525.Az

Goranboyda Olimpiya İdman Kompleksi tikilir


 

BU OBYEKT ÖZÜNÜN KOMPAKT VƏ MODERN QURULUŞU İLƏ SEÇİLƏCƏK

Goranboyda Olimpiya İdman Kompleksi tikilir<b style="color:red"></b>

Pandemiya ilə bağlı mürəkkəb vəziyyətə baxmayaraq, ölkəmizdə bütün sahələr üzrə inkişafa yönəlmiş iri layihələr davam etdirilir.

Goranboy rayonunda ən müasir tələblərə cavab verən olimpiya kompleksinin inşası aparılır. Yeni kompleksin inşa işlərinin demək olar ki, yarısı görülüb. Kompleks digər idman komplekslərindən fərqli olaraq daha kompakt olacaq, amma burada olimpiya oyunları proqramına salınan bütün idman növləri üzrə hazırlıqlar, məşqlər və yarışlar keçirmək mümkün olacaq.

"Goranboy Olimpiya İdman Kompleksi bu cür obyektlər üçün tələb olunan modern quruluş və səmərəli kompaktlıq tələblərinə cavab verəcək. Cəmi  üç hektar ərazini əhatə etsə də, burada həm qapalı, həm də açıq məkanda gedən bütün yarışlar üçün qurğular olacaq", - deyə layihənin rəhbəri Sevinc Tanqidur bildirib.

Müsahib onu da qeyd edir ki, kompleks  "A" və "B" bloku olmaqla iki hissədən ibarət olacaq. "A" bloku özündə yarış və hazırlıqların keçirilməsi üçün idman qurğularını birləşdirir. Belə ki, qapalı məkanda universal idman arenası, həmçinin, güləş, boks, ağır atletika zalları, üzgüçülük hovuzu yerləşəcək. Bundan başqa, həmin blokda açıq havada böyük stadion, voleybol, basketbol və tennis sahələri də olacaq. Layihədə həmçinin, əlil vətəndaşlarımızın da istər tamaşaçı, istərsə də idmançı kimi iştirak etməsi baxımından da bütün imkanlar düşünülüb.

"Komplekin "B" bloku isə otel və istirahət qurğularını, həmçinin, avtodayanacağı birləşdirir. Ən müasir komfort şəraiti ilə oteldə eyni anda 50 nəfər qala biləcək", - deyə S.Tanqidur qeyd edir.

İdman və Gənclər Nazirliyinin sifarişi ilə tikilən  kompleks Bakıdan 317 kilometrlik məsafədə, Gəncə-Goranboy yolunun sağ tərəfində yerləşəcək. Tikinti işləri üçün ilkin olaraq, 3 milyon manat vəsait ayrılıb.

Goranboy Olimpiya İdman Kompleksinin ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulur.

Zakir MURADOV
Goranboy

 





04.08.2020    çap et  çap et