci həftədən artıq öz-özümə danışmaqlar yaranmışdı. Oyuna gedirdik, mənsə düşünürdüm ki, sənin nə işin var burda? (gülür) Həsrət təxminən bir ay sonra başladı. Onun öhdəsindən birtəhər gəlmək olur. Aclığa dözmək çox çətindir. Çünki hər gün acsan.

- Ən yaxşıların qatılacağı "Survivor All Star" yarışına təklif gəlsə, qəbul edəcəksiz və bu dəfə nələri nəzərə alacaqsız?

- "All Star" 2021- 2022-ci illərə planlaşdırılır. Hələ vaxtı dəqiq deyil. Dəvət almaq şansım çoxdur. Çünki mənim yarışı tərk etməyim "Survivor" tarixinin ən gözlənilməzlərindən biri idi. Həmin gün 25 milyon izlənmə olmuş, mənə 500 mindən çox mesaj gəlmişdi. Türklər belə İstanbulda yaxınlaşıb "sənə haqsızlıq oldu" deyirlər. Dəvət alsam, bəzi şərtlərimi deyərəm, qəbul olsa, əlbəttə gedərəm. Çünki yarım qalan işlərim var. İlk iştirakım idi, necə hazırlaşmalı olduğumu bilmirdim. Mərhələlərə görə uzun müddət İstanbula get-gəl oldu, rahat hazırlaşa bilmədim. Xüsusən, atışlara, eyni zamanda, dəstək baxımından da hazırlaşmalı idim. Anladım ki, danışmaq, özünü göstərmək, hadisələrin mərkəzində olmaq lazımmış. Növbəti dəfə hamısını nəzərə alacağam.






- Azərbaycandan sizə kimlər dəstək oldular?

- Əməkdaşı olduğum Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Kompleksi və “Qəbələ” İdman Klubuna öz təşəkkürümü bildirirəm ki, bu yarışda iştirakıma şərait yaratdılar, çox dəstək oldular. Yarışda dəstəklərdən xəbərim yox idi. Çıxandan sonra bildim ki, bəzi məşhurlarımız dəstək olublar, paylaşımlar ediblər, sağ olsunlar. Çoxu isə eləməyib. Dəstək təkcə səs verməklə deyil, paylaşmaq, adını hallandırmaq da dəstəkdir. Bəziləri bu yarışı "oyundur" deyib, kiçildirlər. Amma buna ən azından 80 milyon türk baxır və TV8 kanalı bütün dünyada yayımlanır. Ora qatılan ilk azərbaycanlı idim və hər dəfə "azərbaycanlı iştirakçı" deyə təqdim edirdilər. Demək, bu ad 80 milyonun qulağında hər dəfə səslənirdi. Şükür ki, mən də ölkəmizin adını layiqincə təmsil etdim. Bunu mən yox, hər kəs deyir. Çalışaq, millət olaraq qabağa gedənə, nəsə eləmək istəyənə dəstək olaq, nəinki mane olmaq. Əlbəttə, bu, bəzilərinə aiddir. Məncə, insanlar bu xasiyyətini düzəltməlidir. Ola bilər ki, Tovuz şəhidlərimizlə bağlı hazırladığımız o video kimlər üçünsə adi görünür, amma ordakı hər iştirakçının sosial şəbəkədə 2-3 milyon izləyəni var. Onlar ermənilərin bizə növbəti təcavüzünü həm də bu sayədə gördülər.

- Bəli, Tovuz hadisələrinə biganə qalmadınız. Təşəbbüsünüzlə çəkilmiş dəstək videosunu izlədik. Bəs kamera arxasında onların ilk reaksiyaları necə oldu?

- Videodan öncə "Panorama" verilişində, canlı efirdə baş verənləri danışdım, şəhidlərimizin olduğunu dedim. Eşitdikləri anda, həqiqətən, çox pis oldular. İştirakçılar hamısı öz dəstəklərini necəsə bildirmək istəyirdilər. "Azərbaycan qardaş ölkəmizdir, əlimizdən nə gəlirsə, eləməyə, dəstək olmağa hazırıq" deyirdilər. Biz də belə bir video hazırladıq.

- Yəqin ağdamlı olmağınız da reaksiyanıza əlavə təsir göstərib. Neçə yaşınızda çıxmısız ordan?

- Bəli, Ağdamın Qiyaslı kəndindənəm. 1-ci sinfi Qiyaslı kənd orta məktəbində oxumuşam. 6 yaşımda çıxmışam. İşğaldan sonra Bərdəyə gəldik. Ağdamı az-çox xatırlayıram. Evimiz yadımdadır. Xatırlamadıqlarımı da böyüklərdən dinləmişəm həmişə. Ailəmiz Qarabağ müharibəsində şəhidlər verib, dayım şəhiddir. Mən də ruhumla, qanımla vətənpərvərəm. İdman bunun bir nümunəsidir. Hər qələbəmizdən sonra bayrağımızı qaldırırıq. Bütün ölkələrdə hər dəfə rinqə bayrağımızı qaldırmaq, himnimizi səsləndirmək üçün çıxıram. Həm də cavanam, idmançıyam. Hazıram günü bu gün torpağımın müdafiəsində iştirak edim, canımla, qanımla Qarabağ uğrunda döyüşüm. Hamı kimi mən də Ali Baş Komandanımızın əmrini gözləyirəm. İnanıram ki, gec-tez o torpaqlara qayıdacağıq. 

