525.Az

Müqavimət hissi. Dəlilik sindromu - Telman Orucov yazır


 

Müqavimət hissi. Dəlilik sindromu - <b style="color:red">Telman Orucov yazır </b>

Beynəlxalq aləm: ziddiyyətlər, münaqişələr, müharibələr

(Əvvəli ötən şənbə sayımızda) 

ABŞ-ın görkəmli siyasətçisi Henri Kissincer isə qeyd edirdi ki, din geosiyasi obyektivliyə xidmətdə "silaha" çevrilmişdir". Doğrudan da, din guya sülhsevər olduğunu təlqin etməklə, bir çox müharibələrin başlanmasının təşəbbüsçüsü olmuşdu. XI əsrdən başlayan və 8 dəfə təkrar olunan Səlib yürüşləri məhz xristian dininin, Roma papasının Sahibin qəbrini azad etmək şüarı ilə çağırışı nəticəsində baş vermişdi. İisus Xrist müharibə tərəfdarı olmamışdı, özünü onun əsgərləri sayan xristianlar isə uydurulmuş bəhanə altında Yerusəlimdə minlərlə insanın qanını axıtmışdılar. Bir səlibçi vətəninə yazdığı məktubda, atlarının dizə qədər insan qanına batdığını iftixarla yazırdı. İslam terroristləri, İslam dövləti naminə vuruşanlar qan axıtmaqla cənnətə düşəcəklərini düşünürdülər, çünki din xadimləri onları bu ağılsız ruhda tərbiyə etmişdilər.

Dindən qorxu da mövcuddur və cəzanın onu haqlayacağını güman edən müsəlmanlar "əstəğfürullah" kəlməsini addımbaşı işlədirlər, özlərinin arzularının, niyyətlərinin və istəklərinin həyata keçməsinə göylərin kömək göstərməsi ümidi ilə isə "inşallah" sözünü işlədirlər. Özü də bu, istər kiçik və ya böyük arzu olsun, dəxli yoxdur. Qorxu isə ali qüvvə tərəfindən cəzalanmaq təhlükəsi yarandıqda baş verir, digər hallarda isə allahdan qorxu dilə gətirilsə də, ona müvafiq olan bir əmələ heç məhəl də qoyulmur. Korrupsiyaya qurşanmışlar, rüşvətxorlar kasıbın son qəpiyini də əlindən almağa, qəsb etməyə hazırdır və bu vaxt ədalət naminə Göylərin onu cəzalandıracağına əhəmiyyət də vermir, əldə edilən pula isə daha çox sitayiş edilir. Cəzalanmağın real təhlükəsi yarandıqda, məsələn, özü ağır xəstəliyə tutulduqda, övladları ağır cinayətə yol verdikdə və ya məşuqəsi ona xəyanət etdikdə, adamlar qorxu hiss etməyə başlayır və daha çox itaət etməyin zəruri olduğu qənaətinə gəlir.

Radikallıq, ümumiyyətlə, pis xüsusiyyətdir, çünki normal münasibətlər sistemini dağıdır, nəyəsə nail olmaq naminə böyük cinayətlərə getməkdən də çəkinmir. Fanatizm isə yalnız səfehlik, müəyyən ölçüdə dəlilik nişanəsi olmaqla, əslində, dinə xidmət etmək deyil, ona ziyan vurmaq vəzifəsini yerinə yetirir. Radikal dindarlıq isə adamları kütləvi cinayətlərə cəlb edir və Allah yolunda hərəkət etdiyini təkrar etsə də, əslində, onun kəlamlarına, müqəddəs ehkamlara qarşı çıxır. Ona görə də sağlam cəmiyyətlər radikal dindarlığa qarşı ardıcıl mübarizə aparmalıdır.

