525.Az

Ramiz Rövşən beynəlxalq festivalın açılışında çıxış edib - Foto


 

Ramiz Rövşən beynəlxalq festivalın açılışında çıxış edib - <b style="color:red">Foto</b>

Avqustun 1-də dünyanın ən böyük poeziya bayramlarından olan Medelin Beynəlxalq Poeziya Festivalının açılış mərasimi keçirilib. COVİD-19 pandemiyası səbəbi ilə ilk dəfə olaraq mərasim virtual məkanda onlayn təşkil olunub.

103 ölkədən 180 şairin qatıldığı festivalın açılışında Azərbaycanı Ümumdünya Poeziya Hərəkatının (World Poetry Movement) Asiya üzrə koordinatoru, Xalq şairi Ramiz Rövşən təmsil edib.

Şeirlərini oxumazdan öncə çıxış edən Xalq şairi poeziya sevərləri salamlayıb, pandemiyadan, eyni zamanda, iyul ayında Azərbaycanın Tovuz rayonu istiqamətində baş verən Ermənistan-Azərbaycan qarşıdurmasından və şəhidlərimizdən də söz açıb: "Bizi görənlərin hamısını, yazıçıları da, oxucuları da salamlayıram! Bu onlayn festival təkcə ədəbi deyil, həm də tarixi məna daşıyır. Bu cür virtual məkanda keçirilməsi ilkdir, ümid edirəm ki, axırıncı olar. Ümid edirəm ki, gələcəkdəki festivallarımız Medelində poeziya sevərlərlə canlı ünsiyyət şəklində baş tutar. Bu gün bu şəraitdə görüşməyimizin səbəbkarı pandemiyadır. O pandemiya ki, 3-cü dünya müharibəsi adlandırılır. Amma təəssüflər olsun ki, başqa savaşlar da dayanmır. Mən təəssüflə bildirirəm ki, iyulun ortasında Ermənistan tərəfindən ağır silahlarla bizim kəndlərimizə atəş açılıb. Hərbçilərimizdən də, dinc əhalimizdən də ölənlər oldu. Bu, sübut edir ki, hətta belə ümumi problemlər də insanın xislətini, əslini dəyişmir. Müqəddəs kitabda deyilir ki, "Yaxınını özün kimi sev". Ancaq insanı sevmək üçün onu anlamaq lazımdır. İnsanı anlamaq üçün isə onu eşitmək lazımdır. Əgər biz - dünya şairləri bir-birimizi eşitsək və anlasaq, onda başqaları da bizi eşidəcək və anlayacaqlar. Mən hamımıza sevgi və anlayış arzu edirəm".

Daha sonra Ramiz Rövşən özünün "Toz", "İlan balası", "Göy üzü daş saxlamaz", "Çiçəklər doğulur bu yaz gecəsi", "Nəğmə qırğını ili" şeirlərini Azərbaycan dilində səsləndirib. Onun şeirlərini ispan dilinə Gorge İvan Grisales tərcümə edib.

Sonda Ramiz Rövşən şeirlərinin sevdiyi yazıçıların dilində - ispan dilində səsləndirilməsindən məmnunluğunu ifadə edib və festivalın işinə uğurlar arzulayıb: "Hər birinizə təşəkkür edirəm. Sevinirəm ki, şeirlərim ispan dilində - Lorka, Rubena, Dario, Sesaro Valyexa, Servantes, Qabriyel Qarsiya Markes kimi sevdiyim müəlliflərin dilində səsləndirildi. Onlayn festivalımıza uğurlar arzulayıram. Azərbaycandan hamınıza salamlar".

Ramiz Rövşənlə birlikdə açılış günündə 10 ölkəni təmsil edən 10 şairin çıxışı baş tutub. Hindistandan K.Satxidanandan, Botsvanadan Tje Dema, Serbiyadan Çarls Simiç, Nigeriyadan Ayo Ayola Amale, Braziliyadan Klaudio Viller, Kolumbiyadan Romulo Bastos, Polşadan Adam Zaqajevski, İrlandiyadan Paul Maldun, Çindən Jidi Majia da şeirlərini öz dillərində təqdim ediblər.

Oktyabrın 10-na kimi davam edəcək festivalda Ramiz Rövşəndən başqa, Azərbaycanı Nigar Arif, Nigar Həsənzadə, Aqşin Əliyev təmsil edəcəklər. Nigar Arifin çıxışı sentyabrın 1-nə, Nigar Həsənzadə və Aqşin Əliyevin çıxışları isə sentyabrın 5-nə nəzərdə tutulub.

Qeyd edək ki, Medelin Beynəlxalq Poeziya Festivalı 1991-ci ildən Kolumbiyanın ən böyük ikinci şəhəri olan Medelində keçirilir. Festivalın təsisçisi tanınmış Kolumbiya şairi Fernando Rendondur. Hər il festivala dünyanın fərqli ölkələrindən yüzlərlə şair qatılır və şeirlərini öz ana dillərində oxuyurlar. Bu şeirlər paralel olaraq tərcüməçilər tərəfindən fərqli dillərə tərcümə olunur. Festival 2006-cı ildə alternativ Nobel mükafatı adlandırılan "The Right Livelihood" mükafatına layiq görülüb.

Şahanə MÜŞFİQ

 





05.08.2020    çap et  çap et