- Uşaqlıqdan sakit təbiətli olmusunuz. Belə bir uşağın döyüş sənətinə meyllənməsi necə oldu?

- Düzü, bir az şöhrətpərəstəm. Uşaqlıqdan məşhur olmaq istəmişəm. Yəqin özümü idmanda tapmışam. J.Van Damın kinoları uşaqlığımıza təsadüf edirdi. Onlara baxanda da döyüş növlərinə həvəsim yaranırdı.

- Eyni zamanda, hüquqa da marağınız olub. Bu, hardan idi?

- Məktəbdə yaxşı oxuyan olmuşam. Tarixi sevirdim, olimpiadalarda yerlər qazanırdım. Sənədlərimi Hüquq fakültəsinə versəm də, Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil oldum. Həm idmançı, həm də dərslərdə uğurlu olmaq çətindir, məndə hər ikisi alınırdı. İdmançı deyəndə İdman Akademiyası yada düşür deyə, bəzən nitqimə görə təəccüblənirlər. Oranı yox, BDU-nu bitirdiyimi biləndə daha da təəccüblənirlər (gülür). Məncə, idmançı savadlı olsa, daha gözəl olar.





- Tarixdən söz düşmüşkən, getdiyiniz ölkələrə tarixçi kimi də yanaşdığınız olur?

- Azərbaycandan sonra rahat yaşaya biləcəyim yer Türkiyədir. Tarixçi kimi Qədim Roma-Yunan tarixini sevirdim. Ona görə də İtaliyada döyüşdən sonra Romaya, Milana, Venetsiyaya, Kolizeyə getdim, gəzdim. Amerika mənimçün uzaq bir dünya, demokratiyanın beşiyi kimi idi. Buna görə də maraqlı idi və orda da oldum. Belə desək, tarixiylə maraqlandığım bütün ölkələrdə olmuşam.

- Ədəbiyyatla, kitabla da aranız yaxşıdır yəqin?

- Mütaliəni çox xoşlayıram. Əsasən, tarixi kitablarla maraqlanıram. Son oxuduqlarımdan Xalid Hüseyninin "Çərpələng uçuran" romanını bəyənmişdim. Azərbaycan ədəbiyyatını da çox oxuyuram. Uşaqlıqdan ən sevdiyim yazıçılardan biri İlyas Əfəndiyev olub. İndi də məni gözləyən çoxlu kitablarım var. Təzə gəlmişəm deyə, bir az başım qarışıqdır. Amma tezliklə o kitabları oxumağa başlayacam.

- Karyeranızda ən çətin hesab etdiyiniz döyüşünüz hansı olub və necə nəticələnib?

- Əslində, bütün döyüşlərim çətin və məsuliyyətlidir. Amma 2018-ci ildə çeçen əsilli Rusiya idmançısı İslam Baybatırovla dünya kəməri uğrunda olan döyüşüm həqiqətən də çox ağır idi. Bununla belə, 5 raundluq döyüşün 3-cü raundundan sonra rəqib çıxmadı və mən yarışın qalibi kimi "ACB" dünya kəmərinə yiyələndim.

- Vaxtilə özünüzü aktyor kimi də sınamısınız. Yerli və ya türk rejissorlardan təklif gəlsə, qəbul edərsiniz?

- Həmişə aktyorluğa marağım, sevgim olub, karyeramı bu sahədə davam etdirmək istəmişəm. Amma burda deyil, Türkiyədə. Artıq bir neçə təklif var. Bir az sonra Türkiyədə serialların da çəkilişləri başlamalıdır. Görək, real və daha yaxşı təkliflər gəldikcə, seçib, dəyərləndirəcəyəm.

- Demisiniz ki, rinqdən kənar mübahisələrə girmirsiniz, çünki qarşınızdakına zərər yetirə bilərsiniz. Belə anlarda əsəblərinizi necə cilovlayırsınız?

- Peşəkar idmançı səbirli, tərbiyəli, sakit olmalıdır ki, öz sənətində də uğurlar qazana bilsin. Şükür ki, bunların hamısı məndə var. Ona görə də küçə davalarından çəkinə bilirəm.

- İdmançı kimliyiniz sizə nələr qazandırıb?

- İdmançı kimliyim xarakterimə təsir edib, bu günə gəlib çıxmağıma, istədiyim hər şeyi əldə etməyimə səbəb olub, ən əsası isə cəmiyyətdə tanınan Kobra Pərviz Abdullayevi formalaşdırıb.

- Övladlarınızı idmana yönləndirirsiz?

- Böyük oğlum boksla məşğuldur, istedadı və həvəsi var. Hazırda pandemiya düşdü, məşğul ola bilmir, amma yəqin ki, o, davam etdirəcək.

- Yaxın gələcəkdə turnirlərə qatılmağınız gözlənilir?

- Oktyabrda Türkiyədə keçiriləcək peşəkar turnirdə iştirakım gözlənilir. Hələ danışıqlar gedir. Əgər razılaşsaq və karantin o zamana qədər bitsə, yəqin oktyabrın sonlarında döyüşüm olacaq.

Şahanə MÜŞFİQ

 





02.08.2020    çap et  çap et