Son vaxtlar terroristlər, İslam Dövlətinin döyüşçüləri din naminə cihada əl atdıqlarını bəyan edirlər və özlərinin şər əməllərini dinin müdafiəsi ilə əlaqələndirirlər. İlk dəfə bu sözü Məhəmməd peyğəmbər 624-cü ildə Bədr döyüşündən qayıdanda dilinə gətirib demişdi ki, "Biz kiçik cihaddan böyük cihada keçmək üçün geri döndük". "Böyük cihad" fərdin öz mənəviyyatını təmizləmək üçün apardığı daxili mübarizəni nəzərdə tuturdu. Ərəb sözü olan "cihad" ədəbi cəhətdən "cəhd" mənasını verir və İslam ənənəsində həm dini, həm də hərbi vuruş mənasında işlənir.

İslam peyğəmbərinin 632-ci ildəki vəfatından sonra ona varislik edən xəlifələr müxtəlif tayfa qruplarını birləşdirmək üçün cihad yolunu tutdular. Dini hissiyyatın qızışdırılması döyüşçüləri təcavüz istiqamətinə yönəltdi. Onlar bunu özləri üçün müqəddəs müharibə hesab edirdilər, bu yolla hər biri "cihad vuruşu aparan adama" - mücahidə çevrilirdi. O vaxtdan da cihad çox sayda hadisələrə aid edilir.

Bunu yalnız İslama aid etmək düzgün olmazdı, başqa dinlər də bu terminə əl atmadan, əslində, onun mahiyyətini həyata keçirirdilər. XIX əsrin sonunda erməniləri türklərə qarşı mübarizəyə qaldırmaq üçün, Rusiya onların özünə qoşulmaları üçün, xristianlığa ümumi mənsubluğu vurğulamaqla, kollektiv bir hissə müraciət etmək yolunu tutdu. Osmanlılar isə Rusiyaya qarşı cihada başlamaq üçün müsəlman həmrəyliyindən istifadə edirdi. Bosniya müharibəsi (1992-1995-ci illər) vaxtı da müsəlmanların serblərə qarşı mübarizəsi cihad adlandırılmışdı və Bosniya qoşunlarının tərkibində əcnəbi dövlətlərdən gəlmiş müsəlman döyüşçüləri də az deyildi. İki min nəfərə qədər əcnəbi mücahidlər burada vuruşurdu. İslam Dövləti də Suriyadakı və İraqdakı vuruşmasını cihad elan etmişdi.

Hələ VIII əsrdə islam hüquqşünas alimi kafirliyə qarşı cihad barədə təlimat yazmışdı. Məhəmməd əl-Şeybaninin bu qeydləri İspaniyadakı məşhur müsəlman filosofu, Qərbdə Averroes kimi tanınan İbn Rüşd tərəfindən 1168-ci ildə yazılan "Cihad" traktatında inkişaf etdirilmişdi. Bu, həmin ibn Rüşddur ki, ilk dəfə nəzəri qaydada elmlə dinin birgə, ziddiyyətsiz mövcudluğunu, birgə yaşamaq imkanını sübut etmişdir. Buna əsas kimi o, dinlə elmin müraciət və fəaliyyət meydanlarının fərqli olduğunu, dinin könülə, elmin isə ağıla təsir göstərdiyini, hətta hakim kəsildiyini əsas gətirmişdi. Fəlsəfə elmi sahəsində Averroes Avropada böyük nüfuza malik idi.

İslam alimləri olan imamlar və üləmalar cihad prosesində əsas rol oynamışdılar, onlar radikal ideyaları yayır, əhali kütləsinə çatdırılması üçün onlara yeni intellektual forma verirdilər.

