525.Az

"Şairlikdir sonu da..." - Babək Aruslunun şeirləri


 

"Şairlikdir sonu da..." - <b style="color:red"> Babək Aruslunun şeirləri</b>

 

Müşfiq

(Mikayıl Müşfiqin xatirəsinə)

İlhamı dan yeri, bax,
Nur ələyir baxışı.
Vərəqi ana torpaq,
Qələmi yaz yağışı.

Hər sözü, hər kəlamı,
İlhamının salamı.
Şeir, sənət aləmi,
Ürəyinin naxışı.

Dönməzdi vətən andı,
Azadlıqdı muradı.
Üfüq könül qanadı,
Zirvə ana ağuşu.

Qəlbi eşqin adası,
Dalğalardı sədası.
Şimşəklərdi nidası,
Buludlardı alqışı.

Öz yurdunun palıdı,
Qayasının salıdı.
Dağıdı, qartalıdı,
Seyr eləmək nə yaxşı.

Şeir

Hələ heç bir mənanın,
Sözün yetə bilməyən.
Qatına yetən şeir.

Göyərməyən daşın da,
Üstündə mamır kimi,
Göyərib bitən şeir.
Yazan elə yazıbdır,
Hərəmiz bir misrayıq,
Oxunsaq vətən şeir.

Payız

Gəldi qızıl payız, köçdü ilk bahar,
Buludlar əlçim  tək əyilir indi.
Elə bil dənliyir köçəri quşlar,
Göydə ulduzlar da seyrəlir indi.

Yuvalar budağda qısılıb qalıb,
Çalmır laylasını quşların səsi.
Çən olub dağlardan asılıb qalıb,
Köçəri quşların yorğun nəfəsi.

Olsa da hər fəslin öz gözəlliyi,
İllərin naxışı, bəxtidir payız.
Fəsillər içində var özəlliyi,
Cücənin sayılan vaxtıdır payız.

Şairlikdir sonu da

Dolansa da xəyalı,
Sevdası başda olur.
Səbr eləsən vüsalı,
Zər kimi daşda olur.
Çoxdur eşqin sualı,
Şair bilər onu da.
Eşqin özü dəlilik,
Şairlikdir sonu da.

Sirri güldə, çiçəkdə,
Mənası da sözdədir.
Bulud kimi ürəkdə,
Şimşək kimi gözdədir.
Hər arzuda, diləkdə,
Var bir ümid danı da.
Eşqin özü dəlilik,
Şairlikdir sonu da.

Şəfəq - şəfəq qoxunub,
Gül üstə şehlər kimi.
Duyğulara toxunub,
Qövsi - qüzehlər kimi.
Bax beləcə oxunub,
İlk şeir, ilk mahnıda.
Eşqin özü dəlilik,
Şairlikdir sonu da.

Göyçə

Dörd bir yanın göy çəmən,
Heyran oldum Göyçə mən.
Heyrətlənib ay dedim,
Ulduz oldum göycə mən.



 





01.08.2020    çap et  çap et