Döyüşçü bazalarına cəlb olunanlar, adətən, imtiyazdan məhrum, gələcəyə ümidi olmayan, səfil fərdlərdən ibarət olur. Onlar görürlər ki, dövlət vətəndaşlarının maddi rifahına heç cür fikir vermir və bu səbəbdən də kömək almaq üçün radikal islam təşkilatlarına üz tuturlar. Onlar sadəcə şahmat piyadalarının rolunu oynayırlar, çox asanlıqla təsirə məruz qalırlar və daim inqilab qaldırmağa hazır olurlar. Həyat artıq onları belə təşkilatlara cəlb edilmək üçün yetişdirmişdir. Onlara sosial cəhətdən marginallara çevrilmə ağılsızlığı təlqin edilir, guya onlar ədalətsizliyə və istismara qarşı vuruşurlar, əslində isə, gündəlik reallıqdan uzaqlaşıb, arxaya baxmağa sövq edilirlər. Onlara cihad arzusu sinfi mübarizənin, sosial siyasi inqilabın və dini müharibənin qarışığı kimi satılır və bu kokteyldən siyasi sərxoşluğa çatmaq o qədər də çətin deyildir.

Lap axırda isə fanatiklər gəlir. Hər bir din baş verən hadisənin möminlik naminə edildiyi üçün ciddi inamlara malikdir və onlar dini qızğınlıqla mübarizəyə girişirlər. Hər cür haqq ödəmək lazım gəlsə belə, onlar məhz dini müdafiə etdiklərinə inanmaqla, onlardan əgər tələb edilsə, öz həyatlarını qurban verməyə də hazırdırlar. Bu vaxt onlar özünə sui-qəsd də daxil olmaqla hər bir şeyi etməkdən də çəkinmirlər. Çünki onların inancı şüuru kor etməklə, özlərinin həyatdakı mövcudluğundan da daha vacib olan bir şeyə çevrilir.

XI əsrin sonundan XIII əsrin sonuna qədər dörd Səlib yürüşü həyata keçirilməklə, dini səbəblərə görə işə salınmışdı. Lakin bu hərəkat daha ciddi siyasi, sosial və iqtisadi elementlərə malik idi. Torpaq vərəsə kimi yalnız böyük qardaşın mülkiyyətinə keçdiyindən, digər qardaşlar sinfi mənsubiyyətlərinə uyğun gəlməyən yoxsullara çevrilirdi. Müqəddəs Torpağa yürüşü onlar varlanmağa nail olmaq vasitəsi hesab edirdilər. Feodal ağalar dini qızğınlıqdan istifadə etməklə minlərlə insanı dinsizlərə qarşı vuruşa qoşulmağa təhrik edirdi və Şərqə tərəf açılan yeni ticarət yollarından onlar fayda götürürdülər. Populyar düşüncədə səlibçilərin hamısı zirehdə olan rıtsarlar (cəngavərlər) idi. Onların əksəriyyəti aşağı siniflərə mənsub idi.

Sonrakı illərdə və əsrlər ərzində Müqəddəs Torpaq çox sayda döyüşlərin səhnəsi oldu. Dini qızğınlıqla silahlı vuruşun kombinasiyası həm də ilk dini ordenləri yaratdı, bunlar mücahidlərin xristian ekvivalenti idi. Onun ən yaxşı nümunəsi Xristian Kasıb Sirdaş əsgərləri və Solomon Məbədi ordenlərində olan adamlar idi, axırıncılar məbəd rıtsarları - tampliyerlər adlanırdı. Yeni orden həm hərbi, həm də dini təşkilat idi. Tampliyerlər (bu ad "temple" fransız sözündən götürülmüşdü, "məbəd" mənasını verirdi) adamları din naminə silaha sarılmağa cəlb etmək yolu ilə meydana gəlmişdi. Onlar öz bədbəxtliklərini məmnun etmək üçün ideoloji təlimə ehtiyac duyurdular, dinin özü isə zahiri görünüşdə sülhsevər idi. Bu paradoksu həll etmək üçün ədalətli müharibə konsepsiyası meydana gəldi.

1128-ci ildə səlibçilərin lideri, işğal edilmiş Yerusəlimin kralı olan II Bolduin asket döyüşçü rahiblərdən döyüşdə istifadə edilməsindən gələn faydadan yaxşı agah olduğundan, tampliyer rıtsarlarının ilk Böyük Ağasını Avropaya göndərdi ki, yeni rekrutlar toplasın və Müqəddəs Torpaq üçün ərzaq yığsın. Xrist rıtsarları öz ağaları üçün tam vicdan sakitliyi ilə bütünlüklə döyüşdə vuruşa bilərdilər, onlar nə düşməni öldürməyə görə, nə də özlərinin öldürüləcəyi təhlükəsindən qorxmurdular. Çünki Xrist naminə ölümcül zərbə vurmaq və ya ölüm əzabı çəkmək heç də cinayət hesab olunmurdu. Lakin bolluca şərəfə nail olmaq "xoşbəxtliyini" verirdi.

Rusiya çarı I Nikolay özünü osmanlıların idarə etdikləri ərazilərdə yaşayan ortodoks (mömin) xristianların müdafiəçisi hesab edirdi, əslində isə bu, strateji bir əhəmiyyətə malik di. Osmanlılar isə öz suverenliklərinin hücum altında olduğunu hiss edərək, çara kəskin şəkildə zidd çıxdılar. Bu isə tezliklə Rusiyanı Balkanlara girməyə sövq etdi və beləliklə, qarşıdurma başlandı.  

Müqavimət hissi. Dəlilik sindromu

Müharibə güclülərlə zəiflər arasında getdikdə, axırıncılar ümidsiz vasitəyə əl atmaqla, güclü müqavimət nümayiş etdirib, düşmənin niyyətinin təntənəsinə  zəhər qata bilirdilər.

Romalılar İberiya şəhərini alanda sakinləri məcbur etdilər ki, onlara müqavimət göstərsinlər. Şəhər elə vuruşdu ki, döyüşün təəssüratı kimi "Numitaniya müqaviməti" kəlməsi meydana gəldi və bu söz çətin şəraitlərdə cəsarətli müqaviməti təsvir edən kimi ispan dilinə daxil oldu.

 Numitaniyalılar düşmənə tabe olmaqdan imtina etdilər. Vaxtilə konsul Mark Furi Kamillin tələbi ilə romalılar da Brennin başçılıq etdiyi qallara təslim olmaq variantını rədd etmişdilər. Romalıların komandanı Publi Korneli Stsipion, Emilianın, o, həm də Kiçik Afrikanlı kimi tanınırdı, Pirrin qələbəsi timsalındakı zəfəri 50 nəfər numitaniyalının təsadüfən əsir götürülməsindən ibarət oldu, əvəzində isə məğlub edilən şəhər əfsanəyə çevrildi. Niderlanddakı Leydan şəhərinin müdafiəçiləri də ispanlara qarşı müqavimətin heç nə vermədiyinə əmin olduqda, bəndi dağıtdılar, daşqın əsl leydenlilərlə birlikdə düşməni də məhv etdi. Şəhərin sakinləri özlərini fəda etdilər, həm də düşmən üzərində qələbə çaldılar.

Buna bənzər dəhşətli bir hadisə b.e.ə. 73-cü ildə İsraildəki Masada qalasında baş vermişdi. Mübariz yəhudi tayfalarından ibarət dəstə çar İrodun Ölü dəniz yaxınlığındakı təpədə tikdirdiyi qalada gizlənmişdi. Roma sərkərdəsi Lutsi Silva müxtəlif nərdivanlar qurmaqla, təpəni tutmaq istədikdə, Masadadakı dinc, silahsız, lakin qatı mübarizlər özlərinin rəhbəri Elisazarın "Biz ölmək üçün doğulmuşuq, qul olmaq üçün yox" sözlərindən ibrət götürüb, bir-birlərini qırdılar. Romalılar qalada qadın və uşaq da daxil olmaqla 960 nəfər yalnız bir-birlərini öldürən yəhudilərin meyitlərini görə bildilər.

 





31.07.2020    çap et  çap et